Hərbi xuntanın devrilməsi. Mülki hakimiyyətin qurulması. 1974-cü ilin iyulun 23-də Xunta hakimiyyətdən getməyə məcbur oldu. Karamanlis yeni mülki hökumət təşkil etdi. Amnistiya verildi, bütün partiyalar, o cümlədən Kommunist Partiyasının fəaliyyətinə icazə verildi, ordu təmizləndi, Yunanıstan Kipr Respublikası ilə həmrəyliyini bildirdi.
Yunanıstan NATO-nun hərbi təşkilatından çıxdığını elan etdi. Zəhmətkeşlərin bir neçə təbəqələrinin maaşı artırıldı. Sosialist ölkələri ilə əlaqələr yaxşılaşdırıldı. Karamanlisin başçılığı ilə «Yeni demokratiya» partiyası yaradıldı.
Mavrosun hökuməti dövründə «Yeni qüvvələr» partiyası təşkil edildi. Papandreu «Ümumyunan sosialist hərəkatı» (PASOK) partiyasını yaratdı. Demokratik qüvvələr «Vahid sollar» birliyini təşkil etdilər. Keçmiş müdafiə naziri Qarufaluas «Milli demokratik ittifaq» pratiyasını təşkil etdi.
1974-cü ilin noyabrın 17-də yeni parlament seçkiləri keçirildi. «Yeni demokratiya» partiyası əksəriyyət qazandı. Sağlara 1% səs verildi. 1974-cü ilin dekabrın 8-də keçirilən dövlət quruluşu haqqında referendumda əhalinin 69%-i respublika idarə formasına səs verdi. 1974-cü il konstitusiyası ilə Yunanıstan prezidentli parlamentli respublika oldu. Prezident parlament yolu ilə 5 ilə seçilirdi. O, fövqəladə vəziyyət elan edə, xüsusi tribunal təşkil edə bilərdi. Birinci prezident Tsasos, hökumətin başçısı isə Karamanlis oldu. Bir palatalı parlamentə 300 deputat seçilməli idi.
70-ci illərdə iqtisadiyyat yüksələn xətlə inkişafa başladı. Dövlət bölməsi artdı. 1975-ci ildə xunta üzvləri üzərində məhkəmə prosesi başlandı. Bununla belə zəhmətkeşlərin bir sıra hüquqları məhdudlaşdı. 1976-cı ildə parlament tətilləri qadağan etdi. 1978-ci ildə terrorizmlə mübarizə haqqında qanunla demokratiya da məhdudlaşdırıldı. Ali məktəblər üzərində hökumətin nəzarəti gücləndi. Ölkədə narazılığın artdığını görən Karamanlis 1977-ci il noyabrın 20-də parlament seçkiləri keçirdi. Birinci yerə yenə «Yeni demokratiya», ikinci yerə PASOK çıxdı. Karamanlis 1978-ci ilin yazında yeni hökumət təşkil etdi.
Mütərəqqi yunan həmkarlar ittifaqları «PASOK»la əməkdaşlığı artırdı. Xarici siyasətdə hökumət ən çox ABŞ-la yaxınlaşdı. 1975-ci ilin fevralında Yunanıstanda ABŞ bazalarının statusu məsələsi ətrafında müzakirələr aparıldı və bu, müsbət nəticəsini göstərdi. ABŞ bazalarının ləğv edilməsinə razılıq verdi. 1976-ci ilin aprelində Yunanıstan və ABŞ arasında hərbi əməkdaşlıq haqqında saziş bağlandı, ABŞ ona hərbi kömək etməyi öhdəsinə götürdü. NATO ilə danışıqlarda Karamanlis bildirdi ki, Kipr böhranı həll edilərsə, Yunanıstan NATO-dan çıxmaq haqqında qərarına yenidən baxar. 1979-cu ildə NATO-nun Avropada amerikan raketlərini yerləşdirmək təklifini Yunanıstan bəyəndi. Egey və Kipr məsələsində Türkiyə ilə ixtilaflar aradan qaldırıldı. 1975-ci ildə SSRİ ilə Yunanıstan arasında gəmiçilik sazişi, 1977, 1979-cu illərdə yeni sazişlər bağlandı. 1979-cu ilin oktyabrında Karamanlis SSRİ-yə gəldi. Monqolustan, Vyetnamla diplomatik əlaqələr yaradıldı.
Dostları ilə paylaş: |