Yeraltı ştuser ortasında dəliyi, bayır tərəfdən çıxıntısı olan polad parçasından ibarətdir. Ştuserin çıxıntısı qaldırıcı kəmərin aşağı hissəsindəki iki boru arasında muftalar vasitəsilə sıxılır. Göründüyü kimi ştuseri dəyişdirmək üçün bütün kəməri yuxarıya, yer üstünə qaldırmaq lazımdır, fontan vuran zaman boruları qaldırmaq isə mürəkkəb və çox vaxt tələb edən işdir.
Yuxarıda dediyimiz kimi quyudibi ştuseri ilə quyunun işini tənzim etmirlər, o, döyüntünü bir qədər zəiflətmək məqsədi ilə bütün fontanvurma müddətində başmaqda saxlanılır.
Quyudan çıxan qazlı neft qarışığı fontan armaturundan və atqı xəttindən keçərək trapa axıdılır.
Trap
Trap maye ilə qazı bir-birindən ayıran rezervuardır. Trapın diametri atqı borusunun diametrindən bir neçə dəfə böyük olduğu üçün oraya daxil olan qazlı maye qarışığının sürətini azaldır, maye ağır olduğu üçün aşağı enir, qaz isə yuxarıya qalxır və beləliklə bir-birindən ayrılır. Qaz, təzyiq tənzimləyicisindən qaz kəmərinə, neft isə xüsusi klapan və ya ştuserdən ölçücü-çökdürücü qaba, ya da nisbətən alçaq təzyiqli trapa göndərilir və alçaq təzyiqli trapda qazın yenidən ayrılması davam edir.
Fontan armaturunun buferindəki təzyiqdən asılı olaraq müxtəlif təzyiqli trap işlədilir. Traplar aşağıdakı təzyiqlər üçün hazırlanır. Alçaq təzyiqli 0,7-dən 6 atm-dək, orta təzyiqli 6-dan 16 atm-dək və yüksək təzyiqli 16-dan 60 atm-dək. Bundan başqa 0,2-dən 0,7 atm-dək təzyiqə hesablanmış vakuum trap da işlədilir.
Trap elə qurulmalıdır ki, qazı neftdən tamam ayıra bilsin və qaz xəttinə nefti, neft xəttinə isə qazı buraxmasın. Bunun üçün trapın ölçüsü, başqa sözlə, orada qaz və neftin sürəti elə olmalıdır ki, nə qaz özü ilə nefti, nə də neft qaz qabarcıqlarını apara bilsin. Bundan başqa qazın neftdən yaxşı ayrılması üçün trapın içərisində müxtəlif vasitələr qurulur. Neft trapdan xüsusi üzgəc vasitəsilə buraxılır. Bunun nəticəsində trapa gələn hasilatın miqdarından asılı olmayaraq onun içərisində maye həmişə müəyyən səviyyədə olur.
Dostları ilə paylaş: |