AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3.1 Mb.
səhifə13/28
tarix02.12.2016
ölçüsü3.1 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

II mətn

Bizim öz kəndimizdə molla yoxudu. Ancax Quran oxumağı bacarannar varıdı. O da təxminən biz Kəlbəcərdən çıxannan bir on beş il qavax, iyirmi il qavax dünyasın dəyişmişdi. Ama yaxşı molla olup bizim kətdə. Tas quran mollalar da varıydı, cindarrar da. Bunnarın işdəriynən bağlı belə bilirdim ki, Kəlbəcərdə üş nəfər yoldaş oluflar. Biri Başdıbel kəndində oluf, Molla Məhəmmət, həmi seyid oluf, həm molla. Biri də bı Kəlbəcərin, belə deyəh ki, sağ tərəfi, bı Ermənisdannan yaxın olan ərazi varıdı. Həmən mollanın biri də ordanıdı. O mənim ağlıma gələn dəyil, mənim yaşımnan qavağ olan söypətdi. Axund olufdu o adam. Yaxşı belə onun möcüzələri oluf, hə, onu danışsam, çox uzun nağıl çəkejəh. Cavan vaxdıymış. Təbrizdə təhsil alıf, gəlifdi. Bı Quranın oxuyuf tərcüməsin eliyirmiş, hər cürə bildiyim işdərdən eliyə bilərəm. Ama günahdı o işdəri eləməh, görməh. Tay-tuşdarı deyifdi ki, səni ant vermişih Allaha, onun birini bizə gösdər, görəh həqiqətən sən bı işi bajarırsan, bajarmırsan? Deyiv, onda ras ki, ant verirsınız, mən belə eliyim. Toyux leləyi gətirin, evdə də mürəkgəvim var mənim, onu da gətisinnər. Gətirif belə. Bu, kəntdən bir qız isdiyirmiş, cavan vaxdıdı da. Kətdən qız isdiyirmiş, bını bilən də varımış, bilmiyən də varımış, bı qızı isdədiyini. Belə dih yoxuş gedir, Qalayşələn25 addanan bir yaylax deyəh da, payız yurduymuş. Qız-gəlin gedirmişdər, səhərnən kəndə gəlirmişdər, axşamnan qayıdırmışdar malı-qoyunu rahatdamağa, sağmağa gamışı-zadı. Hə, bının isdədiyi qız da bıreynən gedir. Deyir ki, ant verdiniz, ama günah eliyirsız. Bı əməli mən işdədirəm, ama bı düzgün iş dəyil. Bırdan, bax bı baş barmağının üsdünnən ikijə hərif yazır, deyir, görürsuuz da ikijə hərifdi. İsdədiyi qız ordan qışqıra-qışqıra, dağın başınnan, belə deyəh ki, bax ode ordan, o dağdan, arvatdan, qızdan aralanır, çığıra-çığıra, “ay haray gəlin, ay haray gəlin”. Bir xeyləh gələnnən sora qəfildən “uf” eliyir. O vaxdı da belə indiki kimi qısa paltar dəyilimiş da, uzun tumannar olufdu. Tumanı belə yuxarı çərmiyir, üsdən aşağı çığıra-çığıra qaçır, kəndə tərəf qaçır. Tez deyir, Allah sizə insaf versin, sizə dedim ki, günah işdədirih da. Belə eliyif, dırnağın yaş eliyif belə, sürtür, təmizdiyir. Həmən axundun adı Nifdalı oluf, ama çox hayıf ki, çox cavan gedif dünyadan. O əməlləri-zadı işdətmiyiv, o. Çünkü Quranda da yazılıf, o, günahdı da, onu eləməh düzgün dəyil. Onnan sohra da inanıfdılar ki, hə, doordan da bı adam tam savatdıdı. Vallah, o vaxdı deyirdilər guya om bir il, yoxsa on iki il Təbrizdə təhsil alıf. Onnan sohra nejə bı akademiyanı-zadı qutarana da akademik deyillər, nə bilim nə deyillər, ona axunt rütbəsi ordan – Təbrizdən gələndə, əmmamə verillər başında. Əmmaməli gəlillər. Kəlbəcərdə də elə üş nəfər getmişimiş, elə üçü də eyni vaxda qayıdıf gəlifdi. Ba belə billəm mən. Hə.


SACARASI VƏ NİYAZ
Sacarasını sajda pişirirdilər. Niyaz təndirdə pişməliydi. Adətidi, bunu belə pişirərdilər. Bu sacarasını yeddi ev yığılırdı, pişirirdi. Bunu seyitdər kəsirdi ha. Bunu nəkqədər çatırdı, o qədər paylıyırdılar. Yeddi dənə sacarası kəsipdilər, yeddisin də göbəyi mənim bacım Seyitelə düşüpdü. Deyilənnərə görə, sacarasının ortası kimə düşürdüsə, o bəxdəvər olardı. Deyirdilər, paho, qızda olan talehə bax! Talehi də gözəl oldu. Şükür İlahiya! İndi irəhmətə gedip. Ona ölüm demərəm, mənim bacım xöşbəxd öldü. Sacarasının ortasını belə oyub, ora yağ töküllər, o pişənə qədər onu yağlıyılar. O iki odun arasında pişir, onun üsdü də, altı da od olur.

Amma niyazı təndirə yapıllar. Onun yağı az olıur, onun xamırı bunun kimi olmur. Onu xamırı ayrı olur. Sacarası iki sacın arasında pişir. Fərk bundadı. Pişincə də bu dönür, baxılır, yağlanır elənir. Dorğuyanda ikisinnən də doğruyursan. Onnan da doğruyursan, bu birinnən də paylıyırsan.


BİŞMƏ QURBAN
Günaha yazmasın Allah, deyəcəm. Kəntdə biz pişmə qurban deyirdih. İndiki kimi gedillər Məkgədə, nə bilim özgə yerdə qurban kəsillər. Biz bunu eləmirdih. Kəntdə bu yoxdu. Bizdərdə ildə bir dəfə pişmə qurbanı varıydı. Necə bax bu camahat yığılırdı, otururdu, seyitdərimiz otururdu, bunun duasını deyirdi. Onnan bir adam yeməmiş olmazdı. Ana bətnində olan uşağa da pay verərdilər. Onnan heş kəs yeməmiş olmazdı.

İrəhmətdih bacım Siyatelnən məni o zaman qoyupmuşdar evdə. Mən uşağmışam, yatıbmışam. Gedipmişdər pişmə qurbana. Siyateli də qoyupmuşdar mənim yanımda. Deyir (bacım Siyatel irəhmətdiy deyirdi), bir də gördüm qapını aşdılar, iki dənə ağsakqal kişi içəri girdilər. Qapılar kilitdiymiş. Onu bacım burda danışdı, Ermənisdanda danışmadı. Həə, kilitdi qapıdan keçiplər. Deyir, gəlip dedi:

– Hanı evin nəfəri?

Deyir, dedim:

– Gediplər qurbannığa.

– Bə sizi niyə aparmıyıplar?

Diyir, dedim:

– Bacım yatdığınnan bizi aparmadılar.

Dedi:

– Yatmarsan, qurban gələndə evə, bacını durğuzasan. İkiniz də yeyərsiz, sora yatarsız. Amma demə bura kim gəldi. Qorxmadın ki?



Deyip:

– Yox.


Deyip:

– Biz gedirih, heş kəsə də demə bura kim gəlmişdi. Bu sirri gizdi saxla. Bu yatmıyıb, evin adamı gələndə görüp qapı kilitdidi. Döyüplər qapını, bu gedib açıp.

Gəliplər, məni durquzup verip, yemişəm, sora yatmışam.

Bunu biz Ermənisdannan gələnnən sora mənim bacım irəmətdih, bir arvat varıdı (Gözəl bibim), ona danışdı ki, bəs, bibi, siz o vax qurban üsdə gedəndə, beləcə gəldilər, maa belə tapşırdılar.


QODU-QODU
I mətn

Bərh yağış yağanda qodi qayırırdıx. O vaxdı kukula-zad yoxudu. Çömçə-qaşıxdan qayırırdıx. Qaşığı belə qol qayırırdıx, çömçəni bədən, oon da başına bir qırmızı yaylığ atırdıx, aparırdıx qonşulara, deyirdıx:

Qodi, qodini gördünmü?

Qodiya salam verdinizmi?

Qodi gələnnən bəri,

Heş bir gün üzü gördünüzmü?

Qara toyux qanadı,

Kim vurdu, kim sanadı?

Gedirdim elçiliyə,

Qara it baldırımnan qapbaladı.


II mətn

Çömçəni qoyurdular yaylığın arasına, yaylığın içinə. İçinə də bir daş qoyurdular, ya da qoz qoyurdular, bağlıyırdılar. Nətəər rəngi olursa, olurdu. Ya da bir çanta asırdılar, ya da bir sumka götürürdü. Bax belə-belə eliyirdilər, dığıldıyırdı. Deyirdi:

Qodu-qodu, hay qodu.

Qodu, qodunu gördünüzmü?

Qoduya salam verdinizmi?

Qoduya aş bişirin,

Qodu gəlir, düşürün.

Qoduya sütdaş bişirin.

Qodu gün çıxartmasa,

Vırın boynun, düşürün.

Gətirif çantasına şey qoyurdular. Bişmiş yumurtanı da almırdı. Deyirdi gətirin çiyini verin, xarab olmuyanı verin.

Sora deyirdilər ki:

Çatma, çatma, çatmıya,

Çatma yerə çatmıya.

Qoduya pay vermiyənin

Ayağı yerə çatmıya.


XIDIR NƏBİ
I mətn

Xıdır Nəvi çilənin bir həfdəsi qalanda olur. İrəlki zamannarda Xıdır Nəbidə bax belə qəşəh kosa düzəldirdilər, yanında da bir sürü uşax. Qapılardan pay alıf yığırdılar, gejə yarıyatan da pişirirdilər, yeyirdilər, dağılırdılar. “Xıdır Nəbi, Xıdır Eylaz, bitdi çiçəh, oldu yaz” oxuya-oxuya:

Xıdır gəlir hayınan,

Yeddi qulan dayınan.

Day batıf palçığa,

Yat gətirin yağlıyax,

Dəsmal gətirin bağlıyax.

Dəsmal dəvə boynunda,

Dəvə Şirvan yolunda.

Şirvan yolu buz bağlar,

Dəsdə-dəsdə gül bağlar.

O gülün birini üzeydim,

Saşbağıma düzeydim.

Qardaşımın toyunda

Sındıreydım, süzeydim.

Bax o kosanın sözüdü. Saçbağı burda irəli tikirdilər, belə çəp, yekə, başa, saça. Ujun da qotazdıyırdılar. Belə çəp dua kimi. Qardonnan kəsif tikirdilər saç bağı. Saçın belə yığırdı, bağlıyırdı. Qardonu tikif üzdüyüf bax belə. Buralardan da hamı qotaz olur.

Xıdır Nəbi gələndə xaşıl bişirirdih Xıdır Nəbinin adına. Bişmiş asırığ, o da peyqəmbərimizin biridi. Yolun saxlıyırıx Xıdır Nəbinin. İrəlidə deyillər, yalannan-gerçəhdən deyirdilər, unu qoyullar belə, orya gəlir əlini basır. İrəliki zamanalarda. Tay indi o zamana gedif, yoxdu.
II mətn

Fevralın on altısı, on səkgizi Xıdır Nəbi keçirdirdih. Buğda qovururdular, yarma çəkirdilər. Yarmanı qoyurdular yükün üsdə, guya Xıdır gəlip əlini basacax. Niyət edirdilər, duzdu kökə qayırırdılar. Qızdar yeyip yatırdı ki, görəh yuxuda bizə kim su verəcəh.

Bunun xaşılını pişirirdilər. Yarmanı, buğdanı isidip qovururdular, sora pişirirdilər. Bunnan pişirip bir tikə qoyurdular çörəyin üsdünə, aparıp qoyurdular damın üsdünə, ya bir barının başına ki, görəh bunu qarğa hara aparacax, biz hara ərə gedəjiyih? Bunu qarğa hara apardısa, deyirdilər, bu qız ora gəlin köçəcəh. Xaşılnan beləcə fala baxardılar.
III mətn

Xıdır Nəvidə o qədər xaşıl pişirirdih. Çömçəni də çölə qoyurdular ki, pişih gəlsin yalasın. Suafdı. Fevralda keçirilirdi.

Böyük çillə dekabrın iyirmi ikisi girir. Balacasının ömrü kəsilsin, on günün kəsif verillər böyüyə. Deyif ki:

Ömrüm az olmeyeydi,

Qavağım yaz olmeyeydi.

Maydan atdara qulun saldırardım,

Gəlinnərin əlni un çuvalında dondurardım.
IV mətn

Xıdırnan Nəvi iki qardaş oluf. Ravayatdə belə danışılır. Guya bınnar da peyğəmbər olufdu. Həə, bax o yeyilən ki, dediyim kimi həylə o ərzaklar-zad hazırrıyırdılar, onnarın adıynan bağlı olufdu bı.

Xıdır Nəvi, Xıdır Elyas,

Gəldi çiçəh, gəldi yaz.

Mən Xıdırın quluyam,

Boz atının nalıyam.


V mətn

Xıdır Nəvini bizim öz kəndimizdə nətəər keçirirdih? Balaca uşağıdıx, mənim qoca nənəm, belə nətəər deyim saa, okqədər nurani arvadıdı, adı da Giləxanımıdı. Deyirdi ki, balama qurvan olum, Xıdır Nəviyə hazırrıx görejem mən. Xıdır Nəvidə xaşıl pişirərdilər. Kömbə bişirillər – sajaltı. Olanda qoyun quyruğu qatırdı. Əyər qoyun quyruğu da eləməsə, soğança eliyirdilər qəşəh, xamıra qatırdılar. Sajın altında, belə orta baja olurdu, ojağı orda qalıyırdılar. Yadımdadı, böyünkü kimi yadımdadı. Onun közün, külün oana eliyirdilər, altı tərtəmiz olurdu, kömbəni salırdılar orıya. Yayırdılar, ba belə, ba bı boyda, bı boyda, bax bax bı boyda (stolun üstündəki qabı göstərir – top.). Kömbəni. Sajı da qaytarıv onun üsdünə çəvirirdilər bax belə, üsdündə ojağı qalıyırdılar, altı altdan pişirdi, üsdü də üsdən pişirdi. De gəl indi onu yeməhdən həzz alırdıx. Kömbəsi belə olurdu. Bir də kötüh kəsdirirdilər bizə, palıd ağacınnan. Belə dayrəsi bınnan birəz yoğun deyəh da, bax belə. Bir neçə dənə belə zoğu olurdu. O ağaş kəsiləndə ordan zoğ bıraxır, bir neçə yerdən. Aparırdığ ojağın üsdə qoyurdux, camışdar sağılan vaxdı, doğanda, belə deyəh ki. Onun kətəməz deyirdilər – bılama. Onu pişirəndə altında qoyurdular, birəz yanırdı onda guya bərəkətdi olur, yaxşı olur. O kətəməzi Xıdır Nəbidə eliyirdilər? Yox, o gamış doğan vaxdı, inəh doğan vaxdı. Nə vax doğur-doğsun. Onu bururdux, qoyurdux bir yerdə dururdu. Həmən kötüyü. Hə, qoja nənəm deyirdi ki, onu saxla. Mallar, gamışdar doğanda, onun bılamasını, kətəməzini pişirəndə isdifadə eləsən, onda bərəkətdi olur. Adətə bax ha! Həmən kötühdə bişirirdi? Yox, ojaxda pişirirdih, o kötühdən də birəz yanırdı da. Tüsdüsü ona qarışırdı. Bax bı minvalla. Qourğa qovururdular, qax, qoz... Bunu Xıdır Nəbidə eliyirdilər, baba? Elə Xıdır Nəvidə də, axır çərçənbədə də. Kosa, gəlin... Kosa-gəlin qayırırdıx, uşağıdıx. Pay yığırdıx. Axırında da gedif otururdux böyüh ev damları varıdı, orda. Yığılırdığ orıya. O yığdığımız payı – yumurta da verirdilər, yağ da verirdilər, un da verirdilər, pul da verirdilər. Məzə çıxardırdıx da. Balaca uşaxlarıdıx. Mənim yadımdadı. Ama indi helə şey yoxdu. Oğlan uşaxlarınnan biri də gəlin olurdu. Gəlini də oğlan uşağınnan təşgil eliyirdih. Balaca-balaca oğlannardı. Biri kosa olurdu, biri də gəlini. Hə, hansının ki, səsi bir azca belə zəyifidi, o, elə bil ki, gəlin səsi verirdi da, belə deyəh ki, qız uşağı səsi. Deyirdilər, qodu qoduya pay verər, pay verməsən, nə verər? Bax belə bir şey danışırdılar.


NOVRUZ
I mətn

Bir ay əvvəl bı bayrama hazırraşırdıx. Bir ay əvvəldən evləri tökürdüh, yuyurdux, yığırdıx, təmizdiyirdih. Hər şeyi təzələyirdih. Mən görməmişəm, anam deyərdi ki, “yer kömbəsi” bişirirdih. Saj asdın, çörəh bişirdih, çörəh qutardı, xamır hazırrıyırdılar. Quyruğu çəkirdilər, qatırdılar xamıra, yoğururdular. Qəşəh kömbə qayırırdılar. Hardasa on santımetir qalınnığında. Çörəh bişənnən sora közü götürürdülər, yerin təmizdiyirdilər. Həmin küllü yerə kömbəni qoyurdular. Sajı çevirirdilər kömbənin üsdünə, həmən qoru da tökürdülər sajın üsdünə. Vaxdı bilirdilər da. Bir müddətdən sora götürürdülər ki, kömbə maçalka kimi olufdu. Hansısa bir qıza pay aparırısansa, nişan aparırsansa, mütləq o kömbə içində olmalıydı. İndi nejə ki, şəkərbura, paxlava eliyillər, o vaxdı da mütləq şorqoğalı, kömbə olmalıydı, xonçanın içində getməliydi. Bayram gejəsi qızdar yığılırdı, gədih tuturdular, qulax falına gedirdilər, gejəyarısı su üsdünə gedirdilər. Həmin gejə su üsdünə “gədih” tutmağa gedənnər olardı. Yəni su guya bir anda dayanır. Su dayananda sən öz arzularıı deersənsə, o yerinə yetir. At çox gööşəmir axı. Əyər atın yanında durursansa, at gejənin bir vaxdı göyşüyür. Onda arzularını deməliydin. Ancax həmin vaxd, həmin gejə. Bir axır çərşənbədə hansısa bir ağajın altında dayanıf gözdüürsən, o ağaj gejə bir dəfə başını yerə əyir. Həmin o ağaj başını yerə əyəndə sən ürəyindəki arzunu deməlisən. O vaxtdar eliyərdilər. Yumurta aparıf qoyurdux. Şəxsən mən özüm eləmişəm. Yumurta aparıf qoyurdular suyun qırağına. Səhər heş kim durmadan qarannıxda gediv o yumurtanı götürməliydin. Bəxtinə, yumurtuya nə yazılıf, misalçin, elə adam vardı ki, gördü yumurtuya qara bir xət çəkilif. Yumurtanı tutax ki, bura qoyurdux. Bir qara, bir qırmızı karandaşı da yanına qoyurdun. Səhər gedif götürürdün. Yumurtuya ya qırmızı dəyir, ya da qara dəyirdi. Sudan kənara qoyulmalıydı. Çərşənbəni ötürürdüh, səhəri dururdux. Səhər isdiyər hamı hər kəsdən tez dursun ki, o duranın ağırrığı sənin üsdünə tökülməsin. Sən birinci durmalıydın. Dururdun, gedirdin axar suyun üsdünə, o suda əl-üzünü yumalıydın. Təzə su gətirirdin. Suyun içinə çaydan daş qoyuf gətirirdih. O daşı gətirif küş-bujaxlara atırdın. Bərəkətidi. Su çiliyirdih, nurudu. Ya o suyu gətirif, köhnə suyu atıf, qabları doldururdun. Çərşənbə günü un qabı dolu olmalıydı, çörəh qabı dolu olmalıydı. Ümmiyətlə, hər şey dolu olmalıydı, səhəri bərəkətnən qarşılamalıydın. Belə bir adət vardı. Ləyəndə unu qoyurdular qıravatın altına ki, bu ev ruzi-bərəkətdi olajehdi. Səhər duruf görməliydin ki, bura bir peyğəmbərin əli basılıf, bu unun içinə. Bir işarə olmalıydı. Bu da hər evə nəsif olmurdu. Mənim ana tərəfim seyid oluf. Sınaxlı seyid oluf.


II mətn

Bayrama iki həfdə qalmış, evlər təmizdənirdi, məhlə təmizdənirdi. Məhlənin çırpısın komluyurdular, yığırdılar bir yerə. Hamısın yığıf bir yerə hazır qoyurdular ki, çərşənbələrdə odduyax. Qabaxkı çərşənbələrdə – yalançı çərşənbələrdə acca-acca odduyurdular. Axrıncı çərşənbədə böyüh tonqal qalıyırdılar. Tonqallardan (ən çox cahıl oğlannar yığılırdı) dağların başına aparırdılar. Qaşqın gəlməmişdən qabaxkı hadisələri saa danışıram. Dağların başında, hamı deerdi, qoy görəh uşaxlar gedif çatıf? Orda yığılıf tonqal qalıyırdılar. Deerdilər, “Məmməd uşağının başıdı”, “Göyçənin yalıdı”, “İsdi bulağın başıdı”– belə hər yerdə tonqallar qalanırdı. O dağdan tonqallar qalanannan soora aşağıda tonqallar artırdı. Fallar tutulurdu. Uşağı olmuyan cavan gəlinnər deyirdi, qoy görəh mənim uşağım olajax? Niyyət eliyirdilər, qulaxların tutuf qapını pusurdular. Sifdə kəlmə nəydisə, onnan da qayıdırdılar. İkinci, üçüncü kəlməni gözdəmirdilər. Bir də bir-birini sevən oğlan, qız yığılırdılar evlərin birinə, kimin evi çoxdusa, arxayınçılıqdısa, ya ev damına, ya bir yerə yığılırdılar, valideynnərdən uzax. Yığılırdılar oruya, orda iynə sallıyırdılar, üzüh sallıyırdılar. Görəh bu üzühlər bir-birinə dəyir? İyniyə pambıxdan saf düzəldirdilər. Salavat verilmiş təmiz ləən götürürdülər, onu suynan doldururdular. İynələr gəlif bir-birinə dəyirdisə, bunnar qovuşajaxdı, aralı getdisə, bu, havayı işdi. Üzühlər də salırdılar, üzühlər də bir-birinə dəydimi? Belə gözün yumursan, niyyət eliyirsən, “mən o oğlana gedəjəmmi”, yaxud “mən o qızı alajammı”, orda üzüh salırdılar, belə gözün yumuf atırdı. Day elə-belə, bilərəhdən yox. Dəysə, onnar bir-birinə qovuşardılar. Axır çərşənbənin axşamı tonqallar qalanırdı, yeyilirdi, içilirdi. O axşamnan qalan qablar yuyulmazdı, zibillər atılmazdı. Həmin axşam heş vax qab yuyulmaz – çərşənbə axşamı, din-bərəkətin yuyulur onda. Səhərisi durursan əlinə bayram ayın-oyununnan – qoz-zad birəz götürürsən, suyun üsdünə qoyursan, sudan atılırsan, “ağırrığım-uğurruğum, ağrım, azarım bu sularnan axsın getsin” deersən. Sora qayıdırsan suyun üsdünnən daşdar, qumlar götürürsən, onu gətirirsən məhlənə tökürsən, mal damına, quzu damına, evə, divlərə atırsan. O sudan da götürüf gətirif məhlənə səpirsən. Mal-heyvanının qabına atırsan, otuna səpirsən. İnancdı da, o illərdə qaldı. Örüşdən təzə ot gətirif malın, bızavın qabaana tökürdüh ki, təzə otdu, çərşənbə otudu. Gətdiyimiz suda başımızı yuyurdux.


III mətn

Elə olur ki, ağaş (ən çox da bu, tutnan qoz ağacına aiddi), o ağaş bir il yaxşı gətirəndə, bir il zəyif gətirir. İlin axır gejəsi həmin ağajın divində duruf baltaynan, yavaşca, yüngülvari, ordan-burdan vurursan. Öz-özünə də deyirsən ki, ay Allahım, tut ağajı və ya qoz ağajı, biyilləri yaxşı bar verməsən, səni kəsəjəm. İndi kəsirdim, ama kəsmirəm, səni bağışdıyıram. Bar gətirməsən, səni kəsəjəm.

O düzgündü kü, ağaj onnan qorxur, çoxlu bar gətirir.

IVmətn

Novruz bayramına başdamamışdan əvvəl taxda nehrələr olurdu, o taxda nehrələrdən kəsirdilər nağara boyda böyründən, qoyun dərisin qoyurdular, qabığın yonurdular, tühlərin çıxardırdılar, (uşaxlar özdəri) onnan nağara düzəldirdilər. O bayrama qədər hazır olmalıydı. Axır çərşənbədə Keçəl, Kosa düzəldirdilər. Oğlannar geyinirdilər qız paltarrarı, üzdərin də bürüyürdülər. Bilimməməliydi bu oğlan kimdi. Qapılara düşürdülər. Qapılardan düyü, yağ, xurma kimi şeylər yığırdılar. Götürürdülər bir evin damında həm yeməh stolu düzəldirdilər, həm qıraxlarda oynamax yeri düzəldirdilər. Ev yiyəsi onnarın yığdıxları düyüdən, yağdan aş bişirirdi. Həmin o qaranı da düzürdülər aşın altına. Yeyənnən soora sahat on ikidə uşaxlar çıxırdılar bizdə Quş qayası26 varıydı, Sarı təpə27 varıydı. Hündür dağıydı. Çıxırdılar onun başına, rezin təkərrərdən yalam qalıyırdılar. (İndi ona tonqal deyirlər. Bizdə yalam deyirdilər). Yalam qalıyırdılar, yığışırdılar başına, çalırdılar, oynuyurdular. Sonra gəlirdilər düşürdülər suyun kənarına. Bizdə Dəyirman arxı varıydı. Gedirdilər o Dəyirman arxında çimirdilər. Həmin gecə bir adam evə gəlməzdi. Qızdı, oğlannı. İnanırdılar ki, kim çimsəydi, sağlam olacaydı. Xəstəliyi gedəcəh. Ona görə çimirdilər. Bunnan əlavə, Dəyirman arxınnan ayaxlarını soyunub yeddi dəfə o yana, bu yana keçməliydin. O suyun üsdünnən də keçəndə deyirdilər ki:

Atıl-batıl çərşənbə,

Bəxdim açıl, çərşənbə.

Çərşəmbəsən, çilləsən,

Hər ildən bir pilləsən...

Belə deyib addıyırdılar. Addamağın bir mənası da oyuydu kü, ağrım-uğrum burda qalsın. Deyirdilər ki, nə ağrım varsa, bu axar suynan axsın getsin. Bir də həmin arxdan yeddi dənə daş gətirib evdə saxlıyırdılar. Bu çərşənbədən gələn çərşənbiyə. Yeddi daş ona görə gətirirdilər ki, o, ruzi-bərəkət idi. Məsələn, evdə buğda xaralları olurdu. Həmin o buğda xarallarının içinə, elə yerrərə qoyurdular ki, bu, evin bərəkətidi. Çərşənbədən gəlipdi. Sonra bizdə buğda qavırırdılar. O buğdanı qavıranda birincisinnən – onnan yeyilməmiş yeddi dənə götürürdülər. Yenə onu da saxlıyırdılar ki, bu, din-bərəkətdi. Onu yemirdilər. Buğdanı axır çərşənbə axşamı qavırırdılar. Bir də ki, atanda iki dənə buğda atırdılar. Buğdanın birini oğlan, birini qız nəzərdə tuturdular. İndi o buğdanın hansısa birinci tərpənsə, bu işi nəzərdə tutubsansa, bu iş düzələcəh.

Bizdə qəbirüsdü günü – dördüncü gün, ilaxır çərşənbənin qabaxkı dördüncü günü qəbir üsdü eliyirih. Gələn həftənin ikinci günü ilaxır çərşənbəni qeyd edirih. Dördüncü gün yerrərinnən səhər-səhər dururdular. Saat ona qədər yeməh bişirirdilər. Həmin yeməyi çayıynan, nə lazımdısa, samavar götürürdülər, gedirdilər qəbirsannığa. Qəbirsannığın aşağısı bağıydı, yuxarısı da dağıydı, üsdündə də qəbirrər. Gedirdilər hamı Quran oxudurdu, ağlıyırdı, oxşamasın deyirdi, düşürdülər aşağı, süfrə açırdılar. Süfrədə hamı öz ölüsünün adına qazana duz atıb. Yəni duz atanda ölünün adını tutursan ki, onun ehsanında duz atırsan. Hamı bişirdiyinnən ortuya qoyurdu, paylaşırdılar, yeyirdilər.


V mətn

Çərşəmbə axşamı, gejə sahat on ikidən soora, yanı gejə on iki tamam olur. İl təhvil verilir. Deyilənə görə, sular bir an, bir saniyə dayanır. Axar sular bir saniyə dayanır. Bir də ağaşdar budaxlarını yerə vuruf qayıdır. Bax elə bil ki, onda da torpağa rüsxət verilir, çərşəmbə axşamı. Meyvələrə də verilir. Sular təzələnir. Gecə sahat on ikidə arzu eliyirsən. Məsələn, gejə hansı qızın qismətində hansı oğlan varsa, isdiyirsə, yaxud heş yoxdusa, gejə sahat on ikidə yuxudan durur. Qarannığ olur hər tərəf. Başına salar bir yekə yaylığı, durur güzgünün qabağında. Çox adam onda qorxur. Güzgüdə həmən o qızın qismətinə çıxan oğlan görsənir.

Bir də gejə sahat on ikidə çıxırsan çölə, görürsən ki, Ay çıxıf, Ay təzələnif, gejə sahat on ikidən sora Ay bütövdü. Ya yarımdı, ayparadı, fərqi yoxdu. Çərşəmbə axşamı çıxırsan, ürəyində nə arzun var, Aya deyirsən. Onda bir il ərzində arzularına çatırsan. Nəysə, öz ürəyinnən keçən arzuya çatırsan.
VI mətn

Üş dənə qız olur, bunnar da çərşənbənin səhərisi çıxıflar gəzməyə. Gəzməyə gedəndə deyillər ki, gəlin talehimizi, baxtımızı sınıyax.

Deyillər:

– Nətəər?

Biri deyir ki:

Qurumuş mal təzəyini, kərməni hərəmiz birini tapax, çevirəy üzüsdə.

Hərəsi birini tapıf çevirif üzüsdə. Baxıllar ki, o biri qızdarın tapdıxları kərmələr yaxşı vəziyyətdədi. Bir qızın tapdığı, çevirdiyi quru təzəh – kərmənin içi qafqaradı, özü də qufqurudu. Bu, o deməhdi ki, bu qızın talehi yaxşı olmujax. Heş yaxşı da olmadı. Elə bil ki, onun ayləsi onu yarı yolda qoydu. O, elə bir xəsdəliyi oldu ki, axıra qədər ömür sürə bilmədi. Bu, inanılmış hadisələrdi.
VII mətn

Mən Nooruz bayramı hakqında uşaxlıxda nə görmüşəm, onu danışıram. Məsələn, bizdə Nooruz bayramında müsəlman qayda-qanunnarıynan kirvələr tutulur. Bizim zonada (Mincivan qəsəbəsində). Həmin o kirvələr çox əziz, hətda qardaşdan, bacıdan da əziz olurdu. Yəni bir qan olsaydı, ölüm olsaydı, kirvə gəlsəydi həmin adamın qapısına, o bağlanırdı.


VIII mətn

Atalardan bir məsəl var ki, kirvə kirvənin damının üsdünə çıxmırdı ki, hətda ora toz tökülər.

Nooruz bayramında bir gözəl adət var idi. Bu aylənin kirvəsi o aylənin kirvəsinə uşaxdan-böyüyə təzə paltar alırdı. Qəşəh şirniyyatdardan, məsələn, biz alıçatı deyilən şirniyyatlardan bayram xonçası bəziyirdih, o payları da qoyurdux. Hardasa bu çərşəmbə ilə Nooruz bayramı ərəfəsində, ya da Nooruz bayramınnan bir gün sonra gedərdilər. Xonçaynan gedirdilər kirvəgilə. Birinci, kirvə tutan adam gedirdi. Kim kirvə tutub, gedirdi. Orda da yaxşı süfrə açırdılar, yeməh-içməh. Bir gün sonra da onnar paylarnan gəlip bunlarnan yeyib-içirdilər. Bir-biri ilə çox yaxşı münasibətləri, dosduğ əlaqələri olurdu. Kirvənin uşağı da qardaş, bacı sayılırdı həmin ayliyə.

Axır çərşəmbədə bizim eldə çox gözəl adət varıydı. Uşaxlara torba verirdih. Bu torbaları tikirdih, üsdünə də qəşəh əl tihmələriynən güllər işdiyirdilər. Bəzəhli torbaları uşaxlara verirdilər, uşağlar gedib yığırdılar. Ən çox da yığılan yumurtalar olurdu. Aylədə yaxşı yumurta, yaxşı şeyləri yığırdılar, bilirdilər ki, gələn olacax. Mincivan qəsəbəsi altı kilometiriydi, yəni onun yarısına qədər uşaxlar gəzirdilər.

Nooruz bayramında başqa gözəl adətimiz varıydı. Məsələn, ölüm hakdı. Bir aylənin ölüsü ölüpsə, Nooruz bayramı ərəfəsində məlumdur ki, həmin aylə nə ocağ üsdə qazan qoymurdu, nə də bişinti eləmirdi. Onun yaxın adamları, məsələn, mən mamamnan görmüşəm. Mamam o qonşu üçün aş süzüp, sonra nə ki, şirniyyatdardan var hazırrıyıb-eliyip, hardasa üş-dört ərəfəsi gec də yox ha, yanı ki axşam onu stolun üsdə qoyacax. Bir dənə şam-zad aparmağ olmazdı. Onu götürürdüh, aparırdıx həmin ayliyə. Uşağ əlində aparırdı, evin arvadı da onnan gedirdi. Gedirdih, mamam deyirdi ki, Allah rəhmət eləsin, bilirih ağır dərtdi, uşaxların stolun üsdün boş qoyma. O ayləyə bu bayramı keçirməyə vəsilə olurdu da.

Axır çərşəmbə günü hardasa sahat üşdən-zatdan cavan oğlannar, qızdar çıxırdıx. Bizdə təpəcihlər var idi, dağ kimi. O dağların başında təkər şinnəri yandırırdıx. Orda da deyirdilər, zarafatdaşırdılar. Sahat yeddidə, şər qarışanda (heyvan gələndə deyirdih biz ona), o vax od vururdular, yanırdı. Gecə sahat on iki, birə qədər o şinnər orda yanırdı. Uşaxlar da onun ətrafında şənnənirdilər. Sora məşəllər əllərində dağdan düşürdülər, aşağı gəlirdilər, biz çillə çıxardırdıx. Qızdar bir evdə, oğlannar bir evdə. Qızdar evdən nəsə aparırdılar, çalğı da olurdu. Yeməyi ayrı yerə qoyurdux, oynanan yerdə olmurdu. Kim isdiyirdi, gedip götürüp yeyirdi. Həmin gün çilliyə biz kişi paltarı geyirdih. Məsələn, mən özüm də geymişdim. Tanımmaz hala salırdığ özmüzü. Kişi paltarı geyirdih, gedirdih. Kişilər də qadın paltarı geyirdi. Bu, adət idi. Yəni şənlih keçirməh üçünüydü. Çilə çıxartma yeni ili qarşılamağ üçünüydü. Yəni sahat neçədə o il dəyişirilirdisə, biz onu gözdüyürdüh kü, həmin gün il dəyişilir. Sahat dört-beşdə dağılışırdıx. O dört-beşdə bizdə bulax varıydı, ona Pir bulax28 da deyirdih. Orda çinar ağacı var idi, onnar piriydilər. Ora gedib ordan daş götürüp gəlirdih. Ona lal daş deyirdilər. O daşı götürüb danışmırdıx. Düz evə qədər gətirirdih. Kimin nə arzusu varıydı, o daşı əlində gətirib təmiz bir yerə qoyursan, arzun həyata keçənnən soora o daşı yenə təmiz bir yerə atmalısan. Yəni pinti yerə atmağ olmaz o daşı. O sənin arzularının elə bil ki, daşı olur da. Bunları eləmişəm, ona görə də sizə deyirəm.

Bayram günündə pay aparılan qabı heç vaxt boş qaytarmazdılar. Onu ya həmin gün içinə doldurup verməlisən, amma ən gözəl adət budur, mamam danışırdı ki, onu səhərisi gün həmin adam içinə bir şey qoyub qaytarmalı idi.

Həmin gün təzə paltar geyinirdih. Hammıza təzə paltar alırdılar. Çərşəmbə günü məhtəbdən gəlib çimirdih, evdə bütün qab-qacaq yuyulup salavatdanırdı. Ona görə buna Cənabi-Əmir bayramı deyirdilər. Bütün qab-qacaq yuyulur, yorğan-döşəh çırpılırdı. Özün də təmiz olmalıydın, bucaxda paltarın da olmamalıydı, evin praduktu da əysiy olmamalıydı. Bu, ruzi-bərəkət deməy idi.

Həmin gecə duzdu kombə bişirirdilər, yeyip yatırdılar. Yuxuda kim ona su versə, onun həyat yoldaşı olaceydı.

Bizim məhlədə nə ki, cavan qız var, hammız bir-birimizi çağırıb gedirdih, məsələn, Nərmingilə. Gedirdiy, orda bir beş dəyqə otururdux. Böyühlərnən görüşürdüh. Qızı da götürürdüh, soora başqa qızın evinə gedirdih, orda da böyühlərlə bayramlaşırdıx, bir qızgildə yığışırdıx. Ancağ özümüz olurdux, böyühlər olmurdu. Söhbətlər eliyirdih. Soora evdən çıxanda məsələn, mənim evimnən çıxırdıxsa, mən öz başmağımı götürüb üzü qapıya, başımızın üsdən tulluyurdux. O başmax qabax tərəfi evə düşsə, həmin il sən aylə qurmurdun. Yox, qapıya düşsə, gedirdin ərə. Başmağın iki tayın da atırsan. İkisi də qapıya düşsə, ərə gedirsən.

Kiminsə arzusu varsa, məsələn, arzu edir ki, qızım instuta girsin. Əlinə bir qab su alıb, eləsi də var, vedrə götürürdü. Qapıyı açan sahatı gözüyumulu suyu tulluyurdu. Ta gözdəmirdi kimsə gəlsin, suyu tulluyurdu. O su üsdünə düşən adam yaxşı söz deməli idi. Pis söz deməməliydi. Məsələn, mən atmışam. Mən birinci il kəsilmişdim, ikinci iliydi suyu kirvələrimizgilə atmışam, dedi ki, üzəə nur yağsın.

Nooruz bayramında fala baxırdıx. Bir stakanda su götürürdüh. Üzüyə sap bağlıyıp deyirdih ki, filankəs neçə yaşında aylə quracax. Üzüh gedib gəlirdi neçə dəfə, sayırdın, sonda deyirdin ki, filan yaşda.

Başqa bir falda mən ona çox yerdə ras gəlməmişəm. Məsələn, bir qab su götürürdülər qızlar, iki dənə də iynə götürürdülər. İynənin arxasına pambıx doluyurdular. Deyirdilər ki, məsələn, bu Ramilədi, bu da Hüseynquludu. Suyun üsdən nəsə edirdilər, iynələr hərəkətə gəlirdi. İynələr bir-birinə baş-başa yaxınnaşsa, deməli, bunnarın ulduzları barışır, bir-biriynən evlənəcəh. Yox, əyər ayrı istiqamətə getsələr, deməli, olarınkı tutmuyacax.

Bir dənə də fal buydu ki, kartoşqanı götürürdülər bizdə, içinə iki dənə spiçka çöpü yapışdırırdılar. Spişka çöpünə birin oğlan tuturdular, birin də qız tuturdular. Onu gətirirdilər, bir dənə otaxda heç kəs olmurdu. Bir dənə özün olurdun. Otaxda yandırırdın, deyirdin ki, məsələn, bu filankəsdi, bu da filankəs. Onnar birləşsə, həmin gecə, deməli, onnar eyni adamdılar. Yox, ayrı səmtə getsə, deməli, bunnar tutmurdular.

1   ...   9   10   11   12   13   14   15   16   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə