Qaraqoyunlu dövləti.Cahan şahın daxili və xarici siyasəti.
Yaxın və Orta Şərqin hərbi-siyasi tarixində qaraqoyunlu və ağqoyunlu tayfaları Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamışlar. Qaraqoyunlu tayfa ittifaqının bayrağında qara qoçun, Ağqoyunlu tayfa ittifaqının bayrağında isə ağ qoçun təsviri vardı. Buna görə də həmin tayfaların biri qaraqoyunlu, digəri isə Ağqoyunlu adlanırdı. Mənşəcə oğuz tayfalarından olan qaraqoyunlulara baharlılar başçılıq edirdilər. Baharlı tayfası Həmədan, sonra isə Qəzvinin qərbində yerləşən Həmsə vilayətində məskunlaşmışdı.Onlardan Əli Şəkər bəy daha şöhrətli idi.
vvəllər Van gölünün cənubunda məskən salmış qaraqoyunlular XIV əsrin 70-ci illərində Ərzincan, Sivas və Gürcüstanın şimal torpaqlarında möhkəmlənib ağqoyunlular, Cəlairilər və Teymurilərə qarşı mübarizə aparmışlar.
Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca idi. 80-cı illərin sonundan etibarən Qarqoyunlu tayfa başçıları və Cəlairilər arasında gedən mübarizə nəticəsində bu tayfa birləşməsi zəiflədi. Bayram Xocanın qaraqoyunlu tayfa ittifaqlarını birləşdirmək cəhdləri nəticə vermədi. 1380-ci ildə onun ölümündən sonra oğlu Qara Məhəmməd (1380-1389) Cəlairilərlə mövcud ziddiyyəti aradan qaldırmaq məqsədi ilə qızını Cəlairi dövlətinin başçısı Sultan Əhmədə ərə verdi. Bu qohumluq hər iki tərəf arasında münasibətlərin nisbətən qaydaya düşməsinə kömək etdi. Vəziyyətdən istifadə edən Qara Məhəmməd mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoyur. Cəlairi şahzadəsi Şeyx Əli qardaşı Sultan Əhmədi Təbrizdən çıxarmışdı. Sultan Əhməd kömək üçün Qara Məhəmmədə müraciət etdi.Qara Məhəmməd nüfuzunu Azərbaycanda möhkəmləndirmək üçün Sultan Əhmədə kömək edir və 1382-ci ildə Təbriz ətrafında döyüşdə Şeyx Əlini məğlubiyyətə uğratdı Qara Məhəmməd mürəkkəb hərbi əməliyyatlardan baş çıxaran cəsur bir döyüşçü və sərkərdə idi. Qara Məhəmməd 1383-cü ildə Suriyada göründü. Çünki, Suriya hakimi Səlim Qara Məhəmmədin təbəəsi olan Mosul hacılarının yolunu kəsərək, mallarını qarət etmişdi. Ona görə də Qara Məhəmməd suriyalı Çozdoğanoğlu Ziya ül-Mülklə ittifaqa girərək Səlimə qarşı yürüşə çıxır, şəhəri dağıdaraq çoxlu qənimət ələ keçirir. Səlim isə Hələb naibi əl- Nəsiriyyənin yanına qaçır.
1384-cü ildə Qara Məhəmməd Mardin hğkmüdarı Məcdəddin İsanın qızı ilə evlənmək üçün elçi göndərir, lakin rədd cavabı alır. Narazı qalan Qara Məhəmməd Mosuldan Mardin Üzərinə yeriyir. Mardin hökmüdarı qoşun toplayaraq müqavimət göstərsə də məğlubiyyətə uğrayır. Məcdəddin İsa bacısını Qara Məhəmmədə ərə verdi. Bununla da tərəflər arasında barışıq yarandı.
1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arasındakı ərazinin sahibi olan Misit Xocanı Qahirəyə göndərərək Sultan Berqoqdan iki düşmənin hücumuna məruz qaldığı üçün Suriyaya keçməyə icazə istədi. Berqoq icazə verdi. Qara Məhəmmədin bu iki düşməninin biri Teymur, digəri isə aralarında ərazi ədavəti olan Ağqoyunlular idi. Bir az əvvəl ağqoyunlular tərəfindən məğlub edilmiş Ərzincan hökmüdarı Qara Məhəmməddən yardım istəmiş. O, isə buna razılıq vermişdi. 1385-ci ildə Qara Məhəmməd ağqoyunluları məğlubiyyətə uğratdı. Ağır itgi verən ağqoyunlular Sivas-Qeysəriyyə hökmüdarı Bürhanəddinə müraciət etdilər.
1387-ci ilin baharında Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə hücum edir.Bunu eşidən Qara Məhəmməd Çapaqçur dairəsinə gəlir.sərt keçidlərdə mövqe tutub Teymurun qoşunlarını darmadağın etdi. Teymur Muş düzənliyinə çəkildi və ayrı-ayrı oymaqları qarət etdi, Xilatı sonra isə Adilcevazı tutaraq Ala dağa yollandı.
1387-ci ilin sonlarında Misir hökmüdarı Berqoqa qarşı Mintaş, Qazi Bürhanəddin və Qara Məhəmməd arasında üçlər ittifaqı yarandı.
Teymurla Toxtamışın ədavətindən istifadə edən Cəlairi əmirləri Şəbli və Şah Əli Təbrizi zəbt etdilər. 1388-ci ilin baharında Cəlairi Sultan Əhməd də buraya tələsdi.Bu vaxt Təbrizdə olan Dğvlətyar Qara Məhəmmədə xəbər göndərərək, Təbrizi tutmağı təklif etdi. Həmin ilin mayın 24-də qaraqoyunlular Cəlairi əmirlərinin müqavimətini sındırıb şəhərə daxil oldular. Şəblini təqib edərək Həştrudda öldürdülər Şeyx Əli isə dilənçi qiyafəsində qaçmağa məcbur oldu. Qara məhəmməd 1389-cu ilin zilhiccə ayında Təbrizə girdi, burada Sultanın adına xütbə oxutdurdu.
1389-cu ilin aprel ayında Qara Məhəmmədlə Mardin hökmüdarı Məlik üz-Zahir İsa Qahirəyə gələrək onlara qarşı üsyan qaldırmış Hələb valisinə qarşı müharibəyə icazə verməsini xahiş etdilər. Lakin Berqoq bu xahişi rədd etdi. Qaynaqların məlumatın görə həmin ilin aprel ayında Qara Məhəmməd və oğlu Bayram Pir Həsən adlı qaraqoyunlu əmiri ilə döyüşdə öldürüldü. Lakin Pir Həsən mübarizəsini davam etdirə bilmir. Qaraqoyunlular Qara Məhəmmədin oğlu Misir Xocanın ətrafında birləşirlər. O, Mardin hökmüdarından yardım alaraq mübarizəni davam etdirir. Çox keçmədən qaraqoyunlu tayfalarına rəhbərlik Misir Xocanın qardaşı Qara Yusifə keçir. O, Ağqoyunlu Qara Yuluq Osmanla ittifaqa girir və Pir Həsəni əsir alaraq Teymurun yanına göndərir.
1391-ci ildə Qara Yusif Təbrizə gəlir. Lakin Əlincə əmiri Altunun Təbrizə yürüşü ilə əlaqədar şəhəri tərk edir.
1392-ci ildə Qara Yusif Pir Həsən bəylə döyüşə girdi və onu öldürdü. O, həmin ilin baharında Təbrizə irəliləyir və Şənbi-Qazanda düşərgə salır. Qara Yusif şəhərə daxil olsa da bir gündən sonra çıxmalı olur. Lakin yenidən şəhəri tutur, bir ay orada qalır, Teymurun qoşunlarının yaxınlaşdığını eşidəndə yenidən şəhəri tərk edir. 1392-ci ildə Teymur Qaraqoyunlu tayfa ittifaqının mərkəzi hesab edilən Van şəhərini tutub qarət edir. Bu məğlubiyyətdən sonra qaraqoyunlular Teymurilərə qarşı təklikdə mübarizə aparmağın mümkünsüzlüyünü görüb, onlara qarşı Sultan Əhməd Cəlairi ilə ittifaq bağladılar. 1394-cü ilin yayında Bağdad yaxınlığında Teymurun qoşunları qaraqoyunlu və cəlairi qoşunlarını məğlub etdilər. 1395-ci ildə Qara Yusif qüvvələrini yenidən toplayıb mübarizəni davam etdirmək üçün Sultan Əhməd Cəlairi ilə birlikdə Misirə gəldilər. Teymur Misir hakimi Berqoqdan dostların həbs olunmalarını tələb etdi. Berqoq gələcəkdə bu qüvvələrdən Teymura qarşı istifadə etmık məqsədi ilə Teymurun tələbini rədd etdi. Berqoqun ölümündən sonra Misir taxtına oturan oğlu Sultan Fərəc Teymurla münasibətləri pozmamaq xatirinə müttəfiqləri həbsə aldı. Lakin Teymurun ölümünü eşidən kimi onları həbsdən azad etdi. Tarixçi Xondəmirin yazdığına görə, dostlar məhbəsdə olarkan şərtləşmişdilər ki, azadlığa çıxdıqdan sonra Bağdada Sultan Əhməd, Təbrizə isə Qara Yusif yiyələnsin.
Teymurun ölümündən sonra dostlar Azərbaycana qayıtdılar. Qara Yusif yol boyu Misir sərhədlərindən Fərat çayının sahillərinə qədər ayrı-ayrı feodalların həmlələrini dəf etdi. Van ərazisində Xilatın, Muşun, Xiusun hakimi Məlik Şəmsəddin onunla ittifaqa girdi. Qara Yusif qızını Məlik Şəmsəddinə verərək bu ittifaqı möhkəmləndirdi. Bununla Qara Yusif Kürdüstan ətrafında, Ərməniyyədə, Azərbaycanın cənubunda məskunlaşan yarımköçəri kürd əmirlərini də öz ətrafında birləşdirə bildi. 1406-cı ilin iyununda Qara Yusif və Sultan Əhməd Bağdadı zəbt edib, sürətlə Təbrizə yaxınlaşdılar. Sultan Əhməd şəhər yoxsullarını öz tərəfinə çəkməyə çalışdı.
I İbrahim öz yaxın adamları, Təbriz naibləri ilə məsləhətləşib, şəhəri tərk etməyi qərara aldı. Çünki, Azərbaycanın feodal əyanları I İbrahimin nisbətən yaxşı silahlandırılmış qoşun hissələrini təşkil edirdilər. Cənubi Azərbaycan əmirlərinin çoxu Azərbaycanın birləşdirilməsini istəmirdilər, onlar müvəqqəti olaraq I İbrahimə sığınmışdılar. İndi həmin əmirlər Sultan Əhmədin və Qara Yusifin tərəfinə keçməyi qərara aldılar. Təbriz qazisi İmaməddin də həmçinin Sultan Əhmədin tərəfinə keçdi.Buna görə də Naxçıvan vilayətini idarəçiliyi ona tapşırıldı.
Təbrizdə möhkəmlənən Sultan Əhməd birinci növbədə Əlincə qalasının bərpa edilməsi barədə fərman verdi. Sultan vergilərin azaldılması ilə əlaqədar Təbrizlilərə verdiyi vədlərə əməl etmədi. Narazı qalan əhali Teymuri Əbu Bəkr Mirzənin qoşunu Təbrizə yaxınlaşanda ona kömək etdi. Sultan Əhməd yenidən Bağdada qaçdı. Lakin Əbu Bəkrin qoşunu Qara Yusifin qoşununun öhdəsindən gələ bilmədi. 1406-cı ilin payızında Təbriz yaxınlığındakı Şənbi-Qazanda Qara Yusif Əbu Bəkri əzdi və qaçmağa məcbur etdi. Bundan sonra Əmir Bistam cəyir Qara Yusifin tərəfinə keçdi.
Bu məölubiyyət Əbu Bəkrin atası Miranşahı qəzəbləndirdi və ordusu ilə Azərbaycana gəldi. 1408-ci il aprelin 21-də Sərdurud adlı yerdə Qara Yusif ilə Miranşahın qoşunları arasında döyüş oldu.Döyüş qaraqoyunluların qələbəsi ilə başa çatdı və Miranşah öldürüldü. Sultan Əhməd Qara Yusifin köməyi ilə Təbrizə qayıtdı. Teymuri qoşunlarının qalıqları Azərbaycanı tərk etdi.
Qara Yusifin bu qələbəsi Teymuri qoşunun Azərbaycandan çıxarılması,qaraqoyunluların Cənubi Azərbaycanda möhkəmlənməsi Qara Yusiflə Sultan Əhməd arasında münasibətləri pozdu. Sultan əhməd qara yusifə verdiyi vədi pozdu və Qara Yusifin üzərinə hücuma keçməyə fürsət axtardı. Bu fürsət 1410-cu ilin yayında ələ düşdü.
1410-cu ilin yayında Sultan Əhməd Qara Yusifin əsas qüvvələri ilə ağqoyunlu Qara Yuluq Osmana və Amid hakiminə qarşı vuruşmasından istifadə edərək Təbrizə hücuma keçdi. Bu işdə Şirvanşah İbrahimin oğlu Kəyumərs də ona kömək edirdi. Bundan xəbər tutan Qara Yusif Şirvan qoşunundan əvvəl Təbrizə çatdı.1410-cu il Təbriz yaxınlığında, Şənbi-Qazan çölündə Qara yusiflə Sultan əhməd arasında döyüş başlandı. Sultan Əhməd məğlub edildi və edam olundu. Bir gün sonra Cəlairilərin hakimiyyətinə son qoyuldu. Qara Yusif bu qələbədən sonra oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin təyin etdi.
Beləliklə, 1410-cu ildə baharlı tayfasından olan Barani sülaləsinin başçılığı ilə Qaraqoyunlu dövləti yarandı.Kürdən cənuba doğru uzanan Azərbaycan torpaqları, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, İraq bu dövlətin ərazisinə daxi edildi. Təbriz dövlətin paytaxtı oldu. Qara Yusif qüvvətli süvari ordu yaratmışdı, özü Azərbaycanın cənub vilayətlərini, oğlanları isə dövlətin qalan hissəsini idarə edirdi. O, güclü mərkəzi aparat yarada bilməsə də feodal ara müharibələrini zəiflədə bilmişdi, əyanları mərkəzi hakimiyyətlə hesablaşmağa məcbur etmişdi. Bu illərdə ölkənin təsərrüfat həyatında müəyyən canlanma yaranmışdı.
Şənbi-Qazan döyüşündən sonra Şirvan qoşunu Kəyumərsin başçılığı altında Təbrizə yaxınlaşdı.Hadisədən xəbərsiz Kəyumərs Yusifin adamları tərəfindən əsir alındı. Qara Yusif Kəyumərsi öldürmədi, azad etdi Lakin atasına tabe olması barədə məktub verərək Şirvana yola saldı. Kəyumərsin asanlıqla əsir düşməsi və zəmanətsiz buraxılması I İbrahimdə şübhə doğurdu. I İbrahim oğlunu Şirvan taxtına xəyanətdə ittiham edərək edam etdirdi. Az sonra Qara Yusif Şirvana qasid göndərərək I İbrahimin tabe olmasını tələb etdi.I İbrahim rədd cavabı verdi. O, qaraqoyunlulara qarşı mübarizədə Şəki hakimi Seyid Əhməd və Kaxetiya çarı II Konstantinin köməyinə arxalanırdı.
Qara Yusif də öz növbəsində döyüşə hazırlaşırdı. O, çoxlu irsi soyurqal torpaqları, pul, hədiyyələr paylamaqla Cənubi Azərbaycanın köçəri əyanlarını öz tərəfinə çəkdi. Məsələn, Ərdəbil mahalını Bistam Cəyirə və kürd əmiri Şəmsəddin Bitlisiyə soyurqal verdi. Əmir Baba Hacı Gavərdiyə öz irsi qalası Gavərdini, çoxlu əkin sahəsi olan 600 kənd bağışladı. Qara Yusif ondan nominal asılılığı olanların hamısından Şirvan, Şəki və Kaxetiya ilə müharibədə iştirakını tələb etdi.
Beləliklə, 1412-ci ilin sonunda Kür sahilində döyüş baş verdi. Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin tərəfində vuruşurdu. I İbrahim və onun müttəfiqləri bu döyüşdə məğlub oldular. Şirvan viran edildi, bir milyon baş mal-qara qənimət kimi aparıldı. I İbrahim, onun 7 oğlu, qardaşı və bütün əsabələri əsir düşdü. Əsirlərin içərisində Kaxetiya çarı II Konstantin də var idi. II Konstantin 300 nəfər gürcü aznaurları ilə birlikdə öldürüldü. İbrahim isə Təbrizə gətirildi.
Qara Yusif İbrahimdən qan pulu olaraq 1200 İraq tüməni tələb etdi. Şirvanşahın Təbrizdəki tərəfdarları Əxi qəssabın başçılığı ilə onun əvəzində Qara Yusifə bu məbləğdə mal toplayıb verdilər. Qara Yusif İbrahimi azad etdikdən sonra onu ziyafətə dəvət etdi və yanında oturdaraq badəsinə şərab süzüb içməyi tələb etdi. Şirvanşah bu mərasimdən sonra Qara Yusifə itaət etməklə Şirvanı idarə etmək hüququ aldı və 1413-cü ilin aprelində Şirvana qayıtdı. Qara Yusifin qoşunu isə Şirvanı tərk etdi. 1417-ci ildə I İbrahim vəfat etdi. OnunAzərbaycanı birləşdirmək planı yarımçıq qaldı. Lakin Şirvan öz istiqlaliyyəti uğrunda mübarizəni davam etdirdi. IXəlilüllah (1417-1462) atasının ölümündən sonra Qara Yusifin hakimiyyətini tanımadı. O, Teymurun oğlu Sultan Şahruxla ittifaqa girdi. Bundan istifadə edən Şahrux qardaşı Miranşahın qisasını almaq üçün 1418-ci ilin baharında və 1420-ci ildə Azərbaycana uğursuz yürüşlər etdi. Qara Yusif bu yürüşləri dəf etməklə bərabər Sultaniyyəni tutdu, Marağa əhalisini Təbrizə köçürdü. Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər olan əraziyə yiyələndi. Lakin Qara Yusif 1420-ci ildə döyüşlərin birində yaralandı və Ucan adlı yerdıə öldü.
Qara Yusifin ölümündən sonra qaraqoyunlu əmirləri arasında mübarizə başladı. Bundan istifadə edən sultan Şahrux 1420-ci ilin dekabrında Arazı keçib Qarabağa daxil oldu. I Xəlilüllah əmirləri ilə birlikdə onun düşərgəsinə gəldi.O, Şahruxun nəvəsi ilə evlənməklə bu ittifaqı daha da möhkəmləndirdi. Lakin Şahruxun mövqeyi Azərbaycanda möhkəm deyildi. Çünki bir tərəfdən Qara Yusifin varisləri,digər tərəfdən Gəncə və Bərdə hakimləri ona qarşı ciddi müqavimət göstərirdilər. 1421-ci il avqustun 1-də Qara Yusifin oğlanları İsgəndər və isfəndiyar Dərbənd yaxınlığında, Alaşkerd vadisində həlledici döyüşə girdilər Lakin qardaşlar rüsvayçı məğlubiyyətə uğradılar. Şahruxun Azərbaycan və Qafqazda yeritdiyi siyasət atasının siyasətindən fərqlənirdi. O, bu ölkələri idarə etdiyi əraziyə daxil etmək niyyətində deyildi.Görünür, şahruxun burada böyük hərbi qüvvə saxlamaq imkanı yox idi. Bəlkə də Azərbaycandakı müttəfiqlərini – Qaraqoyunlu Cahan şahı və Şirvanşah I Xəlilüllahı özündən narazı salmaq, uzaqlaşdırmaq istəmirdi. Bu ərazilərdə Qara Yusifin dövləti kimi güclü dövlətin yaranmamasına çalışan Sultan Şahrux yalnız Azərbaycanın feodallarına özünün ali hakimiyyətinin tanınmasına nail olmaq istəyirdi. Ona görə də Şahrux Azərbaycanda çox qalmadı, 1421-ci ilin payızında Herata getdi.
Şahrux Azərbaycanı tərk etdikdən sonra İsgəndər dağınıq Qaraqoyunlu qüvvələrini bərpa edərək Təbrizdə qərar tutdu. Cahanşahı özünə tabe etdi. Digər qardaşı İsfəndiyar İraqda möhkəmləndi, Şirvan və Şəki öz müstəqilliyini saxlayırdı. Buna görə də İsgəndər 1427-ci ildə Şirvana hücum etdi.Şahruxun Azərbaycana yeni basqını onu geri çəkilməyə başladı. Sultan Şahrux 1428-ci ilin oktyabrında sərkərdələri Əli Könüldaş, Baysunqur Mirzə, Əmir Loğman Barlasın komandanlığı altında Azərbaycana böyük qüvvə göndərdi. 1429-cu ilin mayında isə əlavə qüvvə ilə özü gəldi. Sultaniyyədə, Təbrizdə Səlmas ətrafında baş verən döyüşlərdə qaraqoyunlular məğlubiyyətə uğradılar.
1429-cu ildə Şahrux Qara Yusifin oğlu Əbu Səidi Qaraqoyunlu taxtına çıxardı.Əbu Səid Şahruxun vassalı kimi Azərbaycanın cənubunda, Qarabağda və Ermənistanda hökmüranlıq edirdi. 1430-cu ilin mayında Şahrux Azərbaycanı tərk etdi. Feodal əyanların köməyi ilə İsgəndər yenidən hakimiyyətə gəldi, qardaşı Əbu Səidi öldürdü. Ara müharibələri, feodal özbaşınalığı ölkənin təsərrüfat həyatını təmamilə pozmuşdu.Ölkənin ağır təsərrüfat həyatı İsgəndəri maraqlandırmırdı. O, ölkəni talayır, gününü kef məclislərində keçirirdi. Ona görə də 1428-ci ildə Kürdüstanın şimalında, Van əyalətində kəndli həyacanları qüvvətləndi. Atasına qarşı çıxan oğlu Yarəlini cəzalandırmaq bəhanəsi ilə İsgəndər 1434-cü ildə Şirvana hücum etdi, Şirvanın 360 nəfər aliminin boynunu vurdurdu. I Xəliullah kömək üçün Şahruxa müraciət etdi. 1435-ci ilin payızında Şahrux qoşunla Təbrizə gəldi. Qara Yusifin kiçik oğlu Cahan şah onu təntənə ilə qarşıladı. Şahrux ölkənin idarəsini Cahan şaha tapşırıb qışı keçirmək üçün Qarabağa getdi. 1436-cı ilin baharında isə teymurilərin vassalı olmaq şərti ilə Cahanşahı hökmüdar kimi tanıdı və Azərbaycanı tərk etdi. Bundan istifadə edən İsgəndər yenidən taxta çıxmağa cəhd göstərsə də, qardaşı Cahanşah tərəfindən məğlub edilərək Əlincə qalasına salındı. Gecə yatdığı yerdə oğlu Qubad Mirzə tərəfindən başı kəsilərək Cahanşaha göndərildi. Beləliklə hakimiyyət teymurilərin v formal vassalı sayılan Cahanşahın əlinə keçdi.
Şahruxun ölümündən sonra Cahanşah müstəqil siyasət yeritməyə başladı. O, oturaq feodallara və tacirlərə arxalanıb köşəri feodallara qarşı mübarizəyə başladı, Şirvanşahlar dövləti ilə dostluq münasibətləri yaratdı
Cahanşah yaxşı təhsil almış, geniş məlumata malik bacarıqlı dövlət xadimi idi. O, yerli feodalların xeyrinə bir sıra islahatlar keçirdi. Cahanşah fəal xarici siyasət yeritmək üçün hərbi islahatlar keçirdi, orduda nizam-intizamı möhkəmləndirildi.
Ağqoyunlular ilə qaraqoyunlular arasında ərazu üstündə mübarizə gedirdi. Cahanşah XV əsrin 50-ci illərində Kürdüstanın çox hissəsini, Ərməniyyəni Ağqoyunlulara güzəştə getməyə məcbur oldu. Lakin onun şərqdə teymurilərə qarşı apardığı mübarizə daha müvəffəqiyyətli olmuşdur. 1453-cü ildə İraq Əcəmini, bütün Qərbi İranı. Bir qədər sonra isə Şərqi İranın bir hissəsini ələ keçirdi. Cahanşaş 1457-ci ildə Xorasanı, sonrakı ildə teymurilərin paytaxtı Heratı tutdu. O, 1459-cu ildə Əbu Səidlə müqavilə bağladı, təzminat alaraq Azərbaycana qayatdı. Köçəri feodallar Cahanşahın oğlu Həsənəlinin, Bağdadda Pirbudağın başçılığı ilə üsyan qaldırdılar. Cahanşah üsyanları yatırdı. Pirbudaq öldürüldü. Beləliklə, Cahanşah fəal xarici siyasət yeritdi, müdaxilə və ara müharibələrinə son qoydu. Lakin onun mərkəzi hakimiyyəti möhkəmləndirmək cəhdləri bir nəticə vermədi. Cahanşahın hakimiyyətinin sonlarında daxili müharibələr, feodal özbaşınalığı, hakimiyyət uğrunda gedən mübarizə Qaraqoyunlu dövlətinin qüdrətinin itirməsinə səbəb oldu. Bundan istifadə edən Ağqoyunlular onların ərazilərini ələ keçirməyə başladılar.
1467-ci ilin may ayında Cahanşah Ağqoyunlu Uzun Həsənə qarşı böyük qüvvə ilə mübarizəyə başladı. 1467-ci il noyabrın 11-də Muş düzündə baş vermiş döyüşdə Qaraqoyunlular məğlub oldu. Cahanşah Ağqoyunlular tğrğfindən yaxalandı və öldürüldü. Bundan sonra Qaraqoyunlu dövlətinin süqutu sürətləndi. Cahanşahın oğlanları Həsənəli və Hüseynəli arasında mübarizə başladı. Hüseynəli öldürüldü, Həsənəli Mərənd döyüşündə məğlub oidu, Teymuri Əbu Səidin yanına qaçdı. !468-ci ildə Qaraqoyunluları Ağqoyunlular əvəz etdi.
Dostları ilə paylaş: |