AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3.1 Mb.
səhifə8/28
tarix02.12.2016
ölçüsü3.1 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

II mətn

Mənim öz babam görücüymüş. Yolnan gedənə deyirmiş, ay filankəs, getmə, böyünnəri başına filan iş gələjəh. Salman addı babası varmış. Babası oturmuşumuş, Ağaverdi yurdu deyillər o yurda. Deyir, kətxuda varmış Mərcannı kəndində. Yaman əzazıl adammış. Camahatı aparırmış sahıyə, onnara tapşırıx verirmiş, isdiyəndə onnarı qamçılıyırmış, şallaxlıyırmış. Günbatanda qayıdıf gəlif işi təhvil alarmış, soora da geri qayıdarmış yenə. Bir günnəri bu yenə gəlir işi təhvil almağa. Hamı deyif ki, gün batıf da, getməginən. Bu (babam) qakqıldıyıf gülüf. Deyiflər, Salman kişi, niyə gülürsən? Deyif, Azreyıl oturub onun kürəyində. Ajdıx daşına çatanda onun canını alajax. Ajdıx daşına çatanda İran quldurrarı varımış e, elə orda gəlif gülləliyiflər.


YER ADLARI İLƏ BAĞLI RƏVAYƏTLƏR
KƏLBƏCƏR
I mətn

Kəlbəjəri binnət eliyən elə bizıx. Dört yüz ilə yaxındı, birinci Məmmət Dərələyəzdən, Naxçıvanın Dərələyəzinə, hardansa orıya qaşqın-köşgün düşüf. Ordubatda, Kotannı kəndində, Köşbəh kəndində, onnan sonra, İsdisu, Səfalar kəndində yaşıyırmışdər. Torpax bölgüsündə bınnara bölgü vermillər, yer vermillər. Deyillər ki, qaşqınsız. Bınnara həmi çaldırannar deyirmişdər, həmi qızılbaşdar deyirmişdər. Çaldıran müharbəsində, ola bilsin ki, bınnarı sürgün eliyiflər, qaçıf, bınnar qaşqın oluf. Gedif Naxcıvana çıxıf. Qızılbaşdar da Şah İsmayılın tayfasıdı. Ola bilər ki, biz – bı Məmməd ordan gəlmədi. Bınnar bırda dört yüz ilə yaxındı. Deməh, o hadisə beş yüz ildi, bı mən danışdığım dört yüz ilin söhpətidi. Məmmət deyir ki, belə şey olmaz. Özümüzə əbədi yer axdarax. Gəlillər bir dağın başınnan baxıllar ki, bir bina var. Deyillər ki, gedağ o meşəlıxda görağ o nədi heylə? Gəlillər bını təyinnəşdirillər ki, bu, vaxdikən məçid oluf. Gejə bırda qalıllar. Deməh, genişmiş də, beş-altı nəfər yerrəşif yatışıflar. Səhər durullar bir mədəni qəvirsannıx tapıllar. Köhnə əyyam qəvirsannıx. Qəbirrərin üsdə qoç şəkili, deməh, daşdan yonulmuş. At heykəli, sandıx, nə bilim belə-belə şeylər. O əl maşını ki işdiyir e, o maşının heykəlinnən düzəldif qoyuflar qəbirin üsdünə. İndi bu əl maşını gösdərir ki, bı dərziymiş. Qoç heykəli olan – bı maldarımış. At olan – bu sərkərdəymiş. Əlində nizə, atın üsdündə. Bı gösdərir ki, bı döyüşçü olufdu. Baxıllar ki, bura mədəni yer oluf da. Qəbirrər də – bı müsəlman qəbirrəri xaşpərəs qəbirrərinnən seçilir. Həmi ərəb, farsı hərifləriynən yazılıf. Həmi də qibliyə, bizim müsəlmançılıxda qibliyə qoyullar. Qayıdıf gedif deyillər ki, bir yer tafdıx. Özdəriynən də arpa-buğda toxumu götümüşümüşdər. Hə, ağaşnan şeyliyillər, civlərində gətdıxları arpa-buğda toxumunu səpillər bırda. Yazımış. Qayıdıf gedillər. Deyillər ki, belə bir yer tafdıx, cənnət kimi yerdi. Yaman da ovluğumuş, maral, buğa, cüyür. Hər şey – vəhşi heyvan da varımış, ama ovlux çoxumuş. Gedif deyillər ki, belə bir ölkə var orda. Özü də kalafalar var, əyyam hörgülər var, getməliyığ orıya. Payıza dönəndə həmən bı Məmmət deyir ki, gedin baxın. Görağ o taxıl nejə yetişif? Gəlillər ki, qarışdan artıx sümbül var, toxmax kimi dən tutuf. Buğdanı biçif, dəsdəliyiv aparıllar. Aparıllar deyillər ki, qış gəlsin keşsin, indi payızdı da, taxılı aparıf gösdərif, yazda hazırraşın, köçax. Bı yer ki belədi, köçax. Orda yazda hazırraşıllar, yeddi aylə gəlir: Kəlbəjər, Geşdəh, Zar, Zəylih, bir də Dağ Ayrım deyirıx. Bir də o. Gəlillər yığışıllar bırıya, bı yeddisi də, orda zağalar varımış bı sahat da durur e. Mən özüm çoban olmuşam, min qoyun yerrəşirdi zağıya – kahıya. Elə kahalar varıdı, alt-üs mərtəvəydi. Keçini döyürduğ, üs mərtəvəyə çıxırdı, keçi qoyunu vırırdı, buynuzdu olurdu. Vırırdıx çıxırdı yuxarı, qoyun qalırdı aşağada. Bircə it bağlıyardıx qavağında, vəssalam. Ta orıya nə canavar girəsidi, nə oğru girəsidi. Belə zağalar olufdu. O zağalarda da vaxdikən vəyşi adamlar yaşıyıf. Qazıntı nəticəsində nizə çıxdı, xənçəl çıxdı. Hindi orasın da deyim. Həmən o dedığım yerdə, söybəti azdıraram, yadımnan çıxar. Həmən o dedığım yerdə ev tikirmişdər. Ev damı deyirıx da – yeraltı ev. Ev damı bilirsiz siz də? Əv damı da deyillər, ev damı da. Ev damı beləsinə hündür gəlir, birjə baja qoyullar, genbaş. Hə, ev damı tikirmişdər. Qəbir üsdən bir qəbir çıxır. Qəbir balaja olur. Yer yamacımış. Üş metir bı xəndəh yenir. Üş metirrıxdan bir qəbir çıxır. O qəbirdən kəllə çıxır, sümüh çıxır, adam sümüyü. Bizdə cannı adamların başıynan o quru kəlləni ölçüllər, quru kəllə dört barmax sağ adamın kəlləsinnən yekə gəlir. Bı aşağa bı sümüh elə qoyurmuşdar, belə dizə da bırdan aşağa. O vırıf çıxırmış budun ətəyinə. Ordan məlum olur ku, o dövrün adamı üş metirə kimi varımış. İndi bıranı gəlif tutullar, kahalarda yaşıyıllar, ovçuluxnan məşqul oluf, bir il-iki il ov əti yeyillər. Təzdən yeraltı damxalar, damlar düzəldillər. Deyillər ki, meşəni qırax, bıranı əkin sahəsi eliyax. Meşəni qırıllar, öküzün qüvvəsi, zoru çatmır. Kəl qoşqusuynan, gamış kəli, kəl bilirsən da? Gamış kəliynən qoşullar, dört kəl, altı kəl yan-yanaşa, qoşa-qoşa qoşur. Bı düzün ağaşdarını, daşını, qəyəsini təmiz təmizdiyillər. Bir-iki yüz hekdar yerdi. İki yüz hekdar yeri kəlnən rahətdiyillər. İndi deyillər ki, gətirin bı yerə ad qoyax. Gəlmişıx da. Bı adsız yerdi. Biri deyir ki, bax bı taxıl deyir ki, gəl bejər. Gəl məni bejər. Biri deyir ki, yox, taxıl deyir ki, gəl bajar. Gəlbajar. O ulu bava deyir ki, yox, bı kəndi biz kəl qoşqusiynən irahatdamışıx. Ona görə bıra Kəlbejərən kəndi deyax. Kəlbejərən kəndi qalıfdı Kəlbejər.
II mətn

Deellər ki, bir vaxdar Zəngəzurda iki əmoğlu oluf – Kərbalayı Ellaz, bir də Məmmət. İkisi də əmioğlu oluflar. Bir günnəri bu əmoğluların tayfasıynan başqa tayfalar arasında qannıçılığ oluf. Bir-birrərinnən adam öldürüf qisas alırmışdar. Fikirrəşillər ki, böön-sabah uşaxlar böyüyəjəh, onda bu dava da böyüyəjəh. Qərarraşıllar ki, gedif başqa torpaxda yaşasınnar. Gəlillər, çoxlu yerrərdən keçillər, bir düzənnihdə yurt salıllar. Ətrafda heş kim yaşamırmış, hər tərəf meşəymiş. Meşəni qırıv ojax çatırmışdar, uzax yerrərə ova gedirmişdər. Bir günnəri Kərbalayı Ellaznan, Məmməd ova gedəndə indiki Kəlbəcərin torpağınnan keçillər. Görüllər ki, bura bir dəmyə14 yerdi. Xurcunnarınnan bir az arpa, buğda çıxarıf torpağa səpif uzaxlaşıllar. Bir il keçir, genə bullar ovdan qayıdanda baxıllar ki, səpdihləri buğda, arpa yekəlif bir zəmiyə çönüf. Seviniflər, gediflər el-obanı, qohum-qardaşı yığıf bura gəlif məskunnaşıflar. “Gəlin, becərəh, dəmyə torpax belə məhsul verirsə, görün ona baxsan noolar!”, – deyiflər. Belə, iki əmoğlu Kərbalayı Ellaznan, Məmmət yığışıf burda yurt salıflar. Kəlbəcəri aralarında bölüflər. Tərtərin sol cinahı Qoçdaşdı, bıralar Məmmədə, oğlannarına qalıf, sağ cinahında Qaraqaya tərəfləridi ki, buralar da Kərbalayı Ellaza qalıf. Sooralar Qazaxdan, Dərələyəzdən, Sisyənnən, Laçınnan da camahat köçüf gəlif bıralara. Yaşıyıflar. Gözəl düzənnihləri, dağları, daşdarı var Kəlbəcərin. Lülpər deeflər, qəşəh bitgidi, bizdərdə cənnət bitgisi də deyillər. O Kəlbəcərdə bütün qayalıxlar, bulaxlarda bitir. Bizdərdə Şapı, Taro kətdəri var. Bax o da Məmmədin əvlatdarının adıynandı. Məmməd qızını Tapo addı bir qohumuna verif, bir az da torpaxlardan verif ki, yaşasınnar. Sooradan bu yerrər elə qızın adıynan Şapılar kəndi addanıf. Çox vax bu yerrərə oğlanın adıynan Tarolar da deyillər.


CEYRAN BULAĞI
Bizdə Ceyran bulağı var. Orda – o dağda ceyran olmurdu. Ceyran addı bir gəlin o dağda alaçıx quruv otururmuş. Əri bayevoy oğlanımış. Əri də tafşırmışımış ki, mən oldum, olmadım, qonax gələndə çovannara heyvan kəsdir, mədəni qonaxlığ elə.

Əri evdə yoxumuş, itdər hürüşür. Gəlin çıxır çölə ki, alaçıxlardan yuxarı döşdə üç atdı dayanıf. Atdının biri deyir ki, ay bajı, evdə kişi varsa, gəlif bir qısmat çörəh yeyax. Yol adamıyığ, ajmışıx. Deyir, qardaşdar, gəlin, gəlin, var, kişi var, gəlin!



Hansı ki, kişi yoxdu. Gəlillər, atdardan düşüllər, çovannara xəvər eliyir ki, gəlin, qonaxları irahat eləyin. Çovannar atdarı bağlıyır. Atdarı bağliyənnən sohra bınnara heyvan kəsir. Əti qoyur ojağın üsdündə çovannar, gedillər qoyunun qırağına. Ət hazır olunca bir axmağı, bılların bir axmağı bı gəlinnən xoşu gəlir. Yoldaşdar pıçapışnan danışır ki, ə, bı bizə heyvan kəsir, çörəh düzəldir. Deyir, yox e, bına söz atejem. Bı gəlin duyur. İki yaşında bir oğlu varımış. Uşağı gətirir qoyur sürfənin qırağında, deyir ki, ərim yoxdu. Sizi də çağırdım ki, evdə kişi var. Mən ərimin əvəzinə bı uşağı sizin süfrənin yanında oturtdururam ki, ərimin çörəyinə xəyanət eləmiyəsiz. Yeyif, duruf gedəsiz. Bı hayasız oğlan yenə əl çəhmir. Əl çəhmiyəndə keçir geridə çətənin dalında ərinin tapançasın doldurur, qoynuna qoyur. Qayıdır evə. Evə qayıdanda bı, gəlinə göz vırır. Göz vıranda bı qonaxlar ala-tələsih bir qırıh çörəh yeyillər, süfrədə çörəh qalır, bıllar çölə çıxır. Çölə çıxanda deyir, nə demağ isdiirsən? Deyir, sənnən ötürü ölürəm. Naqanı sıxır bının təpəsinə. Bını şiltə-şiltə eliyir, ölmür, çiyni təmiz para-para olur, yıxılır yerə. Keçir geridən qışqırır çovannara, deyir gəlin. İtdəri qıy vırır. Bınnarın hamsını dusdağ eliyir. Bınnarın qolların bağlatdırır, gətirir, yıxır evə. Covannar deer ki, gəti bını öldürax. Deyir, yox, öldüməyin. Ona əzyət verejem. Yaralı bının qolun da bağlıyır, qışdarın bağlıyır. Yıxır orıya, hətda deyir, itin mıxına bağlıyır. Axşamüsdü bir də görür kü, əri gəlir. O iki günahsız qonax da covannara yalvarır ki, bizim nə günahımız var? Onu gülləliyifdi, qalsın, öldürəllər, özdəri bilər, öldüməzdər, özdəri bilər. Bizi boşdasınnar, gedax. Çovannarın ağsakqalları Ceyran xanıma minnət eliyillər ki, bınnarın nə günahı var, bınnarı boşda. Deyir, qoy ərim gəlsin, bınnarın üçünə də köməh eliyejem. Bınnarı boşdatdırejem. Əri gəlir, deyir, ay xanım, dəəsən, yaxşı qonaxlarımız var. Deyir, hardan yaxşıdı, biri yaralıdı. Deyir, nolufdu ona? Deyir, yolnan gəldıxları yerdə kim tərəfinnənsə, dalaşıflar, birini gülləliyiflər, indi odu evdə yatır. Deyir, bəs dava-dərman, fılan? Deyir, dava-dərman yox, heyvan kəsdim, onu da elə yemədilər. Çovana deyir, ayrı bir heyvan kəs. Süfrə ortıya gələndə bu qonaxlar əlin uzatmır. Əlin uzatmiyəndə oğlan deyir ki, sizi hariyə desəniz, oriya aparejem. Həkim tapejem. Həkimnən sizə köməh eliyejem. Yaralını qutarejem. Deyillər, yox e, yemiyejex, çörəh kəsmiyejeyıx. Ceyran xanım əylənir, süfrənin qırağında. O qonaxların da silahların almışımış. Silahları da qoyur süfrənin qırağına. Deyir, sənin bı halal çörəyin hakqı, yalan danışmiyejem. Bax bı mındarçı yaralı mana söz atdı. Mən sənin naqanını dolduruf qoynuma gizdəmişdim. Bının təpəsinə atırdım, dəyif çiyninə, qolu şiltə-şiltədi. Öldümədim, yaralı qaldı. İndi süfrə üsdəyıx. Səni ant vermişəm bı sürfüyə, əlavə qan eləmə, da birin mən eləmişəm. Sən qan eləmə. Bınnarı da boşda, bağışda, çıxsın getsin. Oğlan qalır çari-naçar. Deyir, di dursunnar çıxsınnar, gessinnər. Neçə ki əlim dəymiyif, dursunnar, gessinnər. Bı ikisi atdanır getmağa, yaralı durmur. Deyir, ya məni öldürməlisiz, ya anamnan Ceyran xanımın anası gəlsin, bir molla gətirsinnər dindar, bizi siğə qardaş-bajı oxusunnar. Mən də camahat içində elan eliyim ki, mənim kişi qeyrətim təslim oldu bir xanımın qeyrətinə. Qoy el maa nifrət eləsin, bınnan – bu gəlinnən də qardaş-bajı olax. Nə inkar eliyillər, deyir, onda məni öldürün. Getmiyejem. Məjbur olullar, molla gəlir bınnarı siqə qardaş-bacı oxuyullar, gəlin də ki bını vıranda tələsih qaçır bılağın üsdündə yuyunur. Həmən bulax qalır Ceyranın bulağı. Ceyran bulağı, Ceyran bulağı, Ceyran bulağı həmən xanımın adıynan qalıfdı. Həə, belə addar olur. Bunu mana Bərdə rayonunnan Soganverdilər kəndinnən Əvəz addı bir kişi danışdı.
GƏLİN QAYASI15
I mətn

Ovada cahıllar aylə qurullar. Kəndin bir cavanı qeyri bir kəntdə bir qız görür, qıza vırılır. Qız, həyqətən də, gözəl qız olur. Atasına çatdırır ki, gedin o qızı mana alın, gətirin. Deyir ki, a bala, o kəndi tanımırıx, getməmişıx, görməmişıx. Gəl öz kəndimizdən birin isdə, onu alax. Deyir, olmaz, o qız gəlməlidi. Atası deyir ki, onda mən gedim, onnarın əsli-nəslinnən halı olum da. Gəlir qonaxçının birində bunnardan halı olur ku, qızın anası düzgün ana döyül. Qayıdır gəlir, deyir ki, oğul, getdim örgəndim, qızın anası xoşa gələn döyül. O qızdan əl çəh. Deyir, qıznan anasının nə işi? Deyir, oğul, deyillər ki, qız anasına çəkər. Gəl, əl çəh. Olmur. Kişi deyir, onda bu hak-hesavı kəndimizin ağsakqalı var, yolgösdərəni var, gedağ ona danışax. Gəlillər, bı kişiyə danışıllar. Kişi deyir ki, ay oğul, atan düz deyir, bırdan qız al. Deyir, yox e, o qız gəlməlidi. Mümkün olmur. Deyir, onda gedin, oğlunu da götür, get o qızın qonşusunda qonax qalın. Ordan örgənin görün o arvadın, qızın zatı, əjəbatı nədi? Gəlillər, bırda qalıllar, axşam olanda qoruğ üsdündə dava düşür. Görüllər, bir arvad əlində ağaj çox hərcayılığ eliyir. Orasına döyür, bırasına döyür, nalayığ-nalayığ ağsakqalları təhqir eliyir. Bı oğlan örgənir ki, qızın anasıdı. Qayıdıf gəlillər, ağsakqala danışıllar ki, qız heş-zad eləmədi, ama qızın anası belə bir oyun çıxardırdı. Deyir, oğul, anasında olan balasına verir. Gəl nəhlət şeytana de. Mümkün olmur, oğlan özün hədəliyir ki, onda gətirməsənız, özümü öldürejem. Ağsakqal deyir ki, təcili durun, da bı özün öldürər. Gedax, qızı gətirax. Mən də gedirəm. Ağsakqal da qoşulur bına, gedillər qızı götürüf gəlillər. Gəlillər, Sarı yaylağına çıxanda orda bir qayanın divində kölgələnmağ üçün düşüllər. Yayımış. Deyillər ki, atdarımız otdasın, sudan-zaddan içax, durax gedax. Bı heynidə Qarabağ bəylərinin birinin ilxıçısı ilxını haylıyır yamaşdan tökür suyə, çayə. Atdar oynuyuf çayə töküləndə bı toy adamları maraxlanıf atdara baxıllar. Baxıllar üş yüz-beş yüz atın içində bir ala dayça var. Bına çox maraxlanıllar. Bı atı otaran mehdər gəlir bı ağsakqallarnan görüşür, bı da ağsakqalımış. Yetmiş-həşdat yaşında kişiymiş. Bı oğlanın da apardığı ağsakqal soruşur, deyir, a mehtər, sənnən bir söz sorişejem. Bax bı toy atdıları bir belə ilxı içində bir ala dayçanı maraxlı bilillər ki, bı nədən oluf. Deyir ki, ağsakqal sağ olsun, bırda elə marax yoxdu. O ala dayçanın qarı nənəsinin nənəsi də ala idi. O, nəslə çəkif. Anasının südünə, nəsilə çəkif. Bı oğlan da bına qulağ asırmış. Fikirrəşir ki, qarı nənəsinin nənəsi. Hansı ki, elə mənim bı isdədığım qızın anası sarsaxdı. Deyir, gəlini geri qaytarın. Ay bala, etməyin, eləməyin. Deyir ki, o ala dayça ki neçə illərdən bəri qalıf, qalıf, qalıf, axırda qarı nənəsinə çəkif, bı gəlin də çəkejeh. Qaytarın ki, qaytarın. Nə imkan eliyillər, olmur. Onda o qəyənin adını “Gəlin qayıtdı qəyə” qoyillər. Tədricən-tədricən olur Gəlin qayası.

Bınnarı ulu bavalardan eşitmişəm.
II mətn

Gəlin qayası belədi ki, kətdən-kəndə, eldən-elə, obadan-obuya yanı qız alırdılar, nişan eliyirdilər, toy eliyirdilər. Elə olur ku, “Gəlin qaya”dan aralı başqa bir kətdən qız alıllar. O vaxdı da maşın yox, filan yox. Yanı atnan gəlirdi. Bizdə toy eliyəndə gəlin çarçovlu, üzü örtülü ata minərdi, yəni atınnan gələrdi. Gəlini mindirillər ata, gəlillər, o qayanın yanınnan gələndə orda bir bölüh xam at olur. Bunun içində bir ala at olur. At ala olmaz axı. Ala at olur. Ağsakqallar, filannar fikirrəşillər, ay bala, bu nətəər cinsdi, bu nədi? Deellər ki, onun cinsində var. Elə bu gəlinin də cinsində başqa hərəkətdər var, olarmış. “Cinsində var”– dəəndə oğlanın atası ağsakqal adammış, fikirrəşir ki, “cinsində var, bəli” gəlini ordan qaytarır atası evinə. Yanı gələjəhdə nəysə ola bilər. Onun adı qalır heylə Gəlin qaya. Gəlin qaya yox, əslində Gəlin qayıdan qaya. Mənim buna yaşım çatan deyil, orda olmamışam, əfsanə kimi eşitmişəm. Sooradan ona “Gəlin qayıdan” demiyiflər, deyiflər, “Gəlin qaya”.


III mətn

Qaynanası gedir, gəlin gətirillər evə. Axı, bu qoynun qarnı qat-qat olur, gej yuyulur. Buna qoynun qarnın verir, deer apar, üş dəyqiyə yu, gəti. Üş dəyqiyə bu yuyulan şeydimi, ay imanın yansın, heylə qaynana. Gətirir gəlin, axı üş dəyqə nədi? Yekə qarındı, bunu gərəh aralıyıf qatdarın yuasan. Bunu yuanatan bu gej olufdu, gələndə arvat bunu dannıyıfdı. Dannıyanda deyif, niyə belə gəldin, nə işnən məşğuludun? Deyif, ay nənə, Vallah, bunu yuyurdum. Bu arvat bunu dannıyannan ayna, bu gəlin bir çatı götürür gəlir Gəlin qayıya. Orda özün atıv öldürür. İndi Gəlin qaya odu. Gəlin özün atıf öldürür. Qaynana mındar olsun, it olsun. Özün atıv öldürür, onnan Gəlin qaya qalır.

Kəlbəcərdə, Dəlidağın yaanda yerrəşir.
QOTURLU ZONASI
Bizim zonaya Qoturun zonası deyilib. Niyə Qoturun zonası addanıf? Bizim Kəlbəcərdən bir nəfər kətdən gəlif, rayona gedif də. Bının beli qaşınıf. Beli qaşınanda da bı özün verif, orda belə daş olub. Daşa belin bax bu qayda sürtüf, qaşıyıf da. Hə, orda bir yoldaş qayıdıf deyif ki, ə nooldu? Qotur olmusan, qaşıyırsan belini? O sözdən o yer bizim o dərənin adı qalıf Qoturru zonası. Bax o bi dənə o sözə görə.

MAMIRLI KƏNDİ
Köhnədən, təxminən yüz il bunnan qavax danışılan şeylərdi. Biz elə qojalardan, yaşdı adamlardan eşitmişih. Savet höküməti olmamışdan qavax, çarın vaxdında onda Gəncə quberniyası, Tərtər olan vaxdarı məmurrar yaşıyırmış bu kətdə. Bu kətdə onnarın evləri, taxıl ambarrarı da varmış. Həmin evlərin, taxıl ambarrarının bünövrələri son illərə kimi qalırmış. İndi də durur. Mən özüm onnarı görmüşəm. Deyillər, həmin o məmurrar gəlif ətraf beş-altı para kətdən yığılan vergiləri – taxılmı, unmu, pulmu yığırmışdar. Son vaxdar camahat savatdandıxca, elə bu adamlara məmurrar deyirmişdər.

Savet höküməti qurulannan soora bu məmurrar, dəyişərəh Mamırrı adını alıf. Bəzən bu kəndin adını kətdə mamırrarın (suda bitən bitki növüdü – top.) çox olmasınnan əlaqələndiriflər. Ama mən bu kətdə heç mamır görməmişəm. Bı mamır ağaca, daşa yapışan bir bitkidir. Bizim kətdə isə olmur. Heş mən mamır görməmişəm.

Camahatdan alınan vergilərin yığıldığı binaların bünövrələri indi də olduğu kimi duruf. Həmin o bünöyrəsi qalan binalarda məmurrar, vergi yığannar oturuf. Onnarın yığdıxları vergilər həmin ambarrara yığılıf, bırdan da belə Gürcüstana. Altı qardaş çinarın yanınnan da birbaşa yol var. O yol çıxır Seyidimli yoluna, Tərtərin üsdünə. Qədimi yol oluf bıra. Bax o ambarrarın yanınnan. Həmin o çinarrar da yol qırağında oluf.
KƏNGƏRLİ QALASI
Kəngərridə qalaça var dəyirmi. Axıracan hörülmüyüp. Başı yarımçıx qalıb, ona başı kəsih Kəngərri deyilir. Bax o qalanın adıynandı Kəngərrinin adı. Deyillər, usdad şagirdini tam örgətmiyip. Ama şagirt də fərasətdi şagirdimiş. Tam örgənip bənnalığı. Gəlirdi gecələr onu tikirmiş, günüz gəlip usdasının yanında işdiyirmiş. Usda bilməsin, bilsə, qoymaz. Deyər, hardan öyrənmisən dəqiq hörməyi. Usta bir gün görür kü, ə, qalaça qalxıp. Deyir, bunu mənnən başqa bilən yoxdur. Bunu kim hörüb? Güdüp görüp kü, şagirdidi. Şagirdinin başını kəsib. Və o qalaça başı kəsih qalıp.
KEHTİ DAĞI
Deməli, iki qardaş olullar. Bullar çıxıllar ova. Birinin adı Kehti olur, o birinin adı Mehdi. Elə olur ku, qar olur, boran olur. Bullardan biri borannan yayınmağ üçün girif maralın dərisinə. O biri qardaş elə bilif bu maraldı, bunu vuruf öldürür. Gedir görür kü, qardaşıdı. O dağda basdırır, gətirə bilmir. O vaxdan da dağın adı qalır Kehti dağı. O qədər hündür dağdı ki, qar elə qalır. Məsələn, bu ilki qarın üsdünə gələn ilki qar yağır.
TARİXİ ŞƏXSİYYƏTLƏR, QAÇAQLAR, TANINMIŞ İNSANLAR VƏ PƏHLƏVANLAR HAQQINDA RƏVAYƏTLƏR
İSGƏNDƏR ZÜLQƏRNEYN
I mətn

O İsgəndər o vaxdı Əzrailnən danışıfdı, deyifdi ki, mənim canımı havağ alajaxsan? Deyif, sənin üsdün dəmir, altın taxda olan vaxdı. Bıllar gedillər, elə bil ki, ta İsgəndər dənizdən, dəryadan da xərac alırmış. O qədər dünya, dünya deyə durmuşumuş, hamı ona baş əyirmiş. Deməli, bir gün bilmirəm, hardan gəlirmişdərsə, Ərəbisdan çöllüyündə çox isdi olur, bınnar gətirillər bına kölgəlih qayırırlar. Altına taxda döşüyüllər. Üsdünə də, qılıncı qoyuf şey olanda, birdən belə baxır deyir, hə, mənim əjəlim gəlifdi. Orda yolda ölür. Yolda ölür, gətirillər. Qavaxcan deyir ki, anama mənim ölmümü çox tez bildimə. Elə bil gəlillər bınnan qavax bının dəsdəsi, fılanı... Onun dalıcan mollalar belə gəlillər. Gələndə deyir ki, anası da bilir, deyir, İsgəndər dünyasını dəyişifdi. Dəəndə bı deyir ki, anama deen ki, mənim halvamı, mənim eysanımı elə adama versin ki, onun qətiyən dərdi olmasın. Bı səfər bı arvad özü deyir ki, mən özüm aparajam bının eysanın paylamağa. Bını aparır, gedir bütün dünyanı gəzir. Gəzir, o deyir bajım ölüf, bı deyir qardaşım ölüf, o deyir, oğlum ölüf, bı deyir, atam ölüf. Gəzir-gəzir. Bir dərtsiz adam tapmır, qayıdır gəlir. Deyir, hə, İsgəndər bıın təsginniyi üçün deyirmiş bını.


II mətn

İsgəndər padşaha münəccim deyir ki, sənin filan vaxda ölümün gəlif çatıf, özü də elə yerdə öləsisən ki, poladın içində öləsisən. Bu deyir ki, nətəər olur, mən padşah olam, polat nədi, poladın içində niyə ölürəm? İndi bu deyir ki, qoşunu varmış, ordusu varmış, mollası varmış, nələri, varı, dövləti, aşığı, çalqısı, hər şeyi varmış. Anasıın da iki mərtəbəli evi varmış. Yığılıf gedillər. Deyir, mən gedif dirilih suyunu tapajam, içəjəm, ölmüyjəm. Ölmüyjəm deməhnən olur? Gedir, oənə, buənə, o qədər axtarıllar. Dirilih suyunu gərəh Allah yetirə, imkana çıxarda. Axtarmaxnan dirilih suyu yayın günündə tapılar? Bunun vaxdı gəlif çatır. Təntiyir bu. Gətirir tüfəyləri baş-başa yığıllar, munu uzadıllar, kölgə kimi eliyillər, uzadıllar içində. Deyr ki, hə, elə həmin poladın içi budu. Mənim vaxdım çatıf. Mənim anama deyin ki, mənim eysanımı dərdi olana verməsin, dərdi olmayana versin. Deyir, burda bu canını tapşırır. Deyir, bir də anama deyin ki, mən oxçularımın sayasında canımı qutarmalı olsam, qutarardım, döyüşçülərimin sayasında canımı qutarmalı olsam, qutarardım. Bir belə varın, dövlətin sayasında olsaydı, verif canımı qutarardım. Hə, mənim qismətim də bureymış. Anası görür kü, İsgəndərin qoşunu gəlir. Həmeşə nə şaddıxnan gələrdi. Bu səfər məyus gəlir. Gəlillər, deyillər ki, bəs ana, İsgəndər belə vəsiyyət eliyif. Deyir, bala, gedin, təklif eliyin də, kimin dərdi yoxdu, gəlsin eysan yesin. Deyir, biri deyir qardaşım ölüf, biri deyir bajım ölüf, biri deyir dədəm ölüf, biri deyir nənəm ölüf. Heş biri bu eysan yiməyə gəlmillər. Deyir ki, bala, onu mana təsginnihdən ötrü helə deyir. Gedin deyin, hamı gəlsin eysanı yesin. Hamı gəlir, eysan yeyir.

Bir də Musa peyqəmbərin dövründə elə bil ki, ölüləri çağırarmış, dirildərmiş bu Musa peyqəmbər. Bunun ayləsi, anası vəzyətin bilərmiş. Gedillər, durullar qəbrinin yanında. “Ay İsgəndər, ay İsgəndər”, – deyillər. Nə qədər İsgəndər hay verir. Hənki İsgəndərnənsən? Deyir, bala, bu da mana bir təskinnihdi.
ŞAH ABBAS VƏ VƏZİRİ
Abbas bütün şahlardan, qızım, üsdün gedir. Heş bir şaha cənnətməkan deyilmiyif. Şah oğlu Şah Abbas cənnətməkan oluf. Özü şah oğlu oluf, özü də cənnətməkan olufdu. Şah oğlu şah Abbas özü dərviş-nizam oluv ölkəni gəzirmiş. Fağırı, fuğaranı, mənim kimi qojalardan gedif söz soruşurmuş (İndi gəldin sən söz soruşursan. Mən qıvrıla-qıvrıla qalıram ki, o bildihlərimnən yadımda döyül kü, yığışdıram verəm o qıza). Həə, o bütün Yer kürəsini gəzirmiş. Nəyinki öz məmləkətini, bütün məmləkəti gəzirmiş. El arasında bir şey deyillər. Deyir ki, arvatdar toyuğu kürkə yatıranda, deyir ki, yumurtaları düzün, çıxım, görüm kimi görürəm. Əyər kişi görsəm, çoxu xoruz çıxejeh. Arvat görsəm, fərə olejeh. Şah Abbasın da vəziri kürümüş. Vəziri yanında gedirmiş, ağlı kəsmiyən adamların təpəsinə bir güllə vırırmış. Şah Abbas da deyirmiş ki, a kişi, sən mənim yanımda bı hərəkətdəri eləmə. Həə, bı Şah Abbas bir dağnan gedirmişdər, kəndin qırağıynan. Arvat qızına deyir ki, yumurtaları düz, qaçım çölə, görüm kimi görürəm. Qaçır çölə, baxır ki, Şah Abbas gedir. Deyir, a atdılar, a atdılar, a atdılar, əyağınızı saxlıyın, əyağınızı saxlıyın! Üş atdıymışdar. Vəzir də dəyanır, Şah Abbas da dəyanır. Bunnar əyaxların saxlıyıllar, görüllər arvat düşdü içəri. Heş zat demədi. Deyillər, o arvadı çağırın, çıxsın çölə. O bizi saxladı. Görax nə deyirdi ki. Arvat çıxır, deyir, ay qardaş, gedin. Toyux kürkə salırdım. Dedim, görüm kimi görürəm. Onda vəzir tüfəngi hərriyir ki, arvadı vırsın. Deyir, bax belələrin öldürürəm. Belə-belə rəvayatdar danışıllar.
ŞAH ABBAS VƏ UŞAQ
Deyir ki, bir gün Şah Abbas vəzirinə deyifdi ki, məni elə yerə apar ki, orda mənnən böyüh, yuxarı adam olmasın. O da fikirrəşif, deyif ki, mən bını hara aparım ki, onnan böyüh adam olmasın orda, bı ölkənin şahı bıdı.

Vəzir fikirrəşir, kasıv, ən kasıv evə aparır bını. Ollar da paltarrarın dəyişiflər ki, bizim kimi də, təğriri-libas oluflar, gəliflər bı evə. Allah qonağı kimi, kasıf kişinin evində oturuflar. Söhbət, əyin-bəyin, ev yiəsi də qonağa Allah verənnən – şordan, qatıxdan verməlidi də, axşam yeməyinə. Gətirif bunnara verəndə, balaca uşağ oluf. Bu balaca uşax deyir ki, bını ayır bir-birinnən. Evdə də ehtiyat qatıx da yoxuymuş. Bı qatıxnan bəhməzi də nətəər bir-birinnən ayırmağ olar? Şah da bını görüf, vəzirə deyir ki, ə, dur çıxdıx. Duruf çıxıllar. Çıxanda şah deyif ki, mən saa demədimmi məni elə yerə apar ki, mənnən başqa ikinci böyüh, hökmüran olmasın? Vəzir deyir, şah, saa qurban olum, axı sənnən orda böyüh yoxuydu. Şah deyif, ən böyüh höhmüdar elə o uşaxdı. Bının dediyin kim eliyə bilər? Mən əmr verə bilərəm ki, qatığınan bəhməzi bir-birinnən ayırın? Dəli deyəllər. Ama görürsən, o, deyir.

1   ...   4   5   6   7   8   9   10   11   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə