Abidələrin akademik nəşrində texniki cəhətlər
Akademik nəşrlərdə qaynaqlardan istifadə çox önəmlidir və istinad olmadıqda ifadə və fikrin kimə aid olduğu sual altında qalır. Başqalarının fikir və sözlərini “özününküləşdirərək” qələmə vermək olmaz. Almaniyanın təhsil naziri belə bir problemə görə istefa verməli oldu. Abidələrin akademik nəşrində bu prinsiplər xüsusi olaraq diqqət mərkəzində dayanır.
Akademik nəşrdə səhifələrin haşiyəsində əlyazma nüsxəsində olan vərəq nömrəsi (məsələn, 4a, 4b, 5a, 5b və s.) göstərilir. Bununla, oxucu mətnin istənilən parçasını əlyazmada rahatlıqla tapa bilir. Nəsr əsərlərinin mətni sətirlər üzrə, adətən hər 5 sətirdən bir sıralanır (5;10; 15; 20; 25 və s). Bəzən 3 sətirdən bir sıralanmaya da rast gəlirik (21). Nəzm əsərlərində isə mətn beytlər üzrə sıralanır, beytlət tək-tək, bir sıra hallarda isə beş-beş sıralana bilər.
Elmi-tənqidi mətnlərin nəşrində nüsxə fərqləri həm hər səhifənin altında, yaxud kitabın sonunda verilə bilər. Həmin fərqləri hər səhifədə vermək üsulu daha çox tətbiq olunur ki, bu da mütaliə zamanı fikri yayındırmaq, oxu sürətinə xələl gətirmək kimi neqativ halların qarşısını alır. Ancaq bəzi müəlliflər maraqlı bir usuldan yararlanırlar; mübahisəsiz və asanlıqla anlaşılan nüsxə fərqlərini hər səhifənin altında göstərir, izah və şərhə ehtiacı olan məsələləri isə kitabın sonunda ayrca bir bölmədə verirlər (21).
Eyni zamanda avtoqraf nüsxələrin nəşri ilə bağlı bəzi məqamlara toxunmağı da vacib bilirik. Bu baxımdan Əbdüiqadir Mərağinin klassik Şərq musiqisinin nəzəri-praktiki əsaslarından bəhs edən iki əsərinin: “Cameül-əlhan” və “Məqasidül-əlhan” mətninin akademik nəşri diqqətəlayiqdir. Bu əsərlər Tehranda Təqi Bineş tərəfindən çap edilmişdir (31; 32). Hər iki avtoqraf nüsxəsində, bəzən sətirlərarası haşiyələrdə və bəzən də mətnin haşiyəsində müəllifin öz əli ilə etdiyi düzəliş, əlavə və qeydlər vardır. Mətni nəşrə hazırlayan T.Bineş bütün xırda və böyük qeydləri hər səhifənin altında yerləşdirmiş, kitabın sonunda isə qaynaqlara əsasən olduqca geniş və mətni dərk etmək üçün zəruri olan izah və şərhlər vermişdir. Deməli, avtoqraf nüsxəsini nəşrə hazırlayarkən, sadəcə onun mətninin üzünü köçürməklə kifayətlənmək olmur, müəllifin öz əsəri üzərində nə şəkildə işləməsini, hansı əlavə və düzəlişləri etməsini, yəni “təlif” prosesini anlatmaq lazım gəlir.
Ümumiyyətlə, uzun illərdir Azərbaycanda ərəb qarfikalı abidələrin müasir əlifba ilə nəşrə hazırlanması prosesi sistemsiz və pərakəndə xarakter daşıyır, necə deyərlər, kim nə cür istəyirsə, öz bildiyi və düşündüyü kimi transliterasiya edir, çünki vahid və standart prinsip yoxdur. Bunun nəticəsi olaraq bizdə işıq üzü görən mətnlərin heç biri istər yazı və qrafik işarələr, istərsə də izahlar, şərhlər və qeydlər baxımından dünyanın ayrı-ayri aparıcı elm mərkəzləri tərəfindən qəbul edilən akademik nəşr standartlarının və qaydalarının tələblərinə cavab vermir.
Burada bir məsələyə də toxunmağı lazım bilirik; son zamanlar yazılı abidələrin tədqiqində klassik meyarlar dəqiq müəyyənləşdirilmir; çox halda isə filoloji, paleoqrafik, kodikoloji və tekstoloji təhlillər bir-birinə qarışdırılır, yaxud bir-birinə qarşı qoyulur. Bəzən də “tekstoloji təhil” sadəcə bir neçə əlyazmanın sadə təsviri ilə məhdudlaşdırılır, əslində isə ayrı-ayrı nüsxələrdəki mətnlərin fərqləri və tekstoloji “təhlil”in əhəmiyyət və mahiyyətinə toxunulmur. Filologiya geniş və klassik mənada yazılı abidələrin bütün elmi-nəzəri və ümumi problemlərini ehtiva edir, onu mətnşünaslıqdan və yazılı adidələrdən ayırmaq olmaz. Halbuki bizlərdə abidənin filoloji təhlili dedikdə sadəcə oradakı şeirlərin tək-tük bədii xüsusiyyətləri barədə bəsit, pərakəndə və sistemsiz məlumat vermək nəzərdə tutulur. Mətnşünaslığın nəzəri məsələlərində isə D.Lixaçevdən bir addım qabağa gedə bilmirik; burada istisna olaraq f.e.d. Kamandar Şəriflini xidmətini xüsusi olaraq vurğulamaq olar, belə ki, o, ilk dəfə D.Lixaçev və başqalarını tərcümə və təkrar etmədən yazılı abidələr əsasında Şərq mətnşünaslığının nəzəri və praktiki əsaslarını elmi şəkildə təhlil edərək bu sahəyə yenilik və orjinallıq gətirmişdir (33).
Abidələrin akademik nəşrində kursivlərin verilməsi də mühüm şərtlərdən biridir. Mətni çapa hzırlayan tədqiqatçı zəruri hallarda mötərizədə izahedici və aydınlaşdırıcı yazılar verir ki, bunlar birbaşa abidənin mətninə şamil edilmir. Kursivlər adətən mətni hazırlayanın soyadı, yaxud soyad və adının baş hərfləri ilə işarələnir. Bundan başqa, akademik nəşrlərdə müəyyən ixtisarlardan istifadə edilməsi də mühüm şərtlərdəndir.
Elmi-tənqidi mətnlərin nəşrində şərti mətnşünaslıq işarələri də mühüm yer tutur və burada fərqli yanaşmalar mümkündür (34.s.66-67).
Nəhayət, akademik araşdırma və nəşrlərdə istinadlar və elmi aparat mühüm və zəruri şərtlərdəndir. Monoqrafiya və başqa elmi işlərdə ilkin qaynaqlara və birinci növbədə orijinal mətnlərə istinad olduqca əhəmiyyətlidir. Klassiklərin əsərlərinin akademik tədqiqində bu məsələ xüsusi əhəmiyyət daşıyır, belə ki, bir sıra hallarda orjinala deyil, tərcüməyə istinad edirlər. Məsələn, Nizamini götürsək, onun “əsərlərinin poetik tərcüməsi geniş oxucu kütləsi, filoloji tərcümələr nisbətən savadlı zümrələr, orjinal mətn isə peşəkar araşdırıcılar və mütəxəssislər üçündür” (35.s.87).
Elmi aparatın verilməsində adətən bir necə metod işlənir:
1. Bütün istinadlar hər səhifənin aşağı hissəsində verilir. Mətn boyunca qeydlər mötərizədə sıralanır və kitabın sonunda ayrıca bölmə kimi verilir. Ümumi biblioqrfiya isə sonda əlifba sırası ilə yerləşdirilir.
2. Ümumi kod sistemi. Sonda əlifba sırası ilə bütün istifadə olunmuş ədəbiyyat verilir. Mətn boyu isə istinadlar mötərizədə gəlir. Öncə qaynağın sıra nömrəsi, sonra isə cild və səhifə verilir. Əgər istinadlar adi mötərizədə verilirsə, qeydlər, şərhlər və izahların sırası kvadrat mötərizədə verilə bilər.
3. Bir sıra müasir nəşrlərdə biblioqrfiya müəlliflərin soyadları üzrə əlifba sırası ilə verilir. Soyadın yanında isə nəşr tarixi, qeyd olunur. (Məsələn, Nasr, 1980). Əgər eyni müəllifin iki və ya daha çox əsərindən istifadə olunursa, həmin əsərlər nəşr tarixləri ilə ayırd edilir (məsələn, Corbin, 1964; Corbin 1982). Əgər istinad bir başa deyil, başqa bir müəllifin kitabına əsasən verilirsə, bu mütləq qeyd olunmalıdır. Bəzən də biblioqrafik məlumatlar qeydlərin içərisində verilir, sonra isə əlifba sırası ilə ayrıca göstərilir.
Bir çox akademik nəşrlərdə klassik dövrə aid elmi araşdırmalarda adətən öncə ilkin qaynaqlar, sonra isə elmi ədəbiyyat verilir.
Yekun olaraq qeyd edək ki, hər sahədə olduğu kimi, abidələrin akademik tədqiqi və nəşrində dünyanın aparıcı elmi mərkəzlərinin qazandığı təcrübə əsasında yaradılan sistem və qayda-qanunlar bir örnək olaraq bu sahədə də qarşıya çıxan problemlərin həlli üçün çox əhəmiyyətlidir. Sistem dəlil və arqumentlər əsasında qurulan, standart və normalarla tənzimlənən xüsusi düzən, yəni harmonik inkişaf və təkamül modelidir. Məhz bu modelə əsaslanaraq abidələrin akademik tədqiqi və nəşrində uğur qazanmaq olar.
Dostları ilə paylaş: |