Şəkil 1.2 Quyudibinə sərbəst qaz gələn zaman fontan quyusunun işlənməsi sxemi
Bu halda qazın boruarxası fəzaya keçməsi üçün şərait olmadığından, orada yalnız maye yığılacaqdır. Maye sütununun yüksəkliyi isə boruarxası fəzanın yuxarı hissəsindəki qazın təzyiqindən asılı olacaqdır.
Fontan quyusunu tənzim etmə üsullarını müqayisə edək.
Əvvəlcə quyu ağzında təzyiq və başmaqda müqavimət yaratmaq yolu ilə tənzimi araşdıraq. Bunların hər ikisi layın işini tənzim etməyə eyni dərəcədə imkan verir. Lakin quyunun işi dedikdə təkcə lay deyil, qaldırıcının da işini nəzərə almaq lazımdır. Fontanı quyudibi ştuserlə tənzim etdikdə lift daha səlis işləyir, döyüntülər çox az olur. Döyüntülər adətən boruarxası fəzada təzyiqin vaxtaşırı düşməsi nəticəsində baş verir; boruarxası fəzanın həcmi böyük olduqda, həmçinin quyu zəif fontan vurduqda boruarxası fəzada təzyiqi bərpa etmək üçün daha çox vaxt lazımdır və döyüntülər daha şiddətli olur.
Quyudibi ştuserin qoyulması qazın boruarxası fəzadan qaldırıcıda birdən-birə şiddətlə keçməsinə maneçilik törədir, elə buna görə döyüntülərin həm sayı, həm də şiddəti azalır. Quyudibi ştuserinin bundan başqa da üstünlükləri vardır: ştuser quyuağzında deyil, quyudibində qoyulduqda fontan armaturu nisbətən az təzyiq altında işləməli olur; qaz amili böyük və təzyiq yüksək olduqda quyuağzı ştuserində temperatur şiddətlə enir, bəzən sıfırdan da aşağı düşür və bunun nəticəsində fontan armaturu hissələri, siyirtmələr donur. Bu cür quyularda quyudibi ştuser qurarkən orada temperatur umumiyyətlə yüksək olduğundan ştuserdə temperaturun şiddətlə düşməsi donmaya səbəb olmur.
Quyuağzında, yaxud başmaqda təzyiq düşküsü atqı xəttində, yaxud başmaqda ştuser adlanan diafraqma qoymaqla əldə edilir. Diafraqmanın maye keçən kəsiyini dəyişməklə onun əmələ ğətirdiyi təzyiq düşküsü də dəyişir və bu da quyunun iş rejiminə təsir edir.
Şəkil 1.3
Fəsil II
Fontan quyusunun avadanlığı
Fontan armaturu
Fontan armaturu nasos-kompressor borularının (NKB) asılması, quyu məhsulunun yer səthinə yönəldilməsi, NKB və istismar kəməri arasındakı fəzanın hermetikləşdirilməsi, eləcə də quyunun iş rejiminə nəzarət edilməsi və tənzimlənməsi üçün nəzərdə tutulur.
Fontan armaturası aşağıdakı əməliyyatların aparılmasına imkan verir:
Fontan və kompressor quyularının mənimsənilməsi və istismara buraxılması üzrə işlərin aparılmasına;
Sıxılmış qaz (hava), maye və onların qarışığının quyuya vurulmasına;
Quyu məhsulunun kollektor, separator və neft yığım məntəqələrinə istiqamətləndirilməsinə;
Quyudan hasil edilən məhsulun tənzimlənməsinə;
Quyudibi, quyuağzı və halqavarı fəzadakı təzyiqin ölçülməsinə;
Müxtəlif tədqiqat və geoloji-texniki tədbirlərin (qaldırıcı borularda parafinin, duzun və s. təmizlənməsi) aparılmasına;
Su və ya gil məhlulu ilə quyunu boğmaq və ya müəyyən olunmuş vaxta qədər bağlanılmasına.
Dostları ilə paylaş: |