"İlham müəllim, Siz dediniz ki, Dağlıq Qarabağla bağlı Azərbaycan gerçəkliklərini Parlament
Assambleyasında artıq öz deputat həmkarlarınızın nəzərinə çatdırmışınız. Bütün bunlardan sonra Parlament
Assambleyasında təmsil olunan deputatların bu məsələyə münasibəti dəyişibmi, yoxsa müəyyən bir fikir
formalaşmayıbdır?
- Deyə bilərəm ki, münasibət dəyişir. Çünki bilirsiniz ki, ümumiyyətlə, son zamanlar dünyada ictimai rəy
Azərbaycanın xeyrinə dəyişir. Azərbaycan çox müxtəlif tədbirlərdə öz mövqeyini açıq şəkildə bildirmişdir.
Artıq bütün dünya açıq şəkildə bilir ki, bu münaqişənin nəticəsi nə olubdur və münaqişənin kökündə hansı
məsələlər durur. Artıq Ermənistan bütün dünyaya işğalçı bir dövlət kimi təqdim olunubdur. Çox sevindirici
haldır ki, bayaq sizə dediyim o rəsmi bəyanata müxtəlif ölkələrdən olan deputatlar da öz imzalarını atıblar.
İspaniyadan, Litvadan, Türkiyədən, Ukraynadan, digər ölkələrdən olan deputatlar, yəni Azərbaycanın haqlı
olduğunu artıq duymağa, eşitməyə, anlamağa başlayıblar. Bu, çox sevindirici haldır. Dediyim kimi, bu,
Avropa Şurası Parlament Assambleyasının sessiyasında ilk iştirakımızdır və qərara gəlmişik ki, hər bir
sessiyada çox fəal iştirak etməliyik, hər bir məsələ barəsində çıxış etməli və Azərbaycan haqqında həqiqətləri
çatdırmalıyıq. Əgər bunu nəzərə alsaq, mən hesab edirəm ki, bizim burada fəaliyyətimiz gələcəkdə çox böyük
səmərə verəcəkdir.
Dostları ilə paylaş: |