Silki monarxiyanın yaranması
IV Filipp zamanında Fransada silki nümayəndəlik təşəkkül etdi. Hələ XIII əsrdə krallar,başlıca olaraq, maliyyə məsələlərini həll etmək üçün şəhərlərdən və ya cəngavərlərdən nümayəndələr çağırmışdılar. Ayrı-ayrı vilayətlərin öz yerli silki məclisləri-“ ştatlar ” ı vardı. Bu məclislər vilayət işlərinə və yerli vergi qoyma məsələlərinə baxırdılar. 1302-ci ildən başlayaraq ştatlar, getdikcə daha tez-tez, çağırıldı. Kral torpaqlarını əhatə edən bütün
vilayətlərin silklərinin nümayəndələri iştirak etdikdə həmin ştatlar Baş ştatlar adlanırdı. Lakin XIV-XV əsrlərdə Baş ştatlar , hər halda, nisbətən az- az çağırılırdı. Cənubda ən çox , ayrılıqda, Langedok ştatları, şimal vilayətlərində isə Langedoyi ştatları çağırılıdı. Bunlarla yanaşı bir çox vilayət ştatları da çağırılırdı.
Fransa silki nümayəndəliyi bir sıra xüsusiyyətlərə malik idi. Bu xüsusiyyətlərin kökləri ölkənin ictimai quruluşunda idi. Bütün 3 silkin hər biri ayrı-ayrılıqda məclisə toplanırdı. Onların hər biri əlahiddə palata təşkil edirdi . Birinci silkin palatası- ruhanilər-adətən, arxiyepiskoplardan, yepiskoplardan böyük monastrın abbatlarından ibarət idi. İkinci silk-zadəganlar ancaq orta və xırda cəngavərlərin nümayəndələrindən ibarət idi; onlar hakimiyyətinin təbii dayağı idilər.Dünyəvi əyanlar, ümumiyyətlə , heç bir palatanın üzvü deyildilər; hersoqlar və qraflar ştatların iclası zamanı kralın əhatəsində olur, deputatlara qarışmırdılar. Üçüncü palatada(XV əsrin sonlarından bu palata “ üçüncü silk ” in palatası adlanmağa başladı) “ mehriban şəhərlər ” in nümayəndələri –merlər və şəhər şuralaranın üzvləri, yəni şəhərlərin ən varlı və ən nüfuzlu adamları iclas edirdilər. Hər palatanın , ancaq bir səsi vardı və ştatların qərarı da , bütövlükdə, palataların səslərinin nisbətindən asılı idi.
Baş ştatlar müntəzəm fəaliyyət göstərən siyasi orqana çevrilmədi. Onu ancaq kral özü istədikdə çağırır və burada kralın təklif etdiyi proqram müzakirə olunurdu. Ştatlar çox vaxt krala maliyyə yardımı göstərmək və ya kralı bu və ya digər mühüm siyasi işdə müdafiə etmək məsələsinə baxırdılar. Ruhanilər və zadəganların rolu bununla bitirdi ki, onlar öz torpaqlarında yaşayan kəndlilərdən krala kral taylası adlanan vergi toplağa icazə verirdilər. Feodalların özləri isə dövlət vergiləri vermirdilər . Ştatlarda başlıca rolu şəhərlər oynayırdılar. Onlar mərkəzləşdirmə siyasətini müdafiə edir və krala verilən pul yardımlarının əsas hissəsini öz üzərilərinə götürürdülər.Buna görə də XVI əsrin birinci yarısında kral hakimiyyəti ilə ştatlar arasında ,bir qayda olaraq,ixtilaf əmələ gəlmədi. Bu zaman Baş ştatlar feodal monarxiyasının möhkəmləndirilməsi prosesində mühüm amil idi. Şəhərlərin öz senyorlarına və onların cəngavərlərinə qarşı mübarizəsi nəticəsində ölkənin şimal hissəsinin şəhərləri ilə cəngavərləri arasında barışmaz düşmənçilik yaranmışdı. Şəhərlərin cəngavərlərdən də vergi alınmasına cəhd göstərmələri bu ədavəti daha da dərinləşdirdi. Silklər çox nadir hallarda birgə çıxış edirdilər. Onların arasındakı didişmədən krallar öz mənafelərinə istifadə edirdilır. Buna görə də Baş ştatlar ingilis parlamentinin qazandığı böyük hüquqları əldə edə bilməyərək qazandılar.
Fransada silki-nümayəndələri məclislərin qəti olaraq təşəkkül etməsi ilə feodal dövlətinin yeni formasının-XII-XIII əsrlərdəki Fransa dövlətinə nisbətən daha mərkəzləşmiş olan silki monarxiyanın ( və ya silki nümayəndəli feodal monarxiyasının) əmələ gəlməsi prosesi başa çatdı.
Ən iri və mərkəzdən ayrılmaq əhvali-ruhiyyəsində olan feodallar, əvvəlki kimi, yenə də mərkəzləşmə prosesinə mane olurdular. İtirilimiş hüquqlarını geri qaytarmağa cəhd göstərən bu feodallar X Lüdoviqdən ( IV Filippin varisi) silah yolu ilə bəzi güzəştlər qopardılar. Lakin formal xarakterdə olan bu güzəştlər, artıq kifayət qədər güclü olan Fransa silki monarxiyasını sarsıda bilmədi.
Dostları ilə paylaş: |