Şah I Abbasın islahatları.
1586-cı ildə Həmzə Mirzənin ölümündən sonra iki qızılbaş feodal quruplaşması arasında mübarizə kəskinləşdi. Mübarizədə ustaclı və rumlu tayfa başçıları Mürşüdqulu və Əliqulu rəhbərlik etdiyi Xorasan qurupu qalib gəldi. Qızılbaş tayfalarının Xorasan qurupu 16 yaşlı Abbası şah elan etdi. G.nc şahın qəyyumu Mürşüdqulu xan oldu. Ölkənin daxili vəziyyətini nizama salmaq üçün Osmanlı dövlətinin irəli sürdüyü şərtlərlə sülh bağlanılmasına razılıq verdi. 1590-cı ildə İstanmulda bağlanan sülhə görə Qardağ, Xalxal, Ərdəbil və Talışdan başqa Azərbaycanın qalan ərazisi, Ermənistan, Gürcüstan və İranın qərbi osmanlılara verildi. Tərəflərin şimal sərhəddi Kür çayından keşirdi. Arakel Təbrizlinin yazdığına görə, digər sərhəd xətti Xudafərin körpüsü idi. Cənub sərhədləri isə Ucan otlağı və Türkmənkənddən keçirdi. Sülh müqaviləsi Azərbaycan torpaqlarının bölünüb parçalanmasına səbəb oldu. Osmanlılarla aparılan müharibələr, əyanların mərkəzi hakimiyyətə tabe olmaması, ara müharibələri, kəndli və sənətkarlar üzərinə qoyulan ağır vergilər XVI əsrin sonunda Səfəvilər dövlətinin zəifləməsinə səbəb oldu.
XVI əsrin sonunda beynəlxalq vəziyyət də Səfəvilər üçün əlverişli deyildi. Şərqdə Şeybanilər Xorasanı ələ keçirməyə çalışır, İran körfəzi və onun sahillərində portuqaliyalılar ağalıq edirdilər. Yalnız Rusiya ilə münasibətlər normal idi. İstanbul müqaviləsi ilə əldə olunan fasilə ölkənin daxili vəziyyətini nizama salmağa şərait yaratdı. Şah I Abbas Səfəvilər dövlətinin sarsılmış qüdrətini bərpa etmək, tutulmuş torpaqları geri qaytarmaq üçün hərbi, inzibati və iqtisadi islahatlar keçirdi.
Şah I Abbas hakimiyyətə gəldiyi ilk gündən mərkəzi hakimiyyətə tabe olmayan feodallara divan tutdu. Hakimiyyətinin birinci ayı Mürşüdqulu xanı qəyyumluqdan kənar etməyi tələb edən Qorxmaz xanı və Mehdiqulu xanı, daha sonra isə qəyyumu Mürşüdqulu xanı və digər nüfuzlu şəxsləri edam etdirdi. Nəticədə qızılbaş əyanlarının nüfuzu sarsıldı. Şah I Abbas iri torpaq sahiblərini sıxışdırmaq, edam edilmiş feodalların torpaqlarını ələ keçirmək yolu ilə şəxsi torpaqlarını genişləndirdi.
Şah I Abbas aşağıdakı islahatları keçirdi: Müharibə olmayan vaxtlarda qızılbaşların təkbaşına silah gəzdirmək hüququ ləğv edildi. İranlılara qoşunda qızılbaşlarla bərabər xidmət etmək hüququ verlıdi. Tayfa başçılarının irsən keçməsi ləğv olundu. Qoşunun təşkilində tayfa müxtəlifliyi prinsipi əsas götürüldü. Müxtəlif dərəcəli qoşun növləri yaradıldı.
1.Qızılbaşlar, əsasən süvarilərdən ibarət olmaqla bütün XVII əsr boyu Səfəvi qoşununda üstünlük təşkil edirdi. Şah qızılbaşlardan əlavə kürd, lur, cağatay və başqa tayfalardan olanları da hərbi qulluğa cəlb edirdi.
2. Qulamlar. Onlardan xüsusi qvardiya təşkil edildi. Əsasən xristian- gürcü, çərkəz, erməni və s. ailələrin uşaqlarından təşkil olunurdu. Qulamlardan ibarət qoşunun sayı 15 min nəfər idi.
3. Tüfəngçilər. Bunlar xüsusi siyahı ilə ölkənin müxtəlif yerlərindən toplanırdı. Onların arasında azərbaycanlılar üstünlük təşkil edirdi. Onlar aşağı təbəqə içərisindən seçilir, sayları 12 min nəfər idi.
4. Artileriya – topçular dəstəsi. Şah I Abbasın yenidən təşkil etdiyi ordunun 500 səhra topu var idi.
1598-ci ildə paytaxt Qəzvindən İsfahana köçürüldü. Bunun nəticəsində sarayda fars ünsürü gücləndi. Azərbaycan türkərinin Şah I Abbasdan narazı olmalarına baxmayaraq, Qaradağ və Qəzvindən İsfahana köçürülən çoxlu Azərbaycan türkləri orada şahın şərəfinə salınmış Abbasabad məhəlləsində yerləşdirildilər. Ticarət və sənətkarlığın inkişafına kömək məqsədi ilə şah I Abbas İsfahanda tacir və sənətkarları bir sıra vergilərdən azad etdi.
Şah dövlətin maliyyə vəziyyətini nizama salmaq üçün Yüksək vəzifəyə təyin etdiyi şəxslərdən xızinəyə müəyyən miqdarda “peşkəş” verilməsini tələb edirdi. Etimad-üd-dövlə (baş vəzir) təyin edilən Hatəm bəy Ordubadi dövlətin mədaxil və məxaric dəftərlərini tərtib etmişdi. Şah oturaq əhaliyə, ruhanilərə vergilərdə müəyyən güzəştlər etdi. Bu islahatlardan sonra da qızılbaşlar dövlət idarəçiliyində mühüm yer tuturdular.
Beləliklə, şah I Abbas mərkəzi hakimiyyətin möhkəmləndirilməsində marağı olan feodal quruplarına, tacir və sənətkarlara arxalanaraq hərbi köçəri əyanların müqavimətini qırdı. Azərbaycan türklərindən ibarət qızılbaş süvari qoşununun şöhrətini bərpa etdi. Ölkənin iqtisadi, siyasi və hərbi həyatında oturaq əhalinin rolu artdı.
Dostları ilə paylaş: |