SĠSYANOVUN ÖLDÜRÜLMƏSĠ
Bakının mühasirəsi uzun sürdü. Abbas Mirzə, Əhməd Xan Bəylərbəyi və
sonradan İrəvanın müdafiəsinə göndərilən Hüseyn Xan Qacarı Abşeron tərəfindən
Bakıya hücum etmələri üçün görəvləndirdi. Abşeron tərəfindən hücum Bakının
fəthi üçün düşünülməmişdi, çünkü bu yolla Bakını fəth etmənin mümkün
olmayacağını Abbas Mirzə bilirdi. Sadəcə, düşməni məşğul etmək, digər tərəfdən,
özü Bakıya girmək istəyirdi. Bu amacla Əhərdən Ərdəbilə doğru hərəkətə başladı.
Məqsədi General Sisyanova arxadan həmlə etmək idi. O il qış fəsli çox sərt keçirdi.
Ancaq Abbas Mirzənin ordusundan kimsə fərar etmədi. Bunun ən önəmli səbəbi
əsgərlərin Abbas Mirzəyə olan sevgiləri və hörmətləri idi. Ərdəbil əskilərdən
Səfəvi soyunun qalxış və yüksəliş məkanı olduğu üçün özəl bir ünə sahib idi.
Ancaq böyük yolların qovşağı olmasına baxmayaraq o zaman bir yoxsul kəndi
anımsatmaqda idi. Sadəcə, Şeyx Səfi türbəsi ətrafında bir neçə kiçik dükanlar və
evlər gözə çarpmaqda idi. Ərdəbildə Şahzadəni qəbul edəcək, ona uyğun heç bir
evin olmadığı üçün Abbas Mirzəyə özəl bir çadır quruldu.
Bu arada Azərbaycan kəndlərini və şəhərlərini öz top atəşləri ilə məhv edib,
Azərbaycanda ümüdsüzlük yaradan General Sisyanov ordusu ilə bir yerdə Bakıda
alışılmamış bir qış soyuğu ilə qarşı-qarşıya idi. Bakı qalasının ətrafına
yaxınlaşmışdı. Bakı, Xəzərin batısında Abşeron yarımadasında yerləşir. Xəzərin
yamyaşıl Güney sahilləri ilə müqayisədə Abşeron yarımadası qupquru görünümü
ilə səciyyələnir. Sanki torpağı içəridən somuran bir maddə buraların bu tür
quruluğuna və quraqlığına səbəb olurdu. Neft, bölgədə bulunan atəşpərəstlərin
atəşkədələrinin sönməməsi üçün yarar sağlayırdı. Bölgə insanları isə nefti sevmir
və onun xoş olmayan qoxusundan bezmişdilər. Burada neftin qoxusundan sadəcə
evlərdə bəzi həşəratın uzaqlaşması üçün istifadə edilirdi. Bakı, Sisyanovun ordusu
tərəfindən hər yandan mühasirə altına alınmışdı.
Bütün Qafqaz xanları öz bağımsızlıqlarını sevirdilər. Fətəli Şahın onlara
vergi dışında bağımsızlıqlarına xoş görü ilə baxması onların Qacar yanlılıqlarına
səbəb olmuşdu. Rusiya xanlıqların bağımsızlığını tanımır və hər anlamda onların
27
mərkəzə tabe olmalarını istəyirdi. Bu səbəbdən Bakı xanı bu savaşda Azərbaycan
Ordusunun yanında bulunur və Abbas Mirzə ilə iş birliyi içində idi. Bu maddi
çıxarıların ötəsində ortaq tarixi xatirələr və dəyərlər bu xanları Rusiyadan daha çox
Qacar dövlətinə yaxınlaşdırırdı.
Soyuq qış gecələrinin birində Bakı xanı Hüseynqulu Xanla Sisyanov
arasında görüşün sağlanması üçün zaman bəlirlənmişdi. Xan və əmisi oğlu İbrahim
Xan və bir də iki başqa əsilzadə bu görüşə çox hazırlıqlı gedirdilər. Qalanın dənizə
sarı açılan darvazasına tərəf yola düşdülər. Görüş üçün nəzərdə tutulan yerdə
General Sisyanov və üç zabit silahlı vəziyyətdə bəkləməkdəydilər. Mübahisələr
başladı. Çox qısa zaman içində hər iki tərəf yüksək səslə danışmağa başladı. Bir
neçə zəfərindən dolayı məmnun və məğrur olan Sisyanov onlardan qalanı təslim
etmələrini istəyirdi. Başına çığırılmasına alışmamış Hüseynqulu Xan, əmisi oğlu
İbrahim Xana öncədən aralarında anlaşdıqları işarə ilə atəş əmri verdi. Sisyanovun
üç gürcü cangüdənləri güllələnib yerə sərələndilər. Sonra da Sisyanova atəş açıldı.
Yaralı Sisyanovu qalanın içinə gətirib başını kəsdilər və zəfər ərməğanı kimi
Abbas Mirzəyə göndərdilər ki, o da Fətəli Şaha göndərsin. Abbas Mirzə
Sisyanovun başının bu şəkildə kəsilməsindən rahatsız olmuşdu. O, savaş
kurallarının dəyişilməsindən yana idi. Azərbaycanda qorxu və fəlakət yaradan
Sisyanovun öldürülməsi hər kəsi məmnun etmişdi.
FRANSA - QACARĠYYƏ MÜNASĠBƏTLƏRĠ
GĠRĠġ
Hindistana hücumun hazırlığı üçün bir çox məsuliyyəti üstlənən birinci
Fransa konsulu dost və müttəfiq olan Qacar dövlətindən arxayın olmaq istəyirdi.
Bu üzdən də Birinci Konsul ayrıntılı şəkildə bilgi əldə etmək istəyirdi. Bu
dönəmdə Fransanın Qacariyyə ilə bağlı bilgiləri İstanbuldakı Fransanın Birinci
Konsulluğu vasitəsi ilə sağlanırdı. Skalon adında bir fransız bəzirgan İstanbula
varmadan bir neçə kərə Qacariyyəyə getmişdi. Fransanın İstanbuldakı səfiri Marşal
Bron onun aracılığı ilə bu dövlət haqqında bilgi əldə edə bilmişdi. Eləcə də
Fransanın Bağdaddakı əski konsulu Rosso dolayısıyla da bir çox bilgi sağlamışdı.
1805-ci ildə birinci Konsul Şahla görüşmək üçün iki nümayəndə göndərdi. Bu iki
nümayəndənin Şahla görüşlərinin gizlin qalması konusunda anlaşma sağlanmışdı.
Ona görə bu nümayəndələrə Rusiya və İngiltərə casusları törədilə biləcək hər tür
təhlükənin önlənməsi üçün tədbirlər alınmışdı. Fransa elçilərindən biri General
Rumio idi. O, Hələb-Bağdad yolu ilə Qacariyyəyə gəlməyi tərcih etdi. Bağdaddakı
ingilis konsulluğu onun Qacariyyəyə gedişindən xəbər tutdu və onun ölkəyə
girişini önləmək istədi. Ancaq Rumio bu əngəlləri aşaraq səfərinə davam etməyi
başardı. 1805-ci ilin oktyabr ayında Tehrana çatdı. Rumionu Fətəli Şahın
dərbarında çox hərarətlə qarşıladılar. Ancaq o dərbarda bir az ümüdsüzlük yaratdı.
28
Çünkü yetkisi çox sınırlı idi. General Rumio Tehrana gəldikdən bir neçə həftə
sonra xəstələndi. Onun xəstəliyini müalicə edəcək təbib bulunmadığı üçün ordaca
da öldü. General Rumionun özəl qələm müdiri (katibi) olan Udre onun bütün
qeydlərini Fransaya aparmağı başardı. Rumionun notlarında Fransanın Qacariyyə
yolu ilə Hindistana girmə planına işarələr edilmişdi.
Digər elçi isə ünlü şərqşünas Jauber idi. Jauber Misir savaşında Birinci
Konsulun yanında bulunmuşdu. Bu elçi Azərbaycan yolu ilə getməyi tərcih etdi.
Azərbaycanda ilk öncə Abbas Mirzə tərəfindən qəbul edildi. Bir neçə ay sonra
Qacariyyə və Fransa arasında yapılan Finknaştayn anlaşmasının gerçəkləşməsində
onun böyük təsiri oldu. Finknaştayn anlaşmasından sonra Napoleon Bonopart
General Gardanın başçılıq etdiyi heyəti Fətəli Şahla görüşmək üçün Qacariyyəyə
göndərdi. Bu ittifaq anlaşmasına görə Fransa özünü Rusiya qarşısında müdafıə
etməsi üçün Qacar dövlətinə hərbi yardım etməli idi. Lakin Rusiya və Fransa
arasında imzalanan Tilsit barış anlaşması nədəni ilə bu ittifaqda qeyd olunanlar
həyata keçmədi.
Bu ortamda İngiltərə önəmsəmədiyi Qacar dövləti ilə yaxın münasibət
qurmağı planlamağa başladı. Qacariyyə və Fransanı bir-birinə yaxınlaşdıran
anlaşmaların imzalanması Londonda və Kəlkətədə rahatsızlıq yaratmağa
başlamışdı. O zaman Hindistanın hakimi olan Lord Minto, Con Molkolmu
görəvləndirib, Qacariyyəyə göndərdi. Ancaq Con Molkolm Buşəhrdən irəli gedə
bilmədi. Çünkü o zaman Tehranda bulunan və Qacariyyədə böyük etkisi olan
General Gardan, Fətəli Şahı Molkolmu qəbul etməməsi mövzusunda razı salmışdı.
Bu uğursuz səfərindən əsəbiləşən Molkolm təhdidlər yağdıraraq Bəsrə körfəzi yolu
ilə ölkəni tərk edib Kəlkətəyə getdi. Kəlkətədə Lord Montonu inandırmağa çalışdı
ki, Bəsrə körfəzində bir neçə adanı işğal etməsək Qacariyyəyə yol tapa
bilməyəcəyik. O, Fətəli Şahla görüşüb və anlaşma yapa bilmənin ancaq zor istifadə
etmək yolu ilə mümkün olduğu qənaətində idi. Hindistan hakimi Molkolmun bu
önərisinə müsbət yanaşırdı. Lakin London hərbi müdaxilədən yana deyildi. London
Harfurd Conzlərigezi görüşmələr yapmaq üçün Tehrana göndərdi. Əgər Rusiya-
Fransa arasında barış anlaşması imzalanmasa idi, bu elçinin durumu necə olardı
əcəba? O da Molkolm kimimi qarşılanardı, yoxsa durum fərqlimi olardı?
FRANSA - QACARĠYYƏ MÜNASĠBƏTLƏRĠ
1806-cı il may ayının əvvəllərində Amedee Jauber (Amade Juber)
İstanbuldan Tehrana doğru hərəkət etdi. Xoy ovalığından keçən Jauber insanların,
xüsusən kəndlilərin çox mutlu və sevincli olduğunu görürdü. Çünkü Abbas Mirzə
bölgəni kürd quldurlarının hücumundan qurtarmış və kəndlərdə tarımın gəlişməsi
üçün bir çox reformlar gerçəkləşdirmişdi. Kəndlilərdə və əkinçilərdə çalışmağa,
əməyə olan həvəs açıq şəkildə sezilməkdə idi. Abbas Mirzənin bölgədə yaratdığı
güvən və istiqrar çalışmaq üçün imkan yaratmışdı. Osmanlının Qacariyyə ilə sınır
29
postunun komandanı Jauberin qorunması üçün kürd cangüdənlər görəvləndirmişdi.
Bu da Xoyda rahatsızlıq yaratmağa başladı. Bu üzdən də Xoyun darvazaları
Jauberi gətirən karvana qarşı qapandı. Ancaq müsafırin, bəklədikləri fransız
olduğunu duyunca durum dəyişdi. Jauber, Bonopartın öz əli ilə Fətəli Şaha yazdığı
məktubu Tehrana gətirməkdə idi. Jauber türkcənin Anadolu və Azərbaycan ağızları
ilə rahat danışa bilirdi. Bu ləhcələrdən başqa fars dilində də çətinlik çəkmədən
özünü ifadə edə bilirdi. Xoy hakimi Jauberin Abbas Mirzə ilə görüşməsini təklif
etdi. Jauber də şöhrətı bütün Şərqi dolaşan bu şahzadə ilə həmən görüşmək
istədiyini bildirdi. Jauber Abbas Mirzənin ruh halları və ordusunun durumu barədə
mərkəzə bilgi verməklə mükəlləf idi. Onlar bərabərcə Mərəndə tərəf yola düşdülər.
Mərənddə dincəlmək üçün qısa sürə bulunan Jauber bu kiçik şəhərdə əcaib
olaylarla rastlandı. Gənc adamlar əzbərdən şeir oxuyur və Batı haqqında Jauberden
maraqlı sorular sorurdular. Jauber də onların bu davranışından xoşlanır və Mərənd
hakimindən xahiş edirdi ki, insanların ona yaxınlaşmasını əngəlləməsin. Çünkü
XIX əsrdə Jauber Qacariyyə coğrafiyasının insanlarını və sosial psikolojisini
tanımaq üçün gələn ilk rəsmi dövlət adamı idi. Bu üzdən də toplumun bütün
davranışlarını, məşğuliyyətlərini gözləmləyərək hərtərəfli bilgilərlə Fransaya
dönmək istəyirdi.
Jauber bir neçə gündən sonra Mərənddən Təbrizə tərəf yola düşdü. Daha
öncə Con Molkolmu müsafir edən Əhməd Xan Bəylərbəyi bu dəfə də çox böyük
bir hörmətlə Jauberi qarşıladı. Jauber xatirələrində Təbrizin süfrə və yemək kültürü
qarşısında heyrətləndiyini bir neçə dəfə israrla vurğulamaqdadır. Jauber
xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli Xan barədə bu sözləri yazır:
“Fətəli Xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil
aldığını sanmışdım.”
17
Jauber Abbas Mirzə ilə görüşmədiyi ana qədər bütün
bunların Abbas Mirzənin yaratdığı nisbətən demokratik ortamın məhsulu olduğunu
anlaya bilmirdi. Təbrizdə bir neçə gün istirahət edən Jauber bu şəhərdən ona
qatılan bələdçisi ilə Ərdəbilə tərəf yola düşdü. Jauber bütün yol boyunca mövcud
olan sabitliyin və istiqrarın səbəbini bələdçidən sorurdu. Bələdçi isə əskidən bu
istiqrarın olmadığını və bütün bunların hamısı Şahzadənin iqtidarı sayəsində
sağlanmışdır deyə cavab verirdi. Jauber yol boyunca bəzən tarlada çalışan bir
kəndli ilə danışır və ondan Abbas Mirzə haqqında sorular sorurdu. Cavablar isə
bir-birinə bənzəyirdi: “Tanrı onun ömrünü uzun etsin, kölgəsini başımızın
üstündən əskik eləməsin, o olmasaydı Azərbaycanda gördüyünüz bu arxayınlıq
olmazdı”.
Müsafir adam eyni zamanda Şahzadənin qardaşı Məhəmmədəli Mirzənin
(Dövlətşahi) sərt şəkildə Abbas Mirzəni qısqanması haqda da bilgilər əldə edirdi.
***
17
Amadee Jauber “Persiya səfəri”.
30
Keçmişdə Abbas Mirzənin öyrətməni və indi isə vəziri olan Böyük Mirzə
adı ilə bilinən İsa Fərahani Ərdəbildə özü üçün yaxşı bir iqamətgah təsis etmişdi.
Jauber onun evində müsafır oldu və çox xoş qarşılandı. Bir gün keçdikdən sonra
xəbər gəldi ki, Şahzadə Jauberi qəbul etmək üçün hazırdı.
O zaman 21 yaşında olan Abbas Mirzə yaraşıqlı paltar geyinməkdən zövq
alırdı. Özəlliklə də yabançılarla görüşərkən ən sevdiyi paltarını geyinərdi. Jauber
onu Xorasan xalısının üstündə oturmuş və əynində çox yaraşıqlı geyim varkən
görmüş oldu. Qılıncının qınındakı zinətlər par-par parıldayırdı. Qonağı çox böyük
hörmətlə qarşılayan Abbas Mirzə Jauberlə türk dilində danışmağa, tanışmağa
başladı. Abbas Mirzə bütün Qacarlara xas olan bir məharətlə türk dilində fikirlərini
daha rahat anlada bilirdi. Türk dilində gözəl bir səliqə ilə danışmaq bütün
Qacarlara məxsus bir özəllik idi. Şərqlilərin məhrum olduğu dinləmə, qulaqasma
qabiliyyətinin tərsinə olaraq Abbas Mirzədə çox böyük qulaqasma yetənəyi var idi.
Avropa ilə ilgili sorduğu sorulara geniş cavablar istəyir və diqqətlə bu rəsmi
müsafiri dinləyirdi. Danışma əsnasında Jauber, Abbas Mirzəni İrəvandakı
qələbəsindən dolayı təbrik edərkən, Şahzadə sevinmək yerinə bir az kədərli
göründü. Abbas Mirzə bu susqunluqdan və dalğınlıqdan sonra ürəyini bu
yabancıya açmağa başladı ki, Azərbaycan ordusunu bütün fədakarlıqlarına rəğmən
rusların texnoloji üstünlüyü amansızca mənim ordumu darmadağın edir. Bundan
dolayı da qəlbini və ruhunu dərin bir kədərin sardığını etiraf etdi. Abbas Mirzə çox
acı çəkərək bu sözləri söylədi: “Hansı şəhəri almışam? Utancımdan ordumun
üzünə baxacaq halım yox. Hansı intiqamı almışam? Hələ rus ordusu Azərbaycanın
bir çox bölgələrini əlində bulundurmaqdadır. Rus gəmiləri Xəzərdə sərbəstcə
cövlan edir. Nədən biz texnoloji istehsal edə bilmirik, bunun səbəbi nədir, ey
yabancı, danış. Niyə biz beləyik? Məgər günəş Doğudan doğub və öncə bizim
başımızı isitmirmi? O zaman nədən bizim insanların başı çalışmır, nədən? Cavab
ver, ey yabançı, bağrım çatlayır. Azərbaycanın bir bölümü və Xəzər dənizi işğal
altındadır. Nə etməliyəm ki, biz də Sizin kimi imkanlardan bərxurdar olaq? Fransa
ordusunun durumunu bildikdən sonra anladım ki, rus ordusu onun qarşısında
acizdir. Ancaq mənim reformlarımı Tehranda əngəlləyirlər. Sizin üstünlüyünüzün
və bizim zəifliyimizin səbəbi nədir? Nədən Siz hər an tərəqqi edir, biz isə cəhalət
içində donub qalmışıq? Nədən Sizin gələcəklə bağlı planlarınız var, lakin biz isə
gələcək haqqında heç düşünmürük? Məgər Tanrı bütün insanlara ağıl verməyibdir?
Biz niyə ağlımızdan istifadə edə bilmir, ağlımızı özümüzlə bərabər məzara aparır,
məzara gömürük. Danış, yabançı adam, danış. Söylə, mən necə Azərbaycanı bu
cəhalət girdabından qurtara bilərəm?”
18
Abbas Mirzənin bu gərgin söhbətini Jauber heyrətlə dinlədi və bu kükrəyən
gənc adamın qarşısında, ancaq susub daha sonra danışmağı tərcih etdi.
18
Jauber “Persiya səfəri”.
31
Sonrakı günlərdə Napoleonun elçisi Şahzadə ilə bir çox mövzular haqqında
danışdı.
Abbas Mirzə bir çox ədəbi, tarixi, fiqhi kitablar oxumuşdu. Oxuduğu
kitablar içində rusların qalxınmasını sağlayan Böyük Pyotrun həyatı onu çox
maraqlandırırdı. Düşünürdü ki, məmləkətinin qalxınması üçün Böyük Pyotr kimi
bütün keçmiş dəyərlərin, ənənələrin üstünə qələmini çəkmək lazımdır? Ölkənin
gəlişməsini önləyən bu törələrini əcəba, deyə sorular sorur və cavab tapa bilmirdi.
Başında dolaşan bu saysız soruların içindən gerçəkləşdirmək istədiyi islahatlar
üçün uyğun yollar axtarırdı. Böyük Pyotrun özəlliklə “Saqqal devrimi”ni ilginc
bulmaqda idi. Böyük Pyotrun Rusiyanın modernləşməsini sağlamaq üçün
gerçəkləşdirdiyi devrimlərdən biri də saqqal devrimi idi. Böyük Pyotr fərman
çıxardı ki, saqqalını qırxmayan hər kəsə şallaq vurulsun. Bitli-birəli saqqalların
yerini təmiz surətlə almağa başladı. Abbas Mirzə bu davranışı sayqı ilə
qarşılayırdı. Lakin onda saqqal inqilabı kimi bir olayı gerçəkləşdirmə gücü yox idi.
Çünkü Böyük Pyotrun Rusiyasında Qacariyyədə olduğu kimi din xadimlərinin
otoritəsi söz konusu deyildi. Qacariyyədə və İslam Dünyasında ilahiyyata xidmət
etməyən elm məqbul sayılmır və küfr damğası alırdı. Abbas Mirzə bilirdi ki,
saqqalla ilgili bircə söz danışsa din xadimləri tərəfindən həmən təkfir ediləcək,
mürtəd olaraq duyurulacaqdı. Bu kimi devrimləri gerçəkləşdirmək üçün daha
böyük yetkiyə, Böyük Pyotr qədər bir yetkiyə sahib olmaq lazım idi. Qacariyyədə
bir nömrəli yetkili şəxs, şah olmaq lazım idi. Abbas Mirzə bu kimi təməl
reformlarını unutmadan daha sonra gerçəkləşdirməyi planlamışdı. Şahzadə zahirlə
batinin bir-biri ilə sıx əlaqədə olduğunu düşünürdü. Yəni saqqal məsələsi zahirən
bəsit və zahiri bir məsələ idi, lakin bunun ardınca yeni düşüncələrin də ortaya
çıxacağına əmin idi. Şahzadəyə görə Qacariyyədə yayğın olan bu zahir, çalışqan,
yaratqan bir batinin daşıyıcısı və göstərgəsi olamazdı. Bu zahir tənbəlliyin,
geriliyin, ətalətin göstərgəsi idi. Bu qiyafət dəyişilməyincə düşüncələrin də
dəyişilməyəcəyinə inanırdı. Yeni və Batısayağı bir insan tipini oluşdurmaq
istəyirdi. Görüşdüyü bütün Avropalı şəxslərin tər-təmiz surətləri, zahiri
görünüşləri, səliqəli, yaraşıqlı və yığcam geyimləri Şahzadəni heyran qoyurdu.
Nədən biz də bu şəkildə təmiz bir görünüşə sahib olmayalım deyə düşünürdü.
Düşünürdü, ancaq din xadimlərinin və qeyri-insani törələrin hər tür düşüncəyə və
təmizliyə qarşı olduğunu da bilirdi. Yalnız bu qiyafət devrimini yavaş-yavaş öncə
orduda yaratmaq istəyir, sonra da zamanı gəldiyində bütün ölkəyə uyqulamaq
niyyətində idi. Mövcud kültür və ortam düşüncə və fikir düşməni idi.
Jauber bu gənc Şahzadənin zəkası və istedadı qarşısında heyran qalmışdı.
Özəlliklə Abbas Mirzə fransız yazar Fenlonun “Telemak” adında romanı haqda
Jauberə soru sorduğunda o, heyrətdən şaşqınlığını gizlədə bilmirdi. Demək ki, gənc
Şahzadə Batı tipli reformu ölkəsində həyata keçirmək üçün Batını bütün ayrıntıları
32
ilə tanımağa özən göstərmişdir. Lakin kimsə onun bu romanı nə zaman və hansı
dildə oxuduğu haqda bilgi sahibi deyildi
19
.
Jauber başardığı qədər Şahzadənin bütün sorularına ayrıntılı şəkildə cavab
verməyə çalışır və onun tarixi misyonunun çox önəmli olduğu haqda da təlqinlərdə
bulunurdu. Çünkü Qacariyyə ilə geniş ittifaqa hazırlaşan Fransa, Abbas Mirzənin
daha da güclü olmasından yana idi. Fransa Orta Doğuda, Qafqazlarda ruslara qarşı
öz planlarını gerçəkləşdirməsi və Hindistanda öz amacına çata bilməsi üçün Abbas
Mirzə kimi güclü bir xarakter axtarmaqda idi. İngiltərə və Rusiya ilə rəqib olan
Fransa üçün Abbas Mirzənin geniş dünyagörüşlü şəxsiyyəti lazımlı idi. Abbas
Mirzə Jauberin Misir savaşında olduğunu bildiyi üçün bu savaş haqqında geniş
bilgi öyrənmək istəyirdi. Jauber bu arada Şahzadənin din konusundakı görüşündən
də heyrətlənmişdi. Abbas Mirzə fanatik Doğu dincilərinin davranışlarına və
xoşgörüsüzlüklərinə rəğmən xristianlığa da olumlu yanaşmaqda idi. Şahzadə
cahilanə dini təəssübkeşlikdən uzaq idi.
Ərdəbil Şahzadənin orada bulunuşu səbəbilə yeni bir canlanmaya səhnə
olmuşdu. Türk dilində rahatca danışa bilən Jauber insanlarla ilişki qurmaqda heç
bir çətinliklə rastlanmırdı. Bu üzdən də Abbas Mirzədən başqa digər yetkili
şəxsiyətlərlə də görüşürdü. Hətta Kəşmirdən və Lahurdan gələn dərvişlərlə də
görüşürdü. Ərdəbildə bütün qapılar sərgərdan din adamları üçün açıq idi. Çünkü
Ərdəbil əhalisində bu sərgərdan din adamları dərvişlərin, həyatın çətin çağlarında
insanlara yardımçı ola biləcəklərinə inam var idi. Kimsə bu dərvişlərin cadu və
sehr güclərinin şeytandan, yoxsa tanrıdan qaynaqlandığı konusunda soru sormazdı.
Çünkü soru sormaq düşüncənin işidir, bu dərvişlər isə zatən düşüncəsizliyin ortaya
çıxardığı tiplər idi. Abbas Mirzə, bu kimi bütün Səfəvi mirası olan cəhaləti ortadan
qaldırmaq, özəlliklə otoritəsi altında olan Azərbaycandan dışlamaq istəyirdi. Lakin
iki səbəb üzündən susmağı tərcih edirdi: 1. Tehranda din adamları Abbas Mirzənin
kafir ölkələrə meyillənməsindən, avropalılar kimi davranmasından rahatsız idilər.
Daima bu haqda Fətəli Şahı uyarırdılar. Ölkədə mənəvi otoritəni və fətva haqlarını
əllərində bulunduran din adamları ilə Fətəli Şah hesablaşırdı. Abbas Mirzə
düşünürdü ki, Azərbaycanda dini reformlara başlarsa mərkəzin etiraz səsi
yüksələcək və rəqib qardaşları da bu fürsətdən yararlanıb onun yetkilərinin
daralması üçün əllərindən gələni edəcəklər. Abbas Mirzə Tehran mollalarına qarşı
öncə Azərbaycan mollalarını öz yanında bulundurub və onlardan yardım almaq
istəyirdi. Ancaq bütün bunların hamısı dərin bir gizlilik içində edilməli idi, çünkü
bu qədər ciddi bir iş ifşa olunsaydı, Şahın şübhələnməsinə səbəb ola bilərdi. 2. Bu
cəhalət sadəcə, Azərbaycanla sınırlı deyil, Səfəvi imperatorluğunun hakim olduğu
coğrafiyanın bir çox yerlərində yayğın idi. Bu üzdən də daha geniş bir yetki və
19
Fenlon adında bir fransız yazarın yazdığı “Telemak” adlı roman eyitici macəralarla iç-içədir. Romanın
qəhrəmanı Olis adında bir gəncdir. Olis ağıl tanriçasının yardımı və yönləndirməsi ilə atasını tapmaq
üçün macəralı səfərə başlayır və maraqlı hadisələrlə qarşılaşır.
33
səlahiyyətlə bu xurafatla mübarizə aparmaq lazım idi. Bu qədər geniş miqyaslı
reformlar üçün Şahzadə deyil, Şah olmaq gərəkirdi. Abbas Mirzə bu amac uğrunda
Nadir Şahın yapdığı işləri və məzhəbi reformları haqda bilgi əldə etmişdi. Bu
səbəbdən də bu sahədə görmək istədiklərini ağlında gizli saxlayaraq padşah olacağı
zamana ertələdi.
*
Jauber, Ərdəbili tərk edib Tehrana yola düşmədən öncə Abbas Mirzənin
ordusunun paradını izlədi. Şahzadə çılğın bir atın üstündə məğrurca oturmuş və
çox rahatca heyvanı kontrol edə bilirdi. Parad bitdikdən sonra Jauber Abbas
Mirzənin çadırına çağırıldı. Abbas Mirzə öz ordusunun durumu haqda mütəxəssis
bir yabançıdan gerçək bilgi öyrənmək istəyirdi. Jauber süvarilərin yaxşı
hazırlandığı haqda fikirlərini söylədikdən sonra ordunun ümumi durumu haqqında
da fikrini bildirərək bir intizamsızlığın var olduğunu qeyd etdi. Abbas Mirzə üçün
Jauberin fikirləri çox önəmli idi, çünkü bu, sadəcə, bir parad nümayişindən ibarət
deyildi. Abbas Mirzə savaşa hazırlaşırdı.
Jauber, Napoleonun mesajını Fətəli Şaha çatdırmaqla yükümlü idi. Bu
üzdən də Şahzadədən ayrılıb və başkəndə yola düşmək zorunda idi. Abbas Mirzə
özü qonağın yola salınma işlərinə nəzarət etdi. At üstündə oturan Abbas Mirzə
Jauberi yola salıb və özü də savaşa getdi. Bu şahzadə ilə Jauberin ilk və son görüşü
oldu. Ancaq aralarında yaranan dostluq əlaqələri hər iki şəxs arasında hörmətlə
qorunub saxlanıldı.
Jauber, Xalxal yolu ilə Tehrana yola düşdü. Zəngana girərkən, bu şəhərin
bazarı onun diqqətini cəlb etdi. Zənganın qapalı bazarına müştərilər sel kimi axın
edirdi. Avşar ellərinin köçəriləri öz keçələrini, yunlarını satıb qumaş, silah alırdılar.
Zəngandan keçdikdən sonra əski Sultaniyyə şəhərinin qalıqları ilə rastlandı. Bu
əski şəhərin qalıqlarından birisi də Xudabəndəlunun məzarı idi. Fətəli Şah bu əski
Moğul şəhərini yenidən onarıb, bərpa edəcəyindən danışırdı. Bu üzdən də əski
divarların sökülməsini və orada dincəlməsi üçün təpələrin başında imarətlərin
tikilməsini istəmişdi. Jauber Qəzvində Məhəmmədəli Mirzənin vəziri Baba Xanın
*
Burada belə bir sual ortaya çıxır ki, Abbas Mirzə vaxtından əvvəl ölməsə idi, şah olsaydı tarixin
istiqaməti dəyişə bilərdimi? Bütün Qacariyyənin adı “İran” deyil, Azərbaycan ola bilərdimi? Çünkü
tarix daha çox böyük şəxsiyyətlərin iradəsinin nəticəsidir. Abbas Mirzə şah olsaydı, Azərbaycanda çox
erkən bir zamanda sekular toplum və milli bir dövlət yarana bilərdimi? Abbas Mirzənin türk dilinə olan
sayqısı bütün Qacar uzmanları batılı tarixçilər, səyyahlar tərəfindən etiraf edilməkdədir. Jauber də
xatirələrində etiraf edir ki, Abbas Mirzə ən möhtərəm və mötəbər qonaqları ilə, özəlliklə də yabancılarla
fars dilində deyil, türk dilində danışmağı tərcih edirdi. Türkcəyə olan bu qədər sempatisi nədəni ilə bu
gün türk dili fars dilinin yerinə dövlət dili ola bilərdimi? Bütün Qacar dövləti Ağaməhəmməd Xanın
iradəsinin məhsulu olduğıı kimi Qacariyyənin varisi olacaq Azərbaycan da Abbas Mirzənin iradəsinin
nəticəsi ola bilərdimi? Abbas Mirzənin xarakterini, dünyagörüşünü, Azərbaycan sevgisini,
Azərbaycanda gerçəkləşdirdiyi reformları öyrəndikcə bu sorular istər-istəməz oxucunun ağlında
canlanır. Əgər bu sualların cavabı müsbətdirsə o zaman bütün tarixi fürsətlərdə Azərbaycan şanssızlıqla,
talesizliklə rastlanmışdır. (G.C.)
34
möhtəşəm sarayında bulunduğunu da yazmaqdadır. O zaman Şahzadə Dövlətşahi
Kirmanşahda bulunmaqda idi. Haziran ayının əvvəllərində Jauber Tehrana
vararkən, bu şəhər istidən sanki boğulmaqda idi. Başkəndin 3 ağaclığında yabançı
qonaqların qarşılanması üçün özəl bir yer nəzərdə tutulmuşdu. Jauberi qarşılayan
xanların və əyanlarm paltarlarındakı zinətlər günəşin şüaları altında par-par
parıldayırdı. Bunlar Napoleonun özəl elçisini bu qədər sadə libas içində
gördüklərində heyrət edirdilər. Onu bu şəkildə təcəssüm etməmişdilər. Tehranda
Jauberi gözəl bir sarayda yerləşdirdilər.
Şahla görüş zamanı gəlmişdi. Fətəli Şah bir neçə pilləsi olan bir taxtda
oturmuşdu. Jauberin Şahla məsafəsi çox olduğundan onun üzünü görə bilmirdi.
Qəbul törəninin sədri ayaqqabısını çıxarıb başını əyərək Şahın hüzurunda dayanıb
dedi: “Ey Şah humayun, ey yer üzünün ən böyük şahı, ey zillüllah (Tanrının
kölgəsi), Fransanın elçisi, Fransa xalqının ərbabını təmsil edən şəxs Sizinlə
görüşmək istəyir. O öz ərbabı tərəfindən Sizə bir məktub və hədiyyə olaraq da
cavahirat gətirmişdir.”
Şah, “xoş gəlmişdir” dedi. Şahın bu ifadəsindən sonra vəzirlərdən biri
Jauberə yaxınlaşdı. Ona pillələri göstərib və irəli doğru yavaş-yavaş yürüməsini
istədi. Taxtın yanında Şahın üç gənc oğlu və bir neçə xidmətçi dayanmışdı. Jauber
diz çöküb padşahı salamladı. Napoleonun məktubunu altunla toxunmuş
çantasından çıxarıb, altun bir tabağın içinə qoyaraq Şaha sundu. Padşah Jauberin
türkcə və farsca bilməsindən məmnun idi. Çünkü tərcüməçiyə ehtiyac olmadan
danışa biləcəkdilər. Bu üzdən də rəsmi törənin sona ərməsindən sonra bağçada baş-
başa bərabərcə gəzindilər. Lakin bütün bu hərarətli qarşılanmaya rəğmən Tehranın
isti havası Jauberin zövqünə uyğun gəlmədi. Jauber çox ağır bir xəstəliyə və
qızdırmaya yaxalandı. Şahın özəl həkimləri onun müalicəsinə çalışırdılar. Padşah
Jauberi Tehrandan uzaqlaşdırıb və dincəlməsi, müalicə olması üçün Sultaniyyədəki
sarayına göndərdi. Xəstəlik durumu nisbətən yaxşılaşan Jauber Sultaniyyədə
Qacariyyə ilə Fransa arasındakı müttəfiqlik anlaşmasına imza atdı. Jauber üçün
vida mərasimi düzənlənirkən Şahın özəl həkiminə onunla sınıra qədər getməsi əmr
edildi. Jauber sınırı keçdikdən sonra Şahın özəl həkimi rahat nəfəs aldı. Çünkü Şah
ona “Jauberin sağlığından sən sorumlusan, o öləcək olursa, sən də öləcəksən, bunu
bilmiş ol. Bu üzdən də çox diqqətli ol, diqqətlə davran” demişdi.
Fətəli Şah sarayın önəmli adamlarından biri olan Mirzə Rzaquluxan adında
bir şəxsi Qacar dövlətini təmsil edən diplomat kimi Fransa imperatoru ilə
görüşmək üçün görəvləndirdi. Mirzə Rzaquluxan Qəzvində Məhəmmədəli
Mirzənin vəzirliyini etmişdi. Bu elçi yola düşüb Jauberə çatdı. Jauberlə bərabər
Napoleonun bulunduğu Finkinaştayna qədər getdilər. Mirzə Rzaquluxan
Finkinaştaynda qaldı. Anlaşmanın ayrıntılı şəkildə hazırlanıb imzalanması üçün
gözlədi. Bu anlaşmaya görə Fransa, Rusiyanın işğal etdiyi torpaqları, özəlliklə
Gürcüstanı geri almaq üçün Qacariyyəyə yardım edəcəkdi. Bu görüşdə bulunan
ünlü rəssam Deyvid, Qacariyyə heyətinin imperatorla görüşünü rəsm etmişdir. Bu
35
tabloda Asiya və Avropanın kültürü və davranış tərzləri açıqca sezilməkdədir.
Tabloda Qacar dövlətinin təmsilçisi ağır və qaba hərəkətlərlə imperatora doğru
irəliləməkdədir, çünkü əynindəki paltarı əl-ayağına dolaşmaqda və onun sərbəst
hərəkətini önləməkdədir. Tabloda imperatoru çevrələyən yaraşıqlı, uzunboylu
zabitlərin surətlərində bir məsxərə gülüşü görünür. Heyrət içində bu qədər qaba
geyimli heyəti seyr edən saray adamları onları gülüşləri ilə məsxərə etməkdən də
geri qalmırlar. Çevrədən onlara qarşı yönəlmiş aşağılayıcı baxışların altında əzilən
heyət istər-istəməz bir aşağılıq kompleksinə qapılmış kimi görünməkdələr. Bu
qədər çağdaş mədəniyyətin ortasında özlərini necə idarə etmələrini sanki
bilməyirlərmişcəsinə bir görünüm rəsm edilmişdir.
Rusiya ilə Fransa arasında sülh müqaviləsi bağlandıqdan sonra Fransa
Qacariyyə ilə olan anlaşmalara sadiq qalmadı.
Sisyanovun öldürülüşündən sonra Qacar və Rusiya arasındakı şiddətli
düşmənçilik gizlin şəkildə davam edirdi. Bu düşmənçilik bəzən kiçik çaplı silahlı
toqquşmalarla davam edirdi.
Jauberin Təbriz və Tehranı ziyarət etdiyi dönəmlərdə Qacar dövlətinin
durumu Bağdad və Bayəzid paşaları ilə yaranan gərgin vəziyyət səbəbi ilə çox ağır
idi. Ortamı gərginləşdirən kürd məsələsi idi. Bölgədə problem yaradan kürd
əşirətlərinin rəhbərlərindən birisi Fətəli Şah tərəfindən himayə edilməkdə idi. Bu
kürd, Fətəli Şaha sığınmış, Şah da onun ölkədə yaşamasına izn vermişdi. Bu da
Fətəli Şahın Bağdadla ilgili gizlin iddiasını ifşa etməkdə idi. Fətəli Şaha görə
Bağdad Qacariyyənin bir hissəsi olmalı idi. Bu torpaqları öz ölkəsinə qatmaq üçün
daima uyğun fürsət axtarırdı və Şahın bu arzusu haqda Osmanlı, özəlliklə Bağdad
paşası xəbərdar idi. İraq cəbhəsində Osmanlı ordusu ilə Qacar Ordusu arasında
ciddi savaşlar olmuşdu. Bu savaşda Məhəmmədəli Mirzə zəfər qazanaraq şöhrətini
də ölkədən yayğınlaşdırmışdı. Bayəzid cəbhəsində isə kiçik çaplı qarşıdurmalar
olmuşdu.
Abbas Mirzə Gürcüstan və Osmanlı sınırı arasında yerləşən Ağoğlan
kəndində xəbərdar oldu ki, General Sisyanovun yerinə Marşal Qudeviç təyin
edilmişdir. Bu xəbərin anlamı o idi ki, Rusiya ilə savaş yeni bir mərhələyə girmək
üzrədir. Tehranda Rusiya ilə savaşdan yana mövqe yox idi. Ordunun ağır xərci
Fətəli Şahı rahatsız edirdi. Lakin Rusiya ilə savaşmaqda qərarlı olan Abbas Mirzə
öz hesabına ordunu ayaqda tutmaq
zorunda qalmışdı. Tam bu sırada Abbas
Mirzəyə və Tehrana xəbər gəldi ki, bir Rus hərbi birləşməsi Qacariyyəyə girmişdir.
Artıq mərkəz də məcburən Abbas Mirzəyə dəstək vermək zorunda qalmışdı. Abbas
Mirzə düşmənin təərrüzünü durdurmaq üçün Ağoğlandan hərəkətə başladı. İki ordu
Xankəndidə qarşı-qarşıya gəldi. İki gün ağır savaşdan sonra Abbas Mirzə
Xudafərin körpüsünə tərəf geri çəkilmək məcburiyyətində qaldı.
Durum bu şəkildə olduğunda Abbas Mirzə əski düşmənlərlə ittifaqa girmək
istədi. Xüsusən Şuşanın xanı İbrahim Xəlillə əski münasibətləri unudub dostluq
ilişkiləri qurmaq fikrinə düşdü. Bunun üçün də Tehranda atasının qadını olan
36
İbrahim Xəlil Cavanşirin qızı Ağabacı xanımı devrəyə soxmaq istədi. Abbas Mirzə
bu vəsilə ilə İbrahim Xəlillə yaxın münasibət qurmağı başardı. Hələ də bakirə
qaldığı söylənilən Fətəli Şahın eşi Ağabacı xanım atası ilə Abbas Mirzənin
aralarındakı düşmənçilik hisslərinin yatışdırılması üçün çox böyük rol üstlənmişdi.
Digər tərəfdən, ruslar bu xanlıqlara müttəfiq kimi deyil, öz vassalları kimi
baxırdılar. Bu da xanlıqların ruslardan uzaqlaşıb Abbas Mirzəyə yaxınlaşmalarına
səbəb olurdu. Rusların bu şəkildə davranmalarına özəlliklə də Sisyanovun Bakı
xanlığı tərəfindən öldürülməsi səbəb olmaqda idi. İbrahim Xəlil gizlincə Abbas
Mirzəyə xəbər göndərdi ki, “Şuşaya hücum etsəniz şəhərin darvazalarını üzünüzə
açacağıq.” Lakin ruslar tərəfindən dəstəklənən Xanın yaxınlarından birisi bu xəbəri
duydu və rusların yardımı ilə İbrahim Xəlili Şuşadan qaçmağa məcbur etdi. Bu
hadisədən xəbərdar olan Abbas Mirzə, İbrahim Xəlil Xanın yardımına getdi. Ancaq
Xudafərin körpüsündən çox uzaqlaşmamışdı ki, gözlənilməz bir hadisə ilə
qarşılaşdı. Təqribən yüz kişilik süvari yas içində İbrahim Xəlilin cənazəsini
Xudafərinə doğru daşıyırdı. Yaşlanmış Xan bütün ailə üzvləri ilə bir yerdə
öldürülmüşdü. Rusların xanlarla bu şəkildə davranmaları digər xanlıqları qorxuya
salmışdı. Artıq onlar açıq şəkildə Abbas Mirzənin o yurdlara hücum etməsini
istəyirdilər. Ləzgi xanlığı kimi bəzi xanlıqlar isə təhlükəni yaxın hiss etdikləri
üçün, həmən başdan Abbas Mirzəyə sığınmış və Təbrizə yerləşmişdilər.
Şahzadə, demək olar ki, bütün vaxtını Ağoğlan, Dədəbəyli və digər bu kimi
hərbi düşərgələrdə keçirirdi. Təbrizdə olduğu zaman isə islahatlarına davam edirdi.
Onun bu reform əməlini heç bir hadisə əngəlləyə bilmirdi. Həftədə bir dəfə
Azərbaycan əhalisinin şikayətlərini qəbul edirdi. Hər bir Azərbaycanlının onunla
rahatca əlaqəyə girə bilməsi üçün fərman imzalamışdı. Fəlakətli yaşayış haqqında
eşitdiyi bütün xəbərlər Azərbaycanın çox ağır vəziyyətdə olduğunu göstərirdi.
Abbas Mirzə Azərbaycanı bu fəlakətdən necə qurtara biləcəyi haqda düşünür və
ətrafındakılardan Azərbaycan haqqında daha dərin bilgi vermələrini istəyirdi.
Abbas Mirzə ilk dəfə olaraq bütün Azərbaycan Bəylərbəyi haqqında fərman
imzaladı. Bu fərmana görə heç bir Bəylərbəyi rəiyyətini incitməməli və onunla
insan kimi davranmalı, onun haqlarına hörmət etməlidir. Bu əmrin Bəylərbəylərinə
yazılı olaraq çatdırılmasından başqa, Abbas Mirzə əmr etdi ki, bu fərmanı carçılar
bütün bölgələrdə insanlara duyursunlar və söyləsinlər ki, hər bir rəiyyətin gəlib
Şahzadənin yardımçılarına və ya hətta dirək özünə şikayət etmə haqqı var.
20
Bu
üzdən də bəzi bəylərbəyləri için-için Abbas Mirzəyə nifrət edirdilər. Ancaq bu
nifrətlərini içlərində boğurdular, çünkü bilirdilər ki, Şahzadə, Fətəli Şah tərəfindən
sevilməkdədir və Şah onun sözləri ilə hesablaşmaqdadır. Xüsusən də rusların yeni
taktikaları Abbas Mirzənin önəmini Şahın yanında daha da yüksəltmişdi. Bir çox
Bəylərbəyi Abbas Mirzənin qardaşları ilə gizlin təmasa keçərək, onu ortadan
qaldırmağı planlayırdılar. Ancaq geniş xalq kütləsi Abbas Mirzədən yana idi. Ən
20
Tarix-e Əzodi.
37
önəmlisi də bu idi ki, Azərbaycan xalqı Şahla bərabər onun da başına and içirdilər
və “Şahın, Şahzadənin başına and olsun”
21
, - deyərək Şahzadəyə olan sonsuz
hörmətlərini dilə gətirirdilər.
Abbas Mirzənin bir davranışı haqda bir neçə yabançı müəllif bu şəkildə
yazmışlar: Abbas Mirzə hərbi düşərgələrinin birindən Təbrizə dönərkən buradakı
sarayında insanların yas içində olduqlarını gördü. Nədən belə olduqlarını
sorduğunda cavab verdilər ki, iki kiçik oğlunuz xəstələnib ölmüşdür. Abbas Mirzə
aldırış etmədən onlara qızaraq dedi ki, ağlayacağımımı sanırsınız? Tanrıya and
olsun ki, əgər mənə xəbər versəydiniz ki, iki əsgərin ölmüşdür, ağlardım. Ancaq bu
kiçik çocuqların böyüdüklərində əsgər ola biləcəkləri bəllimi idi? Tanrının
iradəsinə təslim olmaq zorundayıq.
Abbas Mirzənin bu tür davranışı hadisəyə tanıq olan yabançıları şaşırtmışdı.
Digər bir hadisəni də Jauber öz xatirələrində bu şəkildə yazmaqdadır:
“Abbas Mirzə Azərbaycanın ünlü ailələrindən birinin oğlu ilə çox yaxın dostluq
edirdi. Nəzərəli bəy olaraq bilinən bu şəxs Şahzadənin sarayında ən önəmli və
sözükeçən şəxsiyyətlərdən biri idi. Nəzərəli bəy çox yaraşıqlı və cəsur birisi idi.
Özəlliklə onun cəsarəti Abbas Mirzə üçün çox əhəmiyyət daşımaqda idi. Şahzadə
ən yorğun çağlarında ürəyini ona açar və kimsəyə danışmadığı, danışmaq
istəmədiyi gizlin planlarını ona söyləyərdi. Cəsur Nəzərəli bəy də yaxşı bir
dinləyici olduğu üçün Abbas Mirzənin hörmətini qazanmışdı. Bəlkə də elə buna
görə Nəzərəli bəy Şahzadənin onun bəzi kötü davranışlarına göz yumacağını
sanmışdı. Bu üzdən, bəzən gizlin əyyaşlığından da qalmırdı. Bir gün Nəzərəli bəy
yarısından çoxu erməni olan bir kənddən keçərkən hamamdan çıxan bir erməni
gözəlinə gözləri sataşdı. Erməni qızları müsəlman qadınları kimi özlərini qara və
qaranlıq çadranın altında gizlətmirdilər. Bu səbəbdən də onların gözəlliklərini
görmək və vurulmaq Azərbaycan gəncləri üçün rahat bir iş idi. Nəzərəli bəy qız
haqqında araşdırma yapdırdı və öyrəndi ki, hələ ərə getməyibdir. Bu da onun qızla
ilgili sərbəst davranmasına imkan verirdi. Qızın evini öyrənib onu öz çadırına
qaçırmağı planladı. Qızı zorla çadırına gətirdi. Qızın fikri, istəyi ilə hesablaşmadan
onunla bərabər oldu. Nəzərəli bəy sərxoş vəziyyətdə erməni qızı ilə bərabər
olduqdan sonra yuxuya dalar. Erməni qızı bu fürsətdən istifadə edərək çadırdan
qaçar. Qızın atası Abbas Mirzəyə şikayət edər. Abbas Mirzə arkadaşının bu
əməlindən çox rahatsız olar. Digər tərəfdən, Şahzadə xristian azınlığa çox sayqı
göstərməkdə idi. Nəzərəli bəyin öldürülməsi haqda fərman verər. Nəzərəli bəyin
yaxınları nə qədər yalvarsalar da Abbas Mirzəni qərarından vaz keçirə bilməzlər.
Nəzərəli bu davranışının hesabını həyatı bahasına ödəmiş olar.
22
***
21
Eyni qaynaq.
22
Amedee Jauber, “Persiya səfəri”.
38
1807-ci il baharının başlanğıcında Gardane heyətinin gəlməsindən bir az
əvvəl, Qafqaz rus ordusunun komandanı və Gürcüstanın hakimi Marşal Qudeviç,
Stipanov adında bir nümayəndəsini Qacariyyəyə göndərdi. Stipanov Qudeviçin
barış mesajını Tehrana ilətməklə mükəlləf idi. Bu elçi Təbriz yolu ilə Tehrana
gedəcəkdi. Bu üzdən də rusların yeni siyasəti ilə tanış olmaq üçün Abbas Mirzə
səbirsizliklə onun yolunu gözləyirdi. Stipanov həm Şahzadə həm Şah üçün böyük
hədiyyələr gətirmişdi. Lakin Abbas Mirzə, Qudeviçin təklifləri ilə tanış olduqdan
sonra çox narahat oldu. Çox sayqı və hörmətlə yazılan məktub içəriyindən dolayı
Abbas Mirzəni çox qızdırmışdı. Məktubun mətni çox ədəblə Marşal Qudeviçin
üstünlüyündən danışırdı. Çox qapalı şəkildə Fətəli Şaha duyurulurdu ki, onun üçün
heç bir qələbə yolu yoxdur. Ən yaxşısı budur ki, Şah barış anlaşmasına imza atsın.
Məktubda bəzi ərazilər də tələb olunurdu. Lakin Qacar dövlətinin on il sonra
məcburən qəbul edəcəyi müqavilələrlə müqayisədə çox olumlu və yumşaq idi.
Xarici ölkələrin elçiləri ilə çox hörmətlə rəftar edən Abbas Mirzə qəzəbini gizlədə
bilməyib və bu məktubda qeyd olunanların bizim tərəfimizdən qəbul edilməsi
mümkün deyildir, dedi. Stipanov Tehrana yollanarkən, Abbas Mirzə atasına özəl
bir çapar göndərdi. Çapar, Stipanovdan daha əvvəl Tehrana çatıb və Şahzadənin
mesajını Şaha çatdırdı. Abbas Mirzə atasından xahiş etmişdi ki, məktubda qeyd
olunanlarla razılaşmasın. Ya da anlaşmalara Qacar dövlətinin də tələbləri
yerləşdirilsin. Tehranda Stipanovu çox yaxşı qarşıladılar. Lakin Şah anlaşmaya
soyuq yanaşdı. Stipanov anladı ki, Qacar dövlətinin istəkləri haqda danışmaq onun
yetkisi dışındadır. Bu üzdən də geriyə dönüş üçün izn istədi. Şah Stipanovun
gətirdiyi təkliflər qarşısında tərəddüd içində idi. Lakin Abbas Mirzə açıq şəkildə
savaşdan yana idi.
O baharda savaş olmadı. Stipanovun görüşündən sonra sadəcə, gizlin bir
düşmənçilik var idi. Qacar dərbarında həm savaşdan, həm də barışdan yana olanlar
umutlarını Fransa ilə olan ittifaqa bağlamışdılar.
***
Gardane heyəti gəlmədən öncə Fransa ordusunda yarbay mühəndis olan
Buntan, Doğu dilləri uzmanı olan tərcüməçisi ilə bir yerdə Abbas Mirzə ilə
görüşmək üçün Fransa dövləti tərəfindən görəvlənmişdi. General Gardan isə öz
heyəti ilə gəldikdən sonra mühəndis yarbay Lami və piyadə mütəxəssisi yarbay
Verdiye, Şahzadənin xidmətində olmaqla görəvləndirildilər. Bunlar Abbas
Mirzənin ordusunu Qərb üsuluna görə eyitməli idilər. Fransa hərbçilərinin
texnikaları ilə tanış olan Abbas Mirzə anladı ki, özü də modern savaş haqqında heç
bir şey bilməməkdədir və hər şeyi yenidən öyrənməlidir. Fransız zabitlər daima
sayqı ilə Şahzadəni öz xatirələrində xatırlamışlar. Onlar səltənət nəslindən olan bu
şagirdlərinin səmimiyyətini israrla söyləmiş və Batı savaş texnikası öyrənmək üçün
nə qədər sadə bir əsgər kimi özən göstərdiyini yazmışlar. Abbas Mirzə sadə
əsgərləri ilə bərabər və bir yerdə fransız zabitlərinin təlimlərinə və hərbi dərslərinə
qatılırmış. Abbas Mirzə bu təlimlər müddətincə Qacar ordusunun nə qədər geridə
39
qaldığını duyur və ordusunun modernləşməsi üçün hər bir fədakarlığa hazır
olduğunu göstərirdi. Çünkü Abbas Mirzə hiss edirdi ki, ordusunun mövcud
səviyyəsi ilə Azərbaycanı rus ordusuna qarşı qoruya bilməyəcək.
Şübhəsiz ki, Gardanenin (Qardan) məmuriyyətinin ilk illəri Abbas Mirzənin
ən mutlu illərindən sayılırdı. Savaş texnikası və texnolojisi ilə bağlı öyrəndiyi
yeniliklər onu çox mutlu edirdi. Abbas Mirzə ən istedadlı savaşçılarını xəritə
elmini öyrənməklə görəvləndirdi. Özü də bu xəritə ilə ilgili dərslərə qatılır və
böyük bir zövq və gələcəyə olan inancı ilə ordu ınənsublarını öyrənməyə təşviq
edirdi. Ən yaxşı öyrənən və gələcəyin hərbçi öyrətmənləri olacaq olan zabitlərini
ödülləndirirdi. Saatlarca yarbay Lamidən riyaziyyat öyrənirdi.
Atəşkəsə rəğmən savaş durumu davam etməkdə idi. Abbas Mirzə fransız
dostları ilə Qarabağı, Ərdəbili və Aranı dolaşırdı. Bəzən Araz boyunca at çapırdılar
və səhər erkəndən Ağrı dağının zirvəsini aydınladan günəşi seyr edirdilər. Bəzən
də Gölçə
*
(Göyçə) gölünün ətrafında istirahət edirdilər. Yalnız bu gəzintilər
əyləncə amacı ilə yapılmamaqda idi. Onlar savaşın savunma və hücum yerlərini
təsbit edir, topların haralarda yerləşəcəyini dəqiqləşdirirdilər. İrəvan qalasının
savunma sistemini gəlişdirirdilər. Bu arada Qacariyyəyə gələrkən yolda xəstələnib
ölən fransız yarbay Bernarın Abbas Mirzəni yaxından görmə istəyini də zabitlər
Şahzadəyə söyləyirdilər. Beləliklə Abbas Mirzə ilə fransız hərb uzmanları
arasındakı ilişkilər gerçək dostluq münasibətlərinə dönüşməkdə idi. Abbas Mirzə
Təbrizin dışında olan fransız uzmanlarla da ilgilənirdi. 1808-ci ilin yayının son
ayında General Gardane bütün heyəti ilə bərabər Şahın Sultaniyyədəki ordusuna
qatıldılar. Sultaniyyədə yapılacaq olan manevraya böyük bir ordu qatılmaqda idi.
Bütün saray adamları və dövlət yetkililəri bu manevranı seyr etmək üçün gəlmiş və
münasib yerlərdə çadır qurmuşdular, hər kəs öz yerini təsbit etmişdi. Qadınlar üçün
ayrıca bir köşk nəzərdə tutulmuşdu. Şahın böyük köşkü gənc və gözəl xanımların
rəsmləri ilə bərabər savaş səhnələri ilə də süslənmişdi. Ancaq Şahın sevdiyi
mənsəb sahibi olan oğullarının rəsmləri hər yerdə görünürdü.
23
Bu manevrada
İsmayıl bəy adlı bir süvarinin çox sürətlə hərəkət etməsi hər kəsi heyran
qoymuşdu. Abbas Mirzənin ordusunda görəvli olan İsmayıl bəy haqqında fransız
zabitlər Fransaya bilgi vermişdilər. Sultaniyyədəki bu göstəri Qacar ordusu
tarixində ilk möhtəşəm və Qərb üsuluna uyğun manevra idi.
O ilin baharında Baron Doverd adında yarırəsmi bir elçi gəlmişdi. Bu elçi
öncəki il Stipanovun gətirdiyi barış anlaşmasını təkrar gətirmişdi. General
Gardanın istəyi üzərinə onu hörmətlə qarşıladılar. Abbas Mirzənin sərt tutumu
üzərinə Gardan, Şaha təklif etdi ki, bu haqda danışıqlar Parisdəki rus elçisi Kont
*
Qacar dönəmi qaynaqlarda bu göl Gölçə olaraq yazılmaqdadır. Bu gün bu göl Azərbaycan
leksikonunda Göyçə olaraq tələffuz edilməkdədir. Anlaşılan odur ki, Gölçə səslətimi (tələffüzü) daha
doğrudur. “Gölçə”, yəni kiçik göl. Zamanla bu səslətim yerini Göyçə tələffüzünə buraxmışdır. (G.C).
23
Bu şərhlər James Morier və Ker Purtere aiddir.
40
Tolstoy ilə o zaman Parisdə bulunan və Qacar dövlətini təmsil edən Əsgərxan
arasında yürüsün. Gardan Şaha təlqin edirdi ki, Qacariyyənin müttəfiqi olan Fransa
imperatorluğunun nəzarətində yürüdülən müzakirələr pis nəticə verməz. Şah,
Gardanın bu təklifıni bütünü ilə qəbul etdi və qərara alındı ki, bu təklif General
Qudeviç vasitəsi ilə Sen-Petersburqa çatdırılsın. Petersburqdan cavab gələnə qədər
atəşkəs haqqında da anlaşma sağlandı.
Şahın Fransa imperatorluğuna bağladığı ümüdlərə rəğmən üfüq qaranlıq
görünməyə başlamışdı. Qacariyyə ilə ilgili Fransadan çox az xəbərlər gəlirdi.
Napoleon başqa savaşlara hazırlaşırdı və Qacariyyəyə ilgi azalmışdı. Digər
tərəfdən, Con Molkolm təkrar Şahla görüşmək istəmişdi. Lakin General Gardan
onun Tehrana gəlməsinə etiraz etmiş və Şah da Fransa ilə olan münasibətlər uzun
vədədə ölkənin yararınadır deyə onun etirazını qəbul etmişdi. Con Molkolm Şahın
bu davranışından dolayı Hindistanın hökmranı Lord Mintodan Bəsrə körfəzinə
hücum və Qəşəm adasını işğal etməsini istəmişdi. Bu xəbər Şahı çox rahatsız
etməyə başladı. Lakin Napoleon bu adalarla ilgili planlar hazırlamışdı. Fransa
imperatoru bu adaları Hindistana ordu yeritmək üçün üs kimi kullanmaq istəyirdi.
Qacariyyənin Parisdəki nümayəndəsi geri döndükdən bir neçə həftə sonra
gərgin durum yaranmışdı. Gardan heyəti vəzirlərlə olan münasibətləri vasitəsi ilə
Şahın onlara qarşı qızğın olduğunu sezmişdi. Başvəzir Mirzə Şəfi daima yumşaq
və dostca davranışlarını qoruyub saxlayır, Padşahın da sakin olması üçün əlindən
gələni edirdi. Bu vəzirin Fransa heyəti ilə çox xoş davranması üzündən Gardan
heyəti ona “Fransızların atası” ləqəbini vermişdi. Mirzə Şəfi əski düşməni Hacı
İbrahim Şirazinin məktəbində öyrənmişdi ki, daima Hind Kompaniyasından
qorxub, çəkinsin. Çünkü bütün Hindistanı və qismən də Çini ələ keçirən bu
kompaniyanin arxasında İngiltərə xarici siyasəti və ordusunun olduğunu bilməkdə
idi. Bu üzdən də necə olursa olsun sadəcə, ruslara qarşı deyil, həm də İngiltərəyə
qarşı Fransa ittifaqının ayaqda durmasından yana idi. Digər tərəfdən, Osmanlının
Fransa yetkililərinə öz torpaqlarından gəliş-gediş üçün izn verməməsi də Qacar
dövlətinin Fransa ilə irtibatını çətinləşdirmişdi. Çünkü kürd məsələsi üzündən
Bağdad paşası ilə aralarındakı anlaşmazlıq sürməkdə idi.
Bu ərəfədə 1808-ci ilin oktyabr ayında Rusiyadan bəklənən cavab gəldi.
General Qudeviçin elçisi Tehrana gəldi və Moskvanın cavabını Şaha çatdırdı.
Moskva, General Gardanın, danışıqlar elçilər vasitəsi ilə Parisdə yürüsün təklifini
rədd etmişdi. Elçi bu mesajın yanı sıra Abbas Mirzəyə də Qudeviçin özəl mesajını
gətirmiş və öncə Təbrizdən keçərkən bu mesajı Şahzadəyə vermişdi. Qudeviçin bu
məktubu bir az təhdidkar üslubla yazılmışdı. Bu da Abbas Mirzəni çox
əsəbiləşdirmişdi. Bəlkə də Qafqazın hökmdarı Qacariyədə olub-bitənlərdən
xəbərdar idi və bilirdi ki, Abbas Mirzənin iradəsinə rəğmən Şah savaşdan yana
deyildir. Şaha görə savaş başlanacağı təqdirdə onun büdcəsini təmin etmək çətin
olacaqdır.
41
Şahzadə hələ diplomasinin incəlikləri haqda bilgi sahibi deyildi. Harda öz
istəyini gizlin saxlayıb və harda açıq tərzdə deməsi haqda hələ təcrübə əldə
etməmişdi. Bu səbəbdən də Azərbaycanın bir bölümündən vaz keçməsini istəyən
Qudeviçin məktubunu cırıb, o şəkildə də atasına göndərdi. Lakin nə olursa olsun
barışın sağlanmasından yana olan General Gardan kağızın cırıqlarını bir-birinə
yapışdırıb, oxunar hala gətirib və Şaha çatmasını sağladı. General Gardan,
Qudeviçə çox nəzakətli biçimdə bir məktub yazaraq qeyd etdi ki, Fətəli Şahın
Fransanın müttəfiqi olması unudulmamalıdır. Bu səbəbdən də Qacar dövlətinə
qarşı Rusiyanın genış çaplı hərbi əməliyyatı Napoleon tərəfindən xoşgörü ilə
qarşılanmayacaqdır. Gardan məktubunu Qudeviçə göndərmədən əvvəl Abbas
Mirzəyə bir çapar göndərdi və onun barışa qarşı heç bir davranışda bulunmamasını
rica etdi. Bu arada Şahzadə əsas hərbi üssü olan Xoya çəkilmişdi. Abbas Mirzə
burada savaş üçün hazırlıq işləri görürdü. Ancaq atası ona bir məktub yazaraq
Xoydan kənara çıxmaması konusunda onu uyardı. Gardan, Şahın barışdan yana
olmasını dəstəkləyirdi. Çünkü ona görə Qacar ordusu hələ gərəkən səviyyədə
eyitilməmiş və savaş çıxacağı təqdirdə ruslara qarşı başarılı ola bilməyəcəyi
qənaətində idi. Abbas Mirzə bütün hallarda atasının əmrini yerinə gətirirdi. Bu, öz
iradəsinə və istəyinə qarşı olsa belə yenə də atasından gələn əmri tətbiq edirdi.
Şahzadənin müdaxiləsi olmadan savaş başladı. Bir il öncədən İrəvana hakim
təyin edilən Hüseyn Xanın ordusu ruslar tərəfindən saldırıya uğradı. Sonra da
ruslar İrəvanın yaxınlığında bir kəndi işğal etdilər. Savaş yanlısı olan Abbas Mirzə
üçün artıq savaşa başlama bəhanəsi yaranmışdı. Atasına xəbər göndərdi ki, Xoydan
Araza doğru hərəkətə başlamış və Naxçıvanda yerləşməyi planlamışdır.
Eyni zamanda Tehrana xəbər gəldi ki, Sent James sarayının fövqəladə
nümayəndəsi Ser Ford Conzlərigz Buşəhrə gəlmişdir. Bu adam 20 il öncə bütün öz
şərqşünaslıq bilgilərini və var-dövlətini ölkəsinin ixtiyarına buraxmışdı. 20 il əvvəl
Zəndiyyə əmirləri tərəfindən səmimiyyətlə qəbul edilmiş və İngiltərənin Bəsrə
körfəzində ticarət mərkəzləri açma istəyi yönündə başarılı işlər
görmüşdü. O, sakit
və səbirli xasiyyəti dolayısıyla Con Molkolmdan çox fərqlənirdi.
Bir çox əyalət xanları Şahın İngiltərə ilə isti münasibət qurmasından
yanaydılar. Hərbi savunma işlərindən məsul olan İsmayıl bəy bu konuda ən önəmli
şəxsiyyətlərdən idi. İnsanı şaşırdan hadisələrdən birisi də budur ki, Fransaya qarşı
müxalifət edənlərin içində Rzaquluxan da görünməkdədir. Bu şəxs Finknayştaynda
Qacar dövlətini təmsil etməkdə idi. Orada buna ən yüksək düzeydə hörmət
göstərilmiş, Napoleon tərəfindən qəbul edilmişdi. Şah qəti qərarını vermiş və
İngiltərə elçisinin Tehrana gəlişini qəbul etmişdi.
***
Talehin axarı Birincı Napoleonu öz arxasınca sürükləməkdə idi. Fransanın
siyasi həyatında böyük çalxantılar meydana çıxmaqda idi. Bu üzdən də Napoleon
sadəcə, müttəfiqliklə ilgili məsuliyyətini deyil, həm də çox uzaqlarda xidmət edən
fransız yetkililərini, elçiləri də düşünəməz duruma gətirmişdi. Gardan heyətinin
42
son həftələri çox kədərli oldu. Baxmayaraq ki, General özünü Fətəli Şah qarşısında
suçlu kimi hiss edirdi, lakin öz imperatorunu savunmaqdan da geri qalmırdı. Bütün
gücünü ittifaqın dağılmaması üçün səfərbər etmişdi. Noyabrın sonlarında Gardanın
istəyi üzərinə İsfahanda yapılmış 30 top arabasını Tehrana gətirdilər. Gardan hər
olasılığa görə bu top arabaların Şahın rəqiblərinin əlində qalmamasını istəyirdi.
Tehranın darvazlarına yaxınlaşanda topların mühəndisi yarbay Faviye toplara atəş
əmri verdi. Gardan heyəti, saraydakıların Qacariyyənin məhsulu olan top
atəşlərinin səsini duyduqlarında sevinəcəklərini sanmışdı. Lakin heç bir təqdirlə
qarşılaşmadan böyük bir etinasızlıq içində şəhərə daxil oldular.
Azərbaycandan çox ümüdsüz xəbərlər gəlməkdə idi. Bir neçə kəndi işğal
edən Qudeviç İrəvanı mühasirə etməyə hazırlaşırdı. Lakin İrəvanın fransızlar
tərəfindən ciddi savunma sistemi ilə donatıldığını duyub, bu işdən vaz keçmişdi.
Bir neçə kiçik savaşlar Qacarların xeyrinə başa çatmış, bir neçə kəsik Rus başı
Şaha hədiyyə olaraq göndərilmişdi. Şah da bundan çox sevinmişdi. Fransızların
hərbi bəsirətləri üzündən rusların İrəvana girə bilməmələri bir daha Tehranda
Gardan heyətinə sempati yaratmağa başlamışdı. Noyabrın sonlarında xəbər gəldi
ki, Naxçıvan civarında böyük bir savaş başlamış və burada Şahzadə özü
komandanlığı yürütmüşdür. Abbas Mirzə ilə bağlı savaş xəttindən gələn bir xəbər
Şahı çox narahat etmişdi. Gələn xəbərlərə görə Şahzadə öz canını qorumamaqda
imiş. Şahzadənin atına güllə isabət edir, at ölür və Şahzadə piyadələrlə bərabər
hücuma başlayır. Bu anda Şahzadəyə xəbər gəlir ki, topxananın komutanı
öldürülmüşdür. Ordunun toplarının susması düşmənin üstünlüyünə səbəb
olmuşdur. Bu vəziyyəti görən Şahzadə özünü topxanaya çatdırmağı başarmış və
topların komutanlığını öz üzərinə götürmüş, düşmən səngərlərini atəşə tutmuşdur.
Sir Harford Conz Şirazdan Tehrana doğru gəlməkdə idi. Gardan, heyəti ilə
bərabər ölkəni tərk etmək üçün Şahdan izn istədi. Şah onlara etdikləri işlərindən
dolayı təşəkkür edib və getmələri üçün izn verdi. Heyət 1809-cu il fevral ayının 17-
də Tehranı tərk edib, mart ayının 9-da Təbrizə çatdı. Fransa heyətinin ölkədən
ayrılışı Abbas Mirzəni çox narahat etmişdi. Digər tərəfdən, İngiltərə ilə başlanan
müzakirələrin gedişini diqqətlə izləməkdə idi. Onların nə kimi təkliflərlə
gəldiklərini, nələr gətirdiklərini maraq edirdi. Abbas Mirzə Təbrizdə dost olduqları
Fransa heyətini çox böyük hörmətlə qarşıladı. Onlar Abbas Mirzənin surətindəki
üzgünlüyü açıqca sezməkdəydilər. Şahzadə ordusunu toplarla donatmış fransız
heyətinin ölkədən ayrılışına çox üzülürdü. Qısa bir sürə Təbrizdə qalan Gardan
heyəti Xoya doğru hərəkət etdi.
Gardan heyətinin ayrılışı ilə Fransa və Qacariyyə dostluğu sarsılsa da
sonradan təkrar güclənəcəkdi. Bir sürə sonra daha mücəhhəz bir heyət Qacariyyəni
ziyarət edəcək və Qacariyyədə savaş və hərbi disiplinin gəlişməsinə yardımçı
olacaqdılar.
Dostları ilə paylaş: |