Əli MƏMMƏDBAĞIROĞLU
(Əlyazmalar İnstitutu)
“DƏLİNAMƏ” HEKAYƏTİ VƏ ONUN MÜƏLLİFİ HAQQINDA
Azərbaycan yazılı xalq ədəbiyyatına aid “İbrahimnamə”, “İsmayılnamə”, “Kəsikbaş”, “Kəllənamə”, “Keyiknamə”, “Mövludnamə”, “Düzd və qazi”, “Bayquşnamə”, “Hekayəti-göyərçin”, “Hekayəti-dəvə”, “Hekayəti-Məhəmməd Hənifə” və s. hekayətlərin hər birinin özünəməxsus məzmun və süjet xətti olmasına baxmayaraq, bu əsərlər ta qədimdən xalq arasında yaranmış əfsanə və rəvayətlərin müşayiəti ilə insanların əxlaqi, dünyəvi görüşlərinin islami ruhda formalaşmasına böyük təkan vermiş və eyni zamanda xilafətin ələ keçirdiyi torpaqlarda İslamın qəbulunun sürətlənməsinə, daha da möhkəmlənməsinə münbit zəmin yaratmışdır.
Bu qəbildən olan “Dəlinamə” hekayəti də orta yüzilliklərdə nəzmlə köçürülən və Şərq aləmində geniş yayılmış xalq yaradıcılığı nümunələrindən biridir. Həcm etibarilə kiçik olan bu hekayət didaktik məzmun daşıyaraq, uzun müddət İslam dini və dini görüşlərinin təbliğinə xidmət göstərmişdir. Qeyd edək ki, İslamın qəbulu ilk vaxtlar elə ərəblərin arasında da qısa bir zaman ərzində baş tutmamış, əvvəlcə Məhəmməd Peyğəmərin (s) özünün, daha sonralar isə ardıcıllarının başçılığı ilə aparılan uzun mübarizələr, mücadilələr nəticəsində həyata keçmişdir.
Ərəbistandan kənarda, qeyri ərəblərin arasında da bir çox yüzilliklər dönəmində tamamilə yeni bir dini, eyni zamanda dinin özü ilə gətirdiyi yeni bir dili, yeni bir mədəniyyəti və yeni dünyagörüşü qəbul etmək fonunda onu birdən-birə əxz etmək heç də asan olmamışdır. Çünki yeni qəbul edilən hər bir şey nə qədər mütərəqqi, humanist, ədalətli, təkmil olsa da, onu qısa bir vaxt ərzində qəbul etmək, canına, ruhuna hopdurmaq, ağıla dərk ediləcək səviyyədə sığışdırmaq üçün uzun zamana ehtiyac duyulur.
Günümüzə gəlib çatmış dini məzmunlu hekayətlərdən elələri də var ki, onlar yalnız Azərbaycan xalqının bədii təfəkkürünün məhsuludur. “Dəlinamə” hekayəti belələrindən biridir. Adından da göründüyü kimi, “dəli” türk sözü olub, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi dastan abidələrimizdə “igid”, “qəhrəman” mənasında işlənmişdir. “Dəlinamə” hekayətinin qəhrəmanı da çılğın, ipə-sapa yatmayan, öz sözündən dönməyən, asi xarakterlidir. Obraz bu xarakterik xüsusiyyətlərinə görə “Kitabi-Dədə Qorqud”dakı “Dəli Domrul” boyunun qəhrəmanına oxşarlığı (1) və Əhmədi Təbrizinin “Əsrarnamə” əsərinin tərcüməsindəki (2) hekayətlərə yaxınlığı ilə diqqəti cəlb edir.
“Dəlinamə” hekayəti haqqında bu günədək çox az araşdırma aparılmış və az yazılmışdır. Tanınmış folklorşünas alim, filologiya elmləri doktoru Şamil Cəmşidov “Dəlinamə” adlı məqaləsində (3; 4) bu folklor əsəri əlyazmasının elmi-paleoqrafik xüsusiyyətlərini və hekayətin ideya və məzmunu haqqında ilk dəfə elmi ictimaiyyəti bilgiləndirmişdir. Alim məqaləsinin sonunda belə bir fikri səsləndirir: “Dəlinamə” məsnəvisi orta əsr ədəbiyyatımızın qiymətli nümunəsi olaraq tədqiqata layiq bir əsərdir”(4, s.174). Ş.Cəmşidov həmin məqalədə “Dəlinamə”nin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuinda 18 əlyazma nüsxəsinin olmasını bildirir. 2007-ci ildə Ş.Cəmşidovla birgə tərtib edərək nəşr etdirdiyimiz “Türk əlyazmaları kataloqu”nun I cildinə (5) hekayətin Əlyazmalar İnstitutunda saxlanılan 9 nüsxəsinin paleoqrafik-təsviri məlumatı daxil edilmişdir. Həcminə görə 50-70 arası beytdən ibarət olan hekayətlərin nüsxələri məzmunca oxşar olub, XIX və XX yüzilliyin əvvəllərində köçürülmüşdür. Əlyazmalar İnstitutu xəzinəsində saxlanılan və kataloqa təsviri məlumatı daxil edilən “Dəlinamə”nin ən qədim nüsxəsi 1835-ci ildə (B-5275/6900), sonuncusu isə (B-5846/7471) 1908-ci ilin yanvar ayının 24-də Məhəmməd bin Molla Sədulla tərəfindən Hacı Abdulla əfəndi Qışlaqinin xidmətində köçürülmüşdür (5, s.62,63). Əlyazmalar İnstitutunun xəzinəsindəki 9 nüsxədən dördü (B-5275; B-625; B-5846; B-4426) arasında tutuşdurma apardıqda mətnlər həm həcminə, həm də hər bir nüsxədə katib düzəlişlərinə, redaktəsinə görə fərqlənir. B-5275 şifrli nüsxə 63, B-625 şifrli nüsxə 60, B-4426 şifrli nüsxə 51 və B-5846 şifrli nüsxə isə 47 beytdən ibarətdir. İlk üç nüsxədə hekayətin məzmunu tamamlanmış, sonuncu nüsxədə isə nəql olunan əhvalat yarımçıq köçürülmüşdür.
Hekayətin məzmunu “Kitabi-Dədə Qorqud”un “Dəli Domrul” boyundakı kimi maraqlı bir süjet üzərində qurulmuşdur. Hekayət nağılvari bir girişlə başlanır:
Var idi bir dəlü əvvəl zamanda,
Gəzərdi hər zaman ol bir məkanda.
Hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olunsa da, o daim Tanrısını tanıyar və Ona üz tutub sevgisini bildirərdi:
Xuda ilə könlündə raz edərdi,
Sevərdi Tanrını, çox naz edərdi.
Hekayətin qəhrəmanı daha çox gözütoxluğu və təmənnasızlığı ilə diqqəti cəlb edir. Fikri heç vaxt yemək-içmək yanında olmayan, acmaq nə olduğunu bilməyən, acanda da çox gec acan Dəli, Allaha üz tutub içində çoxdan bəri baş qaldıran etirazını dilə gətirir, hətta onunla döyüşə belə hazır olduğunu bildirir:
Yemək üçün bəğayət acmazdı,
Əgər qarnı acardı, gör nə derdi.
Dedi: eşid aləm kirdgarı,
Səninlə edərəm bir cəng barı.
Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha “Yuxaruda nə durursən, en aşaqə”, “Bənim qorkumdan oxşarsan uşaqə” deməsilə təhdidlər edir və özünün heç nədən qorxub çəkinmədiyini cəsarətlə bildirir:
Derdin: bən yaratdım cümlələri,
Anunçün sən qurarsan cümlələri.
Derdin: onları cənnətə qoyman,
Sənin cənnətini bir pula sayman.
Arzuladıqlarına nail olmayan Dəlinin bu cür çılğın, təhdidedici etirazlarını görən Tanrı, Dəlinin tutulmasını buyurur.
Eşitdi Tanrı, der: dutun Dəlini,
Anın dalına bərk bağlayın qolunı.
Boğazına salın bir qıl sicimi,
Bəgənməzsə, bənim bilsün gücimi.
Dəli Allahın göndərdiyi firiştələrlə meydana çıxıb döyüşür və firiştələrin hərəsi bir tərəfə qaçıb, yalnız biri sağ-salamat qalır ki, o da Allaha xəbər aparıb vəziyyəti nəql edir. Bildirir ki, Dəlini bu cür ələ gətirmək olmaz, bu işdə olsa-olsa xoş dil köməyə çatar:
Dedi: gəlməz ki, ol yamanlıq ilə,
Yenə gəlsə, gəlür yalvarmaq ilə.
Belə olan halda Allah Cəbraili Dəlinin yanına göndərir və onun dostu olduğunu, çox sevdiyindən onu tutdurduğunu bildirir. Cəbrail Allahın salamını ona çatdırıb, xoş sözlərlə könlünü almağa çalışır:
Dedi Cəbrail ona: can divanə,
Mənim canım, aya, sultan divanə.
Gül üzlü, həm şirin sözlü divanə,
Qəmər eynlü, günəş yüzlü divanə.
Cəbrail sözünə davam edərək Dəlini ələ almağa cəhd edir və deyir: “Axı, sənə kim divanə deyir? Sənə əgər kim divanə deyirsə, belə divanələrlə dünya doludur. Gəldim ki, Xudanın sözünü eşidib, Onun dediklərinə qulaq asasan”.
Dəli aydır: məni belə bilürdi,
Neçün mana firiştə göndərirdi?
Mən onda varmazam, ol munda gəlsün,
Yetər, hicran ilə bağrımı dəlsün.
Cəbrail Dəlinin dediklərini olduğu kimi Allaha çatdırır. Allah bu xəbərdən heç də halını pozmadan deyir ki, “o gəlməz isə, biz gedərik, əgər küsmüşsə, könlünü alarıq”. Allah mələklər biri sağında, o biri solunda olmaqla yola düşür. Gəlib görür ki, Dəli çomağını yanına qoyub yatmışdır. Yuxudan oyanıb Allahın ona nə sovqat gətirdiyini soruşur.
Dedi Allah: sana alma gətirdim,
Azın-çoka bu yüzə çalma gətirdim.
Dəli:
Əgər alma isə almanam onı,
Alubən qoynuma salmanam onı.
Allah Dəlinin almanı almadığını görüb, heç olmasa almanı alıb qoxulamasını xahiş edir. Dəli Allahın sözündən çıxa bilməyib, almanı iyləyir və başa düşür ki, bununla da ömrünün sonu çatıb. Odur ki, sonda Allah-taaladan yalnız bir diləyi olur.
Dedi: keç cümlənin suçı suçından,
Dedi: bağışladım öci öcindən.
İylədi almanı, verdi canını,
Tanıdı dəli ol dəm Sübhanını.
Burada Dəli öz Tanrısına inam gətirəndən sonra belə bir fikir aydın olur ki, onun, yəni Dəlinin bütün narazılığının səbəbi, sən demə, günahı olanların günahının bağışlanmamasıdır. Beləliklə, Allah-taala Dəlinin xahişini eşitdikdə bütün suçluların suçundan keçməklə, bəndəsi qarşısında bir daha qüdrətli, rəhimli olduğunu nümayiş etdirir.
Dəlinin ölümü ilə hər şey sona çatmır. Onun üsyankarlığı o dünyada da davam edir. İnkir-minkir onu sorğu-sual edəndə, belə şeyləri əhəmiyyətsiz və etinasız qarşılayır:
Varub minkir-nəkir etdi sualı,
Dəli belə bilür nə qeylü qalı?
Hekayətdə Dəli obrazı nə qədər dönməz, inadkar xarakterdə verilsə də, müəllif sonda qəhrəmanının sadəlövhlüyünü, sözün əsil mənasında, qafilliklə əlaqələndirir. İnkir-minkirin sorğu-sualı onu təngə gətirir, o da acıqlanaraq deyir:
Sögərəm, dögərəm, canın aluram,
Sənin dedigüyi mən nə bilirəm?
“Dəlinamə”nin nəzərdən keçirdiyimiz dörd nüsxəsindən yalnız B-5275 şifrli nüsxəsinin son beytlərindən birində “Heyrani” antroponimi işlənmişdir ki, onun hekayətin müəllifi olması ehtimal olunur (3, s.169). Başqa bir mənbədə də Heyraninin hekayətin müəllifi olması fikri irəli sürülmüşdür. “XVII əsrdə yaranan mənzum hekayətlərdən xalq ədəbiyyatı ilə əlaqədar cizgilər daha da güclənir, cəsarətlli fikirlər irəli sürülür. Şairlərin dini-mistik ideya və təsəvvürlərə qarşı yazdığı əsərlərdə bu cəhət aydın görünməkdədir. Belə əsərlərdən biri Heyraninin “Dəlinamə” hekayəsidir. Şairin həyat və yaradıcılığı bu günə qədər qaranlıq qalmaqdadır. Onun barəsində orta əsr mənbələrində müəyyən bir məlumata rast gəlmirik” (6, s.161). Bu fikrin düzgün olub, olmadığını dəqiq söyləmək mümkün deyil. Bəlkə də, Heyrani hekayətin müəllifi deyil, onun mətnini köçürən katibidir?! Çünki, bu antroponim hekayətin müəllifinə aid olsaydı, həmin təxəllüsə digər nüsxələrdən hansındasa rast gəlinərdi və hekayətin mətni də digərlərindən məzmununa, üslubuna görə fərqlənər, fərdi müəllif yaradıcılıq dəst-xətti göz qabağında olardı.
Müşahidəmizdən çıxış edərək deyə bilərik ki, hekayətin dörd nüsxəsinin həm məzmunu, həm də mətnlərinin leksik tərkibində elə ciddi fərq görmürük. Ancaq qeyd edək ki, beytlərin sayının bir nüsxədə çox və ya az olması, ya da hər hansı söz və birləşmənin, həmçinin misra və beytlərdə fərqin ortaya çıxması əlyazma mətnlərinə xas olan bir xüsusiyyətdir. Hətta, eyni katib tərəfindən köçürülmüş bir əsərin ayrı-ayrı nüsxələrinin mətnində də fərqli cəhətlərə rast gəlmək mümkündür. Nəzərdən keçirdiyimiz hekayətin mətnləri isə süjet xəttinə və orfoqrafiyasına görə çox yaxındır. “Dəlinamə”nin ayrı-ayrı vaxtlarda köçürülmüş üç nüsxəsinin əvvəldən bir neçə beytini müqayisə etdikdə demək olar ki, tamamilə oxşar olmasının bir daha şahidi oluruq:
1) Var idi bir dəlü əvvəl zamanda,
Gəzər idi hər zaman ol bir məkanda.
Gah aşkar idi, gahi nihani,
Gəzər idi hər zaman ol bir məkanda.
Xuda ilə könlündə zar edərdi,
Sevərdi Tanrını, çox naz edərdi.
Yemək üçün bəğayət acımaz idi,
Əgər qarnı acardı, gör nə deyərdi. (7)
2) Var idi bir dəlü əvvəl zamanda,
Gəzərdi hər zaman ol bir məkanda.
Gəhi aşikar idi, gah nihani,
Gəzərdi hər zaman ol bu cahani.
Xuda ilə könüldə raz edərdi,
Sevərdi Tanrını, çox naz edərdi.
Yemək içün ğayətdə acmaz idi,
Əgər qarnı acardı, gör nə derdi. (8)
3) Var idi bir dəlü əvvəl zamanda,
Gəzərdi hər zaman ol bir məkanda.
Gəhi aşikar idi, gəhi nihanda,
Gəzərdi hər zaman ol bir cahanda.
Xuda ilə könlündə raz edərdi,
Sevərdi Tanrını, çox naz edərdi.
Yemək üçün bəğayət acmazdı,
Əgər qarnı acardı, gör nə derdi. (9)
Qeyd edək ki, əlyazma əsərinin mətnini köçürən katiblər ənənəvi olaraq, mətn başa çatandan sonra adlarını kolofonda qeyd edirlər. Ancaq burada hekayəti köçürmüş katib fikrimizcə, bir az tələsərək, əlyazmanın katibi olmaqla bərabər, əsərin mətninə sonda müdaxilə etmiş və Dəlinin düşdüyü durumla bağlı öz münasibətini də bildirmək üçün təxəllüsünü mətn sonunda deyil, mətn daxilində axıra yaxın vermişdir. Xatırladaq ki, bu cür hallarla, yəni yazılı folklor ədəbiyyatı nümunələrinin kim tərəfindən qələmə alındığı, həm də onun əsərin müəllifi olması ilə arabir rastlaşırıq.”Dəlinamə” və bu kimi hekayətlər uzun zaman ərzində xalq arasında formalaşmış, nəsildən-nəsilə keçmiş və müxtəlif vaxtlarda katiblərin köçürdüyü, uzun müddətdən bəri müəllifsizləşmiş bir əsərin ayrı-ayrı nüsxələridir.
Bizcə, “Dəlinamə” nüsxələri arasında rast gəldiyimiz yalnız B-5275 şifrli əlyazma (9) mətnində Dəlinin yol verdiyi bütün əməllərin istər xoşagəlməz, ya da onun çılğınlığından irəli gələn olduğunu, buna görə də heç zaman tənbehə və qınağa tuş gəlməməsi fikrini göstərməklə katib oxucuya özünü mətn daxilində təqdim etməyi münasib bilmişdir:
Əgər, Heyrani, istərsən dəlilik,
Dəli ol kim, ona olmaz zəlillik.
Dostları ilə paylaş: |