Əbdülrza Balazadə
(Əlyazmalar İnstitutu)
“SİYAVUŞ VƏ SÜDABƏ” DASTANININ H.CAVIDIN “SİYAVUŞ” PYESİ İLƏ MÜQAYİSƏSİ
Firdovsinin “Şahnamə” əsəri özündən sonrakı dünya ədəbiyyatına, xüsusən də Şərq xalqlarının ədəbiyyatına güclü təsir göstərmişdir. Qədim tarixi, mifoloji, məişət və dini köklərə söykənən “Şahnamə” özünün tükənməz və zəngin mövzuları, motivləri, süjet və obrazları ilə hər zaman ədiblərin və şairlərin diqqətini özünə cəlb etmiş və hər kəs öz imkanları daxilində ondan yararlanmağa çalışmışdır.
Fars və azərbaycan xalqlarının eyni nağılları, eyni zərbül-məsəlləri, eyni adət və ənənələri olmuşdur (3, 35). Yəqin ki, elə buna görə də Azərbaycanda “Siyavuş və Südabə” dastanına hər zaman böyük maraq olmuş, ədib və şairlər bu mövzuya müraciət etmişlər. XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri və Azərbaycan ədəbiyyatında ilk mənzum pyesin müəllifi Hüseyn Cavid (1882-1941) də özünün “Siyavuş” faciəsini məhz Firdovsinin “Şahnamə” eposundakı “Siyavuş və Südabə” dastanının motivləri əsasında qələmə almışdır. Qeyd edək ki, böyük şair-dramaturq bu mənzum faciəsini Firdovsinin 1000 illik yubileyi münasibətilə 1933-cü ildə qələmə almışdır.
H.Cavidin “Siyavuş” əsərində hadisələr Zabilistanda başlayır. Siyavuş burada Rüstəm və digər pəhləvanların yanında döyüş təlimi və tərbiyə alır. O, həddi-büluğa çatdıqdan sonra atası Kavus onu öz yanına, paytaxta dəvət edir. Siyavuşun saraya təşrif gətirməsi münasibətilə böyük bir ziyafət təşkil olunur. Kavus Siyavuşu analığı Südabəni görmək və onu ziyafətə dəvət etmək üçün Südabənin sarayına göndərir. Siyavuşu görən analığı bu gəncə vurulur və ona öz məhəbbətini izhar edir. Ancaq Siyavuş Südabəyə deyir ki, sən mənim anamsan. İstədiyinə nail ola bilməyən Südabə yaxasını cırır və haray salaraq guya Siyavuşun atasına xəyanət etmək istədiyini bəyan edir. Kavus onların günahsızlıqlarının sübutu üçün atəşdən keçmələri barədə göstəriş verir. Din xadimləri və münəccimlər Siyavuşun günahsız olduğunu söyləyir və təklif edirlər ki, birinci olaraq Südabə oddan keçməlidir. Ancaq Südabə oddan keçməkdən boyun qaçırır və Siyavuşa olan sevgisini etiraf edir. Kavus əmr edir ki, Südabənin boynu vurulsun. Lakin Siyavuş və şahın vəziri Kavusdan Südabəni əfv etməsini xahiş edirlər. Kavus Südabəni öldürməkdən vaz keçsə də, onun zindana salınması və heç kimlə görüşməyə icazə verilməməsi barədə göstəriş verir.
İkinci səhnədə Kavus Turan qeysəri Əfrasiyabın qalasının yaxınlığında qala tikdirir. Bu zaman Çin ölkəsi həm İran və həm də Turanla siyasi əlaqələr saxlayırdı. Rəqqasə sifəti ilə bir çinli qadın və elçi sifəti və Kosa adı ilə çinli bir kişi Turan ilə İranın arasını vurmaq məqsədi ilə meydana çıxırlar. Cavid onları şər qüvvələrin təmsilçisi kimi canlandırır. Kavusun çinli rəqqasədən xoşu gəlir və ona Dürdanə adı verir. Dürdanə Kavusdan xahiş edir ki, onun Kosa ilə birlikdə İranda qalmasına icazə versin. Kavus buna razılıq verir və çinli rəqqasə qız Kavusun sarayında qalır, rəqqasəliklə və müğənniliklə məşğul olur.
Bu arada İranın Çinlə sərhəddində xalq iğtişaşa qalxır. Səbəbi isə bir tərəfdən İran əsgərlərinin, o biri tərəfdən isə Turan qaçaqlarının xalqı incitməsidir. Kavus iğtişaşları yatırmaq üçün Siyavuşu həmin əraziyə göndərmək istəyir. Südabə buna etiraz edir və Siyavuşun müharibəyə getməsini istəmir. Onun etirazına baxmayaraq, Siyavuş yola düşür. O, əhalini incidən çinli vali ilə üz-üzə gəlir. Siyavuş xalq ilə çinli valini həbs edir və zindana salır.
Turan tərəfdən Piran Siyavuşun yanına gəlir və onunla sülh bağlanması barədə danışıq aparır. Tərəflər İranla Turan arasında sülh bağlanmasına qərara verirlər. Bunu eşidən Kavus əsəbiləşir və Rüstəmə deyir ki, sən və Siyavuş xainsiniz. Bu hadisədən sonra Siyavuş Turana gedir və ov edən Firəngizlə qarşılaşır. Daha sonra o, Turanın qeysəri və dayısı Əfrasiyabın yanına yollanır. Əfrasiyab ona təklif edir ki, qızı ilə evlənsin və onun yanında qalsın. Siyavuş yolda ov edən bir qızla tanış olduğunu və ona vurulduğunu söyləyir. Məlum olur ki, o, Əfrasiyabın ona evlənmək təklif etdiyi qızı Firəngizlə görüşmüşdür.
İran-Turan sülhü İran tərəfindən Siyavuş və Turan tərəfindən Piran arasında bağlanır. Bundan rahatsız olan Kavus ilə Rüstəmin münasibətləri pozulur və Rüstəm belə qərara gəlir ki, Siyavuşla Zabula geri dönsün. Ancaq artıq Siyavuş Turanda idi və Əfrasiyabın qızı Firəngizlə evlənmişdi.
Əfrasiyab Siyavuşa tac və var-dövlət təklif edir. Ancaq Siyavuş qəbul etmir. Bu arada Firəngizin əmisi və Turan şahı olmaq xəyalı ilə yaşayan pəhləvan Gərsivəz qardaşının Siyavuşa bəslədiyi münasibətdən narahat olur və Siyavuşa paxıllıq edərək onu ortadan qaldırmaq barədə düşünür.
Xalqa zülm edərək iğtişaşlara səbəb olmuş və Siyavuş tərəfindən zindana atılmış vali və onun müşaviri bir ildən sonra həbsxanadan qaçır, ancaq təkrar həbs olunurlar. Xalq və ordu onların cəzalandırılmasını və dar ağacından asılmasını tələb edir. Gərsivəz isə Siyavuşdan xahiş edir ki, onları əfv etsin və onun ixtiyarına versin. Firəngiz də Siyavuşdan təvəqqə edir ki, əmisinin sözünü yerə salmasın. Bu zaman elçi Kosa və rəqqasə qız məclisə daxil olurlar. Rəqqasə qıza oxuyub-oynamaq və şərab paylamaq tapşırılır. Sonra Kosa rəqqasə qızdan tələb edir ki, Südabənin tapşırdığı zəhəri Siyavuşun qədəhinə tökərək onu öldürsün. Rəqqasə qız bunu etməkdən boyun qaçırır. Kosa qəzəblənir və ona deyir ki, deməli, sən də Siyavuşa vurulmusan? Ona görə də onu öldürmək istəmirsən? O, zəhər şüşəsini rəqqasə qızdan almaq istəyir. Rəqqasə qız isə, guya, bilmədən onu yerə salıb sındırır. Bu zaman Kosa böyründən bir xəncər çıxarır və deyir ki, mən Siyavuşun işini bununla bitirərəm. Ancaq rəqqasə qız xəncəri onun əlindən qapır. Pərdənin arxasından onların söhbətlərini eşidən Firəngiz məclisə daxil olur və rəqqasə qızdan aldığı xəncərlə Kosanı cəhənnəmə vasil edir.
Gərsivəz Siyavuşu aradan götürmək üçün vali və müşaviri üçün qoşun toplayır. Bu zaman Südabənin dayəsi Rübabə daxil olur və Gərsivəzə bir məktub verir. O məktubu Kavus oğlu Siyavuş üçün göndərmişdi. Məktubda deyilirdi ki, Tus və Rüstəm Zabuldan, Çin xaqanı Çin tərəfdən Turana hücum edəcəklər. Sən də öz qoşununla öz tərəfindən Turana hücum et və Əfrasiyabı əsir götür.
Bu vaxt Əfrasiyab gəlib çatır və Gərsivəz ona deyir ki, Siyavuş xaindir. Lakin Əfrasiyab buna inanmır. Belə olanda Gərsivəz Kavusun Siyavuşa yazdığı məktubu ona göstərir və əlavə edir ki, Siyavuş xaindir və sui-qəsd hazırlamışdır. Bu zaman Siyavuş arvadı Firəngiz ilə gəlirlər. Əfrasiyab atasının məktubunu ona verir. Məktubu oxuyan Siyavuş deyir ki, mən atamın tapşırığına əməl etməyəcəm. Firəngiz də atasına yalvarır və deyir ki, Siyavuş günahsızdır. Belə olan halda Əfrasiyab Siyavuşa təklif edir ki, o, öz qoşunu ilə İrana hücum etsin və onu yerlə yeksan eləsin. Siyavuş bu təklifi qəbul etmir. Belə olanda Əfrasiyab onun tutulması barədə göstəriş verir. Siyavuş deyir ki, əgər mən xain olsaydım, Sizin yanınıza əli silahsız gəlməzdim. O, onu tutmaq istəyən əsgərlərə müqavimət göstərir və onlara qalib gəlir, valinin müşavirini yaralayır, Gərsivəzi isə qovaraq öldürür. Daha sonra xalqın əhatəsində geri qayıdır və Əfrasiyaba deyir ki, mənim atam Kavus da, sən də hər ikiniz zalımsınız!
Firdovsinin “Siyavuş və Südabə” dastanı ilə H.Cavidin “Siyavuş” pyesini müqayisəsi göstərir ki, onların bir çox oxşar və fərqli cəhətləri vardır. Hər şeydən əvvəl, hər iki əsərin baş qəhrəmanı Siyavuş Zabulustanda Rüstəmin yanında təlim-tərbiyə alır və əsl pəhləvan kimi yetişir. Siyavuş şəxsi keyfiyyətlərinin bir çoxunu, o cümlədən də igidlik, abır-həya, mətanət, səbr, ağıllılıq, adət-ənənələrə ehtiram, ədəb, əhdə vəfalılığı məhz Rüstəmdən əxz etmişdir (9, 258).
Firdovsinin əsərində Südabənin Siyavuş ilə tanışlığı belə baş verir ki, bir gün Kavus oğlu Siyavuşla sarayda əyləşmişdilər. Bu zaman Südabə içəri girir və Siyavuşu görən kimi ona aşiq olur. O birisi gün Südabə Siyavuşu öz sarayına dəvət edir, lakin Siyavuş bu dəvəti qəbul etmir. O zaman Südabə Kavusdan xahiş edir ki, Siyavuşu onun sarayına göndərsin, çünki bacıları Siyavuşu görmək istəyirlər. Kavus Siyavuşa göstəriş verir ki, get Südabənin sarayına, bacıların səni görmək istəyirlər. Siyavuş Südabənin sarayına gəlir və Südabəni tam bəzənərək başında tac zümrüd rəngli taxtında kənizlərin yanında oturmuş görür. Siyavuşu görən Südabə yerindən qalxır, onu bağrına basır və üz-güzündən öpməyə başlayır.
Südabənin yersiz hərəkətləri, məzəmmətedici aşiqanə sözləri və öpüşləri Siyavuşu bezdirsə də, onu qəzəbləndirmək istəmirdi (4, 93). Bunula belə, o, özünü Südabənin qucağından kənara çəkir və ona ana deyə müraciət edir və sürətllə saraydan çıxır.
Bir müddətdən sonra Südabə təkrar Siyavuşu sarayına dəvət edir və ona aşiq olduğunu söyləyir (8, 82). O, Siyavuşu atasına xəyanət etməyə təhrik edir və onu hədələyir ki, əgər mənim istədiklərimi etməsən, dünyanı sənə qara edərəm. Bunu eşidən Siyavuş ayağa qalxır və Südabənin sarayını tərk etmək istəyir, lakin Südabə onun ətəyindən yapışaraq buraxmır və qorxur ki, Siyavuş onun bu hərəkətini atasına çatdırar və onu rüsvay edər. Südabə dırnaqları ilə üzünü cırır və qışqırır və yetişən Kavusa deyir ki, Siyavuş mənə təcavüz etmək istədi. Kavus fikrə gedir və Siyavuş günahsız olduğunu bildirir. Kavus belə qərara gəlir ki, kahinlər və başbilənlərlə məsləhətləşsin. Onlar da Südabə və Siyavuşun oddan keçərək günahsızlıqlarını sübut etmələri barədə məsləhət verdilər. Onlara görə, od günahsız insanı yandırmaz (7, 83). Siyavuş analığının istəyinə əməl etmədiyi üçün onun böhtanına məruz qalmışdı (10, 129). Həm Firdovsidə və həm də H.Caviddə Kavus kahinlərlə məsləhətləşir. Ancaq H.Cavidin “Siyavuş” əsərində Siyavuşun oddan keçməsi məsələsi qoyulmur. Bundan başqa, H.Cavidin pyesində Siyavuşla bağlı macəralar bir neçə səhnədə təzahür edir. Əslində bu bir neçə səhnədə böyük mütəfəkkir öz ideya və düşüncələrini ortaya qoyur.
H.Cavidin köhnə mətnlər, əsatirlər və xüsusən də “Şahnamə” ilə yaxından tanışlığı şairə imkan vermişdir ki, bütün bunlardan istifadə edərək özünün dəyərli pyesini qələmə alsın. Məlum olduğu kimi əsatir təcrübəsi ilə tamaşa arasında oxşarlıq vardır (5, 7). Pyesin bəzi yerlərində oddan keçməkdən bəhs olunur. Şübhəsiz ki, müəllif odun müqəddəsliyinin və ondan keçmənin İran mifologiyasında axtarmaq lazım olduğunu bilirdi (6, 41). Digər tərəfdən də, İran mifologiyasında od vasitəsi ilə sınaqdan çıxartmaq “ver” sözü ilə ifadə olunmuşdur, yəni ver yoxlama deməkdir. Məhz bu yoxlama, yəni onun cavabı ilə günahsız günahkardan seçilirdi.
Firdovsinin əsərində Südabə şəhvətpərəst və ifritə bir qadındır. O, öz ləyaqətsiz məqsədinə çatmaq üçün hər cür mənəvi dəyərləri tapdalayır. Onu ancaq ögey oğluna olan heyvani hissləri maraqlandırır. O, Siyavuşla bir neçə görüşdən sonra açıq şəkildə öz eşqini ona bəyan edir. Firdovsi Südabənin timsalında pozğun və əxlaqsız bir qadın obrazı yaratmışdır. Şairin Südabə obrazı onun digər qadın obrazlarından kəskin bir şəkildə fərqlənir. Bu fərqlənmə Südabənin əxlaqsızlığında, xainliyində, yalançılığında, hiyləgərliyində və qansızlığında özünü biruzə verir. Məhz elə bu cəhətlərinə görə o, Rüstəm tərəfindən öldürülür. H.Cavidin “Siyavuş” pyesində Südabənin ögey oğluna qeyri-qanuni eşqi qabarıq bir şəkildə təqdim olunmuşdur. Bu pyesdə də Südabə “Şahnamə”də olduğu kimi məkrli, hiyləgər, xain, ənənədən kənara çıxan, qarşısındakını hərəkətə sövq edən, öünə güvənən, başqasının heysiyyətinə biganə qalan,məhəbbət oyunlarında aktivlik iblisanə bir qadındır (1, 231).
“Siyavuş” pyesində Südabə Suriya ölkəsinin şahzadəsidir. Onun dayəsinin adı isə Rübabədir. Ancaq Firdovsodə Südabə Hamavəran ölkəsinin şahzadəsidir, onun dayəsinin adı isə göstərilmir.
H.Cavidin əsərində Südabə Siyavuşa olan eşqini açıq şəkildə etiraf edir. Kavus Südabənin edam olunması barədə fərman verir. Lakin Siyavuşun və vəzirin xahişi ilə o, öz fikrindən vaz keçir. Firdovsinin “Siyavuş və Südabə” əsərində isə Südabə Siyavuşa olan qanunsuz eşqini etiraf etmir, əksinə o, Siyavuşun ona təcavüz etdiyini israr edir. Burada yalnız Siyavuş Südabənin bağışlanması haqda atasından xahiş edir. Yəni H.Cavidin əsərində Südabənin edamdan qurtarmasında vəzirin heç bir rolu olmur.
Firdovsidə Siyavuş döyüşkən, igid, xeyirxah və ağıllı bir pəhləvan kimi təsvir olunur. O, həm də sülh tərəfdarıdır və Turan ordusunu sülh bağlamağa və müharibəni dayandırmağa razı salır və heç vaxt da öz sülh müqaviləsini pozmur. Bununla da atası ona qəzəblənir və Rüstəm Kavusdan üz döndərir və öz qoşunu ilə Zabulustana üz tutur. Siyavuş iki yoldan birini seçmək məcburiyyətində qalır. O, ya Piran Vise ilə Turana getməli, ya da İrana qayıdıb Südabənin hiylələri ilə mübarizə aparmalıdır. Siyavuş birinci yolu seçir və Piran ilə Turana gedir.
Firdovsinin “Siyavuş və Südabə” dastanında analığının böhtanından və atasının yanlış münasibətlərindən inciyən Siyavuş Turan ölkəsinə daxil olandan sonra Piranın qızı Cərirə və Əfrasiyabın qızı Firəngiz ilə evlənir. Ancaq H.Cavidin “Siyavuş” pyesində isə Siyavuş ancaq Əfrasiyabın qızı Firəngizlə evlənir. Burada hətta Firəngizin atası ondan Siyavuş ilə ailə qurmaq istədiyini soruşur. Firdovsidə isə belə bir epizoda rast gəlinmir. Görünür, burada H.Cavid özünün demokratik düşüncələrinə əsaslanmışdır.
Firdovsinin “Siyavuş və Südabə” dastanı ilə H.Cavidin “Siyavuş” pyesi arasındakı digər bənzərliklər İran şahı Kavusla bağlıdır. “Şahnamə”də Kavus Kəyan sülaləsinin ikinci padşahıdır. O, Keyqubadın ən böyük oğludur və atasından sonra padşahlıq ona yetişir. Kavus “Şahnamə”də təsvir olunan böyük şahlardan biridir, ancaq o, macərapərəstdir və onun xislətində çoxlu zəif və zalım xüsusiyyətlər cəmləşmişdir (9, 257). “Şahnamə”nin bəzi yerlərində Kavus oxucu tərəfindən qınaq obyektinə və yalançı padşah simvoluna çevrilir. Firdovsi Qudərzin dili ilə deyir ki, Kavus özünün pis təbiəti ilə hər zaman müharibə meyvəsi verən bir ağacdır.
Kavus xəbis, özündən razı, kütbeyin və qadın düşkünüdür. Onun bu xüsusiyyətləri özünün və İranın təhlükələrlə qarşılaşmasına səbəb olur. Kavusun başına gələn ən ağrılı və son hadisə oğlu Siyavuş ilə arvadı Südabənin münasibətləridir. Çünki bu hadisədə Kavusun əmri ilə tonqal qalanır və Siyavuş öz günahsızlığını sübut etmək üçün oddan keçməli olur və bu sınaqdan sağ-salamat qurtarır.
H.Cavidin “Siyavuş” pyesində isə belə bir epizod yoxdur. Böyük mütəfəkkir H.Cavid Kavusun yuxarıdakı mənfi xüsusiyyətlərinə bir də onun sarayın kiçik yaşlı xidmətçi qızlarına təcavüz edən əxlaqsızlığını əlavə etmişdir.
Firdovsinin “Şahnamə”sində Siyavuş Turan qoşununu məğlub etdikdən sonra bir miqdar döyüşçünü əsir götürür. Ancaq H.Cavidin “Siyavuş”unda belə bir epizoda rast gəlmirik.
Bundan başqa Firdovsidə Turan padşahı Ədrasiyab Siyavuşun qaynatası kimi təqdim olunur. H.Caviddə isə Turan padşahı Əfrasiyab Siyavuşun həm qaynatası və həm də dayısıdır.
“Şahnamə”də Piran düşmən cəbhəsində yer alsa da, Firdovsi onu ağıllı və mülayim bir obraz kimi təqdim edir. Piran problemlərin ağılla çözülməsi və sülh tərəfdarıdır. O, həm də Siyavuşun, Firəngizin və Keyxosrovun hamisidir. H.Cavid də Piranı ağıllı, dürüst və asayiş tərəfdarı kimi təqdim edir.
Bu iki əsərin başqa ortaq qəhrəmanlarından biri də Gərsivəzdir. Firdovsi onu Əfrasiyabın qardaşı, ən yaxın adamı, ordu komandanı və müşaviri və ən mənfi obraz kimi təqdim edir. Gərsivəz Siyavuşun Turanda olmasını və Əfrasiyabın ona yaxşı münasibətini özünə təhqir kimi qəbul edir. Bu, onu kinli və xəbis bir insana çevirir. Müqayisə olunan hər iki əsərdə bu kin özünü kəskin bir şəkildə biruzə verir. Gərsivəz hiylə ilə Əfrasiyabı Siyavuşa qarşı qaldırır.
Həm “Şahnamə”də, həm də “Siyavuş” pyesində üstüörtülü şəkildə Siyavuşun səhvinə toxunulur. Bu səhv Siyavuşun Gərsivəzə etimad etməsidir. Siyavuş Gərsivəzin özünə qarşı xoşniyyətli olduğunu düşünür və Siyavuşun saflığı onun ölümünə səbəb olur.
“Şahnamə”nin başqa bir epizodunda Əfrasiyab öz qoşununa Siyavuşla vuruşmağı əmr edir. Siyavuş isə özünün dostluğunu və günahsızlığını sübut etmək üşün ordusuna əmr edir ki, qılınclarını qınlarından çıxartmasınlar. Belə olan halda Siyavuşun bütün qoşunu məhv edilir, özü isə yaralanaraq əsir düşür və ən qəddar bir şəkildə onun başını bədənindən ayırırlar. Hər iki əsərdə İran şahzadəsi Siyavuş Gərsivəzin pis niyyəti və Südabənin məkri ilə cərəyan edən keşməkeşli hadisələrin qurbanı olur və müqavimətsiz öldürülür.
“Siyavuş və Südabə” əsəri “Şahnamə”nin bir neçə fərqli və keşməkeşli macəralarla dolu ən mürəkkəb dastanıdır. Burada oxucu personajların fəaliyyətərinin müxtəlif epizodlarına heyran olur. Sanki bu personajlar oxucunun öz ətrafından götürülmüş və onun dili ilə danışırlar.
Yuxarıda qeyd ounduğu kimi, H.Cavidin “Siyavuş” mənzum pyesi Firdovsinin “Şahnamə”sinin motivləri əsasında nəzmə çəkilmişdir. Lakin H.Cavid bəzi epizodları və səhnələri qəsdən dəyişmiş, onlara yeni çalarlar artırmaqla özünün humanist düşüncələrinə görə təqdim etmişdir. Nəticədə onun “Siyavuş” pyesinin sonu Firdovsinin “Siyavuş və Südabə” dastanının sonundan bir qədər fərqlənir.
Hər iki əsərin müqayisəsindən məlum olur ki, H.Cavidin məqsədi Firdovsinin “Siyavuş və Südabə” dastanında qələmə aldığı bütün epizodları başqa bir şəkildə təkrarlamaq olmamışdır. Əksinə, o, şahların zülmü, Südabənin qeyri-əxlaqi eşqi, Gərsivəzin hiyləğərliyi, şahların cəmiyyətdəki zalım mövqeyi və s. məsələləri qabartmaq və öz bəşəri ideyalarını qabarıq bir şəkildə ifadə etmək istəmişdir. O, öz əsərində Siyavuşu şahzadədən daha çox demokratik gəncliyin nümayəndəsi kimi təqdim və tərənnüm etmişdir (2, 369).
Əlbəttə, H.Cavidin düşüncəsi Firdovsinin fikirlərinə yaxındır. Hər iki müəllifə görə zalım şahlar ölümə məhkumdurlar.
Müqayisə olunan hər iki əsərdə təsvir olunan obrazları qruplara ayırmaq olar: adi, qarışıq, qabaqcıl, igid, şər qüvvələrin təmsilçiləri və s. Bu bölgü obrazların daxili aləminin açılmasına və özəlliklərinin meydana çıxmasına, eləcə də əsərdə oynadıqları rolun daha düzgün anlaşılmasına kömək edir. H.Cavid öz pyesində obrazlar silsiləsini belə yaradır: Kavus və Südabə-nifrət qaynağı, rəqqasə və Kosa-şər qüvvələrin təmsilçiləri, Gərsivəz-hiyləgərliyin ifadəsi, Piran-sülhün carçısı, şahlar-zülmkarların hamisi. Cavid öz əsərində Firdovsidən gələn əsas motivləri saxlamışdır. Belə ki, həm Firdovsidə və həm də Caviddə Siyavuş pak və atasına sadiq bir şahzadə kimi təsvir olunmuşdur. Müqayisə olunan hər iki əsərdə analığının hər cür fitnə-fəsadı onu yolundan döndərə bilmir.
Əlbəttə, səhnə əsərlərinin imkanları dastanlardan fərqlidir. Bəlkə də elə buna görə H.Cavidin “Siyavuş” pyesi Firdovsinin “Siyavuş və Südabə” dastanı ilə müqayisədə yığcam və lakonikdir. Belə ki, pyesdə Firdovsinin “Siyavuş və Südabə” dastanında rast gəldiyimiz Siyavuşun oddan keçməsi, Südabənin iftiraları, Siyavuşun Turan ordusu ilə döyüşü, Siyavuşun Piranın qızı Cərirə ilə evlənməsi, Əfrasiyabın hüzurunda Siyavuşun çövqan oyununda qalib gəlməsi, Gərsivəzin siyavuşa qarşı sui-qəsdləri, oğlu Forudun öldürülməsi, Cərirənin oğlunun yastığı başında özünü öldürməsi və s. epizod və səhnələrə rast gəlmirik. Əksinə H.Cavid “Siyavuş” pyesində Südabənin qeyri-qanuni eşqi, Kavus şahın oğlu Siyavuşa qəzəblənməsi, Kavusun İran milli qəhrəmanı Rüstəmi məzəmmət etməsi, Kavusun müharibəyə rəvac verməsi, Gərsivəzin kin və küdurəti epizodlarını önə çəkmişdir. Dramatik hadisələr pyesin əsas ünsürlərindən olsa da, H.Cavid onları müxtəsər və yığcam bir şəkildə təqdim etmişdir.
Əlbəttə, H.Cavid “Siyavuş” pyesini təkcə Südabənin öz oğulluğuna olan qeyri-əxlaqi eşqi üzərində qurmamışdır. Sənətkar bir mütəfəkkir və şair kimi onu narahat edən bir çox məsələlərə bu əsərdə öz münasibətini ifadə etmişdir. Şübhəsiz ki, bu mansibət və düşüncələrin kökündə onun yaşadığı dövr və şəraitin də rolu, təsiri və tələbləri var idi. Bəlkə də elə bu amilə görə H.Cavid öz əsərində Firdovsidə qabarıq bir şəkildə verilmiş mifoloji süjetlərə, obraz və epizodlara yer verməmişdir. H.Cavidin “Siyavuş” pyesini yazarkən bəzi səhnələrdə, epizod və motivərdə, eləcə də obrazlarda Firdovsidən “uzaqlaşması” daha çox onun mövzunu öz zamanına və dövrünə uyğunlaşdırması kimi izah etmək olar. Çünki hər bir yaradıcı insan, ilk növbədə, öz əsrinin və zamanının fərdidir və onun düşüncə tərzinə uyğun olaraq yazıb-yaradır.
Dostları ilə paylaş: |