(Deniz Rasim, 2, səh. 15)
BİLMƏZSƏN
Əl çək təbib, əl çək dərdli sinəmdən,
Sən mənim dərdimə çara bilməzsən.
Sən necə təbibsən yoxdur ilacın,
Yaram içərdəndir sara bilməzsən.
Yıxılsın fələyin tacıyla-taxdı,
Ox vurdu sinəmə, al qanım axdı,
Əzəl verməsəydin ikrarı, əhdi,
O ki ikrarında dura bilməzsən.
Dinlə Sənəm Qul İrfanı sözlərin,
Yaxdı ciyərimi atəş-közlərin,
Ağlasana, nə durursan gözlərim,
Daha yar yüzünü görə bilməzsən.
(Ensar Aslan, səh. 24)
Rasim Denizin və Nizaməttin Onkun məqalələrində şeirin birinci bəndləri yuxarıdakı ilə eyni olduğundan ixtisar etdik. İkinci və üçüncü bəndlərdə fərq olduğuna görə aşağıda veririk.
Yıxılsın fələyin tacınan-taxdı,
Elə bir ox vurdu hicranım axdı,
O yar da vermişti ikrarı əhdi
O ki ikrarında dura bilməzsən.
İrfaniyəm başa gəlməz sözlərim,
Qələm alar, kağız üstə izlərim,
Nə durursan, ağlasana gözlərim,
Bir daha o yarı görə bilməzsən.
Yunuz Zeyrəkin nəşr etdirdiyi şeir dörd bənddir. Birinci və ikinci bəndi Ensar Aslanın nəşr etdirdiyi ilə eynidir. Üçüncü bənddəki fərq isə aşağıdakı kimidir:
Qaradır qaşların, gözlərin xayın,
Çəkməyən nə bilir bu eşqin yayın,
Yıxdın, viran etdin könlüm sarayın,
Sən ki bir daşını hörə bilməzsən.
İrfaniyəm bu sirləri gizlərim,
Xənçər alıb bağrım başın közlərim,
Nə durursan, ağlasana gözlərim,
Dahi yar yüzünü görə bilməzsən.
BU SEVDA
Ta əzəldən bu sevdayı bilməzdim,
Bir gözəldən yadigardır, bu sevda,
Çəkən bilir eşq ataşı nədəndir,
Çəkməyən nə bilsin, nədir bu sevda?!
Sağımda, solumda duran mələkdir,
Haq yolunda qəbul olan diləkdir,
Sevda dedikləri oddan köynəkdir,
Geyən bilir, nasıl nardır bu sevda.
İrfani der: sana eylədim nəzər,
Çox zamandır ahı-zarından gəzər,
Sevdana düsənlər yolundan azar,
Mənə sərmayəsiz kardı bu sevda.
Dostları ilə paylaş: |