AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3.1 Mb.
səhifə10/28
tarix02.12.2016
ölçüsü3.1 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

V mətn

Bı Laçın tərəflərdə Tazılar Əhmədnən, Fətulla adında iki qaçax varmış. Bınnar bir yerdə qaçaxçılığ eliyərmişdər. Nə olursa, bılların arası dəyir. Fətulla bu qaçax dosdu Əhmətdən ayrılıf Məhəmmədin yanına gəlir. Ona deer ki, məni də öz dəsdaa götü. Məhəmmət bunu bir-iki dəfə sınıyır, sonra dəsdəsinə qatır.

Bir gün bınnar yaylağa düşüllər, yaymış. Dəsdədə adam, atdı çox olur, hərəni bir alaçığa salıllar. Bı Fətulla da gəlif cavan gəlini olan bir alaçığa düşür. Evin kişisi evdə dəəlmiş. Gəlin Allah qonağı kimi Fətullanın paltarın yuyur, çay-çörəh. Yatmax vaxtı gələndə Fətulla gəlinin üsdünə düşür kü, gəl bir yatax. Gəlin alaçıxdan çıxıf gəlir Məhəmmədin yanına, olannarı deer. Məhəmmət tez silahın götürür, diriyir Fətullanın boğazına deer, köpəyoğlu, səən camahatnan nə işin var? Bilmirsən bizi saxlıyan onnardı. Camahat olmasa, hökumət bizi ikicə günə əzər. Qaçaxlar yalvarıf yaxarıllar ki, Kürdoğlu Məhəmməd Fətullanı öldürməsin. Məhəmməd axırda silahın çəkir, deer, sənin kimi binamusa məəm dəsdəmdə yer yoxdu. Fətulla qorxur. Qaçax Fətulla təzədən gəlir Tazılar Əhmədin yanına ki, qardaş, bir qələtdi eləmişdim. Gəl yenə bir yerdə olax.

Nəysə, genə birləşillər. Bir günnəri Kəlbəcərdən iki qardaş Fərhadnan Şirin Laçınnan postu götürməy üçün yola düşüllər. Gəlif bu Kəlbəcərnən Laçının arasınnan Ağquzlax yaylağına çatanda Əhmədnən Fətulla olların üsdünə düşüf soyullar. Fətulla bu cavanın – Şirinin civlərin axdaranda ordan qamsamol bileti çıxır. Deer ki, bizi də çöllərə salan bı kamsamol körəyuşaxlarıdı. Oğlanı gülləliyir. Bı yannan da Əhmət tüfəngi çəkif Fətullanı öldürür kü, həm camahatı soyursan, həm də öldürürsən. Soora tüfəngi götürüf paştalyona verif deer ki, get kəndə xəbər yay ki, bəs yolda qaçaxlar qabaamı kəsdi, posdumuzu əlimizdən aldılar, qardaşımı da öldürdülər. Mən də ollarnan əlbəyaxa oldum, öldürüf tüfəhlərin aldım. Belə qaçax Fətulluya əjəl özü cəzasın verdi.


VI mətn

Kürdoğlu Məhəmmət qaçağ oluf. On yetdi, on səkgiz il nə qədər adam öldürdü, dedi, hələ ala itdərimin qanın alıram. Atasıgilin ferması olub o vaxdı, hökümət gəlif əllərinnən alıf hər şeylərin. Elə bil ki, yetdi-səkgiz dənə itdərin qırıblar, varı, dövləti sıyrıb aparıflar. Ona görə deyirdi ki, hələ itdərin qisasın alıram.

Alış vardı, milisiyada işləyirdi. Burda da birinə general zvaniyası verilif o vaxd. Prikaz verilif ki, Kürdoğlu Məhəmmədi öldür. Bı yaxınnaşa bilmir ki, öldürə. Noolsun zvanya veriflər, qorxur da. Bu gəlif min manat pul boyun olur ku, kimsə gedif Kürdoğlu Məhəmmədi öldürə. Nəysə, Alış boyun olur. Qaban qayası var bizdə. Qəşəh maral, keçi, nə bilim, hər bir şey olur orda. Kürdoğlu Məhəmmədin orda zağası vardı. Gedir ki, Məhəmmət daşın üsdə oturub, qabağına qoynun cəmdəyin asıb. Deyif, Alış, xoş gəlmisən. Deyif ki, Məhəmmət dayı, yadıma düşmüsən, ona görə gəlmişəm. Deyif, yaxşı eləmisən. Bu gecə yuxusuzam, aftafanı götür, get, orda bulax var, ordan su gətir, gələndə sənnən söhbət eliyərəm. Aralaşannan sora duruf ağaşdan peyjama düzəltmişmiş, pəncəyi də keçirif, papağı qoyub başına, ojağın qırağına belə uzadır, keçir bir yekə fıstığ ağacının dalına. O tərəfdən gəlir, deyir, sən öl, belə fürsəti əldən yerə qoymağ olmaz. Bu yatıf, bunu ateyjam. Tapançanı çıxardır, güllə qutaranacan döşüyür. Məhəmmət ağacın dalınnan çıxır, deyir, ə Alış, atan elə atmır, belə atır. Təpəsinnən atır, kəndə də xəbər yolluyur ku, gəlin, bu iti aparın. Axı bu qaçaxdı, sən bunu öldürə bilmərsən, bu, elə bir qaçaxdı, savaddı qaçaxdı.


KƏLBƏCƏR BƏYLƏRİ
I mətn

Bizim zonada bəylihlər varıydı. Olları hamısın sürgün eləmişdilər, Gəray bəy adında biri qalırdı. Deməli, gedillər ki, bını da aparalar. Gedillər ki, Markısın, Engilisin kitabı qabağında oxuyur. Hə, gedillər baxıllar ki, sandıxda o qədir bının kitabı var ki, dünyada nə olajaxsa, hamısı bının kitabında var. Onu tutuv aparmıllar. Hə, Gəray bəy dayna. O, onda deyif ki, taxda göyə çıxajaxdı, itin qarnında küçih zəngildiyajaxdı, bilmirəm noolajaxdı. Şor tərəziyə qoyulajaxdı, deyir. Atam danışırdı, deyirdi, deməli, yeməh yediyi yerdə bir adam gedirdi ki, bəs Gəray dayı, habelə, filankəs yaman sancılandı, xəsdələnif. Düyünü belə-belə yumruluyuf, deyirdi, ala apar bını at, yaxşı olajax. Əlinnənimiş e. Həə, o vaxdı olların – həmən bizim zonanın bəylərin hamısın bax bırıya sürgün eliyiplər – bı Şamaxıya. Gəlip bırda birinin bir qızı oluv, adın Şamaxı qoyuf. Həə, bax bı saat durur. Nənəm də başqa kəndin qızıydı, qoja nənəm.


II mətn

Həə, dədəm danışırdı, deyirdi bir kişi vardı, özü də qızıllıymış e. Deyir, o da həylə göymüş, deyir, yeməzmiş. Bının qoyunun saxlıyannar varımış. Gedir qoyunun üsdünə, çobannar da bir qoyunu kəsif pişirirmişdər. Deyillər ki, əmi, gə, ət ye. Deyir, yox, qurban olum, mənim heyvanımdı, bının əti mənim boğazımnan keşməz.

Bir də deyir, bir kişi gəlir. Deyir ki, qadan alım, maa bir az yun lazımdı. Deyir, qoyunu qırxır, elə bil yuna su səpir, birinci mərtəbiyə – padvala yığır yunu. Elə bil bir kilo gələn yun, gəlir üş kilo, dört kilo. Kişi gəlir, yunu çəkəndə baxır ki, bir belə yun dört kilo gəldi. Deyir, Baxış baba, axı belə şey olmaz, bı yun yaşdı. Deyir, qurvan olum, alırsan al, almırsan, behin batejax. Qavaxdan beh vermişimiş. Nəysə, kişi bı yunu çəkir, alır, yığır, deyir, Baxış. Deyir, hey. Deyir, Baxış, almağ olar, ama yemağ olmaz. Dədəm and icirdi, deyirdi, altı yüz baş qoyunu varıydı. Deyir, qoyunu gətirip bizim kəndin içinnən aparırmışdar, bir heyvanın qılçası qırılır. Deyir, bını aparın. Deyir ki, a kişi, apar bı qoyunu kəs yeginən e, hökümət yığır aparır. Deyir, yox, dəymə, quban olum, damazdıxdı, qoy getsin. Hə, bax həylə adamnar olub o qədir.
III mətn

Deməli, Savet höküməti gələndə bizim bı bəylihləri tutduxların tutullar, qırdıxların qırıllar, qaçan da qaçır keçir İrana. Həə, onda elə bil ki, nənəm orda bayatılar çəkirdi, heş biri yadıma düşmür e o bayatıların. Yaman bayatılar varıdı orda. Bir dəfə gəldim ki, nənəm ağlıyır. Böyüh kətdən çay axırdı. Dedim, nənə, niyə ağlıyırsan? Dedi, o tay Gəray bəyin evidi. Bi dənə divarın belə çənəsi qalmışdı. Dedi, o bağda bir üzüm yemədim, bir də nar. Orda onun qızı Xanım vardı, Məhbup vardı – qızdarının addarıdı. Hər səhər gəlif ordan su götürüf gedərdilər. O vax da deyirdi ki, o böyüh bağdı. Bağın içiynən gəlif gedərdilər, onnarı heş kim görməzdi. Həə, soora nətəər olursa, bı Gəray bəyi tutullar, öldürüllər, nə bilim da, hamsı qaçax... Məhbup xanım nökərinə gedir. Mənim nənəmgil də nə bəy oluflar, nə xan oluflar. Bunnar da nökər kimi gəliflər bəylərə işdiyiflər, başdarın saxlıyıflar. Özdəri də kətdə yox, yataxlarda oluflar. Ferma kimi yerrərdə. Nənəm deyir, bir də baxdım ki, it hürür, gecədi. Deyir, da qorxumuzdan çıxmadıx, canavar adam yeyir, heş kim yox, xarabaxana. Deyir, belə səhər-səhərdi, durdum ku, genə itdər qaçır həmən o yana. Əmim çıxıf ki, bir kadındı, bir dənə də kişi xeylağı, elə baş-başa verif gecəni dərənin içində yatıflar. Görüf ki, ayılıflar, ama səsdəri çıxmır. Deyir, getdim ki, həmən bı bəyin qızıdı, Məhbup xanımdı. Deyir, bınnarı götdüh gəldih. Deyir, dedi ki, ajınnan qırılırıx. İmkan nəyə çatırsa, şordammı, məsələn, çörəhdəmmi... O vaxdar şor, çörəh-zad, heş nə yoxuydu. Həə, deyir, Məhbup xanımın başına hava gəlmişdi. Bəy qızı olasan, varın, pulun içinnən çıxasan, soora da aj qalasan da, bı necə ola bilər? Həə, deyir ki, orda bayatılar çəkirdi:

Atamın asmağa erkəyi qaldı,

Ona görə başıma hava gəlifdi.

O yadımnan çıxıf da. Onu düzəldif deyə bilmirəm. Orda nənəm qəşəh bayatılar çəkirdi. Bilirsən, adamnarın hamısınnan söypət eliyirdi, onun qarşısına da öz bayatısın çəkirdi. Bı belə oluf, belə oluf. Onnan soora bayatı başdıyırdı, bayatıları çəkəndə, indi oğul ona deerəm ki, qala beynində... Necə gəlif, necə gediflərsə, o adamnar, onun hamsın nənəm çəkirdi. Bircə dənəsi mənim yadımda qalıf. Xosdan bəy haqqında dediyi yadımda qalıf. Xosdan bəy çox quvvəli bir şəxs oluf. Deməli, qoşunu çəkif bizim bəyləri öldürməy isdiyirmişdər, onnar Sultan bəyin yeznəsin öldümüşdülər. Dayıynan bacıoğlunun başın kəsmişdilər. Sultan bəy qoşunu çəkir ki, bunnarı qırsın. Xosdan bəy hardasa bir kilometrrihdən göydə qarğanı atır, beşatılannan. Düşür qoşqunun qabağına. Sultan bəy qoşunu qaytarır geri ki, Xosdan bəy bizi qırejeh. Elə bir quvvəli oğul olur. Məsələn, nənəm deyirdi ki, o ölən vaxdı beş dənə beşatılannan vırıflar, o, yıxılmıyıv o güllüyə, qayıdıf xançəri çəkir, görsün ki, bını kim öldürüf da. Adamnar da işqafda oluf, arxadan vırıflar belə. O vaxdı işqaf oluf da, şifaner-zad olmuyuf. Deyir, gəzif, tapa bilmiyif, belə xançəri çəkif vırıf pola ki (pol da palıtdanımış, möykəm ağac olur o), tapa bilmiyif da, hersinən vırıf. Dəsdəyə kimi getmişimiş pola. Onnan soora at qaçıf, gəlif xəbərə. At da dil bilirmiş elə bil. Nənəm deyir ki, at ağlıyırdı. Deyir, bayısı çox bayatılar deyiv e orda. Elə bircə mənim o yadımda qalmışdı ki:

Kəhər atın cığası,

Tökülüfdü qan cığası.

Görün Xosdanı kim öldürüf,

Bir erməni dığası.

Bəlkə də yalan olmasın, bir yüz kuflet varıdı o zatda. Onnan sora o bəylihlərin sözdəri gəlirdi, onnara qarşı deyirdi. Bax belə-belə qəşəh bayatılardı, hamısın bir-bir addarın çəkirdi.


HAXO PƏHLƏVAN
I mətn

Keştəhdə iki gücdü pəhləvan oluf. Biri Haxo, birinin də adı Nəbiymiş. Bı Haxo çox cüssəli, ağır gövdəliymiş. El içində ad çıxarıfmış. Ama Haxo heylə də varrı dəəlmiş, kasıbımış. Haxonun qardaşı çox varrı oluf. Mallarını qışda Məşədi Xələf binəsində saxlıyırmış. Bir günnəri tezdən qardaşı görür ki, tövlənin qapısı açıxdı, dörd yaşdı bir cöngəsi yoxdu. Qar yağmışmış, tozaxımış20. Görüf kü, qabaxda adam ləpirrəri var, amma öküzün irəddi yoxdu. Ləpiri tutuf gedir, görür kü, ləpir, iz Keştəh tərəfə gedir. Fikirrəşif ki, bı ancax Haxo olajax, cöngəni boynunda aparıf. Qardaşı gəlif görüf kü, Haxo cöngəni kəsif, doğruyuf, ojax salıf bişirif. Deef, aya, qardaş, bı nə deməhdi? Deef, bildim ki, isdəsəm vermiyəjəhsən, odu ki, özüm gəlif gətidim. Qardaşı gülüf deer ki, sən ki, bı beş kilometir yolu cöngəni çiynində gətimisən, boynaa mindimisən, halal xoşun olsun. Özü də oturuf ojax qırağında Haxoynan yeyif, içif, gedif.


II mətn

Bı Haxonun adı-sanı hər yana yayılıf. Çoxdarı isdiyif ki, onnan çiyin-çiyinə gəlsin, peşman oluflar. Deellər, bir günnəri Haxo düzənnihdə atın hörühlüyürmüş. Bir cüssəli kişi ona yaxınnaşıf deef ki, qardaş, Keştəhlisən? Deef, hə. Deef, Haxo pəhləvanı tanıyırsanmı? Deef, hə, xeyir ola? Deef, bəs, gəlmişəm onnan güləşəm. Deef, gedəh qal bizdə, sabah xəvər göndərərih, Haxo gələr, güləşərsən. Gedillər, bı gələn pəhləvan Haxogildə gejəliyir. Sabax durur, çarığın geyməh isdiyəndə görür, yoxdu. Ora çarıx, bura çarıx. Haxonun arvadı görür kü, qonax çarığını axdarır. Deer, qardaş, yəqin çarığını axdarırsan. Axşam kişi tirin altda qoydu ki, it-pişih aparmasın. Qonax baxır ki, çarığ ev damının tirinin altındadı. Hər şeyi başa düşür. Nə qədər eliyir, çarığı çəkə bilmir. Arvada deer ki, bajı, xayiş eliyirəm, Haxo pəhləvana de, çarığımı versin, gedim. Haxo pəhləvan gəlif, dörd dirəh üşdəki ev damının tirini qaldırıf çarığı çıxardıf qonaa verir. Qonax sakitcə çarığın geyif kətdən çıxır.


III mətn

Bir dəfə də Qarabağ elatının Qararxay deyilən bir yeri var, yaylaxdı. Bırda toy vırılır. O vaxtdan toylarda da aşıxlarnan bərabər pəhləvannar da olarmış. Toyda gəlif bir dizi aynalı pəhləvan toyu yarımçıx saxlıyıf özüynən güləşməyə pəhləvan isdiyir. Nə qədər elillər, nəmər-niyaz verillər, dediyinnən dönmür. Axırda camahat deer ki, gedin Haxo pəhləvanı çağırın, bəlkə o karımıza gələ. Bir-iki cavan gəlir, Haxoya olanı deellər, Haxonun qardaşı da yanındaymış. Deef, mən də gedəjəm. Gəlillər toya. Haxo deer ki, Xıdır, bı pəhləvan məni görsə, güləşmiyəjəh, sən çıx oyna, bir az at, tut, sonra yerimizi dəəşəh. Xıdır girir mağara, pəhləvan bunu görüf ürəhlənir, irəli atılır. Bir az güləşillər. Pəhləvan görür kü, Xıdır güjdüydü. Onu buraxıf mağarın başına gedif, güj yığıf qayıtsın ki, güləşə. Bı heynidə Haxo Xıdırın yerinə keçir. Pəhlivan qabaanda Haxonu görəndə çaşır, geri çəkilir, güləşməh isdəmir. Haxo deer, güləşmirsən, güləşmə, gə birəz məşq eliyəh. Ordan-burdan tutuşullar. Haxo birdən pəhləvanı qaldırıf göydə saxlıyır. Hamı onu alqışdıyır. Çoxlu gətirif nəmər verillər. Toy yəəsi Haxoya bir at da bağışdıyır.


IV mətn

Bir dəfə də deellər, bir pəhləvan da Haxonun sorağın eşidif Keştəhə gəlir. Gəlir Haxonun qapısın döyür, deer, bəs, belə-belə, adıı eşidif gəlmişəm. Güləşəh, görəh kim kimin kürəən yerə vırar. Haxo gülür, deer, beyjə qonağım ol, İnşallah, savax güləşərih. Yeellər, içillər. Haxonun qonağa yazığı gəlir. Çörəh kəsiflər deyə onun qəlbin qırmağ isdəmir. Deer, qardaş, sabax gidərsən kəndin qırağında, meşənin içində bir palıd ağajı görəssən. O paçalanıf, paçanın yoğun tayın əyif torpaa sancmışam. O biri tayı durur. Get, o biri tayın da sən əyif yerə sancsan, gəl, güləşəh. Qonax səhər durur, gedir Haxonun dediyi meşiyə. Görür kü, burda bir qollu-budaxlı ağaşdı, gəl görəsən, bir tayın yerə elə salıflar ki, elə bil çubux basdırıflar. Pəhlivan işi başa düşüf elə ordan da öz yolun tutuf gedir.


TUTQU ÇAYI DEYİL Kİ, SƏNİ ÇIXARIM
Keşdəhdə pəhləvannardan biri də Nəbiymiş. Bir günnəri Nəbi qardaşı Kərbəlayı Ağaxannan Qarabağdan gəlirmişdər. Dağda qar əridiyinnən çay qalxıf elatdarı basmışımış. Tutqu axıf daşır. Bı Kərbəlayı Ağaxan atın tumarrıyır ki, çayı keçə. Nəbi qabaan kəsir ki, qardaş, gəl bu gejə qalax bı tayda, gejə ayazısın, çay sakitdəşsin, sabah keçərih. Kərbəlayı Ağaxan deer ki, mən ömür boyu kəhərə arpa-kişmiş yedirtmişəm ki, indi məni bırda qoysun? Yox, keçəjəm. Kərbəlayı Ağaxan girir çaya, çayın ortasına çatanda sel-su bıları haxlıyır. Pəhləvan Nəbi cəld suya girir, çatır onnara, bilmir, hansın qutara. Deer, qardaş, hə, hansıızı qutarım? Qardaşı kəhər atını çox isdiyirmiş. Odu ki, deyif, Nəbi, gör neynirsən? Nəbi bir nərə çəkif, at qarışıx Kərbəlayı Ağaxanı sahilə çıxarıf. Hamı görüf bını, sevinif. Yeddi sürüdən yeddi erkəh qurban kəsilif.

Ay gəlif, il dolanıf Kərbəlayı Ağaxan qojalıf, can verirmiş. Hamı gəlif Ağaynan halallaşırmış. Qardaşı baxıf ki, hamı gəlir, ama Nəbi yoxdu. Deef, Nəbini çaarın. Nəbi də həyətdə daşın üsdə qəmgin-qəmgin oturmuşmuş. Girir içəri. Kərbəlayı Ağaxan deef ki, ay qardaş, hardasan? Nəbi deef, neynim, Ağa, Tutqu çayı dööl kü, səni çıxarım. Bu selə güjüm çatmır. Deyif, ağlıyıf. Bu söz indi də Keştəhdə, camaatda el məsəlidi.


MÜXTƏLİF MÖVZULU RƏVAYƏTLƏR
QARIN-QARTAQ DARTAN QOCA
Bir kişi varmış, qoja kişi. Bının arvadı ölür. Arvadı öləndə gedillər bına bir cavan qız gətirillər. Bına toy eliyillər, oğlannarı, qızdarı, hamı oynuyur. Qız görür kü, bınnan oynamağa gələn olmadı. Əvdə də bircə kişiymiş. Uşağı-zadı, hamını ayırıf qırağa. Təhcə qojeymiş. Qız durur, bı camahat çıxannan soora çadranı atır gəlir ki, balqonda bir kişi qarın yeyir. Deyir ki, uuy Allah, bı kimdi? Qarın-qartax dartan qoja, sən də bı ellidənsan? Deyir, qarın-qartax dartan qoja sənın gülündü, sən qojanın bülbülü (avazla oxuyur, gülür – top.). Dəəndə qız bunu itəliyif qaçır. Oğlu gəlif deer, sana nolmuşdu? Hindi qarın yəən vaxdı? Qızı qaçırıfsan.
GÖBƏYİNİN ÜSTÜNDƏ QOZ QIRAQ
Bir gözəl gəlin birəccə dən götürür, gedir dəyirmana. Dəyirmana gedəndə dəyirmançı bınnan kəsir. Bınnan kəsir, bı gəlinin dört tərəfinə fırranır. Birdən gəlinə qayıdır deer, gəlsana göbəyinin üsdə qoz qırax (söyləyici gülür – top.). Deyif, a kişi, düz-əməlli danış, qoy dənimizi üyüdax. Bırda da, dəyirmançının yanında da heş kəs yoxumuş. Elə bir gəlin gedif. Deyif, qoy dənimizi üyüdax, onnan soora nə desən eliyax. Gəlin görür, üsdə bir belə (ovuclarını açır – top.) dən qalıf. Gəlin durur bir fətir daşa yapır, qıraxlıyır. Gedir çaydan aftafanı da doldurur, gətirir, qoyur böyrünə. Böyrünə qoyandə, fətiri belə-belə doğruyur yığır taxdaan üsdünə. Kişiyə deer, di gəl otur, çörəh yeyax. Kişi gəlif oturanda çalmanı başınnan açır, kişinin qolların daldan çatır gəlin. O ki deer göbəyinın üsdə qoz qırajam e. Qolların çatır, fətiri isdi-isdi doldurur dəyirmançının ağzına. Soyux sudan da tökür kişinin ağzına, iki əlli vurur təpəsinə. Kişinin ağzında bir dişi qalmır. Kişi durur, “vavavava, babababa...”. Deyir, dilinı farağat qoyardın. İndi gör adam-adamı nətəər ayıv olmasın neyliyir. Həə... Həylə qocələr var.
İKİ SÜNBÜL
Deyir, bir kişi yolnan gedirmiş. Görüf kü, iki sünbül belə qabax-qabağa dayanır. Biri deyir ki, məni məkrufdan adam gəlif yiyəjax, biri deyir məşrufdan. Bını da düyü yiyəsi eşidir. Gedir o sümbüllərin ikisin də qırır. Düyü sümbülünü ha. Gətirir asır əvdən. Deyir, arvat, böyün belə bir sirri görmüşəm. O sümbüllər bir-birinə deyir ki, məni məkrufdan gəlif yejex, biri deyir məşrufdan gəlejex yeyə. Sümbülləri asır. Günorta kişi görür kü, gələn olmadı. Deyir, ay arvat, hayıfdı, düyüdü dayna, Qülfəllahdı düyü. Avginən, at xörəyin içinə. Avır, atır xörəyin içinə. Xörəh elə yerə qoyuluf çəkilirmiş, iki kişi girir içəri. Çəkir, bıllar yeyir-içir. Deyir ki, vallah çörəh yeyənnən soora soruşdum mən də, de görüm hardansız? Kişinin biri deyir, mən məkrufdanam. O birsi deyir, məşrufdanam. Onçin bilməh olmur ku, kisməti əldən alallar, almazdar. Bax o bir-birinə kismət olur.
CƏNNƏTİ QAZANDIRAN EHSAN
Deyir, yeddi tikədən bircəciyi afsanata düşür. Bir nəfər olufdu, elə bil arvadın oğlu ölüv, irax qulaxlardan, beş ağac uzağ evdən-eşihdən, ta qız-gəlin özünü qırırmış. Bir gün – bının yeddisi günü, ajımışdar, ta ölənnən yeddisinə kimi ajımışdar. Bı oğlanın arvadı görür kü, bı ta ajınnan ölür. Gizlincə bının ehsanınnan yeyir. Səhərdən arvat durur, deyir ki, ay qız-gəlin, yığılın yanıma. Deyillər, nədi? Deyir ki, bı gejə yuxuda gördüm ki, oğlum mana deyir ki, sən töhdün-dağıtdın, şuvan21 elədin, dünyanı dağıtdın, onnan mana bi belə xeyir olmadı. Ama ayləmizdən bir nəfər mənim ehsanımnan yedi. Bircə o məni cənnətə saldı. Boynunuza alın, görüm hansınızsız deyəndə, gəlin ağlıya-ağlıya deyir, mən eləmişəm. Deyəndə gəlini öpür, deyir, Allah sənin üzun ağ eləsin! Bax bircə onun mənim oğluma xeyri olufdu. Qalan heş bi şeyin mənim oğluma xeyri olmuyufdu.
VƏRDİŞ
Bir qadın varmış, əri ovçuymiş. Gediv ovu gözünnən atırmış, deermiş ki, mənim kimi ovçu olaar? Arvat deer ki, a kişi, vərdişdi. Bir gün gedir, iki gün gəlir. Gəlir deer ki, ovu mən gözünnən atıram. Deyif (arvadı – top.), vərdişdi. Kişi bunu boşuyuf bu sözün üsdə. Qadın baş alır dünyadan çıxır gedir. Gedir bir qapıdan keçəndə görür burda mal-qara var, heyvan-zad sağıllar. Öz-özünə deer ki, hara gedirsən? Bu oğlana yalvarım, görüm məni də götürərmi, inəyi sağım, bullara qulluğ eliyim, maa bir para çörəh versinnər. Əri bunu boşuyuf, başın götürüf çıxıf də evdən. Oğlan gəlir, deer, ay bajı, kimsən, hardan gəlif, hara gedirsən? Deyif, kimsəsiz adamam, kim maa bir para çörəh versə, ona qulluğ eliyərəm. Nökərçiliy eliyərəm, axşam çörəyimi verər. Kişi bunu götürür, aparır arvadının yanına. Deyir, ay arvat, bunu da buyur, özün kimi işdəsin. Axşam da çörəyini, suyunu ver, yesin. İndi Allah tərəfdən gəlif çıxıf qapımıza. Gəlir, deer ki, mən bircə şey isdiyirəm sizdən. Deyif, nədi? Deyif, maa bircə dənə doğar inəh verin buzovuynan, ona qulluğ eliyərəm. Bir dənə inəyi götürür, elə bil ki, bu buzovun yeri iki mərtəbəymiş. Hər gün inəyi sağır, boynun tumarrıyır, buzovu alır boynuna çıxardır ikinci mərtəbiyə. Çıxardır ikinci mərtəbiyə, inəyi də sağır, südün verir bullara, qapı-bajanı da təmizdiyir, köməy eliyir. Hər gün gəlir heylə eliyir, buzovu götürcəh, o da yekəlir olur bir cöngə. Ta bu elə bir cöngəni götürə bilir. Allah-taala elə eliyir ki, bunun əri deyir, kətdəri gəzim, görüm bəlkə yoldaşım peşimandır də baş alıf getdiyinə. Yavaş-yavaş bütün düz-dünyanı gəzir, gəlif çıxır bu qapıya. Gələndə gəlin bunu tanıyır. Bilməməzdiyə vurur özün. Oğlan buna deer, ay qardaş, məni bir gejəliyinə qonağ eliyərsənmi? Deyif, niyə eləmirəm, Allah qonağıdı, eliyərəm. Bunu qonağ eliyir, qadın bunu tanıyır, heş nə demir. Söhpətdən eliyir, deer, mən ovu gözünnən atıram. Gəlin ordan, yerinnən durur, deer, vərdişdi. Deer, bunu maa arvadım demişdi. Burda şüphələnir, baxır qadına, görür həmən qadındı. Açır oğlana deer ki, mən bu sözün üsdə – vərdiş deməən üsdə bu qadını boşamışam. Qadın durur tezdən inəyi sağır, cöngəni alır boynuna. Deer, bu cöngüyə sənin güjün nətəəri çatdı? Qadın deer, vərdişdi. Mən səə dedimmi ki, ovçuluğ eləməh vərdişdi, inəyi sağıf, buzovu götürməh də. Çıkqılı vaxdan götüdüm, indi oluf yekə cöngə. Hər gün götdüyümə mənim buna güjüm çatır. Orda deer, qadının sözü düz olduğuna görə, əl verir qadına, deer, sənin sözün düzdü, kişi buna itayat eliyir, baş əyir. Bir də təzədən barışdırır, yaxşı yola salıllar, çıxır gedir vilayətdərinə. Qadının dediyi söz keçir orda, hər şey vərdişdən asılıdı.
XUDO KİMİ BARMAĞINI DİKƏLDİB QAN SALMA
Əvvəllər Keştəh kəndində çox qansızlığ oluf. Qəvirsannıxları hax, nahax ölənnərnən doluymuş. Bir cərgə öz əjəliynən ölənnəri, bir cərgə vurub öldürənnəri basdırıfmışdar. Deellər, buna da səvəv Xudo addı kişinin natarazdığı oluf. Keştəhdə deellər, camaatdarası davada ağaşnan vuruf bı Xudonu barmaan sındırıflar. Barmağı sağalsa da, yaxşı işdəmədiyinnən Xudo topal qalıf. Nooruz bayramıymış. Bayramdı də, evdə aş bişiriflər. Xudonun arvadı da uşaxların yığıf başına, hamıya aş çəkif. Baxıf ki, Xudo yemir. Deef, a kişi, niyə yemirsən? Bayram aşıdı. Xudo sırfadan aşı itəliyir ki, barmaam var, aş yəəm? Barmağın dih tutuf ku, məəm bir qeyrətdi oğlum olmadı ki, qisasımı ala. Xudonun oğlannarı bu tənəni götümür. Elə həmin gün – Nooruz bayramında gedif atalarının barmaan sındıran adamın əlin daşın üsdə qoyuf xıncım-xıncım eliyillər. Əli dağılan kişi də evinə gəlif qohum-qardaşın başına yığır, Xudonun üsdünə cumullar. Bulların arasında möhkəm savaş düşür. Xudonun iki oğlu ölür, o biri tərəfdən də biri ölür, biri yaralanır. Bu qannıçılıx camaatı belə qarışdırır. Odu ki, bir dava-dalaş düşəndə el arasında dellər ki, “Xudo kimi barmağını qaldırıf qan salma”.
ƏRŞDƏ BANLAYAN XORUZUN SƏSİ
Avdıləzim bavam möykəm ajmışımış. Ajdığ illərimiş dana. Gedif, nəysə axırı ki, bir biyavannıx düzdə ajınnan ölürmüş dayna. Deyif, Yarəbbi, ya Rəsulallah, sizə agahdı, ajınnan ixdiyarım yoxdu ku, bu addımı bir dəfə də atam. Çox da namazdı, orujdu, dindarımış. Elə-belə deyir, uzanır. Uzanan kimi yorunuğ, aj adam, yuxu bunu tutur. Yuxu tutur, nə qədər yatır onu Allah bilir. Xoruz səsinə ayılır. Xoruzun qanatdarının şapbıldısına, gupbuldusuna ayılır. Görür, burda xoruz-zad yoxdu. Biyavannıx düzümüş e, o Ağcaqum çölü kimi. Nəysə, düzəngah da, yanı səhraymış. Deyir, ayılıf görüf böyründə bi ağ surfa var. Dümmağ surfa, içində də dümağ yuxa, iki qıça pendir. Ayılır səvinif dayna, kişi yeyir, gözdəri işixdanır. Goruna qurban olduğum, surfanı da qatdıyıf qoyur cibinə. Götürür gəlir Hajı Qasım Çələbi babamın yanına. Deyir, sana qurban olum, ay Hajı Qasım Çələbi, belə-belə niyyət elədim, yatdım. Deyir ki, xoş halına sənin. Yaxşı kişisən ki, ərşdə bənniyən xoruzun səsini eşitmisən. Yaxşı kişisən ki, ərşdən qabağına gəlifdi o surfada çörəh. Çörəh gəlifdi, amma gərəh onu gətirmiyeydin. Qatdıyıv orda qoyseydın, gündə o yeməh qabağına gələjəhdi. Dəyəndə onda Çələvi bavam deyir ki, nəslində, kökündə, nəticəndə, nəvəndə biri belə sana bənziyəjəh. O da budu. Müstəqimin anası həmməşə deyirdi ki, o da sizə düşüfdü.
TAPILMIŞ XƏZİNƏ
Bəylih tərəf var bizdə. Bı Bəylihdə bir nəfər da bı bəyin oğlu gedirmiş atdı. Görür kü, bir zaddı, belə bir daşdıx yerdi. Bırdan bax belə, bı boyda, bı boyda qızıl gəlifdi. Qızıl görükür da, bının bir-ikisin götürür aparır. Deyir, ata, bəs xəznə tapbışam. Deyir ki, nətəər yanı xəznə tapbışam? Deyir, bəs belə-belə. Deyir, a bala, deyir, bizim axırımızdı. Əşi, deyir, bir belə qızıl tapbışam, nətəər? Deyir, bı, bizim axırımızdı. Onu noolar, tapırdı, bir kasıv adam tapeydi. Mən niyə tapırdım? Bizim axırımızdı. Görəh bizim başımıza nə gəlir. Deyir, aradan bir il keşmədi, iki il keşmədi, Savet höküməti gəldi hamısın tutdu, dağıtdı, darmadağın elədi. Öldüdüyün öldüdü, itidiyin itidi, belə.
ƏJDAHAYA GÜC GƏLƏN PƏHLƏVAN
Eşitmişəm. Uzağın söhpətidir, 1930-32-ci illərdə olufdu. O vaxdı, Allah rəhmət eləsin, İmran kişi olufdu. İndi çıxıf bı “Tanıdım səni”, nələr, nələr. Güjdünü, güjsüzü tapbax, tanıtmağ üçün. O vaxdı kim bilirdi, güjdü kimdi, güjsüz kimdi? Bizdə Alışar-yanar deyilən bir yer oluf. Hansı ki, ora da bir yer oluf, kənd olufdu – bizdən yuxarıda. Alışar-yanar. Bağlar, zaddar. Tərtər çayınnan gələn suyun qolu bizim Mamırrı kəndinə ordan çıxırmış. Dəhnə yeri də qədimi dəhnə yeri – Alışarın üsdü deyillər. Pirin altı deyilən bax belə yer var.

Bı, cavan vaxdarıymış da, olarmış, iyirmi beş-iyirmi altı yaşdarında-zadda. Gediv ora suyu kəsməyə, yanında da bir yoldaşı oluf, onun adın eşitməmişəm. Burda deyiflər ki, iri bir ilan olufdu. İndi kinolarda göstərillər, “Anakonda” kimi. Əjdaha da, belə. Bırda – suyun ağzında bı yanındakı yoldaş deyif ki, ə, nədisə məni qucaxlıyf. Bu qayıdıf baxıf, görüflər ki, elə əjdahadı. Bı yoldaşını əjdahanın əlinnən almağ üçün, bı əlini salıf girif yoldaşının yerinə. Əjdaha dolanıf buna, sıxıf onu. O, da özünü o qədər boşaldıf ki, ilan tam ona dolaşıf. İmran kişi bir ona çalışıf ki, quyruğu ilə onun ağzını örtməsin. O özünü tam boşaldıf, soora nəfəs alıf şişirdif. Deyillər, əjdaha bir yerdən qırılıf. Soora İmran kişinin güj verdiyinnən gözdəri zəyifliyif. Bu minvalnan iş elə gəlif ki, İmran kişi və pəhləvannar kolxoz qurulanda bizdə kuluf tikilif, qırmızı kərpişdən. Bura pəhlivannar gəlifdi, sirk usdaları, nə bilim, kəndirbazdar-zad gəlmişmişdər. Burda bının gözdəri zəyifliyif, laf yaxınnaşanda görürmüş, az görürmüş. Burda “Cəngi” çalınıf, pəhlivannar çıxıv ortaya. İmran kişi dayanammıyıf, deyif ki, hansıız mənlə güləşə bilərsiniz? Hə, onnardan biri irəli çıxanda deyif ki, a bala, sən hələ, uşaxsan. Pəhlivannar gülüşüflər. İmran kişi deyif ki, sənnən bir də qıvrağı varsa, o gəlsin. Gəliv o biri pəhlivan. Deyif ki, gözüm zəyif görür də, gərəh gəlif tam yaxınnaşasıız. Onda da mən səni qırıxlıyaram. Amma ikiniz gəlif mənim bir əlimi qatdıyın. Əyər əlimi qatdasanız, mən sizə pəhlivan deyəjəm. And içif deyiflər ki, olların ikisi İmran kişinin qolunu qatdıya bilmiyiflər. Pəhlivannarın üsdündə gələn ona baxıf, baxıf deyif ki, hayıf sənin kimi adama. A kişi, sən dünyada birinci adammışsan. Hayıf ki, biz sənnən gej rastdaşmışıx.

1   ...   6   7   8   9   10   11   12   13   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə