AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr IV kitab



Yüklə 5,93 Mb.
səhifə6/31
tarix07.01.2017
ölçüsü5,93 Mb.
#4721
1   2   3   4   5   6   7   8   9   ...   31

61. GƏLOXÇU TAYFASI
I mətn

Hacılar, Sadınnar, Quşçu, Qılışdı, Soyuqbulaq, Mişni, Mais kəntləri Qarıqışlaxdan çıxmadır. Mayıs kəndinin əvvəl adı oluf Qızxanımın toyu olan kənt. Sovet hökuməti gələnnən sora onun adını Mayıs qoyuflar. Qızxanım addı bir kadın gəlif orda ev tikilif. Birinci toy ona olduğuna deyiflər Qızxanımın toyu olan kənd.

Həmin yeddi para kəntdə olannara gəloxçular deyillər. Eşitdiyimə görə, gəloxçular İrannan gəlif. O vaxdı İranın şahı yarış keçirdir. Gəloxçu tayfası bütün nişangahın hamısın vuruf. Şah onda deyif ki, gəl oxçu, gəl. Mənnən nə isdəsən verəjəm. Deyif, haranı isdiyirsən bəyən dur, oranı verəjəm sizə. Gəlif Bayandur kəndini bəyənif durur. Oranın adı qalıf Bəyəndur. Sora köçüllər Qarıqışlağa. Bayandur kəndi qəlbi yerdədi. Yayda heyvannarın orda saxlıyırmış, qışda enirmişlər Qarıqışlağa.
II mətn

İran şahının devrində hələ tüfəng-zad istehsal olunmamış Qarıqışlax kəndini şah sürgün eliyir. Onda Mişni, Hacılar, Sadınnar, Quşcu, Soyuqbulax, Qılışdı, Mayıs – bu kəntlər olmuyuf. Həmin yerrər Qarıqışlax camahatının binəsi olub. Qarıqışlax kəndi İranda bir bəy olub ona tabe olub. O vaxdı da bu kəndin kəndxudası Hajı imiş. Bu bəy də ildə bir dəfə İrannan Qarıqışlax kəndinə gəlir. O vaxdı da vəşi heyvan, qaçax-quldur çoxumuş. Bu bəy bir gün gəlir Sultannar kəndinə çatanda ordan xəbər göndərir ki, Hajı, bəs gəlmişəm, adam göndər gəlsin məni aparsın. Hajı da öz qohumlarınnan iki cavan oğlanı yay-oxlu piyada göndərir bəyin qabağına ki, gedin bəyi götürün gəlin. Bəy də atdıdı. Bu iki oğlan gəlir bəyi götürüf gedillər. Gedəndə daşdan bir kəklik qalxır. Qalxanda oğlan yay-oxnan kəkliyi vurur, kəklik düşür. Gedir oxun da götürür, kəkliyi də. Bəy buna bir kəlmə də söz demir. Gedillər kəndə yaxınnaşanda qoz ağajının başında bir qarğa qırıldıyır. Səfərə gedən adamın qarşısında qarğa, saxsağanın səsdənməsi bəduğurrux əlamətidi. Bu biri oğlan yay-oxunu çəkir, qarğa qozun başınnan gəlir yerə. Qarğanı vuran oğlan da gedir oxunu götürür, qarğanın meyidini atır yerə. Bəyin yanına gələndə bəy əlini salır cibinə qarğa vurana qızıl onnux verir. Verəndə Səlim addı oğlan pis olur, acığı tutur. Öz-özzüyündə deyir ki, bu bəy nətər bəydi? Bunun ağlı, şüuru çatmır. Mən kəklik vurdum heş maa sağ ol da demədi, amma qarğa vurana çıxardıf qızıl onnux verir. Bəydən keçir piyada hirsinnən gəlir Hajıya deyir ki, Hajı, bəs sənin o bəyin axmağ adamdı. Hajı deyir, niyə axmağ adamdı? Sizə söhbət elədiyim kimi, deyir. Deyir, belə-belə. Kəkliyi vurdum maa sağ ol da demədi, amma qarğanı vuran yoldaşıma çıxartdı bir qızıl onnux verdi. Bunu deyəndə Hajı deyir, doğurdan heyləsə, o bəy axmağ adamdı. Heş mən onu qarşılamağa çıxmaram. Bəy gəlir qalır kəndin içində atın üsdündə. Buna nə qədər eliyillər ki, düş, deyir, yox ey, Hajı gəlsin düşüm də. Hajının dalınca beş adam, üç adam gedir. Deyillər, Hajı gəlmir. Bəy hirsdənir oğlannara deyir ki, məni qaytarın Sultannara.

Nəysə, bəyi qaytarıllar. Bəy gedir şaha məlumat verir ki, getdim filan kəndin Hajısı məni qəbul eləmədi. O kəndi Hajı pozub, o kənd köşməlidi. Şah da götürür fərman verir bu bəyin sözüynən, kənd köçürülsün. Şahın nümayəndələri gəlir ki, gedəjəhsiz, şahın əmridi. O vaxdı da camahatın bir inəyi, eləsi var heş nəyi yox. Gedillər sürgünə. Bunnar gedillər tökülüllər İranda bir bulağ üsdə. Bu bəy genə gündə gəlir, Hajıynan söhbət eliyir əlində də bir siyahı. Amma bu Hajı camahatına tapşırır ki, siz mənim üjümdən sürgündəsiz. Ola bilər hamızı qırsınnar, ola bilsin bizi bölüşdürsünnən ayrı-ayrı kəntlərə. Əgər bizi tək-tək bölüşdürsələr, heç hara getməyin. Bizi qırsalar da, bir yerdə qırsınnar, yer-yurd versələr də, bir yerdə versinnər, bir yerdə yaşıyax.

Nəysə, bu bəy gündə gəlir. Hajı dediyi kimi bəyin əlində siyahı. Siz köçəjəhsiz. Filankəs, sən filan kəndə, filankəs, sən filan kəndə. Kəndin adınnan da Hajı danışır bəynən. Deyir, bəy, biz heç hara köçəsi deyilik. Bizi qırsanız da, bir yerdə qırajaxsız, bizə yaşamağa imkan versanız bir yerdə yaşıyajeyih. Bəy gündə gedir-gəlir. Camahat da qaşqındı, qonşu kəndin camahatı gəlif bulara tamaşa eliyir. Bir gün Qarıqışlax camahatından birinin bir su qabı itir. İtəndə səhər bəy genə gəlir. Bəy də elə iki ayağın yəhər üsdən aşırırmış bir tərəfə, atın üsdündə Hajıynan söhbət eliyif qayıdıf şaha məlumat verirmiş gündəlik. Bəy genə səhəri gələndə Hajı deyir ki, bəy, suyun üsdündən sizin camahat bizim bir başsız qadının su qabını oğurruyuf. Xayiş eliriyik, deyin, qaytarıf versinnər. Bəy də hirsdənir deyir, indi də bizim camahata oğru deyirsiz? Hajı deyir, mən demirəm oğurruyuf. Ola bilər qanmaz uşax götürüf, ola bilər kimsə. Denən qaytarıf versinnər. Axırı bu bəy Hajıya qayıdıf deyir ki, su qabınızı gözdüyərdiz götümüyeydilər. Deyif, çıxıf gedir. Gedənnən sora Hajı uşaxlara tapşırır ki, bəy gəlif mənnən söhbət eliyəndə (o vaxdı da bəyin yəhərinin dəmirrəri qızıldanımış) arxa üzdən yəhərin üzəngisini kəsərsiz. Bəy gəlir genə Hajıynan söhbət eliyəndə uşaxlardan biri gedir üzəngini kəsir götürür, bəyin xəbəri olmur. Bəy Hajıynan su qabın söhbət eliyir. Bəy qışqırır gənə bunun üsdünə. Hirsdənif ayağın atır üzəngiyə ki, atın çevirə gedə, ayağı boşa gedir, az qalır yıxıla. Özün düzəldir deyir, Hajı, bu nə işdi? Atın üzəngisini niyə kəsdimisan? Deyif, yəhərin üsdə sən deyilsən? Biz niyə kəsirik? Burda bəy hirsdənir. Axı bəy də camahatı tanımır. O iki oğlanın adın da bilmir. Həmin oğlannarı çağırır. Axı bunnar qarğa, kəklik vurub. Bunnara deyir ki, gəl oxçular, gəlin görün mənim atımın üzəngisin kim kəsif. Bu camahat da baxır ki, bəy bu iki oğlana gəl oxçu deyif. Bəy Hajıya deyif atın üzəngisin niyə kəsdimisan? Deyif, mən kəsdiməmişəm, sənin atının bəlkə üzəngisi yoxumuş, üzəngisiz gəlmisən. Hajı axırda qayıdır dünən bəy dediyi sözü bəyin özünə deyir ki, üzəngini gözdüyeydin kəsmiyeydilər. Bəy hirsdənir çıxır gedir. Gedənnən sora camahat bu iki oğlanı bəyin diliynən “gəl oxçu” deyif çağırıllar.

Bəy gedif şaha məlumat verir ki, bəs belə-belə. Atımın üzəngisini Hajı kəsdirdi, o məni təhqir eliyir. Şah hirsdənir, deyir, get o Hajını çağır gəlsin yanıma. Bəy gəlif Hajını çağırır, deyir, səni şah çağırır. Hajı deyir, ay camahat, mənim üjümdən siz sürgün olunmusuz, əzab çəkmisiz. Ola bilər ki, mənnən bir də görüşmüyəsiz. Sizə yenə vəsiyyətim odu ki, aralanmayın. Sizi qırsalar da, bir yerdə qırsınnar, yaşasanız da bir yerdə yaşayın.

Nəysə, Hajı gedir bəynən. Şah hirsdi deyir, sən kimsən mənim bəyimi qəbul eləmirsan? Bu da deyir, şah sağ olsun, sənin bəyin bəy deyil. Deyir, niyə? Bu qarğa-kəklik söhbətin olduğu kimi şaha söhbət eliyir. Deyir, sənin bəyin qarğa vurannan kəklik vurana fərq qoyur. Deyir, yaxşı, bəyin atının üzəngisini niyə kəsdimisan? Deyir, onu bəy özü təşkil elədi. Deyir, nətəri? Su qabı söhbətin olduğu kimi söhbət eliyir. Sənin bəyin mana dedi ki, su qabın gözdüyeydınız götürmüyeydilər. İndi mən də bəyin atının üzəngisini kəsdidim ki, sən də üzəngini gözdüyerdin kəsmiyeydilər. Deyəndə şah nejə yuxudan ayılan kimi baxır ki, həqiqətən də bu Hajı bəydən qat-qat ağıllı adamdı. Deyir, Hajı, məni bağışda, üzr isdiyirəm. Bəyə deyir ki, bəylikdən azadsan. Sən həqiqətən də bəyliyə layığ adam döyülmüşsən, mən səyf eləmişəm. Deyir, Hajı, mən camahatınız qarşısına gəlmirəm, mənim əvəzimdən camahatdan üzr isdiyərsən. Səhər də adam göndərəjəm sizi sağ-salamat qaytara öz kəndinizə.

Hajı qayıdır. Camahat baxır, Hajı gəlir özü də gülə-gülə. Ə Hajı, nədi? Deyir, səhər biz qayıdajeyih kəndimizə. Nəysə, ordan qayıdıllar. Gəloxçu sözü ordan qalıf. Hajı həmin günnən camahatın içində oturmuyuf. Çıxıfdı Hajılar kəndinə. Ora çıxannan da ora Hajılar adlanıf. Bizim Mişni kəndinə ilk dəfə Qarıqışlaxdan bir nəfər gəlif. Onun dörd oğlu oluf: İsmayıl, Fətalı, Nəcəf, Mirzə. Kəntdəki nəsillər də o qardaşdardan törüyüf.

Quşçu kəndindən olan Məcid adlı şəxsdən eşidib.
III mətn

Mais kəndindəki nəsillər: Fəzilər, ibirlər, şirvannar, kərbəlayılar, məhərrəmlər.

O vaxdı ibirlərin Ağcabədidə qış yatağı vardı. Sovet hökuməti gələndə onnarın qış yatağın bölüf yeddi kalxoza veriflər. İran xanıynan da qardaş oluflar. Qardaş olmağı da belədi. Xanın burda qoyunu varmış. Burdan xəbər göndərillər Qarıqışlağa ki, xanın bir çobanı var, gündə gəlif bizi döyür, xamı9 da otarır. İbir kişi deyir, hardan gəlir? Deyillər, bu tərəfdən gəlir. İbir, deyir, bir dəsdə qoyunu qatır qabağına gedir. Xanın çobanı elə bilir gələn çobandı. Bunnan dalaşmağa gələndə tutur bunu nə qədər döyürsə, ürəyi soyumur, qulağının birin kəsir boşduyur. Onnan sora xan bir dəsdə atdı göndərir ki, o adamı gətirin bura. Aparıllar İrana. Əmr verir ki, boğazınnan asılsın. Onnan belə deyir, hər adam mənim çobanımın qulağını kəsməz. Gedim görüm kimdi. Gəlif baxır, görür bu şəxsiyyətdi adamdı. Cəllada deyir bunu azad eliyin, gəlsin bura. Dosd olullar. Deyir, bu günnən ölən günə mənnən qardaşsan.

Həmin xan oğluna toy eliyəndə deyillər, İbir lələ burdan qırx erkək ayırdı, hərəsinin boğazına bir dənə qırmızı yaylıx bağladı gətirdi ora toya.


IV mətn

Mişni kəndinə ilk gələn Mirzə oluf. Qarıqışlaxdan köçüf gəlif orda qalıf. Gəloxçu tayfası Qarıqışlaxda yerləşib. Sultan bəy bizim kəndin adamına deyirmiş ki, göydən qızıl quşu yendirirsiz, dəryadan qızıl balığı çıxardırsız. Oxartana ovçuluxnan məşğul olurmuşdar. Qarıqışlaxda molla yox imiş. Sora İrandan iki dənə molla gəlir oraya. Birinin adı Əhməd imiş. Molla Əhməd nəsli həmən Əhmətdən törəyib. Ellaz qoja qızının birin verir Molla Əhmədə, Varazun ərazisini də qızına cehiz verir. Sora baxır ki, camahat artıf, bura darısqaldı, köçüllər Əhmətdiyə. Ora da geniş bir ərazidi. Mişni, Əhmətdi, Quşçu, Hajılar, Sadınnar, Zeyvə kəndi – hamısı Qarıqışlaxdan çıxmadı. Ellaz qojanın üç oğlu oluf: Təhməz, Mirzə, Əhməd. Qızılca, Hoçaz, Malbəyi Təhməzin nəslidir. Mirzə üç oğluynan – Nəcəf, Fətalı, Səfərnən gəlif Mişniyə. Bu üç qardaşdan Mişni kəndi törəyib. Əhməd də Əhmətdidə məskunlaşıb.

Ellazın babası İranın çay zəmisinnən köçüf gəlif Laçın rayonunda məskunnaşıf.
62. SƏFQULU VƏ AĞƏLİ NƏSLİ
I mətn

Bizim kənd iki tirədən ibarətdi: Ağ Alı, Səfqulu. Səfqulu Dərələyəzdən gəlib əvvəl Bozdudda yerrəşmişdi. Səfqulunun oğlannarı bir gün yığışıf çay kəndinə ova gedillər. Baxıllar ki, çaylar axır orda: böyük çay, kiçik çay. Maral, buğa, əlik, dağ keçisi tökülüb çaydan su içillər. Payız imiş, keçillər ağaşdarın altına ki, armud tökülüb, qoz tökülüb, meyvə çıxıb dizə. Ovların edib qayıdıllar Bozduya. Ataları Səfquluya deyillər ki, orda biz xəzinə dərəsi tapmışıx. Ov elamağa, meyvə yığmağa çox yaxşıdı. Onnan sora köçüllər həmən çay kəndinə, orda yaşıyıllar.

Burda neçə illər yaşıyıllar. Qarakeş düzəngahdı, burda taxıl əkirmişdər, yetişən vaxt gəlif biçirmişdər, yığırmışdar çuallara, səbətdərə, aparırmışdar ora. Bir neçə ildən sora deyillər ki, biz nə qədər qışın, yayın günü bu daşığı daşıyax. Köçək Qarakeşə. Hərə özü üçün orda torpax götürür, əkin əkillər. Bir dənə ölü düşür, İsmixanın dədəsi ölür. Deyillər, bunu beş kilometr o tərəfə niyə aparax, burda basdırax. Qəşəh bir yerdə bunu basdırıllar. Bizim kəndin cavannarı bir neçə ay gedif qəbrin keşiyini çəkir. Üç aydan sora bir dənə də ölü düşür, onun yanında basdırıllar, onnan sora həmin adamlar gəlir evinə.

İran başqa bir devlətnən müharibə eliyəndə burdan Səfqulunu da aparıllar müharibəyə. Orda Səfqulu böyük şücaət göstərir, o xanı məğlub eliyillər. Bir nəfər də Yevlaxdan olur, ikisi də qoçaxlıx göstərillər. O vaxdı da hakimiyyət nəsildən nəslə imiş. O adamın ki nəslində vəzifədə olan yoxsa, onu vəzifəyə qoymurmuşdar. Məğlub edilən xanın iki oğlu varmış. Birin verillər yevlaxlıya, birin də Səfquluya. Səfqulu bu uşağı götürür gəlir. Sora fikirrəşir ki, bu uşax böyüyənnən sora bilsə ki, mən onun atasını öldürmüşəm, mənim başıma oyun gətirəjəh. Ona görə uşağa kim olduğunu demiyif, aldadıf ki, səni oğurruyuf gətirmişəm. Gördüm bir qadın arxın üsdündə paltar yuyur, sən də yanında hərrənirsən. Xoşuma gəlif səni qaçırmışam. Belə yozur. Okqədər göyçək imiş ki, adın Ağ Alı qoyur. Səfqulunun da dörd oğlu varmış. Çayda düz yer varmış, orda at çapanda Səfqulunun oğlu atdan yıxılır, qolu sınır. Qolu sınanda Ağ Alını günahlandırır, onu döyür. Ağ Alı ajıx eliyir gedir yuxarı – Qaya başına. Ordan köşdər gedirmiş. Bir kürd köçü gəlir, qoşulur ona, Dərələyəzə gedir. Gedir Dərələyəzdə evlənir. Sora fikirrəşir ki, orda mənim payım var, bunu Səfquluya vermiyəjəm. Ordan gəlir çıxır Qarakeşə. O yeri Səfquluynan ortadan bölür, yarısı onun, yarısı bunun. Sora Ağ Alıdan Həsən, Hüseyin, Məmməd, Vəli törüyür.


II mətn

Qarakeşişlər haqda bir məlumatı bilirəm. Bunnarda Ağəli nəsli var. Bunnarın babası gəlir Qarakeşişə. Bu tayfanın içinə gələndə bunu qəbul eləmillər. Buna torpax vermillər, yer vermillər. O qayıdır gedir Dərələyəz mahalına. Orda bir adama qulluxçu işdiyir. Deyir, mən gedif elə bir qız tapbalıyam ki, o mana güj verən, arxa olan oğul doğmalıdı: dəvə diz, alma göz oğul. Bu da gedir bulağın üsdünə. Doğurdan da, bunun axtardığı qız gəlir. Qızın arxasıncan gedir. Qızın atasına deyir ki, iş axtarıram qoyuna gedəm, mala gedəm. Qəbul eliyir. Burda işdiyənnən sora bu kişi də görür bu ağıllı oğlandı. Qarnı üçün getmir da, məqsədi üçün gedir. Gətirir qızı verir buna. Qızı verənnən sora bunun iki oğlu olur. Onnan sora bu kişiyə deyir ki, mən getməliyəm. Gəlir genə Qarakeşişə. İndi burda genə bir kalafa qazıf ev tikmək isdiyir, bunu qoymullar. Orda bir arx var, bunu keçirillər arxın o tayına, orda damını tikir. Onda yoldaşına deyir ki, məni genə keçirdilər Araz arxının o tayına. Onnan o suyun adı qalır Araz arxı.

Bunu mana Musa müəllimin dayısı Mirələm danışırdı. O deyirdi ki, biz Ağəlinin nəsliyik.
III mətn

Qarakeş iki nəsildi: Səfqulular, Ağəli uşağı. İranda qaşqınçılıxda Səfqulunun bir uşağı ölür. Ağəlini bir gəlinin yanınnan bulağın üsdə götürüf qaçır. Bunu da Xannar mənə söhbət elədi, Səfqululardan idi. Deyir, gəlin yeddi aşırım aşdı, çatmıyanda qarğış eliyir ki, səni görüm o uşax sənə qənim olsun. İndi də Ağəli uşağı səfqulularnan daim ziddiyyətdədilər. Səfqulu İranda vuruşuf, iyitdiklər göstərif. Hətta şahın mükafatın da alıf.


63. MİSÇİ VƏ HƏŞİMLƏR NƏSLİ
I mətn

Həşim adında bir kişi olur. Bir qızı varmış, bir arvadı, bir də özü. Bir gün Piçənisdən yüklənir gedir İrana dolanışıx ujunnan. Onda buralarda heş kim yox imiş. Orda da özün tanıdır. İranın bəylərinnən, yoxsa xannarınnan biri bunu çəkir yanına bir müddət saxler. Görer ki, bu halal adamdı da. Bir fermasın verir buna ki, bu sənin nökərin, atın, malın, döölətin. Buna sən rəhbərlik eliyərsən. Bir müddət buna rəhbərlik eliyir, halallığnan başın saxlıyır. Halallıxnan özün tanıdır. Bilillər ki, buna etibar eləmək olar.

Bir gün gejə beynin qurdu qayner, nətər olursa, durer bir atı, bir öküzü gətirir yükler. Taxıl yükler, un yükler. İndi sklatda nə varsa da. O vaxdı da taxıldan, çörəhdən qiymətdi nə vardı? Gejəynən yola çıxer. Döyhadöy, döyhadöy, döyhadöy çıxer gəler. Sabah ertə durullar ki, buların xozeyni yoxdu. Oraya-buraya baxıllar, filan öküz də yoxdu, filan at da yoxdu. Qaçıllar xanın yanına. Deyillər ki, bəs o inandığın adam qaçıf gedif, yoxdu.


  • Ə, nə aparıf?

Deyif:

– Filan atı aparıf, filan öküzü aparıf.

Əlaltıları deyif ki, silahlanax düşək dalıncan. Xan deyir ki, getmiyin, işiz yoxdu. O çox şeyizi aparmıyıf. Vətəni yadına düşüf vətənə gedif. Qoy getsin. Bir yerdən bir şey eşidəjeyih da.

Bu çıxır gedir. Gəlir çıxır kəndə. Bu da xaraba kənd imiş da, köhnə kalafalar varmış. Atı, öküzü buraxır, burda kalafalarda otduyur. Belə hərrənəndə görer burda bir geyirtkanı sıyırıf atıflar. Deyir, burda mənnən başqa adam var. Oraya-buraya, güder görüm bu hardan gəlir, bu kimdi. Bir vaxt görer ki, o dağdakı binadan bir adam çıxıf gəlir. O qadar gözder, gözder, gəlif girir kalafalarına, başdıyır geyirtkan yığmağa. Gəlir bunun yanına, bunnan görüşür. Deyir, sən kimsən, hardan gəlmisən? Deyif, mən Dərələyəzdən gəlmişəm, elə çoxdan burdayam. Deyif, nəyin var aylədən, uşaxdan, heyvannan, qatıxdan-sütdən? Deyir, bir inəyimiz var. Harda olursan? Deyir, o binadayam. Buralara gəlif gedirsən? Deyir, hər gün gəlirəm, pencər yığıf aparıram. Deyif, buralarda ferma yeri bilmirsən? Deyif ki, Ərikliynən Kürthacılının arasında Şney dağda qırmızı kərpişli bir tikili var, orda ferma var. Deyir, mənnən ora gedə bilərsən? Gedax bir mal gətirax, apar kəs uşağın yesin. Bununku bir arvad bir uşax imiş, amma o birinki çoxuymuş.

Nəysə, bunnan gedillər. Bu da mənim kimi əfəlin biri imiş. Həşim ordan bir yaxşı mal tutur, gətirif kəsillər. Özünə bir az saxlıyır, qalanın gəlir aparır. Yeyillər, bunnan baş-başa verif dolanıllar. Axı kişi gəldi, at-öküz burda qaldı. Bir gün fikirrəşer ki, da burda qonşu da var, aylə-uşağını buna pəriskar10 edib gedə bilər da. Amma orda olanda xan buna deyif ki, Həşim kişi, hər heyvanı gördüm, amma qatır deyiləni görmədim.

Bir gejəynən durer atı minir, öküzü də verer atın döşünə. Döyhadöy, döyhadöy. Xəlfəlinin, Şuşanın başı üsdünnən gəlif keçəndə hörüyə vurulmuş xeyli qatır görür. Hörükdən bir qatır açer, bağlıyır atın quyruğuna. Döyhadöy-döyhadöy gedif çıxır İrana. Gedif gejəynən həmən olduğu məkana. Xana deyillər ki, bəs o gedən kişi qayıdıf gəlif.



  • Nə gətirif, neyniyif?

Deyillər, apardığı atı da, öküzü də gətirif, bir ayrı ulax da gətirif. Deyir, onu çağırın gəlsin buraya. Qorxmaz kişi imiş. Girer bunun yanına, hal-xoş, bu durer bunnan görüşer. Soruşer bə niyə getmişdin, niyə qayıtdın? Aylə-uşağı neynədin? Arvad-uşağı öldürdün gəldin? Deyir, yox, salamatdı. Bəs mən burda çörək yemişdim, o çörəyi mən ayaxlıyammazdım. Vətəndi yadıma düşdü getdim, bir az da unnan, taxıldan apardım. İndi də gəlmişəm heyvannarı verəm. Bir də siz maa dediniz ki, qatır görməmişəm. Ordan da birini gətirmişəm görəsiz. Faytonu minir gəlir fermaya qatıra baxır. Soruşer ki, qalajaxsan, gedajaxsan? Deyir, yox, mən gedəjəm, aylə-uşağım ordadı. Bulara tapşırır ki, buna bir at verərsiz balası erkək olar, bir inək verərsiz balası erkək ola. Bu fikirrəşir ki, niyə dişi balasın vermir, erkəyin verir (o ağıllı adamdı). Xana deyillər ki, o kişi narazılığın bildirir ki, niyə maa dişi balasın vermer, erkək balasın verer. Deyir, get ona denən ki, onu vererəm, atı ayğırı ola, o da inəyin buğası ola. O qaydaynan götürer bunu, atın yükler, deyir, get dolan. Sən burdan bir yük taxıl, bir yük un aparmaxnan dolanammarsan. Gəlif burda bönövrələşir. Bizim bir tərəfdən də südümüz olarnan (Həşim nəsli ilə - top.) bitişikdi.
II mətn

Bizim babamız da Dərələyəzdən gəlmədir. Bizim babamız Hüseyin addı bir uşax oluf. O, hardan gəlirmişsə Piçənis kəndində Həşim kişinin çöldə ojağı yanermiş. Ojağın işığına gəlif çıxer buraya. Yetim, qıçı-başı açıx uşaxmış. Gəlif çıxer. Həşim deyir, ay bala, hardan gəlirsən, hara gedirsən? Deyir, belədən gəlirəm, burda işıx gördüm işığa gəldim. Kişi bunu bir neçə gün burda saxler. Bunu haraya buyurersə yarıdır, fərasətdi uşağ olur. Bunu güdür ki, görüm bu nə millətidi. Görür müsəlmandı. Arvadına deyir ki, sonnumuz yoxdu, elə bu qızı verax buna yanımızda saxlıyax, fərasətdi uşaxdı. Bu da deyif ki, ay kişi, indi onu verdik ona, o da bəlkə heş burda duran deyil, çıxdı getdi, uşaxları da tökdü üsdümüzə, onda neyniyax? Arvadın sözüynən bu razılaşmır. Bunu bir neçə il saxlıyır yanında. Öküz də düzəldir, kotan, xış. Burda taxıl əkir, başdıyır dolanmağa. Bunun yan-yörəsinə gəlif komalaşan da oler. İlahinin qismətiynən bu qızı verer buna. Bir atnan, bir erkək danaynan bu gəlif varranır, əkinni, biçinni oler.

Bir gün görer bu uşax fərasətdi uşaxdı. Deyir, bala, görürsən, millət gəldi doldu, hərə bir yeri zəbt elədi götdü. Sən də get filan yerdə bir yer var. Gedif həmən o şarkara yiyələn, oranı da sən götür. Ora da ensiz yerdi. Səkkiz dolya yeri də qızına cehiz verir, bir cüt öküz verir, bir də ağaş kotan. Deyir, get su arası sənin aran yerin olsun, oranı götür. Buranı götürer, bu nətər oler doğur törersə, bunnan güjdü heş kim olmur. İndi böyün də həmən misçi nəslinin sayı çoxdu. Mis mədəninnən gəldiyinə görə ona misçi deyirdilər.
III mətn

Misçi Almədətdən qabax gəlif. Misçi, deyilənə görə, Diyarbəkirdən gəlif, Almədəd Dərələyəz tərəfdən gəlif. Almədəd bir yol gedir İrana. Orda xozeynin yanında oluf. Deyir ki, gedirəm, tay vətən məni çağırır. Deyif:

– Getmə, getmə Almədəd, sənə qoyun verim, mal verim.

Deyif ki, şah sağ olsun, sən mənə elə qoyunsan da, malsan da.

Deyif:

– Dilindəki özü olsun, ürəyindəki mənim olsun.



Tapşırıf ki, buna bir inək verin balası erkək olsun, bir at verin balası erkək olsun. Gedər ələ bir şey gəlməz, damazdığ tutmağa heyvanı olsun.

Qayıdıf gələndə görür ki, burda geyişqan soyuluf. Bizdə Qulvar adında bir zağa vardı. Misçi də gedif o zağada yaşıyırmış. Almədəd gəlif ki, burda şennik var. Geyişqannan bilif. Gizdənif, gözdüyür, görür budu gəlir. Çörək yox, çay yox. Amma yaz vaxdı imiş, pencərnən, cərgərnən baş dolandırırmış. Deyir:



  • Ə, nə eşitmisən? Haraya gedax mal tapax gətirək?

Deyir:

  • Qızevet tərəfdə deyillər yaşayış var.

Bellərinə ip bağlıyıllar, gedillər ordan bir mal gətirillər. Bir müddət onnan başdarın dolandırıllar. Camahat toplanır. Öküz olur, at olur, əkin-biçin. Onnan başdarın dolandırıllar. Orda Şanolar oluf, bajılı deyilən nəsil oluf. Torpağın ən çoxunu onnar götürüf. Biz misçilərə yaxşı yer düşmüyüf. Əlbət aciz olmuşux da. Almədədin oğlannarı Abdulkərim, Manaf, Cabbar oluf. Vəlvəyin oğlannarı Qəmbər, Kalbalayi Murad, Kalbalayi Məmməd, Hüseyin oluf.

Vəlvəyin züryəti olmurmuş. Qardaşı ona töhmət eliyif. Onnan sora arvadı deyif ki, niyə belə peşmansan? Deyir:

– Maa quru kəllə deyillər.

Deyir:


  • Mən icazə verirəm, get filan yerdən evlən, narahat olma.

Şam kəntdə Cahangir addı yaxşı bir kişi varmış. El onnan məsləhət alırmış. Gedir onnan məsləhət alır ki, mən neyniyim, belə bir şey oluf? Əlinin dalıynan üş dəfə belə eliyif ki, get evlən. O da gedir, Mişniyə addıyanda iki arvatdı bir gəlin, bir ata da bir-iki dəsd mitil yüklüyüflər, burda cəhlidi. Deyir:

– A bajı, bu nə cəhlidi belə?

Deyir:


  • Bu mənim qızımdı, vermişdim bunun oğluna, bu da yiyə durmur.

Deyir:

– Mən saa bir söz deyim. Bu yük də sənin olsun, bu at da. Bu gəlini ver mana.

Özü də deyir mənim arvadım var, amma züryətim yoxdu. Allahın qismətidi da. Gəlini ona verillər. Həmin Vəlvəh kişinin dörd oğlu olur: Əhməd, Kərbalayi Murad, Kərbalayi Məmməd, Qəmbər. Kərbalayi Murad çox səxalı11 kişi oluf. Kərbalayi Məmməd yegi olur. Acizi mənim babam Əhməd olur.
64. ŞEYLANLILAR HAQQINDA
Ağbulax, Qarakeş, Şeylanlı bu üç kənd şeylanlı tayfasıdır. Hərəsi bir dövrdə gəlif. Qarakeşdə bünövrə salan Səfqulu imiş, Ağbulaxda Şabo, Şavıd deyirdilər. Türkiyə İranın üzərinə hücum eliyəndə İran şahı Arazın bu tayında nə var hamısını o taya köçürür, qalan nə var hamısın yandırır. Camahat köçürüləndə Şavıd, Səfqulu da Arazın o tayına köçürülür. Osmannı qoşunu geri çəkiləndə torpaxlar qalır boş. 1746-cı ildə Nadir şah Əfşar fərman verir qaçqınnarın dədə-baba yurtdarına qayıtması haqqında. Bizim babamız Allahqulu orda Şabonun qızın alır. Şabonun qızı həm də Səfqulunun bajısı qızıdı. İranın Qarət dağında oluflar. Şabo orda bir dəyirmanda yaşıyırmış. Fərman verilənnən sora vətənə sarı qayıdıllar. Arazı addıyannan sora baxıllar ki, Şabonun ayləsi yoxdu. Köçü qoyullar, deyillər, qayıdıf qızı gətirməliyik. Onda da adam az imiş. Vur-tut Ağbulaxda Şabodu, Esəxandı. Qarakeşdə də Səfquludu.

Sözü bir yerə qoyullar ki, gejə gedəjeyih. İki qardaş – Səfqulu, bir də Əhməd gedillər yeznəsinin dalınca. Bunnar gecə bacanın üsdünə çıxıllar ki, bunnar neyniyir. Baxır ki, uşaxlar ağlıyır. Anası deyir, ağlamıyın, ağlamıyın. Dayınız Səfqulunun nəfəsi sağ olsa, bizi burda qoymuyajəx, bizi aparajəx. Bajanın üsdündə buların sporu düşür. Deyir, görürsən, sənin adını da deyərdi da, mən yaxşıyam. İndi də Qarakeşdə bu var. İddialıdılar ki, mən sənnən yaxşıyam. Deyillər, qızı qonax çağırax, aparax, qəriblikdə qoymuyax. Qızı qonax çağırıllar. Səhər Allahqulu gəlir ki, Şavıd da yoxdu, arvadı da yoxdu. Bunnarın dalına düşür. Gəlir yolda çatır. Səfqulu bajısına deyir bunu öldürəjəm. Qız qayıdır anasına deyir ki, dayıma denən Allahqulunu öldürəndə qoy məni də öldürsün.

Babamız gəlir əvvəl çıxır Ağdərə çayının qırağına. Sora inkişaf olanda, əhali artanda əkin-biçin üçün Qarakeşə, Ağbulağa çıxıllar. Bizim babamız Allahqulunun iki oğlu, bir qızı olur. Qızının adı Şapəri olur, oğlannarının da adı Allahverdi, Nəbi olur.

Allahqulunun qardaşının adı Şəmdin imiş. Yeddi ildən sora baxıllar ki, bir adam gəlir. Deyir, Allahqulu duruf gərnəşdi, dedi, onun yerişi qardaşım Şəmdinin yerişinə oxşuyur. Adam göndərillər qabağına. Gətirillər ki, qardaşıdı, Allahverdini axtarır. Axı Allahverdi də xəbərsiz gəlif, arvadın dalına düşüf gəlif. Şəmdin deyir, ə, bizə töhmət eliyillər ki, sənin qardaşının yeri-yurdu bilinmir. Gəl köçək gedək. Allahqulu deyir, yox ey, bura hamısınnan yaxşıdı. Nəhayətdə eşitmir, üç günnən sora Şəmdin çıxır gedir.

Qayınnarıynan Nəbinin, Allahverdinin sözü düz gəlmir. Düz gəlmiyənnən sora bunun böyük arıxanası vardı. Qayalara aparıf qapı qoyurdular, arılar gedif ora dolurdu. Öz qayınnarıynan sözü düz gəlmiyənnən sora bular Dərələyəzə köçür. Orda neçə il qalıllar. Arıxanası da Camal yurdunda idi. Hər payız da gedif mamır yığırmışdar arıları basdırmax üçün. Payızmış, bunnar qayıdır gəlir arıxananı irahatdamağa. Şapəri mamır yığır, Nəbi gətirir, Allahverdi də basdırır. Baxıllar ki, Nəbi yoxdu. Qışqırıllar ki, Nəbi yoxdu. Nəbi deyif qışqırıllar, bir də baxıllar ki, dörd dənə iyirmi kilolux qızıl balığı çatallıyıf ikisi dalda, ikisi öndə gəlir. Deyir, ə, bunnarı neynirsən bu qədər qırmısan? Deyir, hələ səkgizi də çaydadı. Ə, neyniyağ, nətər eliyağ? Deyir, onda bu balıxları aparax, dayılarımıza da dəyək. Dayıları bulara deyir, getmiyin. Allahverdi razı olur. Deyir, mən razıyam, Nəbini razı salın. Allahverdi Nəbidən yaşca böyükmüş, amma Nəbi söz götürmüyən imiş, fikrinnən dönən deyilmiş. Nəhayətdə Nəbini razı salıllar. Atnan, eşşəknən gedif bunnarı köçürüf yenidən gətirillər. Bəhanə gətirillər ki, Ağbulax arı yeri deyil. Biz burda ola bilmərıx. Onnan sora Nəbi, Allahverdi köçüf gəlir Şeylannıya. Nəbinin dörd oğlu olur: Məmiş, Kərbalayi Xəlil, Avdılla, Məşədi Xasməmməd. Nəbidə parçalanma olmuyuf. Böyünə qədər Nəbilər gedir. O nədən irəli gəlir? Daimi ana kökü ilə evləniflər. Allahverdinin beş oğlu oluf: Kərbalayi Əsəd, İsmayıl, Xudi, Taro, Allahqulu. Kərbalayi Əsəd Hajısamlıdan evlənif, Taro Qarakeşdən evlənif, İsmayıl Ağcakəntdən evlənif. Xudi hardan evlənir bilmirəm. Hərəsi bir yerdən qız aldığınan həmin nəsillər parçalanıf.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin