Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şəhərlərin feodal senyorlarla mübarizəsi



Yüklə 3,06 Mb.
səhifə105/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   101   102   103   104   105   106   107   108   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhərlərin feodal senyorlarla mübarizəsi

XI əsrdə şəhərlər dəfələrlə öz müstəqilliklərini feodaldan satın almışdılar. Lakin senyorların həyasızcasına öz təəhhüdlərini pozmaları şəhərliləri üsyana təhrik etmişdi. Adətən şəhərlilər gizli qəsd ( communio) təşkil edir və əldə silahla senyora, onun cəngavərlərinə hücum edir, onları öldürür və ya şəhərlərdən qovurdular. Üsyan uğurlu olduqda feodallar şəhərlərə çox və ya az dərəcədə özünüidarə hüququ verməyə məcbur olurdular.Lakin qəti qələbə birdən-birə deyil, çox hallarda təkrar üsyanlar nəticəsində qazanılırdı.


Birinci “kommuna”, yəni azad surətdə özünü idarə edən şəhər, 1077-ci ildə ,kommuna fərmanı almış Kambre şəhəri oldu. Sonra, artıq XII əsrin birinci yarısında Sen-Kanten ,Bove, Nuayon, Lan, Amyen, Suasson, Sen-Rikye, Korbi, Reyms və b-da onun yolunu getdilər. Kommuna qurulduqdan sonra şəhər özünüidarə hüququ əldə edir ( başda mer olmaqla seçkili şəhər şurası) , onun öz məhkəməsi olur, şəhərlilərə vergi qoymaq hüququ şəhərin öz əlinə keçirdi. Şəhər öz senyoru ilə müqavilə münasibətləri yaradırdı ki, bu da şəhərin imtiyazları və müstəqillik dərəcəsini müəyyən edirdi.


Paris yaxınlığındakı Lan şəhərinin tarixi kommuna qurulması uğrunda aparılan mübarizənin səciyyəvi nümunəsidir. XI əsrin sonlarında bu şəhər Şimali Fransanın ən zəngin şəhərlərindən biri idi. XII əsr üçün şəhərin senyorları ilə - yepiskoplarla şəhərlilər arasında mübarizə şiddətləndi. Normandiyalı Qodri yepiskop olduqda (1106) zülm xüsusilə gücləndi. Şəhər senyora böyük məbləğdə pul verib öz azadlığını satın aldı və Landa kommuna yaradıldı. Şəhərlilərin xahişi ilə kommunanı kral IV Lüdoviq təsdiq etdi. Əvəzinə o, şəhərlilərdən bahalı hədiyyələr aldı. Lakin Qodri tezliklə aldığı pulları xərclədi. O, kralı Lana dəvət edib ondan kommunanı dəf etməsini xahiş etdi. Bunun müqabilində krala böyük məbləğdə pul vəd etdi. Şəhərlilər də, öz növbəsində krala pul təklif etdilər. Lakin Qodri daha çox pul verdiyi üçün fərmanı ləğv olundu. 1112-ci ildə üsyan qalxdı; yepiskopun cəngavərləri və vəzifəli adamlarının bir çoxu öldürüldü; yepiskop özü də həlak oldu. Kommunanın ləğv olunmasına icazə vermiş VI Lüdoviq və Şimali Fransa feodalları Lanı qəddarlıqla cəzalandırdılar. Şəhər ələ keçirildi və talan olundu; bir çox şəhərlilər öldürüldü, çoxlarına isə işgəncə verildi. Şəhərə yeni yepiskop gəldi. O, nisbətən ehtiyatlı şəkildə əski qaydaları bərpa etdi. Şəhərlilər, nəhayət, 1128-ci ildə yepiskop onlara kommuna hüququ verməyincə, kral isə bunu təsdiq etməyincə, daha bir neçə dəfə üsyana qalxdılar.


Krallar çox vaxt kommunaları senyorlara qarşı mübarizədə müdafiə edirdilər. Çünki şəhərlər senyorun hakimiyyətindən azad olub kral hakimiyyətini kral hakimiyyəti qəbul edirdilər. Lakin krallar öz mülklərinin ( domenlərinin ) ərazisində şəhərlərə kommuna hüququ verməkdən çəkinirdilər. Kral mülkündəki böyük şəhərlər, adətən, ancaq qismən özünüidarə hüququ alırdılar; belə şəhərlərdə kralın tə’yin etdiyi məmurun hakimiyyəti saxlanılırdı ( məsələn, Paris, Orlean, Burj və b.). Nisbətən xırda şəhərlər isə yalnız bəzi üstünlükləri əldə edirdilər. Siyasi müstəqillik əldə olunması şəhərlərin sürətli inkişafına şərait yaradırdı .Ustalar və tacirlər toplanması onların sərəncamında qalırdı; kifayət qədər geniş bazara xidmət edən sənət inkişaf edirdi; sexlər arasında əmək bölgüsü artırdı. XIII əsrin ortalarında Parisdə yüz sexin nizamnaməsi yazıldı ( Etjen Bualonun “Sənətlər ki-tabı” ). Lakin əslində bu zaman paytaxtda daha çox sənət mövcud idi . XIV əsrin əvvəlində onların sayı 350-yə çatdı. Sənəti bilən və az miqdarda qəbul haqqı verən hamı sexə qəbul ola bilərdi.


Şəhərlərin inkişafı şəhər əhalisinin ictimai-iqtisadi təbəqələşməsini sürətləndirirdi. Bəzi sexlərin ( qəssablar, mahudçular, zərgərlər, və b.) tacirləri və ustaları çox gücləndilər və həddindən artıq varlandılar. Onlar kommunalarda hakimiyyəti tamamilə ələ keçirmişdilər. Sənətkar və xırda tacir kütlələrinin mənafeyinə məhəl qoymurdular. Şəhərlərdə şiddətli daxili mübarizə başlanmışdı. Krallar bundan istifadə edib kommunaların daxili işlərinə qarışır və XIV əsrin əvvəlindən başlayaraq, tədriclə, onları keçmiş hüquqları və imtiyazlarından məhrum edirdilər.


Şəhər ətrafda olan kifayət qədər geniş kənd yerlərini iqtisadi cəhətdən özündən asılı hala salırdı. Bura qaçaq düşmüş təhkimli kəndlilər axışıb gəlir, şəhərdə azadlıq əldə edirdilər. İndi möhkəm qala divarları və silahlı mühafizə dəstəsi şəhərləri feodal qəsdlərindən qoruyurdu. XIII əsrdə, Sena, Uaza, Marna, Somma,Yuxarı Sona və Orta Luara boyunda şəhərlər inkişaf etdi və varlandılar. XIII əsrin sonları üçün onlar, artıq, bir-biri ilə əlaqədar idilər. Hələ XII əsrdə Parisdə “Çay tacirlərinin hanzası” meydana gəldi ki, bu da şəhər idarəçiliyində başlıca rol oynayırdı. 1210–cu ildə, Normandiya ingilislərdən geri alındıqdan sonra, Ruan və Paris “çay tacirləri” Sena vasitəsilə ticarət edən tacirlərin də birliyi meydana gəldi.


XIII əsrdə tərəqqi dövrünü yaşamış məşhur Şampan yarmarkaları Marna və Sena çayları və onların qolları boyunda olan şəhərlərdə keçirilirdi. Bu yarmarkalarda İtalyan, Flandriya, Şimali və Cənubi Fransa tacirləri və b. görüşürdülər ; təkcə şərq malları ilə deyil, həm də yerli istehsalın məhsulu olan məmulat və ərzaq şeyləri ilə mahud, kətan parça, dəri, mal-qara, çaxır, taxılla da ticarət edilirdi. 1284-cü ildə Şampanın kral mülkünə birləşdirilməsi ilə onun Parislə əlaqəsi möhkəmləndi və XIII əsrin sonlarında paytaxt bütün Şimali Fransanın ən böyük iqtisadi mərkəzi oldu.


Parisin 70 min nəfərə qədər əhalisi vardi ki, bu da o zamanlar çox böyük rəqəm idi; Ruanda isə 50 min nəfərə qədər adam yaşayırdı; 5-6 min nəfərlik əhalisi olan orta şəhərlər də çox idi.


Beləliklə, Cənubdan fərqli olaraq Fransanın şimal hissəsindəki vilayətlər arasında iqtisadi əlaqələr daha tez yaranmağa başladı. Bu əlaqələrin əsasını sənətkarlıq üçün zəruri olan və şəhərlərdə, xüsusilə Parisdə çoxlu miqdarda sərf olunan xammal və kənd təsərrüfatı məhsullarının daimi mübadiləsi təşkil edirdi. İqtisadi birliyin inkişafında Şimali Fransa vilayətləri arasında erkən tərəqqiyə başlamış təsərrüfat ixtisaslaşması böyük rol oynayırdı. Normandiyanın dəmiri, duzu, malları və mahudu, Şampanın və Burqundiyanın kətan parçaları, mahud və yüksək keyfiyyətli çaxırları, Parisin cürbəcür sənətkarlıq məmulatı ilə ticarət bu vilayətləri iqtisadi baxımdan bir-birindən asılı hala salır və beləliklə bir- birinə bağlayırdı. Şimali Fransa şəhərləri daxili bazarın formalaşmasında fəal rol oynadıqları üçün onlar ölkənin siyasi baxımdan birləşməsində də maraqlı idilər. XII-XIII əsrlərdə Şimali Fransa şəhərləri kral hakimiyyətini dövləti mərkəzləşdirmək uğrunda iri feodallara qarşı mübarizədə daim müdafiə edirdilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin