XI əsrdə feodal dağınıqlığı
Feodalizmin qəti şəkildə bərqərar olması ilə Fransada hökm ranlıq edən dağınıqlıq ölkənin ayrı-ayrı hissələrində bəzi xüsusiyyətlər kəsb etdi. Feodal istehsal münasibətlərinin daha tam inkişaf etdiyi şimalda feodal dağınıqlığı başa çatdı. Feodal iyerarxiyası isə ən çox mürəkkəb olması ilə fərqləndi .Kral ancaq özünün bilavasitə vassalarının – öz mülkindəki hersoq, qraf, habelə baron və cəngavərlərin senyoru idi. Belə bir feodal hüququ norması fəaliyyət göstərirdi: “Vassalımın vassalı mənim vassalım deyil”
Şimalda feodal pərakəndəliyinə burada iri feodal mülklərinin, o cümlədən , xüsusi taleyə malik olan Bretan və Normandiyanın mövcud olması çox kömək edirdi. Keltlərin yaşadıqları Bretan, faktiki olaraq, tamamilə müstəqil ( XV əsrin lap sonunadək ) idi .Senanın aşağı boyunu əhatə edən və Parisin dənizə çıxış yolunu kəsən Normandiya 1066 – cı ildən ingilis kralı mülklərinin tərkib hissəsinə çevrildi . Şimali – şərqdə faktiki olaraq , müstəqil qraflıq Flandriya
cənub – şərqdə isə Burunduya hersoqluğu yerləşirdi. Kapetinqlərin torpaqlarını, demək olar, hər tərəfdən kral hakimiyyətinə münasibətdə müstəqil olan feodal knyazlıqları, sanki, araya salıb sıxırdılar.
Cənubda feodal münasibətləri, şimal üçün səciyyəvi olan bitkinliyi ilə fərqlənmirdi. Orada xeyli iri və xırda allodlar, yə’ni kəndli allodları hələ də qalmışdı. Mərkəzi sahənin dağlıq vilayətlərində, xüsusilə Seven dağlarında azad icmalar uzun müddət yaşadı. Şəhərlərin erkən inkişafı da feodal münasibətlərinin zəifləməsinə kömək edirdi. Nəticədə feodal iyerxiyası cənubda bitkin xarakter almadı. Orada hər yerin öz yerli sülaləri vardı və burada Kapetinqləri, hətta tanımırdılar .Akvitaniya hersoqları “bütün Akvitaniya monarxiyasının hersoqları” titulunu qəbul edir və özlərini hər şeydə krallara bərabər tuturdular. XI- XII əsrlərdə cənubun iri feodal mülkləri Şimali Fransa və Kapetinqlər sülaləsinin krallarına nisbətən, başqa ölkələrlə ( İngiltərə, İspaniya, Şərqdəki xaçlı dövlətləri ilə) daha çox əlaqədar idilər. Fransanın feodal dağınıqlığını ölkənin şimal və cənub hissələrinin ictimai – iqtisadi və siyasi inkişafındakı çox mühüm fərqlər, habelə onun ərazisində iki xalqın – şimali Fransa cənubi Fransa (provans) xalqlarının mövcud olması daha da dərinləşdirdi. Daha erkən dövrdə olduğu kimi bu xalqlar müxtəlif dillərin yerli şivələrində - Fransanın cənubunda provans, şimalında isə şimali Fransa dillərinin şivələrində danışırdılar. Bu dillərdə “bəli” sözü müxtəlif cür tələffüz olunduğu üçün (provans dilində - “os”, şimali Fransa dilində “oil” ), sonralar,XIII-XIV əsrlərdə Fransanın şimal vilayətləri “Langedoyl” ( langue – fransızca “dil” ) cənub vilayətlərində isə “Langedok” adlandı.
XI – XIII əsrlərdə şəhərlər.
əsrdə sənətin kənd təsərrüfatından ayrılması əsasında feodal şəhərləri – sənətkarlıq və ticarət iqtisadi mərkəzləri meydana gəldi. Hələ romalılar tərəfindən əsası qoyulmuş, lakin V-IX əsrlərdə tənəzzül etmiş əski şəhərlər tərəqqi etdi, kəndlər və kiçik yerlərin böyüməsi nəticəsində çoxlu şəhərlər yarandı. Meşələrdən ayrılmış yerlərdə məskənlər salındı. Bunların bəziləri şəhərlərə çevrildi. XIII əsrdə bütün ölkənin ərazisi, artıq, şəhərlərlə - iri, orta, xırda şəhərlərlə örtülmüşdü. Bu şəhərlərdə sənət və ticarət, əvvəlcə , kənd təsərrüfatı ilə yanaşı inkişaf edirdi. Lakin çox keçmədən onu arxa plana sıxışdırdı.
Cənubi və Şimali Fransa şəhərləri arasında lap əvvəldən bəzi fərqlər vardı. Cənub şəhərlərinin – Bordo, Tuluza, Alba, Monpelya, Narbon, Nim, Karkasson, Marsel və b.-nın tərəqqisi XI əsrdə başlanmış və XII əsrdə xüsusilə güclənmişdi. Onların inkişafında Xaç yürüşləri böyük rol oynamışdı. Xaç yürüşləri bu şəhərlərə özlərinin əlverişli coğrafi mövqelərindən istifadə edib, Levantla birbaşa ticarət əlaqələri yaratmaq imkanı vermişdi. Bundan başqa, həmin şəhərlər bir-birilə ticarət əlaqələri saxlayır və Avropanın kontinent hissəsindəki ölkələrlə ticarətdə vasitəçi rolu oynayırdılar. Ölkəyə bütün şərq, italyan və ispan malları Fransanın Aralıq dənizi sahili limanları vasitəsilə gətirilirdi. Ticarət bir çox cənub şəhərlərində sənətin surətli inkişafına kömək etdi. Məsəslən, Nimdə və Monpelyedə xarici ölkələrə ixrac olunan zərif və şux rəngli mahud istehsalı inkişaf edirdi. Cənubi Fransa şəhərlərinin ictimai- iqtisadi inkişaf xüsusiyyəti burada, demək olar, sexlərin tamamilə olmaması idi: orada “azad sənət” hökmranlıq edirdi, yəni sənətkarlar peşələrə görə birləşməmişdilər; onlara öz içərisindən seçilən şəxs deyil, şəhər bələdiyyə idarəsi nəzarət edirdi.
Bu şəhərlər siyasi cəhətdən də əlverişli vəziyyətdə idilər. Onların böyük əksəriyyətinin hələ Roma dövründən öz xüsusi məhkəmə hüquqları vardı; əski bələdiyyə idarə formalarını da qismən saxlamışdılar. Şəhərlərin çoxunun silahlı mübarizə və ya maliyyə sövdələşmələri yolu ilə iri feodalların hakimiyyəti altından azad olması prosesi cənubda nisbətən erkən, özüdə onlardan uzaqda olan kral hakimiyyətinin iştirakı olmadan getdi. XII əsr ərzində, demək olar, bütün cənub şəhərlərində konsulluq adlanan idarə sistemi, yəni konsul idarəçiliyi yaradıldı. Konsul idarəçiliyi zadəganlar, tacirlər və sənətkarlardan olan seçkili adamlardan ibarət idarə sistemi idi; onlarla yanaşı bütün tam hüquqlu şəhərlərdən ibarət Böyük şuralar da vardı. Cənub şəhərləri, faktiki olaraq, İtaliya şəhərlərinə çox bənzəyən müstəqil respublikalara çevrilmişdilər. Bu şəhərlərdə, həmçinin zadəganlarda yaşayır və ticarətlə məşğul olurdular. Hər şeydən çox Levantla ticarətdə marağı olan və vasitəçi ticarətdə bir-biri ilə rəqabət aparan müstəqil, varlı cənub şəhərləri bir-biri ilə az əlaqə saxlayırdılar. Buna görə də, hətta onların XII əsrdə ən yüksək tərəqqi etdiyi çağda belə cənubda vahid iqtisadi və siyasi mətkəz yaranmışdı. İri feodalların hakimiyyəti isə böyük şəhərlərin müstəqilliyi nəticəsində zəifləmişdi.
Şimal şəhərlərinə isə daha ağır tale nəsib oldu. Onların ən mühümləri olan Arras, Bove, Sanlis, Amyen, Nuayon, Lan, Reyms Fransanın şimal-şərqində, inkişaf etmiş qoyunçuluq vilayətlərində tərəqqi etdilər. Bu şəhərlərdə başlıca sənətkarlıq sahəsi mahud istehsalı idi. Şimal-şərq şəhərlərində varlı ustalar və tacirlər meydana gəldi. Lakin onların iqtisadi fəaliyyəti yolunda çoxlu əngəllər vardı. Çünki şəhərlər senyorların, başlıca olaraq yepiskopların hakimiyyəti altında idilər. Onlar isə şəhərliləri müxtəlif bəhanələrlə rəhmsizcəsinə var-yoxdan çıxarır, çox vaxt zorakılığa əl atırdılar. Şəhərlilərin heç bir hüququ yox idi. Onların əmlakı daim feodallar tərəfindən mənimsənilmək təhlükəsi altında idi. Buna görə də senyorlara qarşı mübarizə Şimal şəhərləri üçün birinci dərəcəli əhəmiyyəti olan məsələyə çevrildi.
Dostları ilə paylaş: |