AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3.1 Mb.
səhifə11/28
tarix02.12.2016
ölçüsü3.1 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

DÜLDÜL
Düldül də peyqəmbərin atıymış dayna. Düldül elə bil, bala, qırx atın içində eşitmişimiş, qulağına Allah-taaladan sada gəlir ki, peyğəmbəri Mehraca sən aparassan. Bu nə yimir, nə işmir. Elə o atdar yeyir, gəzir, qaçır, bu, elə günü-günnən quruyur. İndi Həzrəti Cəbrayılı Allah-taala göndərir ki, get, həmin Düldülü gəti, peyqəmbəri aparsın Mehraca. Gedir görür kü, atdarın hamsı yeyir, oturur, gəzir. Deyir ki, niyə o atdar yeyir, içir, gəzir, sən gəzmirsən? Deyir, maa qırx ildi Allah-taaladan sada gəldi ki, peyqəmbəri sən aparassan Mehraca. Elə onçün da, onun dərdini çəkirəm, gözdüyürəm, gəlmir. Deyir ki, hə, onda gəl gedəh. Həmən Düldül at sənsən. Atın adı Düldülümüş. O, bala, elə bil ki uçurmuş. Biz dağa gedəndə iki yerdə, biri bu rayonda, biri də o rayonda helə daşa onun əyağının irədi düşmüşdü. Helə ata minir, gedir Mehraca.
ÖLÜNÜN DİRİLMƏSİ
Deyir, bir kişinin bir oğlu olur. Bu gəlif rəhmətə gedir. Gəlif rəhmətə gedəndə bunu aparıf basdırıllar. Basdırıf gəlillər. Həmin oğlanın üçü günü həmin qəvirsannıxda bir kişi qoyun otarırmış. Çoban olur bilmirəm, nə olur, bilmirəm orda. O görür kü, həmin təzə basdırılmış qəvirdən səs gəlir. İçəridən səs gələndə baxır də, qorxur. Deyir, görəsən bu nə olan şeydi? İçəridən səs gəlir ki, qorxma ey, buranı aç, mən çıxım.

Həə, çoban buranı açır görür kü, təzə basdırılan oğlandı. Burnunnan qan açılıf, hər tərəfi qandı. Bunu çıxardır, deyir ki, bəs mən bunu neyniyim? Mən bunu ora apara bilmərəm. Büyün də bunun üçüdü, bunu ora apara bilmərəm. Deyir, gə gedəh bizə. Bunu, nəysə, götürür aparır evinə. Bunu tamam geyindirir, kejindirir, saxlıyır evində. Gedir ölü yerinə, həmin oğlanın yerinə. Görür kü, orda müsibətdi. Nəysə, axşam tərəfi olur belə. Camahat dağılannan soora bunun atasını, qohumlarını yığır, deyir, bəs belə-belə, sizin oğlunuz sağdı. Əhvalatı olduğu kimi danışır bulara. Deyir, belə-belə. İnanmırsınız, gedim oğlunuzu gətirim verim sizə. Gedir gətirir, baxır görür kü, hə. Bunnan soruşullar, bu, nədən ola bilər belə? Sətəlcəm. O, sətəlcəmnən belə oluf. Soora burnunnan qan açılıf, ikinci dəfə həyata qayıdıf.


NAQİS TƏRBİYƏ
Bir arvad olur, bunun aman-zaman bir oğlu olur. Oğlu böyüyür. Yeriyib-yüyürən vaxdına çatır. Günnərin bir günü bu oğlan əlində bir yumurta gətirib anasına verir ki, onu pişirib ona versin.

Anası soruşur:



  • Bunu hardan aldın?

  • Qonşunun ot tayasından toyux yuvası tapmışam, ordaydı, götürdüm.

– Əcəb elədin, sag ol, ay mənim ağıllı balam!

Ana sevincəy uşağın əlinnən yumurtanı alıp pişirir. Səhəri günü uşax çuxasının ətəyini yumurtaynan doldurup genə anasının yanına gəlir və deyir:



  • Ana, gör nə qədər yumurtadı, bir-iki gün bizə bəs eliyər!

Ana bu dəfə də uşağın başını sığallıyıb uşağının tənbehini eləməh əvəzinə üzünə gülür. Uşax sevinir. Elə bilir, yaxşı iş tutur. Nəsə, beləcə zaman keçir, vax dolanır, bu uşax həddi-buluğa çatır. Vurup-tutan bir oğul olur.

Bir gün arvada xəbər gəlir ki, bəs oğlunu tutuplar, divandadı, səni görməy isdiyir. Arvat yelətəh22 geyinir, başına-dizinə döyə-döyə yollanır divana. Görür kü, oğlunun əlləri kəndirlənip. Bir tərəfdə qazı durup, bir tərəfdə də oğlunun oğurradığı camışın sahabı, o yanda da iki şahit durup. Qazı şahitdəri danışdırır.

Arvat tez oğluna baxır. Görür kü, oğlu başını salıb aşağı, peşman-peşman ağlıyır. Arvat genə dizinə döyüb, ağlıyır. Nəsə şahitdər, camışın yiyəsi hamı danışıp kutarannan sora, qazı oğlana son söz verir:

– İndi kimə nə sözün var, de, bunnan belə yolun qazamatdır.

Oğlan deyir:

– Mənim bu dünyada bircə anam var. Qazamata girməmiş izin verin, onun dilinnən öpüm.

Qazı işarə verir. Divan dayanır. Hamı susur. Oğlanın anası oğlunun yanına gedir. Boynunu qucaxlıyıb o üzünnən, bu üzünnən doyunca öpür. Soora dilini çıxardır ki, oğlu öpsün. Oğlan anasının dilini tişiynən üzür. Ananın fəryadı ərşə çıxır. Camahat bir-birinə qarışır. Arvadı oğlunun əlinnən alıllar. Qazı çaş-baş soruşur.

– Bala, sən neynədin? Niyə o zavallının dilini üzdün?!

Oğlu cavab verir:

– Mənim bura tüşməyimin baisi o dildi, vaxdında mən qonşudan bir yumurta gətirəndə mənə “sağ ol” demiyip, tənbeh eləsəydi, indi mən də bu həddə çatıb oğru olmazdım.


ÖZ YERİNİ BİL
Günnərin bir günü obada bir məclis olur. Məclisə hamı çağırılır. Bura elin ağsakqalı da gəlir. Ağsakqal məclisə girəndə görür, surfa salınıp. Surfanın başında da döşəhcələr düzülüp, qırağında da, aşağısında da. Kişi aşağı-yuxarı baxıp nə fikirrəşirsə, gedib ortada oturur. Bu heyn biri gəlir məclisə. İçəri girən kimi gedir oturur düz surfanın başında. Ağsakqal buna nə qədər göz-qaş eliyir, ehyam vurur, bu başa tüşmür, elə başdaca oturur. Birəz keçir, eşikdən səs-küy gəlir. Bir də baxıllar, əyalətin şahı məclisə gəldi. Şah məclisə gələn kimi şahın adamları bayax başda oturan yerini bilməzi başdan durğuzdular. Bu dəfə də bu oturur şahdan soorakı yerdə. Yenə beş, on dəyqə keçir. Bu dəfə məclisə vəzir gəlir. Hamı gözünü şahın yanında oturana tikir. O da məsələnin nə yerdə olduğunu görüp yerinnən durur. Bu duran kimi vəzir yerində oturur. Yenə buna öhd olmur. Bu dəfə də oturur vəzirdən aşağkı yerdə. Oturannar bunun hərəkətinə baxa-baxa qalıllar. Bir sahat da keçir, məclisə vəzirin köməhçiləri, şahın başqa əyannarı – hamı gəlir. Bunnar gəldikcə də yerini bilməz adam ordan-ora, gəlip çıxır düz süfrənin əyağına. Bunu görən ağsakqal gəlir durur onun yanında. Əyilip qulağına deyir:

– İşara elədim qammadın, bunnan belə yerini bil, əvvəldən yerində otur. Yoxsa həmişə beləcə əyağa gəlip çıxarsan.


XƏNGƏL ƏHVALATI
Günnərin bir günü başqa yerdən bir həkimi təyinatnan Göyçüyə işdəməyə göndərillər. Bu həkim də yaman rüşvətxorumuş. Həkim Göyçüyə çatanda görür kü, buranın adamları hamısı qırmızı yanax, qırmızı yanaxdı. Ürəyində deyir, dayanın hələ, ola bilməz ki, sizin bir yeriniz ağrımasın. İndi cöngəli-danalı yanıma gələrsiz. Beş gün keçir, on gün keçir. Həkim görür kü, onun yanına heç kim gəlmir. Deyir:

– Yox ey, bunnarın biri də xəsdələnmir.

Həkim gözdüyür, gejə düşür. Hamı evinə yığışanda çıxır bir göyçəlinin evinin başına, bacadan başdıyır bunnarı güdməyə.

Görür kü, hamı oturup surfa başına, yeməh gözdüyür. O yannan da evin arvadı əlində bir iri məcməyidə xəngəli gətirip qoyur surfuya. Hamı başdıyır bu yağlı xəngəldən döşəməyə. Həkim deyir:

– Hə, gejə vaxdı bu yağlı xamır xörəyini yeyin, qırılın. Səhər harda olsa, bir-ikiniz yanıma gələrsiz.

Birəz keçir. Həkim görür, xəngəli yeyip qutarannan soora arvat durup gedir xəngəlin həlimini, pişmiş kartofu da gətirip töhdü məcməyiyə. Bu dəfə də evin külfəti kartofu əzip, həlimin suyuna qatıp, başdıyıllar işməyə. Deyir, həə, köpəy uşağı, dərdini bilillərsə də, dərmanını da bilillər. Mən də deyirəm, bunnar niyə yüzü aşır, birinə də bir şey olmur!? Yox, mənnən bullarınkı tutmaz. Yaxşısı budu, şələ-şüləmi yığıp gedim.


BİRİ OD OLANDA BİRİ SU OLAR
İki qız olur. Biri ağıllı, sakit, biri dəlisov, od-alov. Bunnar yolnan gedirmiş. Yolun qırağında bir ağsakqal durupbuş. Bu ağıllı, od-alov qıza deyir:

– Ayax saxla, bu kişiyə salam verəh!

Od-alov xasyətdi bu dəlisov qız onu kişiyə salam verməyə qoymur.

Ağıllı qız deyir:

– Görmürsən, ağsakqal adamdı, böyühdü. Ona salam verəh! Noolacax ki?! Bir də ki, salam Allah kəlamıdır.

Nəysə, ağıllı qız kişiyə salam verir. Kişi də salamı alır. Bunnar xeyli gedillər. Yorulup bir ağacın dibində oturullar. Ağıllı qız uzanıp yatır. Dəlisov qız oyax qalır.

Birəz keçir, dəlisov qız görür kü, bəyəx yolun qırağında gördühləri kişi budu, gəlir onnar tərəfə. Kişi gəlib oturur ağacın dibində. Cibinnən iki yazılı kağız çıxarıb o üz-bu üzünə baxannan soora birini verir bu dəlisov qıza:

– Qızım, ala bu sənin taleyindi. Sənə su kimi tale verdim.

Səsə ağıllı qız oyanır. Görür kü, bayaxkı ağsakqal kişi gəlip. Soruşur ku:

– Dayı, nə olup, niyə gəlmisən?

Kişi deyir:

– Tale paylıyıram, bala, yoldaşına da tale verdim.

Ağıllı qız:

– Bəs nətəər tale verdin ona?

Kişi:

– Su kimi.



Ağıllı qız:

– Bəs mənə niyə vermirsən?

Kişi əslində qalan o biri kağızı qıza verip deyir:

– Al, bu da sənin taleyin.

Qız donup qalır:

– Ay dayı, sənə qurban olum, axı mənim sənə nə pisdiyim keçib ki, mənim taleyimi od-alov elədin?

Kişi cavap verir:

– Bala, mən orda o yolun qırağında oturmuşdum, sizə baxırdım. Gördüm kü, yoldaşdığ elədiyin bu qız, od-alov xəsyətdidi, yerə qoyursan, yeri yandırır, göyə qoyursan, göyü. Ona görə, ona su kimi sakit oğlan çıxsın, iki od bir yerdə olmasın.

Baxdım sənə, gördüm su kimi axımlı, yatımlısan, odnan, alovnan yola gedənsən. Onçu da sənə od taleyi verdim ki, qabağına od-alov ər çıxanda, sən su olasan. Bala, biri od olanda, biri də su olar.
ÖZÜM ÖZÜMƏ ELƏMİŞƏM
Bir kişi olur, munun arvadı ölür. Bir oğlu olur, munu yekəldir, eliyir. Bunu məytəbə qoyur. Bu məytəfdən çıxıf gələndə atası deer ki, oğul, gəl, saa bir söz dəəjəm. Deer, nə deersən? Deer, oğul, qadan alım, sən bir gəlin gətiginən, sən də gedisən oxumağa. Mən də onnan burda hayan olum. Qulax hayanı olum. O məəm qızım, mən də onun atası olum. Deer, a kişi, faraat durgunan, sən çox əl-ayağa düşürsən, qoy mən oxuyum, qayıdım, gəlim soora. Deer, yox, a bala, sən çıxıf gedirsən, mən də təh qallam. Yaxşısı budu, gətirəh. Bu yazıx qalır məhətdəl. Deyir, neynəh. Gedir elə yerdən tutur ku, muna heş kişinin zoru dəyil apara. Kişinin də dədədən qalma beş-altı qızılı varmış. Gedir, deer ki, filan qızı al, oxuyufdu. Deer, ay oğul, ayrı qız alginan, onnan bizimki gətirməz. Deer, yox, onu allam. Tay bu üsdünü kəsifdi ki, onu al. Əlajı kəsilir, kişi gedir, qızılı xırdalıyır, başdıx-dişdih. Gedir bu qızı gətirir evə. Evə gətirir, bir on gün də qalır bulların yaanda. Gedəndə də deer səni atama təhfil verdim, qız kimi. Mən də beş günə, on günə gedirəm, gələjəm. Bu gedir, gədə gedir. Kişi oturur ha gözdüyür kü, bu gəlin durajax əyağa, bir çay gətirejey, bu da içəjəh. Gözdüyür, gözdüyür gəlmir. Deer, bəlkə bu ölüv eliyifdi. Durum gedim, görüm. Duruf gedif. Görür kü, əlin belə qoyuf yatıf. Qız doğan, belin qırılsın. Həə, baxır ki, yatıf, qayıdır, götürür padnosu çay-çörəyi yığır, aparır munun qabaana qoyur ku, bəlkə utana, üzündə haya ola. Hardadı, mənim kimi üzünün hayası gedifdi. Gəlin durur, kişinin əl atır üzün cırıx-cırıx eliir. Deer ki, yadınnan çıxmasın ki, sən çörəyi vaxdı-vaxdında gətiməlisən. Kişi deer, baş üsdə. Kişi üzücırıx qalır belə. Deer, bala, dur, bir mübarəh əyaxlarınnan qapını bir çal, görəh, nə var, nə yox dana. Gəlin deer, sən get çal, mən baxım görüm nətəər çalırsan. Kişi qapını süpürür, suluyur. Deyir, balamın evin yıxmışam, özüm eləmişəm. Beləliynən, belə dolanıllar. Kişi gündə munun çayın, çörəən qabaana qoyuf qayıdır. Nejə ki, itin qabaana çörəh qoyuf qaçarsan. Beş gün, on gün keçir, bunun oğlu gəlir. Deer, ata, Allaha şükür, gəlin dedin almışam, qapı-baja gül kimi. Deer, hə, bala, hə. Kişi belə oturuv oğluynan danışır. Gəlin gəlif keçir daldan ərinin arxasınnan əliynən belə eliyir ki, söz danışarsan, başını kəsərəm. Kişi dimmir. Oğlan deer, ay ata, nətəərdi, neynədiiz, nə təəri keçindiniz? Deer, dilnən desəm, dilim yanar. Çalanıdı. Deer, o sazı gəti mana, saznan deyim dərdimi. Gəldi oğlu sazı verdi kişiyə. Kişi sazı aldı əlinə, çaldı. Deyir, dedi, özüm eləmişəm özümə. Kişi eliyifdi, axı, gədə arvad almırdı, deyir:

Özüm eləmişəm özümə,

Əlimi vurram dizimə.

Qayıdıf bax sağ üzümə,

Yanan çırağandı gəlin.
Ali savat alıf ələ,

Böyüh-kiçih saymır hələ.

Öz əməlin bilə-bilə,

Yamanca xuliqandı gəlin.


Qaynatanın halına bax

Ağarmış sakqalına bax.

Baxtavarın qoluna bax

Sanki pəhləvandı gəlin.

Beləcə danışır, oğlu deyir, öz işindi, mən çıxıf gedəjəm evdən. Oğlu deer, ata, mən işimi qutarım onnan ayna, harıya gedirsən, get. Gəlir munun (gəlinin – top.) yanna, deer, əl-əğını qayır, gedəh dədəngilə. Deer ki, niyə? Deer ki, yeznəyəm də, gedəh bir dərdinnən halı olum, görüm. Deer, yox, getmirəm. Deyif, yox, gedəjəhsən, dur əyağa. Durur əyağa, geyinir, gedillər atasıgilə. Atası mədəni adamıymış, yəqin bu, anasına oxşuyufdu. Deer ki, ay xala, ay dayı, mən munu almışam, bir ata bir balayıx. Atam mənim səbəbimə evlənmiyifdi. İndi munu aldım gətdim. Allah bunun belini qırsın, mənim də qıçım qırılsın. İndi atamın başına belə oyunnar açıf. Deyiflər, əşi, zarafatdı. Day qaç belə kişidən, belə arvatdan. Oğlan da deyif, elə mən də zarafat elədim, bağışdıyın məni. Axırıncı, əvvəlinci səfərdi ki, bizim qapını tanıyarsız. Belə deer, gedir. Soora yazıx bədbaxımış da, mənim kimi. Gedir bir arvad olur. Kişi deer ki, get o qızı al. Deer, əşi, sən Allah, əl çəh, məni oda salma, gündə gedif bir qapıda bir arvat qoyuram. Mən niyə biyabır eliyirsən. Gədənin adı Həsənimiş. Nəysə, gedir, qızdı, gəlindi, nəysə, danışır, alır gətirir. Gətirəndə sifdədən qara gəlifdi, deməynən dəyil ha. Oturur orda əlin heş nəyə vurmur. Deer, əvınıızda da iş görmürdüüz? Deer, hə, anam gətirirdi, bajım gətirirdi, mən də yeerdim. Görür, Allah, bu da yaman günnüdü, pisdərdəndi. Oğlan çaarır qaynatasın, qaynanasın, deer:

Günüzdər gəzir obanı,

Gejə qaldırır davanı.

Belimdə qırır yavanı,

Mən dinəndə, ay qaynana.
Evdə olmur, qəti olmur bəzəhsiz,

Uşaxlar ağlıyır çaysız, çörəhsiz,

Dar tuman əynində, ya da ki, şalvar,

Mən dad yetirə, o da geyinir.


Mən də bir Həsən olajam,

Bu qisası onnan alajam,

Əyağımın altda salajam,

O öləndə, ay qaynana.

Deer, ay oğul, bilmiyif, bunu biz belə öyrətmişih. Deef, belə qız böyüdüf çölə salanın atasına lənət.
NƏZƏRİN GÜCÜ
Bir şah yol çəhdirirmiş, nə bilim, hardansa hara. Yolun ortasında bir qaya parçası olur. Bəlkə də, bir ton, çox. Bunu yerinnən qaldırmax mümkün olmur. Qazıplar, indi bu yolun ortasındakı bu qaya parçası qalıpdı.

Çağırır münəccimlərini deyir:

– Buna bir əncam çəkin, görəh biz bu qayanı necə qaldırax?

Bunnardan biri deyir ki:

– Şah sağ olsun, buna ancax nəzər olmalıdı, ki, gəlsin nəzər dəysin ki, bu qaya parçası parçalansın.

Fikirrəşillər, a, harda, harda? Deyillər, filan kəntdə belə bir şey var.

Gedillər, bunu gətirillər. Bunu gətirillər, bu belə daşa baxır, deyir:

– Bay evin yıxılsın, daş sahibi! Ə, görün nə boydadı, ə, bu!

Qaya parçalanır, tökülür yerə.

O yannan biri deyir:

– Bay, gözün çıxsın, göz sahabı!

Bunun gözü çıxır, düşür yerə. Onun gözü, nəzəri də, bunnan güjdüymüş.



QARABAĞ MÖHARİBДSI XATİRДLДRDД
1. Bax mənim dədəmin dədəsiin də başını erməni kəsif. Mənim dədəmin dədəsi pəhləvan oluf. Bu, gedif qoja camış verif, beşatılan almışımış. Üş dəsdə götürüf gedif erməniin qabağına. Dəsdəən birin o yalda qoyuf, birin bu yalda qoyuf, birin də götürüf gedif, girif dəriyə. Görüf bi qrupba erməni gəlir, onu qırıllar. İkinci qrupba da gəlir, onun da yarsın qırıllar. Üçüncü qrupba da gəlir. Ha qırıllar, erməninin dalı gəlir. Buların da silahı-zadı azımış. Baxır ki, bütün dəsdəsini erməni qırıf, bı təh qalıf. Dədəmin dədəsi də pəhlivanmış dana. Ermənilər görüllər bına güj çatmır. Okrujeniyaya salıllar kişini. Elə ayağüsdə başını kəsmişmişdər dədəmin dədəsiin. Canın üçün, görənnər deyirdi bax bu qənd üçün, kişinin meyidi qumun içində dih qalmışdı, amma başı yoxudu. Erməni tökülüf orda bavamın başın kəsif.
2. Şakir yaxşı döyüşçü idi. Şakir təkin oğul vardı? Könüllü gedən döyüşçülərdəndi. Bağırov Şakir Balakişi oğlu. Onun batalyonda hörməti başdan aşırdı.

Soora oon qılçaları-zad yara səpbişdi, yaralanmışdı həm də. Biraz vaxd çəlihnən gəzdi. Onda deyirdi ki, evdən məni qoymullar, deyillər, getmə də, əməlli yeriyə bilmirsən. Amma azca düzələn kimi yenə qaşdı, getdi. Sora bizə xəvər gəldi ki, mərcannılar düşüf akrujeniyaya. Gejə biz yığıldıx getdih. Bizi Tulus dərəsinnən buraxmadılar. Orda bizimkilər erməniyə tərəf qrad atırdı. Qayıtdıx gəldih. Soora gördüh kü, o qədər yaralanan, meyit var. Köməh elədih, daşıdıx, qan verdih. Gejə bir dəsdəmiz getdi, Daşkəsənnən qaytardılar ki, döyüş gedir, olmaz. Səhər tezdən getdim yenə. Həmin vaxdı Şakirin əmisi oğlu Şükür məllim gəldi dedi ki, Şakir Süleymannıdadı. Deyir ki, mən burda ermənini qırmasam, geri qayıtmıyıjam. Nə qədər eliyəllər, Şakir gəlməz. Deyər, kim çıxır-çıxsın, mən getmirəm. Sooradan bir mal otaran kişi görmüşdü kü, Əfəndilər tərəfdən qəlbidən bir dəsdə erməni gəlir. Deyir ki, Şakir elə bildi ki, bizimkilərdi. Dedi ki, gəl, toplaşax, gör ermənilərə neyniyəjəyih? Bir söyüş işdətdi. Deyir, bunnar bir dəfə atəş aşdılar, Şakir yıxıldı. Başqa bir adam soora deyirdi ki, yoldaşı onnan patron isdiyifdi, bu da ona patron atanda vuruflar. Çulludan da bir uşax varmış, o deyirmiş ki, mən Şakiri yaralı gördüm Turbanın yanında. Mən də yaralanmışdım, amma onnan yaxşıydım deyir. Sürünə-sürünə, birtəhər çıxdım. Belə deyillər ki, Şakiri yaralı götürüflər. Yaralı-yaralı girov düşüf. Bir müddət keşdi, girov gələnnərdən bir kağız düşdü ələ. Şuşa qalasında saxlıyırmışdar bınnarı. Girovluxdan qayıdan oğlan danışırdı ki, bizi havıya, ayaxyoluna-zada çıxardanda orda bir oğlan gördüm, əlləri cızıx-cızığıdı, qara, qıvrım saşdıydı. O Şakir də heleydi. Danışmağa da ixdiyarımız yoxudu. Deyir, o, mana bircə barmax kağız ötürə bildi. Kağızı vermişdi Şakirin qardaşına. Orda dörd adamın ad-familyası yazılmışdı. Ayrı heş nə yazılmamışdı. Bağırov Şakir Balakişi oğlu, bi də üş nəfər ayrısı. Orta məhtəb dəfdərlərini məhtəvin krışasınnan töküf tutuşdurmuşdular. Qardaşı dedi, xətd onun xətdi dəyil. Ola bilsin, o yazmamışdı, bəlkə o biri yoldaşı yazmışdı. Tam oxşamırdı xətt. İndi girovluxdaydı, orda stolun üsdu yoxdu a, otura əməlli yaza. Yəqin ki, dizinin üsdə-zada qoyuf yazıfdı. Soora Qırmızı Xaç kağız gətirən oğlanı buraxıfdı. Bir-iki dəfə yuxumda görmüşdüm Şakirin sağlığın. Amma gəlmədi.


3. Deməli, doxsan üçüncü ilin mart ayıdı. Da uje Nooruz bayramın-zadın qutarmışıx, keçirmişih. Ama erməninin qəflətən gəlif Kəlbəjəri işğal eləməyi heç ağlımıza gəlməz. Qavaxcan Laçın rayonu işğal oldu, onnan sonra Kəlbəjəri işğal elədilər. Topa tutdular bizim kəndi. Laçın kəndi vardı. Laçın rayonu yox ha, rayon ayrıdı, ama bir kəndin də adı Laçındı. Ortadan bir çay axır – iki kəndin arasınnan, dərədən. Çayın adı Tutqu çayı gedir. O tayı Laçın kəndidi, bı tay da bizim kətdi – Günəşli, əvvəlki adı Kilsəli olufdu. Həə, onda gördüh kü, bizim kəndi Laçın kəndinnən topa tutdular. Günorta yeməyinin vaxdıydi. Təzəcə qavağıma xörəh gətirmişdilər, kəndi təzədən bir də topa tutdular. Bir də topa tutannan soora on üç ayləni ordan yığdıx, körpə uşaxnan, qadınnarı, yaşdıları götürdüh. Demə, yuxarıkı kətdər, bı Xəlilgil-zad hamısı, bı gördüyün adamnar çıxıf ağzıbəri gəlifdilər əhsəryəti. Biz fil qulağıdeyih. Deyirih, kişi kəndini qoyuf getməz. Kişi kəndini tərk edif getməz. Mən özüm də vəzifə adamı olmuşam deyin, heç razı dəyildim ki, durax kətdən-kəsəhdən çıxax gedəh da. On üç aylənin ələ dolaşan kadınnarını, uşaxlarını bir dənə maşına yığdıx. O vaxdı anam da dururdu. Anam da gəlməy isdəmirdi, deyirdi ki, ay bala, evi yeəsiz qoyuf getməh olmaz. Uşaxların anası, bir də oğlum kətdə qaldı. Biz də gətirmişih ki, bınnarı tökəh, bir də qayıdağ o geridə qalannarı gətirəh. Həə, üzür isdirəm, oğlumun adı Zöhrabdı. Dedim, Zöhrab (özü də məllimdi, unverseti qutarıf), mən gedim maşını boşaldım, bir də qayıdıf gələrəm onda. İşdi, mən gələnə qədər erməni sizi aqrujeniyaya alsa, tüfəy də evdədi, qatar da. Götür, belinə bağla, meşə yolunu Murovdan aşın. Da o vaxd ayrı yol yoxudu, Murovudu. Qar da var, buz, filan, həngamədi. Bı minvalnan gətdim on üç ayləni boşaltdım bı Bərdənin, Yevlağın kətdərinə, payladıx gecə. Səhəri qayıtdım ki, həm ayləmi götürəm, həmi də heç olmasa, mitildən-şitildən bir şey götürəh da. Mümkün dəyil, heş bi şey, heş bi şey götürməh mümkün olmuyuf. Murovun başına çatanda dedilər ki, hara gedirsən? Erməni qırdığın qırıf, girov apardığın aparıf. Başımıza döydüh, dedim, vay, geridə qalannarı uje qırdılar. Bizim kəndin maşınını girov aparıfdılar. Təxminən bir uşaxlı-böyühlü om beş-on altı nəfər. Qaz 52 maşındı. Məhtəbin direxduru Asdan məllim varıdı, öz də resbublika səviyəli adamıdı, savatda, bilihdə. Riyazyat məllimiydi. Anamın dayısı qızı da onun yoldaşıydı. Onun bir qızı, məllimeydi, ədəbiyat məlliməsi. Onun qucağında bir uşağı, məni bağışda, boyunda da genə bir uşağı vardı. Ata-bala oturufdular maşının kabinəsində, uşağı da dizinin üsdündə. Atıfdılar, bınnar ölüf, şofir salamat qalıf, maşının üsdündəkiləri tamamilə gülləbaran eliyifdilər. Kiminin qolu, kiminin qıçı səpələnmişdi yola, izə. Beş nəfər də yolda ölüf. Allahdan bir nəfər oğlan uşağı (o qədər də yaşı yoxudu e onun, on üç-on dört yaşı olardı) ordan birtəhər qaçır. Çayın qırağıynan gəlif kəndə xəvər eliyir ki, bı yolu getməyin, bı yolu getməyin. Ermənilər bizim maşını atdı, qırdığın qırdı. Camahat ayrı yolnan gəlir. Əgər bı oğlan kəndə xəvər aparmasaydı, kəndin yarısı erməninin əlinə keçərdi, təmiz qırardılar bırda. Murovun başında bı xəvəri eşidənnən sohra başıma döydüm, dedim həə, uje mənimkilər də getdi. Dedilər ki, özunü öldümə, sənin aylən-uşağın bıdı gəlir, ama məytəvin maşınında olannar məhv olufdu. Girov götürdühlərin də Xankəndinə apardılar. Qırmızı Xaçın nəzdində oluf, gələnnər də nə vəziyətdə gəldi? Kiminin qılçı yox, kiminin gözü yox, kiminin qolu yox. Bax başımıza bı müsüvətdər gəlif.
4. Nə qədər var-dövlətim vardı, hamısı qaldı. Birin də götümədim. Deməli, ordakı (Kəlbəcəri nəzərdə tutur – top.) şeylərimizi götürsəydih, iyirmi il də böyünnən sora məni, bı uşaxları dolandırardı. Genə Allahın məslatına şükür.

Hamısı cəhənnəm, bir bajım oğlu girov düşdü, hələ də yadımıza düşəndə varımızdan yox olurux. Bax bı Ayaznan (oğlunu nəzərdə tutur – top.) yaşıdıydı, amma Ayaz elə bil onun yarısıydı. O boyda ha. Deerdilər e, yanvar ayında İrəvanda əsir döyüşçülər öldürüflər on iki dənə. Onun biri mənim bajım oğlu olufdu. Bınnarı türmədə saxlıyırmışdar. Bı uşaxlar danışıflar ki, onsuz da bizi öldürəjəhlər, elə biz onnarı öldürəh, çıxax, qaçax. Ermənilər duyux düşüfdülər, hamsını qırmışdılar. Hamısını da bax bırdan vırmışdılar (alnını göstərir – top.). Allah rəhmət eləsin! Elə bir oğlanıydı ki... Ehh.


5. Böyüh aynabəndimiz var. Aynabəntdə əl maşını işdədirdim. Çoxlu da paltar yumuşdux. Qapıda elə həylə asılı qaldı, yığılmadı. Heş birin də yığmadım. Niyə, nəyə yığım? Bir canımızı götürüf qaşdıx. Ay tova, dört-beş evin qapısınca elə-belə kilitdədıx çıxdıx. Özü də əv deyirəm e, yer yoxudu ki, içəri girəsən. Bir ildə dört xana toxuyurdum. Gəvə, kilim, palaz, vərni. Vərni qayıx keçirillər, ərişdə qalax, belə toxuyuflar. Üç ay qışda el, hamı şirin toxuyurdu, saat dörtdə yatırdıx. Hamsın verdığ erməniyə, qaşdıx.
6. Xalam nəvəsi girov gediv atasıynan. Heç onnarın yeri-yurdu məhlim olmadı ki, nətəər oldu, nejə oldu? Onnar gəldilər Tunel23 xaravada, elə sifdə o maşın çıxmışdı, orda da vırmışdılar onnarı. Qız da bı Bəylih tərəfə ərə getmişdi. Hamileydi özü də, qujağında da uşağı varıdı. Elə ata-bala ikisin də götürmüşdülər. Uşax da qalmışdı orda yaralı. Ermənilər elə bilmişdilər ölüf, götüməmişdilər. Körpə uşaxdı dayna, dokquz aylıx uşax. İndi o uşax, dəəsən, inistutda oxuyur. Gözünün də birinə qəlpə dəymişdi. Bayağ elə bırda danışırdıx, deyirəm, bir həylə əzyət çəhdih, hamsın da qoydux gəldih. Bir dənə belə su isdikanı götürə bilmədih. Eləjə canımızı götüdüh, qaşdıx.
7. Qoşun olmadı, yol da bağlandı, dayna. Allahın adı hakqı, üç evimiz vardı, üçünün də qapısın çəhdih, bağladıx. Açarrarı hələ də durur, saxlamışam. Bir o qədir mal-qara, qoyun-quzu, at, var-döylət qoydux, gəldih. Qapıda bir bağımız varıdı, deerdin cənnətdi. Yüz ağac, iki yüz ağac vardı. Genə şükür ki, girov getmədıx. Vallah, həə.
8. Mirovdan aşanda mart ayıydı. Elə bir haveydi, yer-göy buz, sazax. Gəlirdin, baxırdın ki, irax qulağıızdan e, uşağ ölüf, belə yığıflar üsd-üsdə. Körpə uşax meyitdəridi hamsı, iki yaşında, üş yaşında. Həə, bax ordan aşanda dedim, Xudaya, Xudavəndi aləm, heş bi şey isdəmirəm, elə bı uşaxları salamat aparım.
9. Bizim kirvə danışırdı. Deyirdi ki, gədə iki yaş yarımındeydi, yoxsa bir yaş yarımındeydi? Deyir, danışıf-gülən gədə. Bax həylə Murovdaca donuf öldü. Qoyuf qarın içində, gəldih. Heş meyitini gətirə bilmədıx. Yollar doluydu meyitnən. Hərə öz canının hayında, meyitə-zada baxan kimdi?
10. Saldatın zapaz bir dənə patronu olardı. Bir dənə saxlıyırdıx ki, yanı girov düşsəh, öz-özümüzü məhv eliyəh. O çətin annarı mən çox gördüm. Əsirrihdən gələn nə qədər adama qulax asmışam, tühlərim biz-biz oluf. Bir saldat yoldaşım danışırdı ki, bir dəfə bizi akrujeniyaya aldı erməni. Silahımız-zad da tükənif, pis vəzyətə düşmüşüh. Yekə daş vardı, izdaniya hündürrühdəydi. Bəzimiz qaçıf oon altına girmişdih. Daşın altına girənnərdən ermənin xəbəri yoxdu. Uje buların (ermənilərin) əyağınnan qopan toz-torpax bizim başımıza tökülürdü. Deyirdi, amma o yoldaşdarımın çığırtısı bu dəyqə danışanda da mənim qulağımdadı. İşgəncə vermişdilər də. Deyir, Hidayət adında bir yoldaşım vardı. Baxdım ki, cillihdə (cil qamış döyül, başqa şeydi. Onnan papax-zad da hörüllər) zarıyır. Ürəyinnən bir belə yuxarıdan güllə keşmişdi, bax bu hissədən (əli ilə sinəsini göstərir – top.). O birsinə də çox işgəncə vermişdilər. Harasında ki, top ət yoxdu? Onu belə kəsmişdilər, sora da xaç çəkmişdilər. Diri-diri. Onu öldürdürmüşdülər. Deyirdi, biz apardıx dəfn elədik.

Soora bizim Kəlbəcər rayonunda şair Əyyuf var. Onun bacısı uşaxlarının ikisi də yanımda öldü. Top atdılar. İkisinin meyidi də elə hala düşmüşdü kü, tanınmırdı. Paramparçeydi. O boyda top düşə iki dənə cavan uşağın üsdünə, təsəvvür elə də.

Bir xalam oğlu getdi, girov düşdü, öldürdülər İrəvanda. Meyidini aldılar, bu dəyqə Şəhiddər Xiyabanındadı, Yevlağın.

Mamamoğlu da şəhit düşdü, adı Ədalətiydi. Telefonda şəkli var.

Bir bibim nəvəsi 1992-ci ildə Ağdərə əməliyatında həlak oldu. Onun da meydini mən gətdim. Keşməkeşdi günüm çox oldu. Birdən danışanda özümə də təsir eliyir də, pis oluram. Bir savetdihdə dört dənə qohumux, bircə qalan mənəm. Deyir:

Oxudum şeyrini, ay vətən oğlu,

Verilən suallar bil, mənimkidi.

Dünya xalqlarının gözü önündə

Talanan, dağılan el mənimkidi.

Göyçə yada qaldı, yandı Qarabağ,

Sinəmin üsdündə min bir yara, bax.

Kəlbəcər düzündə ahu-zara bax

Kəsilən, bağlanan yol mənimkidi.

İsmixanam, edim ellərə elan,

Məleykə donuna bürünüb ilan.

Xocalı düzündə kəsilif qalan

Ayax mənimkidi, əl mənimkidi.

Xocalını çəkən oldu. Allah Çingizə rəhmət eləsin. Kəlbəcər də elə Xojalıya bərabər oldu, amma orda olannar çəkilmədi, üzə çıxmadı. Allah rəhmət eləsin, Hüseyin kişi varıdı. O danışırdı ki, kadınnar, qızdar, gəlinnər, üzür isdiyirəm, namusunu, qeyrətini qorumaxçün əl-ələ tutuf dağdan özünü atmışdı Kəlbəcərdə. Hüseyin kişi o vaxdı cənab prezindentin, ulu öndərimizin qabağında bu söhbəti elədi. Dedi, yoldaş Əliyev, mən gözümnən gördüm kü, kadınnar əl-ələ verif, ələ keşməsinnər deyə, hündür dağdan özünü atıf. Bu barədə Gileyli Bəylər var, bir qəşəh şeyir yazıf. Deyir:

Dağlar o gözələ saxlasın yası,

Daşdara çırpındı ömrün aynası.

Qucağında üş yaşında balası,

Nə arzuya getdi, nə kama çatdı,

Bir gəlin özünü qayadan atdı.

O şeyiri bir toyda dedim. Toy elə bil ki, yasxanaya döndü. Onnan soora o şeyiri tərgitdim. Nə qədər möhgəm adam olsa, o şeyir deyilən kimi isdər-isdəməz adam pis olur.

Kəlbəcərdən elə oğlannar girov getdi ki, elə kişi qeyrətdi gəlinnər, qızdar əsir düşdü kü (Simsar nənə ah çəkir – top.). Elə adamlar vardı ki, bax o Qara kişi, iyirmi yeddi nəfərdən üş-dört nəfər gəldi. Bütün uşaxları əsir düşmüşdü. Altı uşax. Bilmirəm, sana danışdılar, yoxsa yox. Uşağa öz qardaşına qəbir qazdırıflar ermənilər.

Qonşulardan əsir düşənnər danışırdılar ki, ermənilər içəri girirdilər, siqareti alnımızda söndürürdülər. Allah gösdərməsin, olların əlinə vayenni formada girov düşeydin. Onda gərəh yerində özun-özünu partdat, öldür. Müharibədə olanda bizim üsdümüzdə bir dənə qumbara zapasımız, bir dənə patronumuz olardı ki, görsəh ki, əsir düşürüh, özümüzü vurax.


11. Bı Qara kişiynən Afilə xalanın altı uşağı birdən girov getdi. Elə olan-qalan da altıca uşağı vardı. Deməli, bunnar hər şeylərin yığıf, maşına dolduruf, uşaxların da üsdündə oturduflar. Təh bılar olmuyuf ha. Çox adam oluf əslində. Maşın karvanı da. Gəlif Tuneldən keçəndə ermənilər də burda gözdüyürmüşdər. Maşınnarı gülləbaran eliyiflər, da məjbur dayanıflar. Veşdərini götürüf, özdərini də girov aparıflar camahatın. Bu Afilə xalaynan Qara dayı da kənd alınanda Murov yoluynan gəlmişdilər. Amma xəbərrəri olmuyuf uşaxları girov gedənnən. Sooradan biliflər. Qara dayı eşidəndə yerə yıxılıf başını yerə döyürmüş, gözünün bi tayı orda axıf tökülmüşdü. Altı uşaxdan güj-bəlaynan üçünü qaytara bildilər. İki oğlan, bir qız. Deyir, orda tay bınnarın başına nə oyun aşmırmışlar da. Acanda da qabaxlarına kartof qabığı, lobya qını atırmışdar ki, yeyin. Su əvəzinə də çirkli qab suyu içirdillərmiş. Nəysə, bu üç uşağı qaytarıf gətirif xəsdəxanıya yerrəşdirmişdilər. Eşidən kimi anası elə ayaxyalın, başıaçıx qaçar xəsdəxanıya. Uşaxlar sifdə analarını tanıya bilməmişdilər. O üç ayda başı nətəər ağarmışdısa.
12. Bizim qonşu da Afilənin uşaxlarıynan bir yerdə oluf. Deer, gün əyilmişdi, mən də xəsdəyəm. Bax güllə bırdan dəymişdi, bax bı yekəliyində yer çaleydi (ayağını göstərir – top.). İki oğlu vardı. Birii çayın əyağında öldürüflər, biri girif anasının kürəyinin arasına. Gör nə vəzyətə düşüf ki, kürəyinin arasındakı uşaxdan xəbəri olmuyuf bunun (ağlamsınır – top.). Bılları da (girovları) balınsiyə binasında saxlıyırmışdar. Deer, balınsiyənin aquşkasınnan baxırdım, gördüm bir uşağı erməni uşaxları ağ ulağa mindiriflər. Bu uşaxnan məzələnirmişdər də. Elə bil ki, bu uşax mana şirin gəldi. Deer, dikqətnən baxanda gördüm kü, öz oğlumdu, Yadigar. Soora Allah-taaladan elə oluf ki, Qızıl Aypara Cəmiyətinə düşüf, boşduyuflar ana-balanı. Elə pis taleyi oldu ku, o qadının. Gələn kimi kişisi də boşadı, niyə girov düşmüsən deyə. Soora bir ayrısına verdilər bunu. Qoca kişiydi. Onda da oğlu üz döndərdi, niyə məni qoyuf getdin deyə. Dərtdədi, öldü yazıx axırda. Pah, nələr danışırdı, Allah-Allah. Deerdi, bizə gəvə toxudurdular ermənilər. Bunnarı balınsiyədə saxlıyırmışdar müvəkqəti. Gəlin də bıllara işdiyirmiş. Gəvə toxuyurmuş. Elə günnər varıymış e, bala...
1   ...   7   8   9   10   11   12   13   14   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə