Əli bəy Hüseynzadə Yunanıstan — Türkiyə müharibəsində
1897-1900-cü illər arası Əli bəy Qızılayın - Hilali Əhmərin xətti ilə Türkiyə
- Yunanıstan müharibəsində iştirak edir. İtaliyada (Tesaliyada) hərbi həkim
vəzifəsində çalışır. Təəssüf ki, Əli bəyin bu müharibədə iştirakı ilə bağlı əldə
kifayət qədər sənəd yoxdur. Yazılmış bir-iki cümləlik qısa məlumatlarda da
müəlliflər, hansı mənbəyə istinad etdiklərini bildirməyiblər. Əslində tədqiqatçıların
verdiyi məlumat yenə də Əli bəyin özünə aiddir. "Bioqrafik müxtəsər məlumat"da
Əli bəy Hüseynzadə bu müharibədəki fəaliyyətini belə şərh edir: "Tesaliya
savaşında Çatallka (Farsala) və Dümekedə operator müavini - bəhriyə
təbiblərindən operator Şükrü bəyin (Paşa) məiyyətində - və sonra da əsgər həkimi
(1897); Tesaliyayı təhliyə sıralarında, əsgərə rəfaqətlə müxtəlif Anadolu
limanlarına səfər".
59
Bu, Əli bəyin həyatının yeganə hərb səhifəsidir.
Türkiyə-Yunanıstan arasında baş vermiş bu müharibədə türk əsgəri
səngərdə qalib, türk diplomatı isə danışıqlar masası arxasında məğlub oldu.
"Türk düşmənliyini və fanatik millətçiliyi siyasətlərində əsas tutan yunan
hökumətlərinin genişləmə əməlləri, 1897-ci ildə bir Osmanlı-Yunan hərbinə yol
açmışdır. Çox qısa sürən bu savaşda yunan ordusu ağır məğlubiyyətə uğramaqla
bərabər, Osmanlı dövləti hərbdə qazandığını barış masasında qeyb etmiş, Rusiya
və İngiltərənin basqısı ilə Yunanıstanın Krit üzərindəki iddialarının böyük bir
28
qismini də qəbul etmək zorunda qalmışdır. Ancaq Yunanıstan qarşısında qazanılan
bu zəfər, osmanlıların əhval-ruhiyyəsini yüksəltdiyi kimi, padşahın da digər islam
ölkələri xalqı arasındakı etibarını çox artırmışdır. 1897-ci il yunan savaşı kəsin bir
məğlubiyyətə uğradıqdan sonra belə, masa başında qalib gətirildiyinin ibrət verici
bir örnəyini təşkil edər".
60
Osmanlı—Yunan müharibəsi müasir türk şerinin milliləşməsinə müstəsna
bir təkan verdi. Milli şair Məhməd Əmin Yurdaqulun "Mən bir türkəm, dinim,
cinsim uludur" şeri məhz bu mərhələnin əsəridir. Sonralar — 1916-cı ilin martında
yazdığı "Peterburqa"
61
şerini Hüseynzadə Əli bəyə ithaf edən Məhməd Əmin
Yurdaqulun məşhur milli şeirləri ilk dəfə bu illərdə — 1898-ci ildə kitab şəklində
nəşr olundu. Türk ədəbi dilinin daha çox türkcələşməsi — şeirdə Məhməd Əmin
Yurdaqul, nəsrdə isə Əhməd Hikmət tərəfindən Dömeke müharibəsi zamanı
gerçəkləşdi.
Əli bəyin bu illərdə nə yazdığı məlum deyil. Amma o, dünya rəngkarlığının
böyük mərkəzlərindən biri olan İtaliyada alman rəssamı Roçillə tanış olmuşdu.
O.Bayramlı
*
yazırdı: "Ədib burada Almaniya imperatoru Vilhelm
tərəfindən Dumekeyə göndərilən məşhur rəssam Roçol ilə görüşmüş və hətta, onun
yağlı boya ilə rəsmini çəkmişdir, həmin rəsmin altında "Əsgər təbib Əli bəyin
rəsmi" — sözləri yazılmışdır".
62
Əli bəy Hüseynzadə isə özü hadisənin təfsilatını belə qələmə alıb:
"Almaniya imperatoru (şimdi ek-empreur Vilhelm tərəfindən, Tesaliya hərbi
əsnasında Dümekeyə göndərilən mutəvəffa məşhur rəssam Roçhol bənim yağlı
boya ilə böyük bir rəsmimi yapmışdı — muharibədə bulunduğum üçünmü,
kəndisini tədavi edərək sıtmadan qurtardığım üçünmü, albomuna xatirə olaraq bir
rəsm yapdığım üçünmü, yoxsa bəzən ufaq-təfək xətalarını görüb söyləməkdən
çəkinmədiyim üçünmü?.. orasını bir Roçhol bilir, bir də Allah!.. məzkur rəsm
"Əsgər təbibi Əli bəy"in rəsmi - Almaniyadadır.)"
63
(Göründüyü kimi, Əli bəy Roçholun deyil, Roçhol Əli bəyin portretini
çəkmişdir).
İştirak etdiyi həmin müharibə mövzusunda Əli bəy Hüseynzadənin çəkdiyi -
"Tesaliya hərbində türk əsgərləri" tablosu prof.dr. Aykut Kazancıgilin məlumatına
görə Berlin Hərb Tarixi Muzeyində saxlanılır. Bu barədə yazan
**
Əli Heydər Bayat
təəssüf ki, Hüseynzadənin "Bioqrafik müxtəsər məlumat" yazısına istinad etməyib.
Əslində istinad etmədiyini söyləmək də olmur. Həmin qeydlərində Əli bəy
Hüseynzadə bildirir ki, "Lamya sırtlarında (Tesaliyadadır) Türk əsgərləri"ni
*
Rəhmətlik Ofeliya Bayramlının Ə. Hüseynzadə uğrundakı böyük mücadiləsi Əli bəyin Azərbaycana
mənəvi qayıdışının ən mühüm mərhələsini təşkil edirdi - müəllif.
**
Bu barədə Əliheydər Bayata Berlin Hərb Tarixi Muzeyində qorunan əsərə tamaşa etmiş prof. dr.
Aykut Kazancıgil məlumat verib - müəllif.
29
göstərən və altında "Səlyani" imzası bulunan böyük bir akvarel vaxtilə Sultan
Hamidə verilmişdi (şimdi də Yıldızdamıdır, bilmiyorum)".
64
Haşiyə. Bayat deməsə də bilinir ki, o, dönə-dönə Əli bəyin öz yazdığına
istinad etməkdədir. Belə ki, Hüseynzadə bioqrafik qeydlərində çəkdiyi rəsmlərdən
biri barədə belə məlumat verirdi: "Plevnə qəhrəmanı Osman Paşanın partlamış bir
obüs üzərində yapdığım yağlı boya portresi Müzəffərəddin şaha verilmişdi (bu
rəsm Tehranda olsa gərək; bunun üçün mərhum şahdan "Şiri-Xurşid" nişanı
aldım)". Ə. Bayat isə yazır: "Plevne qəhrəmanı Qazi Osman Paşanın partlamış bir
öbüs üstündəki rəsmi (Şah Müzəfərrədinə hədiyyə edilən bu tabloya qarşılıq Şiri-
Xurşid nişanı ilə təltif edilmişdir)".
65
Aykut Kazançının Berlin Hərb Tarixi Muzeyində gördüyü əsər isə ehtimal
etmək olar ki, Roçhollun "Əsgər təbibi Əli bəy" rəsmi olub.
Qeyd etdik ki, Əli bəyin həmin müharibə illərində nə yazdığı məlum deyil.
Ancaq Tesaliya müharibəsi illərində həkim-yüzbaşı Hüseynzadənin duyğularının
hansı məqamlara kökləndiyini və gəzib-gördüklərini, müşahidə etdiklərini sonralar
yazdığı qeydlərdən öyrənmək olur:
"İsəviyyətin ilk intişar etdigi məmləkətlərin birində, yəni Yunanıstanda
gəzərkən kəndli, fəqir bir xristianın xanəsində rəsm yerinə müsəlman qaydasında
divara asılı bir lövhə gördüm. O lövhədə açıq mavi rəngli bir atlas üzərində zərrin
bir xətt ilə yunaniyülibarə olaraq bu sözlər yazılı idi: "iman", "ümmid",
"məhəbbət", iştə o üç qüvvət ki, İsa onunla naciyi-kainatdır".
66
Dümekedə Əli bəy cərrahlıq da etmişdi. Ayağı qanqrenli bir əsgərin qıçını
kəsmək lazım gəldiyində doktor Hüseynzadə ona bir şüşə ətir içirmişdi ki, əsgər
ağrını hiss etməsin.
Başqa bir yazısındakı xatırlatmasından bəlli olur ki, Əli bəy sözügedən
müharibədə Milona keçidində türk əsgərləri ilə bir yerdə olub: "Osmanlı-Yunan
müharibəsi əsnasında Milona keçidində Əbdüləzəl paşa mücahidlərinə xitabən dedi
ki, "Mən burada özümü cəhi-ədəmə atıram. Siz də öz ayaqlarınızla mənim üzərimə
basıb irəliyə keçməyə qeyrət ediniz".
67
1900-1903-cü illər. Bakıya qayıdış ərəfəsi
1900-cü ildə Əli bəy Hüseynzadə Tesaliyadan, Türkiyə Yunanıstan
müharibəsindən qayıdır. Elə həmin il "Əsgəri-Tibbiyyə"də açılan müsabiqə
imtahanını qazanmaqla bu məktəbdə il yarıma qədər "əmrazi cildiyyə və əfrənciyə
müəllim müavini (Cəlal Muxtar bəyin)" işləyir... Yenə də özünün yazdığına görə
"o sıralarda vəba xəstəliyini yerində tədqiq üçün Hindistana ezam olunmaq üzrə
Əsgəri-Tibbiyyə Məktəbi tərəfindən intihab olundumsa, Yıldızın haqqımdakı
vəhmi buna mane oldu... "Vəba" kitabını bu münasibətlə yazıb nəşr etdirmişdik".
68
1903-cü ildə Əli bəy Hüseynzadə İstanbulu tərk edib Bakıya gəlir. Onun
Bakıya gəlişini müxtəlif şəkillərdə izah ediblər:
30
1.
İttihadçıların tapşırığı ilə vətənə dönmüşdür. Bu, Əziz Mirəhmədovun
mülahizəsidir
69
və yanlışdır.
2.
İstanbula deyil, Taşraya, yəni işləmək üçün kənar bir məntəqəyə
təyinatına etiraz əlaməti olaraq Bakıya qayıtmışdır. Bu, Rza Təhsinin söylədiyidir
70
və səhvdir.
Ə.H.Bayat hər iki mülahizəni xatırlatmaqla kifayətlənir.
71
Ən dürüst məlumat almaq və mübahisəli fikirlərə son qoymaq üçün Əli
bəyin özü tərəfindən yazılanlara istinad etmək daha münasibdir: "1903-cü ildə
əvvəlcə bir müddət mərhum Əhməd Cəlaləddin paşanın Çamlıcadakı köşklərində
və nişantaşındakı sarayında müsafir qaldıqdan sonra Əbdülhamid və istibdad
rejiminin türlü bəhanələrlə təqibatı üzündən Qafqasiyaya firarə məcbur oldum".
72
Şəmsəddin Hüseynzadə əlibəyşünaslığa məlum olmayan başqa məlumatlar
verir. Şübhəsiz, Şəmsəddin bəyin danışdıqları onun Əli bəydən eşitdiklərinə istinad
etdiyi üçün maraqlıdır və həm də etibarlı hesab oluna bilər. Onun yazdığına görə,
Sultan Əbdülhəmid 12 nəfərin, o cümlədən Əli bəyin Bosfor boğazında həbsi ilə
əlaqədar gizli göstəriş verir. Şəkər ticarəti ilə məşğul olan tanış bir hindli öz
gəmisində Əli bəyi qənd çəlləyində gizlədir. Şəkər yüklü gəmi Hindistan səmtinə
üz tutur. Hüseynzadə liman şəhəri Bombeyə çatır, əvvəl Çinə gedir, sonra Bakıya
gəlir. Əli bəy Türkiyədən Bakıya yalnız üç yadigar gətirə bilib: Vaxtı ilə
Peterburqda təhsil alarkən yağlı boya ilə çəkdiyi "Şeyxülislamın portreti"ni,
nənəsinin ona bağışladığı baba yadigarı üzük
*
və nənəsinin yadigarı olan Hind
örtüyü. Şəmsəddin Hüseynzadənin verdiyi məlumata görə Əli bəy bu üç yadigarı
qardaşına, yəni Şəmsəddinin atasına — İsmayıl müəllimə bağışlayıb.
Əli bəy Hüseynzadə 1903-1910-cu illərdə Bakıda
1903-cü ildə Əli bəy Hüseynzadə artıq Bakıdadır. Tərcümeyi-halında yazır
ki, "o sıralarda "Aksayi-Şərq" politikası üzündən Rusiya ilə Yaponiyanın arası
açılmaqdaydı, çox keçmədən (1904) baş verən müharibə Rusiyanın məğlubiyyəti
ilə nəticələndi, bunun üzərinə, istibdaddan bizar olan xalq ayağa qalxıb məşrutiyyət
tələb edirdi, bu cərəyana tabe olaraq, məşrutiyyət tələbində bulunmaq üzrə,
Azərbaycan türkləri (və sair Qafqaz müsəlmanları) da Peterburqa bir heyət
göndərməyə qərar verdi. 11 nəfərdən... ibarət olan bu heyəti-mürahhasada Ağaoğlu
Əhməd, Adil X. Ziyadxan, mərhum Əli Mərdan bəy Topçubaşi, mərhum Fərrux
Vəzirov və sairə ilə birlikdə mən də vardım... General Trepovun
**
intriqalarına
*
Brilliant daşlarla süslənmiş bu üzüyü şeyxülislam axund Əhməd Səlyaniyə çar II Aleksandrın
bağışladığı bildirilir. Qafqaza səfər edən Rusiya çarı burada axund Əhmədlə görüşmüş və həmin üzüyü
öz barmağından çıxarıb Şeyxin barmağına taxmışdı — müəllif.
**
Əli bəyin xatırlatdığı intriqaçı general Trepov Peterburq şəhər rəisi general Fyodor Trepovun oğlu
general-mayor Dmitri Trepovdur. 1905-ci ildə Peterburqun general-qubernatoru, sonra Rusiya daxili
işlər nazirinin müavini və jandarm korpusunun komandanı olmuşdur - müəllif.
31
rəğmən, fikir və diləklərimizi, cüzi bir tədil ilə Başvəkil Vitteyə
*
qəbul etdirə bildik
(1905). Bir də o sıralarda bütün Rusiya islamlarının ilk yövmi qəzetəsi olmaq üzrə
"Həyat" namilə bir qəzetin imtiyazını əldə etdik..."
Hər halda, səbəbini bilmək olmur ki, bir çox tədqiqatçılar (özü də
yuxarıdakı mətni oxumuş tədqiqatçılar) nə üçün belə bir mülahizə irəli sürürlər ki,
guya "Həyat" qəzetinin nəşri ideyası Bakı milyonçusu H.Z. Tağıyevə məxsusdur.
Əslində Əli bəy Peterburqa hansı məqsədlə getdiklərini açıq yazmışdı və heç
şübhəsiz, inanmaq çətindir ki, möhtərəm Hacı rus imperatoruna Qafqaz türkləri
üçün məşrutiyyət tələbi ilə müraciət etmiş olaydı. Qalan məsələləri Əli bəy özü
aydın şəkildə yazıb.
Bakıda olduğu müddətdə Əli bəyin siyasi fəaliyyəti bununla
məhdudlaşmadı.
1905-ci ildə Əli bəy tez-tez Peterburqda, Nijni-Novqorodda keçirilən siyasi
tədbirlərdə görünür".
Musa Carulla Biqi 1915-ci ildə "İslahat əsasları" kitabında yazırdı: "1905-ci
il səkkiz aprel tarixində Peterburqda Rəşid əfəndinin evində Əlimərdan bəy
Topçubaşov, Əhməd Ağayev, Əli bəy Hüseynzadə, Alim əfəndi Məqsud və
Binyamin əfəndi Ədhəm toplandılar. Toplantının mövzusu bütün Rusiya
müsəlmanları üçün müştərək siyasi bir heyət qurmaq idi".
73
1905-ci il avqustun 15-də Yusuf Akçuranın dəvəti ilə Rusiyanın müxtəlif
guşələrindən — Kazan, Krım, Qazax, Türküstan müsəlmanlarının nümayəndələri
Peterburqa gəldilər. Nijni-Novqorodda keçirilən Rusiya müsəlmanlarının Birinci
qurultayında nümayəndə olan 120 nəfərdən biri də Əli bəy Hüseynzadəydi. Müfti
Məhəmmədyar Sultan, Abdulla Apanay, Yusuf Akçura, Əhmədcan Seydaş,
Binamin Əhtəm, Lütfullah İshaqi, Zahid Şamil (İmam Şamilin nəvəsi), Hüseyn
Hacı Baybek, Alim Məqsud, Hüseyn Şirinski, Bədrəddin Alim, Zahidullah Bay
Safiullah, general Ubeydullah Çingiz, İsmayıl Qaspıralı, Əli Mərdan Topçubaş,
Əhməd Ağaoğlu, Fatih Kərim, Abdürəşid İbrahimlə birgə gəmidə keçirilən
qurultay Rusiya türklərinin taleyi üçün ciddi əhəmiyyət kəsb edən qərarlar qəbul
etmişdi.
* * *
1905-ci ildə Nijni-Novqorodda keçirilən konfransda sünni-şiə ixtilaflarına
son qoymaq üçün ilk ümumilli cəhdlər göstərildi. Müfti və şeyxülislamın
qucaqlaşıb öpüşməsi ilə islam və türk birliyinin ən yaralı məqamına bir sağlamlıq
gətirilirdi. Ancaq onu da unutmayaq ki, bu ixtilafın da qarşısına ilk keçənlərdən
biri Əli bəy Hüseynzadə olmuşdu. Hələ 1904-cü ildə "Məktubi-məxsus"da:
*
Sergey Vitte həmin ildə Rusiya Nazirlər Sovetinin sədri vəzifəsindəydi. 17 oktyabr 1905-ci il
Manifestinin müəllifidir - müəllif.
32
"Müsəlmanlar və bilxassə türklər, hər nerədə olursa-olsun, istər Osmanlıda, istər
Türkistanda, istər Baykal gölünün ərtafında, ya Qaraqum civarında olsun, bir-birini
tanıyacaq, sevəcək, sünnilik, şiəlik və daha bilməm nəlik anlamlarıyla məzhəb
təəssübünü azaldıb "Qurani-Kərim"i anlatmağa qeyrət edəcək, dinin əsasının
"Quran" olduğunu biləcək olurlarsa əlverməzmi?" — yazan Əli bəy Hüseynzadə
1907-ci ildə "Füyuzat"ın son sayında bəyan etdiyi kimi, ümməti və milləti
parçalayıb zəif salan amillərin başında həm də sünni-şiə ayrılığının dayandığını
bəyan etməyi özünə borc bilirdi və deyirdi:
Can düşməni təhdid ediyorkən tərəfeyni
Ey hacə, nədir məsələyi şiə və sünni.
* * *
Əli bəy İstanbuldan qayıtdıqdan sonra, siyasi proseslərə qatılmazdan əvvəl,
bir müddət Bakıda həkim kimi fəaliyyət göstərib.
Sonrakı vəzifələrini isə özü belə anladır: "Bakıda intişara başlayan məzkur
qəzetədə əvvəla Ağaoğlu ilə birlikdə, sonra da təkbaşıma başmühərrirlik (1905-
1906), qapanan "Həyat"ın yerinə çıxan həftəlik "Füyuzat" məcmuəsində müdir və
başmühərrirlik (1906-1907), Birinci Dövlət Dumasının dağıdılmasına görə Ə.M.
Topçubaşinin, digər bir çox məbuslarla birlikdə (Finlandiyada) "Vıborq
bəyannaməsi"ni imza etmiş bulunmasından ötürü həbsə atılıb, qəzetçilik kimi
mədəni haqlardan məhrum edilməsi üzərinə, yerinə rusca yövmi "Kaspi" qəzetinin
başmühərrirliyini icra etdim (1907)".
"Həyat" və "Füyuzat"a baş redaktorluq etdiyi 1905-1907-ci illərdə "o
səmtdə çalışan bir dərzi qıza aşiq olan Stalin də tez-tez mətbəəyə gəlib onu (Ə.
Hüseynzadəni - A.T.) ziyarət edərmiş" (Səlim Turan).
* * *
1907-ci ilin 25 avqustunda Əli bəy Hüseynzadə müəllimlərin qurultayına
sədrlik etmişdi. "Məclis dəxi ittifaq ilə "Füyuzat" məcmuəsinin və "Kaspi"
qəzetinin müdiri Əli bəy Hüseynzadəni sədr... intixab etdilər".
74
Əli bəy
Hüseynzadənin sədr intixab edildiyi 2 sentyabr tarixli 9-cu iclasda qərara
alınmışdı:
"Tələbə Nəriman bəy Nərimanovun böyük bəradəri Salman Nərimanov
mərhum olduğuna görə ailəsi sahibsiz və güzəransız qaldığından, bu ailəyi idarə və
himayə etmək vəzifəsi tələbə Nəriman bəyin boynuna düşür; lakin Nərimanov
tələbə olduğu və bir sənədən sonra ikmali-təhsil edəcəyini nəzərə alıb məclis
əhlindən bəziləri təklif etdilər ki, Nərimanovun bacısı oğlunu şəhərdə müəllimliyə
təyin etməkdən ötəri məclis çalışsın ki, bu müəllim mərhum Salmanın ailəsinə
33
nəzarət edib Nəriman bəyin təhsilinin natamam qalmasına səbəb verilməsin. Buna
binaən qərar qoyuldu ki, məclis bu məsələyi nəzərdə tutsun".
75
"1908-ci ildə Bakıda bir neçə dost və arkadaş tərəfindən "Səadət" məktəbi
adı ilə təsis edilən orta proqramlı milli məktəbdə" 1908-10-cu illər arası "bir
müddət dərs naziri və türkcə müəllimi olaraq" çalışdığını yazan Əli bəy xatırladır
ki, həmin məktəbin müdiri "Mirzə Ələkbər Xan Bəhmən sonralar İranın Balkan və
Misir səfiri olmuşdu". Əli bəy Hüseynzadə Fransa Sarbon Universitetini bitirmiş
M. Ələkbər Xan Bəhməndən sonra həmin məktəbin müdiri işləmişdi. "Səadət"
məktəbində "Əli bəy Hüseynzadənin direktorluğu dövründə... müəllimlər müsabiqə
yolu ilə seçilib, qəbul edilirdi".
76
Üzeyir bəy Hacıbəyovun da müsabiqə yolu ilə
məktəbin rus dili və hesab müəllimi seçildiyini nəzərə alsaq, onda məktəb
direktoru Əli bəyin seçimi və meyarları barədə aydın təsəvvür yaranar.
1908-1910-cu illərdə ("Səadət" məktəbində dərs dediyi dönəmdə) Əli bəy
Hüseynzadə "Siyasəti-fürusət" əsərini qələmə alır. Əsər barədə ilk mətbu rəy və ilk
elmi qənaət H.Ziyaya məxsusdur. 1960-cı illərdə qələmə aldığı "Türkçülügün və
türk sosializminin babası Əli Turan" əsərində və 1966-cı ildə nəşr olunmuş
"Türkiyədə çağdaş düşüncə tarixi" kitabında Hilmi Ziya Ülken yazırdı:
"Hüseynzadənin diqqətə dəyər ...əsərlərindən biri "Siyasəti-fürusət" adlı
alaylı (humoristique) və hicvli əsəridir. Yazar yazı silsiləsinin əvvəlində bunu
Oliver Svift kimi atların toplumuna aid bir təsvir olduğunu və konunun rus
yazarlarından Doroşeviçin yenə kazak atlarına dair alayıcı əsərindən esinlənmiş
olaraq islam-türk dünyası üçün qələmə alındığını söyləyir. Daha başda "siyasət"
kəlməsinin cəza və edam anlamında kullandığını "Siyasəti-fürusət" ilə də atların
ölüncəyə qədər qırbaclandıqlarının qəsd edildiyini anladır. Bu mövzunun içinə
Hüseynzadə bütün Şərq (əski İran, türk, islam) tarixini, onun çözülməmiş
məsələlərini, sosial böhranlarını qoymaqdadır. Kitabda zəngin bir İran ədəbiyyatı,
türk tarixi bilgisi görünür. Yazar burada Erasmus, Anatol Frans kimi Qərb
humanistlərinin yunan-latın mifoloji və tarixlərinə dayanaraq yapdıqları hicv
tərzini tarix boyunca bağlı bulunduğumuz Şərq humanizmi içində yapmaqdadır.
Burada "Şahnamə"nin başlıca qəhrəmanlarının ağzından ən önəmli siyasi və sosial
məsələləri qonuşur. Bəzən Fəzlullah ilə Kəyumərs elə uzun qonuşmağa girişirlər
ki, orada insan bütün günün sorularını, istibdad, hürriyyət, sosializm, milliyyət
sorularının simgələr halında dilə gəldiyini görür. Renessans dövrünün
hümanistlərindən başlayaraq fransız və ingilis ədəbiyyatlarında sürüb gedən bu
tərzin türk fikir ədəbiyyatında ilk örnəyini Hüseynzadə bu əsərlə verməkdədir
(kursiv mənimdir - A.T.). Əski hicvimizin küfürlə qarışıq tərzi buraxıldığı, Baha
Tofiqlə Avropai polemik və tənqid yoluna girildiyi zamandan sonra da bu nöqtəli
incə tənqid tərzi tətbiq olunmuş deyildi. Halbuki, fikrin incəliklərinə girə bilmək
üçün Erasmusdan Anatol Fransa qədər gəlişən bu tərzin yerləşmiş olması gərəkirdi
ki, bu baxımdan Hüseynzadənin əsəri başarılı bir örnək olaraq durmaqdadır".
77
34
1908-1910-cu illərdə qələmə aldığı "Siyasəti-fürusət" əsərinin ayrıca kitab
şəklində nəşr olunmamasını Hüseynzadə müəyyən səbəblərlə əlaqələndirir və
təəssüf ki, həmin səbəblərin nədən ibarət olduğunu açıqlamır.
*
Ancaq "Siyasəti-
fürusət"in "İrşad", "Tərəqqi", "Həqiqət" qəzetlərində təfriqə halında dərc
olunduğunu söyləyən Yusif Vəzir Çəmənzəminli bu əsərin tamamlanmadığını
xatırladır.
78
Çəmənzəminlini bu barədə Əli bəyin özünün məlumatlandırması da
istisna olunmur. Çünki Çəmənzəminli iki il əvvəl İstanbulda Azərbaycanın
böyükelçisi idi və məhz Əli bəy Yusif Vəzirə tövsiyə etmişdi ki, o, Azərbaycan
türklərinin ədəbiyyat tarixini qələmə alsın.
* * *
1908-ci ildə salyanlılar Əli bəy Hüseynzadəni Dövlət Dumasına vəkil
seçmək təşəbbüsündə bulunmuşdular. Bunu İsmayıl Hüseynzadə Salyandan
qardaşına - Əli bəy Hüseynzadəyə yazdığı məktubda bildirmişdi: "Əzizim Əli...
Salyanlılar mənə belə bir xahişlə müraciət edib: onlar səni Dövlət Dumasına vəkil
seçmək niyyətindədirlər. Əgər istəsən, dərhal cavab yaz ki, biz də sənin adını seçici
siyahısına daxil edə bilək". Əli bəy salyanlıların bu təklifinə razı olubmu, ya yox,
məlum deyil. Hər halda, bu məktub salyanlıların öz böyük eloğlularına - Əli bəyə
münasibətinin tutarlı bir göstəricisidir.
Elə məhz 1908-ci ildə Hüseynzadənin Salyanda yerli ruhanilər, məmurlarla
birgə çəkilmiş bir fotosu var. Əli bəy Salyana nə üçün getmişdi? Ətrafındakı
ruhanilər kimdir? Bunu dəqiqləşdirə bilmədik. Hər halda, köhnəlməsi səbəbilə çox
çətin baxılan bu fototəsvir Əli bəyin həmin illərdə siyasi səbəblərlə, böyük bir
ehtimalla isə Dövlət Dumasına seçkilərlə əlaqədar getdiyi Salyandan yadigar
qalmış son və həm də deyəsən, yeganə sənəddir.
1906-cı ildə "Bakı vilayəti məbusları" adlı bir yazısında Hüseynzadə Dövlət
Dumasına seçilmiş azərbaycanlı vəkillər haqqında mülahizələrini və onlara
tövsiyələrini dərc edib: "Bu zəvatdan hər biri ayrı-ayrı ərbabi-elm və kamaldan
bulunmaqla bərabər, birlikdə də mükəmməl bir müsəlləs təşkil edərək,
yekdigərlərinin müini, mütəmmimi bulunurlar. Bunlardan biri rəfiqim və mühibbi-
əzizim
**
Əlimərdən bəydir ki, Peterburq darülfünununda ikmali-təhsil edən
hüquqşünas və qəvanin aşina kamil bir mühərrir olub illərdən bəri cəmaətimizin
mənafei yolunda mücahidliyi ilə kəsbi-şöhrət etmiş bir zati-aliqədrdir. Digəri Qori
məktəbindən yetişən əziz dostum və həmşəhərim Əsədulla bəy Muradxanov olub
ötədən bəri ömrünü övladi-vətənin tərbiyəsinə həsr edən və Səlyan və Cavad
cəmaətinin və ələlümum əkinçi cəmaətin əhval və ehtiyaclarına əz hər cəhət
*
1935-ci ildə qələmə aldığı "Müxtəsər bioqrafik məlumat"da Əli bəy əsərin adını "Siyasət və Fürusət"
şəklində yazmışdır - müəllif.
**
Əlimərdan bəylə Əli bəy gənclik illərindən ömürlərinin sonunacan bir-birlərinin mühibbi-əzizi —
əziz dostu, həm də ən əziz dostu olaraq qaldılar — müəllif.
35
mükəmmələn vaqif və agah bulunanların biridir... Üçüncüsü isə, əqrabamdan
Məhəmməd Tağı Əliyev olub, bu zat Moskva məkatibi-aliyyəsindən ülumi-
iqtisadiyyə və ziraiyyə akademiyasında ikmali-təhsil edib bədə axır zamana qədər
ömrünü ülumi-ictimaiyyə, maliyyə və tüccariyyəyə həsr etdiyi üçün ülumun bu
şüəbatında böyük bir mümarisə və ixtisas sahibidir..."
Əli bəy Əlimərdan bəy Topçubaşiyə, salyanlı həmşəhəri Əsədulla bəy
Muradxanova və qohumu Məhəmməd Təqi Əliyevə xitabən "Ey məbuslar!
Millətimiz bütün ümidlərini indi sizə bağlamışdır" - yazır və xatırladır ki, "Biz
insanız: Binaənəleyh hər şeydən əqdəm bütün Duma ilə bərabər bilafərq məzhəb
və qövmiyyət insanlığı, insanlıq hüququnu müdafiə ediniz. Məzlum olan sinifləri
zalım siniflərin təcavüzatından azad etməyə çalışınız, müsavati-tammə istəyiniz.
Yersiz-yurdsuz əkinçilərimizə, kəndlilərimizə yer, torpaq tələb edin, füqərayi-
kasibəmizin şəraiti-təəyyüşünü təshihə çalışınız. Biz qafqazlıyız: Qafqaz əhlinin öz
ümuri-idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediniz. Biz
müsəlmanız: Binaənəleyh öz əqayidi-diniyyəmizdə hürriyyəti-vicdanımıza hər nə
lazımsa onu istəyiniz, onu tələb ediniz. Biz türküz: Dilimizin, lisanımızın
tərəqqisinə mane olan hər növ sədlərin, divarların yıxılmasına, rəf olunmasına
qeyrət ediniz!.."
79
Milli müstəqillik ideyasının ilk rüşeymi kimi görünən muxtariyyət tələbi,
ərazi və torpaq istəyi, özünüidarə, azadlıq, milli dirçəliş və türk özünüdərki Əli bəy
Hüseynzadənin siyasi qayəsi və hürriyyət konsepsiyası şəklində belə səslənirdi.
Duma vəkillərindən bütün bunları tələb etməklə əslində Əli bəy Azərbaycanın
siyasi səsini gündəmə gətirirdi və məncə, ötən əsrin əvvəllərində Əli bəydən başqa
məsələni bu şəkildə qoyan ikinci bir ideoloqumuz olmamışdı. Əli bəy
Azərbaycanın müasir tariximizdə ilk ideoloquydu. Və bütün bunları Əli bəy 1903-
1910-cu illər arasında Bakıda olarkən gerçəkləşdirmişdi. Azərbaycanın məfkurəvi-
siyasi əxlaqının ideya və hərəkat şəklində təzahürü Əli bəy Hüseynzadənin
yuxarıdakı sözlərindən və tələblərindən sonra gerçəkləşirdi. Hüseynzadənin siyasi
və milli-ideoloji xəttini bütün çılpaqlığı ilə ifadə edən bu məşhur mülahizələri
sonrakı mərhələdə də milli özünütəsdiqin və Azərbaycan istiqlal savaşının ən işıqlı
yollarını nişan verməkdəydi.
Dostları ilə paylaş: |