İzahlar, şərhlər və qeydlər.
Yazılı abidələrin akademik nəşrinin mühüm şərtlərindən biri geniş və elmi izahların və şərhlərin, zəruri qeydlərin verilməsidir. Bu kimi məlumatlara kütləvi və adi nəşrlərdə rast gəlmək olur, ancaq onların kəmiyyət və keyfiyyəti akademik nəşrlərlə müqayisədə azlıq təşkil edir. Azərbaycanda işıq üzü görən akademik nəşrlər bu cəhətdən nəinki Avropa və rus nəşrlərindən, hətta İran və Türkiyə nəşrlərindən də geridə qalır.
İzahlar, şərhlər və qeydlər əsasən aşağıdakı maddələri əhatə edir:
- tarixi hadisələr
- şəxsiyyətlər barədə məlumatlar
- coğrafi yer və məkan adları
- xalq, qəbilə və tayfalar
- ictimai –siyasi, dini ideoloji cərəyan (məktəb və təriqətlər).
- müxtəlif sahələrə aid termin və məfhumların izahı
- Quran ayələri, hədislər, məşhur şəxsiyyətlərin deyimləri.
- digər məlumatlar və qeydlər
Akademik nəşrlərdə bütün izahlar, şərhlər və qeydlər mötəbər qaynaqlar və sənədlər əsasında verilməlidir. Bunlar nə qədər mükəmməl olarsa, nəşrin elmi səviyyəsi bir o qədər yüksək olar. Nümunə üçün üç nəşr barədə məlumat verək:
Xacə İmam Əbu İbrahim İsmayıl ibn Məhəmməd Buxarinin “Şərhüt-təərrüf li məzhəbüt-təsəvvüf” əsəri İranda “Əsatir” nəşriyyatı tərəfindən hicri şəmsi tarixi ilə 1361-ci ildə nəşr edilmişdir (19). Təsəvvüfə aid bu dəyərli əsəri Məhəmməd Rövşən nəşrə hazırlamışdır. Əsas mətn 4 cilddə (1822 səhifə), beşinci cilddə isə ayrıca olaraq izahlar, qeydlər, şərhlər və göstəricilər verilmişdir. Son cilddə verilən məlumatlar bunlardır:
1.Ayələr, hədislər, ərəbcə şeir və ibarələrin tərcüməsi və şərhi.
2. Nüsxə fərqləri
3. Mövzu göstəricisi
4. Nüsxələrin şərhində mühüm məqamlar
5. Nüsxə fərqləri üzrə şərhlər
6. Quran ayələrinin göstəricisi
7. Hədislərin göstəricisi və qaynaqları
8. Farsca misallar, hikmətli sözlər və deyimlər
9. Ərəbcə misallar, hikmətli sözlər və deyimlər
10. Mühüm terminlərin şərhi
11. Dastan və təmsillərin göstəricisi
12. Farsca və ərəbcə şeirlərin göstəricisi
13. Şəxs, kitab, yer adları və s.
İkinci nümunə Şəmsəddin Məhəmməd Lahicinin filosof-şair Şeyx Mahmud Şəbüstərinin 1006 beytlik “Gülşəni-raz” məsnəvisinə yazdığı “Məfatihül-ecaz fi şərhi-Gülşəni-raz” adlı şərhinin akademik nəşridir. Bu sanballı şərhin tənqidi mətnini Məhəmməd Rza Bərzgər Xaliqi və İfrat Kərbasi nəşrə hazırlamışdır (20).
818 səhifəlik bu əsərin giriş məqaləsi 80 səhifəni, izahlar, şərhlər, qeydlər və göstəricilər isə 605-818-ci səhifələri əhatə edir. Məlumdur ki, bu növ əsərlərdə “Quran” ayələri və hədislərlə yanaşı, başqa qaynaq və əsərlərdən nümunələr gətirilir. Akademik nəşr üçün həmin nümunələrin qaynağını və müəllifini müəyyənləşdirmək çox zəruridir. Bu mətni nəşrə hazırlayanlar bütün xırdalıqları vermiş və qaynaqlar sırasında Nizaminin “Məxzənül-əsrar”, Mövlananın “Məsnəvi”, Lahicinin “Əsrarüş-şühüd” əsəri və divanı, Məğribi Təbrizi, İbn Fariz, Əvhədi Məraği və İraqinin divanı, Əttarın “Məntiqüt-teyr” və “Müsibətnamə” əsəri və bir çox başqa qaynaqlar diqqəti cəlb edir. Hətta ərəbcə Əbu Nəvvasın bir beytinin başqa ərəb şairi Cərirdən “sirqət” yolu ilə götürüldüyü də qeyd olunur (20, s.624)
Üçüncü nümunə Eynəlqüzzat Həmədaninin fəlsəfə və irfana aid “Təmhidat” əsərinin nəşridir (21). Doktor Əfif Üsiran tərəfindən nəşrə hazırlanan bu əsərin tənqidi mətnindən öncə 192 səhifə giriş verilmişdir. Quran ayələri hər səhifənin haşiyəsində nüsxə fərqləri ilə yanaşı gəlir. İzahlar, şərhlər və göstəricilər isə 355-523-cü səhifələri əhatə edir və əsl akademik nəşr nümunəsi kimi seçilir.
Qeyd edək ki, izah və şərhlərin həcmi və möhtəviyyatı mətndən asılıdır. İlahiyyat, fəlsəfə, təsəvvüf, nəzəri hikmət sahəsi üzrə əsərlər üçün bu qism məlumatlar daha geniş və əhatəli olur. Elmi kateqoriyalar və terminoloji aparatın düzgün və tam açıqlamasına daha çox ehtiyac vardır. Eyni zamanda mətnin orjinalı ilə təcrümənin nəşri arasında da izahlar və şərhlərin verilməsi baxımından fərq qaçılmazdır. Tərcümə edilən mətnlərin nəşrində orijinala xas izah və şərhlərlə yanaşı, terminlərin düzgün açıqlanması çox önəmlidir. Sadalanan cəhətlər Azərbaycan filologiyasında abidələrin akademik nəşri sahəsində mühüm problemlərdən biri kimi qalmaqdadır. İzah və şərhlərin səthi və bəsit şəkildə verilməsi, bəzən də başqa müəlliflərin nəşrlərindən mexaniki şəkildə köçürülərək naqis halda təqdim edilməsi də akademizmdən uzaqdır.
Dostları ilə paylaş: |