Aynurə Əlİyeva
(Əlyazmalar İnstitutu)
“Bürhanİ-qate” lüğətİndə mələk adları
İslam dini ədəbiyyatında dörd böyük mələk sırasında Cəbrail (ə), Mikail (ə), İsrafil (ə) və Əzrailin (ə) adları qeyd olunur. Mələklərin ən məşhuru olan Cəbrail – islam dinində dörd böyük mələkdən biridir. Vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, onlara Allahın əmr və qadağanlarını bildirməkdir. Mikail – kainatdakı təbiət hadisələri üçün vəzifəlidir. İnsanların ruzilərini çatdırmaq və Allahın iradəsinə görə təbiət hadisələrini təşkil etmək vəzifəsini yerinə yetirən mələkdir. İsrafil – Allahın əmrinə görə qiyamət günü sura (şeypur) üfürməklə vəzifələndirilmişdir. Dini inanca görə İsrafil sura iki dəfə üfürəcəkdir: birinci dəfə üfürəndə göylərdə və yerdə olan hər şey yox olacaq, ikinci dəfə üfürəndə isə, bütün insanlar təkrar diriləcək və məhşər yerində toplanmağa sövq ediləcəklər. Əzrail – insanların canını almaq işi üçün vəzifələnmiş bir mələkdir, canı aldıqdan sonra vəzifəsini sorğu mələklərinə buraxır.
Məlum olduğu kimi, bu dörd mələkdən başqa hər bir insanın yanında olan və hər zaman onun bütün əməllərini yazan mələklər də vardır.
Ümumiyyətlə, səmavi dininə – iudaizm, xristianlıq və islam dininə aid olan mələk adları bir qayda olaraq “il” şəkilçisi ilə tamamlanır. Lakin XVII əsrin tanınmış Azərbaycan leksikoqrafı Məhəmməd Hüseyn bin Xələf Təbrizinin 1062(1651/52)-ci ildə qələmə aldığı “Bürhani-qate” lüğətində verilən mələk adları başqa biçimdədir. Lüğətdə mələk adları kimi verilmiş bu qəbildən olan sözlərin fərqli quruluşunu nəzərə alaraq, onların İran mifologiyası ilə bağlılığını düşünmək olar.
Azərbaycan onomastikasında mələk adları hər hansı dini panteonda allahların, ilahi varlıqların xüsusi adlarını ifadə edən “teonim” qrupuna aid edilir. Eyni zamanda, “Bürhani-qate” lüğətində həmin teonimlərin yalnız xüsusi isim kimi deyil, həmçinin ümumi isim kimi də ifadə etdiyi mənaları verilmişdir. Həmin sözlərin teonim olaraq mələk adını ifadə edən izahlarına nəzər saldıqda bu mələklərin demək olar ki, hamısının məhz müəyyən anlayışları (məsələn: od, hər hansı bir ayın günü və s.) mühafizə edən varlıqlar kimi təqdim olunmasının şahidi oluruq. Hətta müasir fars şəxs adları lüğətlərində də rast gəldiyimiz bu adların bəzilərinin izahlarında mələk deyil, Zərdüştlük dinində Allahlardan birinin adı kimi təqdim edildiyinin şahidi oluruq. Belə izahlara istinadən, bu adların bir daha İran mifologiyasından gəldiyini qəbul etmək olar.
“Bürhani-qate” lüğətindəki mələk adlarının əksəriyyəti həm xüsusi, həm də ümumi isim mənalarında izah olunmuşdur. Bunlara nümunə olaraq آسمان (aseman), انیران (əniran), بهرام (bəhram), خرداد (xordad), سروش (soruş), فرودین (fərvədin), مرداد (mordad), مهر (mehr) və s.-ni göstərmək olar.
Teonimlərin bəziləri yalnız mələk adını ifadə edən izahlarda lüğətə daxil edilmişdir. آذر (azər), روان بخش (rəvanbəxş), فرخ زاد (fərroxzad) belə adlardandır. Həmçinin “Bürhani-qate” lüğətində Mikaili (ə) bildirən تشتر (təştər) və Cəbraili (ə) ifadə edən سروش(soruş) adları da nəzərə çarpır. Lakin islam dinində bu mələk adlarının yalnız bir adla ifadə olunduğunu nəzərə alsaq, güman etmək olar ki, onların icra etdikləri vəzifələr arasında yaxınlığa əsasən, izahları bu şəkildə təqdim olunmuşdur.
Bunlardan başqa, istinad etdiyimiz mənbədə bir neçə qrafik və fonetik variantda təqdim olunan teonimlər də yer almışdır. Bunlardan Zərdüştlük dinində xeyir Allahı hesab olunan Ahurəmazda və şər Allahı hesab olunan Əhrimən teonimlərini misal çəkmək olar.
Ümumiyyətlə, “Bürhani-qate” lüğətində verilmiş teonimlərin müasir fars şəxs adları sırasında işlənməsi ilə yanaşı, bəzilərinin Azərbaycan şəxs adları sırasına daxil olaraq işləndiyinin şahidi oluruq. Bu sözlərin bir çox mənalarda işlənməsi baxımından, onların əksəriyyətinin ifadə etdiyi anlamlardan qaynaqlanaraq müasir şəxs adları sisteminin zənginləşməsindəki olan rollarını danılmaz fakt kimi qəbul etmək olar.
Dostları ilə paylaş: |