“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
164
Biriklərin Havası
1
Həsənobanın içiqi
2
.
Üst qalada 20 qız,
Yuxarı qalada 20 oğlan,
Bəkməzlərin çılğın bacısı,
Bip, bip, bip, bip.
Bölgədə atalar sözü, məsəl və deyimlərdə oxşar cəhətlər özünü güclü surətdə göstərir. Bölgə
ərazisində yaşayan əhali o qədər qaynayıb-qarışmışdır ki, aşağıdakı şəkildə süjet oxşarlığı
yaranmışdır. Oxşar atalar sözləri, oxşar süjetlər. Məsələn:
Udilərdə:
Ağıllı fikirləşincə dəli vurub aparır.
Azərbaycan dilində:
Ağıllı fikirləşincə dəli çayı keçir.
Avarlarda:
İti öldürən atar.
Azərbaycan dilində:
İti öldürənə sürütdürərlər.
Saxurlarda:
Qonağı ərəb olanın qapısı gen gərək.
Azərbaycan dilində:
Dəvəçi ilə dost olanın darvazası gen gərək.
Beləliklə, bu regiona məxsus spesifik elementlərin üzə çıxarılması ilə yanaşı, bütün
variantlarda izlənən ortaq cəhətlər də müəyyən edilmişdir. Bu cəhət bir daha sübut edir ki, bütün
rəngarəngliyinə və kolorit fərqlərinə baxmayaraq, region əhalisinə aid olan bütün nümunələr vahid
Azərbaycan folklorunun ayrılmaz tərkib hissəsidir. Çünki Azərbaycan təkcə türkdilli
azərbaycanlıların deyil, eləcə də müxtəlif dil ailələrinə mənsub olan xalqlar və etnik qrupların - udi
və xınalıqlıların, avar və ləzgilərin, talış və kürdlərin, tat və dağ yəhudilərinin, saxur və ingiloyların,
hapıt və buduqların da eyni dərəcədə Vətənidir.
ƏDƏBİYYAT
1. Abdullayev K. (Kamal Abdulla) Dilçiliyə səyahət (Dilçi olmayanlar üçün dərslik). Bakı-
“Mütərcim”-2010, 200 səh.
2. Cavadov Q. Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı-2000, 439 səh.
3. Cavadоv Q. Hüseynоv R. Udilər (tarixi-etnоqrafik tədqiqat). Bakı-1996, 221səh.
4.Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı-Təhsil-2003, 584 səh.
5. Аварцы Алазанской долины. Bakı-“Qanun”nəşriyyatı-2012
6. Мобили Роберт. Удины: язык, религия и этнография. Баку-2011, c. 79
7. Турецко-русский словарь. Москва-«Издательство «Русский язык»-1977, с. 966.
Xülasə
Azərbaycan Respublikasının Şəki-Zaqatala bölgəsi müxtəlif xalqlar və etnik qrupların
kompakt yaşadığı mozaik bir ərazidir. Bu bölgədə avar, saxur, ləzgi, ingiloy, udi, lak və başqa
xalqlar və etnik qrupların nümayəndələri yaşayır. Müxtəlif dil daşıyıcısı olmasına baxmayaraq, bu
xalqlar ortaq adət-ənənələrə, ortaq dəyərlərə mənsubdur.
1
Adam adı
2
İçiq - Böyük qardaş. Bu sözün mənasını bizə bildirən f.d. Sevda Süleymanovaya öz təşəkkürlərimizi
bildiririk.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
165
Matanat Yaqubqizi
The common values in folklore nations and ethnic groups are living in Azerbaijan
(On the basis of Sheki-Zaqatala samples of folklore)
Summary
Sheki-Zagatala region is a mosaic of different nations and ethnic groups densely populated
areas of the Republic of Azerbaijan. Avars, lezghins, tsakhur, ingiloys, udi, japan and other nations
and ethnic groups living in this region. Common traditions and customs, common values, it belongs
to the people, despite the fact that the carriers of different languages.
Ulduz Bəşir Mürşüdova, fil.ü.f.d. dosent
AMEA ŞREM aparıcı elm işçi və ADPU Şəki filialında Dillər kafedrasının müdiri
ulduzshirin@gmail.com
AZƏRBAYCANIN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏN
QƏLƏMƏ ALINAN LAYLALARIN TİPOLOGİIYASI
Açar sözlər: beşik mahnıları, məqsəd, valideyn duyğuları, laylanın strukturu, mədəniyyət,
uşaq tərbiyəsi, inanclar
Key words: cradle songs, goals, pearent feelings, the structure of cradle song, culture,
bringing up children,believes
Azərbaycanın Qax ərazisində yaşayan türk və digər etnik azlıqların qələmə alınmış folklor
örnəklərin arasında Qadın- Ana yaradıcılığının məhsulu olan laylaları təsnif edərkən iki növü
diqqəti cəlb edir: Beşik nəğmələri-laylalar; Yas nəğmələri-laylalar
Hər iki növün yaradıcısı və yaşadanı qadın-analardır.
Qadın-analar ən qədim zamandan ailənin və qəbilənin yaşaması və rifahı üçün əsas
məsuliyyət daşıyırdı, onlar bitki toplayır və becərirdilər, bitki və otlardan istifadə etməklə
xəstəlikləri müalicə edirdilər, uşaq, gənc və yaşlılara qayğı göstərir, bütün geyim və əmək alətlərinı
hazırlayır, dəridən hazırlanan məhsulları emal edirdilər. Onlar təhlükəsizlik tədbirləri görür,
geyimlər, at üçün yəhər, parça hazırlamaq, gön aşılamaq və daxmasını yaşamaq üçün əlverişli
vəziyyətdə saxlamaq kimi vəzifələri həyata keçirirdilər. Silah və alətlər hazırlayır, evlərinin
tikilməsində böyük işçi qüvvə kimi çalışır, hətta tez-tez ov zamanı kişilərə kömək edirdilər.
Loğman qadınlar, toplanan otlar və bitkilərdən istifadə etməklə xəstələri müalicə edir və müxtəlif
dərmanlar hazırlayırdılar.
Qəbilələr və tayfaların yaşaması üçün vacib fiqurlar hesab edilən qadınların, ailədə və tayfa
içərisində bir çox əlavə vəzifələri var idi. Ən vacib vəzifəsi isə dünyaya uşaq gətirmək, onlara
tərbiyə etmək və təhsil vermək, qidalandırmaq, qayğısına qalmaq idı. Analar iş görərkən və ya bir
yerdən digər yerə səyahət edərkən körpələrini yanlarında gəzdirmək üçün bellərinə bağlayır, beşik
adlı taxtadan hazırlanmış qutudan isə uşaqları yatırmaq üçün istifadə edirdilər.
Azərbaycan xalq deyimləri araşdırılarkən qadının həm Azərbaycan mədəniyyətinin
dövrlərinə uyğun olaraq mətnlərdə rol aldığını, həm də dəyərli hökmləri olduğu məlum olur. Xalq
deyimlərinin əsası olan mifologiyadan başlasaq, Azərbaycan mifologiyasında qadınla əlaqədar bir
çox ünsürlərə rast gələrik. Verbitskinin yığdığı Altay Yaradılış Mifində, Tanrı Ülgen kainatı,
dünyanı və insanları yaratması üçün dişi ruh Ak-Ene (Ağ-Ana) ilham verir (7, s.9 ). Ayrıca insanın
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
166
yaradılışıyla əlaqədar yığılan mifoloji mətnlərdə torpağın qadınabənzər bir şəkildə insanı dünyaya
gətirdiyi görülür. Torpağın gücü qadına miras olaraq verilmişdir. Türk-Məmlük Yaradılış Mifində
insana bənzəyən mağara oyuqlarına toplanan palçığın, günəş tərəfindən isidilməsi ilə insanlar
meydana gəlir (8, s.10). Lakin islamın gəlişi ilə bu deyimlər də dəyişdirilmiş və günah etməmək
məqsədi ilə mətnlər yeni təfəkkürə uyğun olaraq yeni məzmunda təqdim edilmişdir.
Bütün xalq və millətlərin mədəniyyətində olduğu kimi Azərbaycanda da uşaqları yatırmaq
üçün istifadə edilən laylalar mövcuddur. çoxlu sayda beşik nəğmələri, yuxu nəğmələri olan laylalar
öz məzmun və strukturuna görə tədqiqatçıların diqqətini cəlb edir. Bu örnəklərin yaradıcısı anadır,
səbəbi isə ana sevgisi, qayğısı və ürək yanğısıdır.
Beşik nəğmələri-laylalar böyüklər tərəfindən körpə uşaqlar üçün oxunan sakitləşdirici və
yuxugətirici vasitədir. Onlar həzin musiqi parçası ilə ifa edilir, xeyir-dualarla zəngin olan və əsasən,
analar-nənələr tərəfindən yaradılıb-yaşadılan xalq nəğmələridir. Laylalar müxtəlif məqsədlər üçün
istifadə edilir. Bəzi cəmiyyətlərdə onların oxunması mədəni bilik və adətdir. Bundan əlavə, laylalar
ünsiyyət bacarıqları inkişaf etdirmək üçün, emosional niyyət göstəricisi kimi, körpələrin
sakitləşdirilməsi, rahatlaşması zamanı "körpələrin modulyasiyasının (bir tondan başqasına keçmək)
ayrılmaz hissəsi və valideyn diqqətidir" və körpələrin davranışlarının tənzimlənməsinin inkişaf
etdirilməsi üçün istifadə olunur (5, s.5). Laylalardan istifadənin ən əhəmiyyətli tərəfi isə körpələrin
yuxusuna yardım edilməsidır (6, s.12). Oxunan musiqi sadədir və avazı tez-tez təkrar edilir.
Laylalar demək olar ki, bütün xalqların həyatında ən qədim zamanlardan başlayaraq mövcud
olmuşdur (9, s.13).
Tük dilinin Azərbaycan ləhcəsində “layla”, Türkiyə türkcəsində "ninni", xalq ağzında "nenni,
nen, nennen şəklində istifadə edilir, (4, s. 12). Qarsda "lalay / nanay"; Erzincan və Ərzurumda "elo"
kimi tanınır ki, göründüyü kimi bölgəyə görə fərqli adlandırılır (3, s. 340).
Layla – ninnibütün Türk dünyasında geniş yayılmışdır. Başqkurtlar "sängildäk yırı"; kazaklar
"beşik Jiri"; qırğızlar "aldey-aldey"; özbəklər "Alla"; tatarlar "bığının (bällü) cırı"; türkmənlər
"hüvdü"; uyğurlar "älläy" adını vermişlər (6, s. 650-651).
Qax ərazisində yaşayan etniklərdən avarlar laylanı kinidax kuçidul, zaxor və ingiloylar isə
Azərbaycan türkləri kimi layla adlandırırlar.
Ümumiyyətlə, ilk yaradıcıları və söyləyiciləri təsbit edilə bilməyən laylalar, ictimai və mədəni
həyatın təsiri ilə bir sıra dəyişikliklərə uğramış, nəticədə cəmiyyətin mədəniyyətini əks etdirən
örnəklər kimi inkişaf etmişdir. Anaların uşaqları yatırmaq üçün söylədikləri layla nəğmələri xalqın
şifahi şeir yaradıcılığının məhsulu kimi qiymətlidır.
Layla çalan analar körpələri ilə bağlı fikir və düşüncələrini əks etdirirlər. Analardan başqa
nənə, xala, bibi, bacı və s. yaxınları da layla söyləyirlər. Bu səbəbdən layla ananın qadın dünyası,
yaşadığı hadisələr, uşağına bəslədiyi duyğuların təsiri ilə yaranır. Laylanın mövzusu, ümumiyyətlə,
körpədir; uşağın sağlam dünyaya gəlməsindən yaranan sevinc, yaxşı xasiyyət, fiziki gözəllik, uğurlu
bir gələcək və s. diləklər önə çıxan mövzulardır, ancaq bunların yanında ananın peşimançılıqları,
qorxuları, təkliyi, həsrətləri, gözləmələri, şikayətləri, qısacası psixoloji durumu da laylalar vasitəsilə
dilə gətirilir.
Laylalar hələ qoxunun, rəngin fərqində olmayan körpələr, duyduqları və tanıdıqları ana
səsindəki sevgi və sakitləşdirici mənzum-mənsur sözlər və nəğmələri instinktlə tanıyır. Laylaların
sonunda nəqarət kimi söylənilən "Laylay balam a laylay; Körpə balam, a laylay, la-y,la-y,la-y "kimi
sözlər yuxu gətirici musiqili təsirlərə malikdir. “Uşaq öz anasına, çevrəsinə, ana dilinə, mühitə
laylalarla uyğunlaşır, adaptasiya olur”.(Azərbaycan Aşıqlar Birliyinin I katibi, folklorşünas
Məhərrəm Qasımlı) Ana laylasını körpənin ana dilində aldığı ilk dərs kimi də anlamaq
mümkündür. Xalq musiqisi, həzinlik onun ruhunu sığallayır.
Məzmununa görə laylaları aşağıdakı kimi təsnif etmək olar:
1. Xeyir-dua motivli laylalar
2. Həsrət motivli laylalar
3. Sevgi motivli laylalar
4. Arzu-dilək motivli laylalar
5. Şikayət motivli laylalar
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
167
Laylalar sadə nizamlı melodiya ilə oxunur ki, bu da, adətən, yüksək emosiyalı sevgini ifadə
edir. Uşaqlar layla dinləyərkən həmişə ahəngli fasilələri ahəngsiz fasilələrdən daha yaxşı qəbul edir,
çünki bu zaman harmoniya yaranır. Əks təqdirdə, körpə dinləmə marağını itirəcək və onun diqqətini
bərpa etmək çox çətin olacaq (11, s.7).
Azərbaycan laylaları nizamlı melodik tendensiyaya malikdir və musiqisi həzin, ahəngli,
yumşaq və sadədir. Onu hər kəs oxuya bilir. Ananın sevgi dolu sözləri və ona uyğun olan oxşayıcı
səsi uşağın diqqətini cəlb edir, onun sinirlərinə sığal çəkir, beyin sakitləşir, vücud boşalır. Təkrar
edilən avaz onun həyat tonusunu qaldırır, fəaliyyətə gətirir, canlandırır, möhkəmləndirir və yuxu
gətirir. Sadə tonik və dominant harmoniya uşağın dərin yuxuya getməsinə səbəb olur.
Nizamlı melodik tendensiyalarından başqa, laylaların bir neçə struktur oxşarlıqları vardır.
Əsas tendensiyalardan biri tez-tez qısamüddətli təkrarlar və bölmələr arasında uzun fasilələrin
olmasıdır.(8. 9.) Bu, körpə zehnini durulaşdırır və musiqi emalı körpəni yavaş-yavaş yuxuya salır.
Ritmik nümunələri oxuyarkən ana öz körpəsini beşikdə musiqiyə uyğun yellədir, yırğalayır".
(10.s.14) Bu hərəkəti körpə, ana bətnindəki hərəkət təcrübəsinin davamı kimi hiss edir. Bundan
əlavə, körpə ritmik olaraq öz bədən hərəkətləri ilə eşitdiyi musiqi arasında güclü əlaqə olduğunu
duyur (11, s.12) Laylalarda temp, ümumiyyətlə, yavaşdır, fikrin sözlərlə ifadə edilməsi isə sadə,
həzin və qısa olur (6, s.7)
Laylaların musiqisi təsadüfi deyil, düşünülmüş şəkildə yaradılmışdır. Layla tez-tez, hətta yaşlı
insanlar üçün də oxunur, xüsusilə yataq xəstəsi olanlar üçün laylalardan sakitləşdirici təbii vasitə
kimi istifadə olunur. Bu zaman stress atılır, qəlbə rahatlıq, hüzur, fərəhlık gəlir və hamilə qadınların
ümumi psixoloji olaraq sağlamlığının yaxşılaşdırılması üçün musiqi və səsin ən uğurlu növü
laylalardır (13, s.11). Hamilə qadın ana bətnində olan övladına layla çalır və artıq onu musiqi ilə
tanış edir, dünyadan qorxmamağa cəsarətləndirir. Sevgi ilə oxunan layla dünya ilə tanış olmayan
uşağı psixoloji rahatlaşdırır.
Laylaların bu xüsusiyyətləri Azərbaycanın müxtəlif etnik mədəniyyətləri arasında ardıcıl
olaraq öyrənilir. Yaşlı insanlar müxtəlif mədəni fonlarından asılı olmayaraq, laylaları tanıyır və
mədəni konteksti bilmədən laylaları müəyyən edə bilir (8, s. 11). Körpələr də bu keyfiyyətlərinə
görə laylalara güclü istək və diqqət göstərir, sakitləşir və musiqini dinləyərək yatır (14, s. 19).
Laylalardan cəmiyyətin mədəni rolunu və təcrübələrini gücləndirmək üçün istifadə olunur.
Azərbaycan mədəniyyətində laylalarla birlikdə uşağın beşiyinin yırğalanması da vacibdir. Laylanın
musiqi ritminə uyğun olaraq uşağın yatması, yuxudan ayılması, ailə statusunun mədəni simvolu
kimi xarakterizə olunur. Uşağına layla çalınması və beşiyinin tərpədilməsi analığın ən vacib
atributu kimi təqdim edilir. Zərif və həzin musiqi terapiyası körpələr üçün sanki sehrli bir
təbabətdir, belə musiqi sədaları altında oxunan layla uşaqların yatması və qidalanmasına kömək
edir.
New York-Presbiterian Uşaq Sağlamlıq Xəstəxanasının Komanski Mərkəzində Dr. Jeffery
Perlman göstərir ki, yeni doğulmuş körpələrin ürək fəaliyyətinin daha yaxşı bərpasına incə musiqi
terapiyası yaxşı təsir edir. Bu onların kilo almasını, fiziki, psixi inkişafını sürətləndirir. New York
City Beth İsrail Tibb Mərkəzinin himayəsi altında Pediatriya Amerika Akademiyasının 2013-cü ilin
may ayında nəşr olunmuş jurnalında layla musiqisi zərif musiqi növü kimi təqdim edilir-"canlı"
musiqi ürək və tənəffüs funksiyasına təsir edir. Florida Dövlət Universitetinin Infant Milli
İnstitutunun Jayne M. Stendley və Uşaq Musiqi Terapi Psixoterapiya İncəsənəti bölməsinin 2011-ci
il fevral ayında nəşr olunan məqaləsində göstərilir ki, bu cür musiqi terapiyası alan körpələr
xəstəxananı tez tərk edir (16, s. 5).
Azərbaycanlının valideyn sevgisi və duyğularından yaranan laylalar sivilizasiyada əvvəl
ibtidai analıq hisslərinin nəticəsi olaraq yaradılmışdır. Onların bəziləri həm musiqi, həm də sözlərin
mənasına görə sülhsevər hipnotik keyfiyyətə malikdir. Bəziləri isə kədərli, həyəcanlı, narahatlıqla
dolu sözlərlə ifa edilir, sanki ağı deyilir. “Lay-lay..., lay-lay...” ifadəsi beşikdə yırğalanan uşağın
tərpətmə ahəngi ilə oxunur, nəticədə uşaq sanki sehrlənir və sakitləşir. Laylalar yalnız uşağa deyil,
eyni zamanda anaya da terapiya kimi xidmət edir (10, s.9). Ana layla çalarkən həm də öz ürək
sözlərini, narahatlıqlarını, gözləntilərini dilə gətirir, sakitləşir, dincəlir.
Layla körpəni sakitləşdirmək, ovundurmaq üçün ən mühüm vasitədir. Valideyn vasitəsi ilə
uşaq sevgi dolu insan səsinə, yumşaq avazına uyğunlaşır, hətta ağrıları azalır, psixoloji durumu
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
168
pozitivləşir. Beşik nəğmələri kədər-gözyaşı, xoşbəxtlik-gülüş, imtiyaz -zərər, tərbiyə vasitəsi kimi
musiqi kontekstlərindən ifadə edilir.
Uşaqlar təbii-instinkt olaraq ana laylası vasitəsilə onun səsini tanıyır, digər qadınlardan seçir,
ana istiliyini hiss edir. Ana və övlad arasında qayğıkeşlik duyğuları layla vasitəsilə yaranır və
inkişaf edir. Layla çalmayan anaların analıq duyğuları zəif olur, sevgi və qayğıkeşlik qənaətbəxş
olmur.
Azərbaycan anaları öz körpələrini ağuşunda deyil, belinə bağlayıb dolaşardılar: bulağa gedib,
belində səhəng və güyümlə su gətirir, həyət-bacada təmizliklə, dirriklə məşğul olurdular. Onlar
ailədə daim məşğul olduqlarından uşaq ananın belində yatır, orada daha təhlükəsiz və etibarlı
olurdu.
Lakin uşağın yatması üçün beşik hazırlanırdı ki, körpə orada təhlükəsiz şəraitdə yatarkən ana
da ev işləri ilə məşğul olurdu. Beşik ağacdan hazırlanırdı və körpəni pis ruhlardan, bəd nəzərlərdən
qorumaq üçün xüsusi bitki və əşyalardan bəzək-dekorasiyalar asılırdı. Laylanın melodiyası həzin
mehin səsinə, suyun şırıltı ilə axmasına bənzəyir. Laylalar quruluşuna görə üç cür olur:
1. Beş misralı olub, əvvəlki iki və axırıncı iki misrası lay-lay sözü ilə bitir, üçüncü misra isə
fərqli sözlə ifadə edilir.
2. Altı misralı olub yalnız üçüncü misrası fərqli sözlə ifadə edilir, qalan bütün misralarda lay-
lay ifadəsi təkrar olunur.
3. Altı misralı olur, yalnız axırıncı iki misrada laylay ifadəsi təkrar deyilir, qalan misralardan
yalnız üçüncü misrada fərqli sözdən istifadə edilir, digər misralar isə təkrar sözlə ifadə edilir.
Analar öz qəmini kədərini, problemlərini, bədbəxtliklərini layla deyərkən unudur və qarğış
etməkdən çəkinərdilər. Çünki el deyimlərinə görə qarğışın iki başı var idi. Mütləq sahibinə də zərər
verirdi.
Evdən körpə səsinin gəlməsi ən gözəl alqışlardan biridir. Atalar sözlərində deyilir: “Uşaq
olan evdə qeybət olmaz”, “Uşağı yemək yox, fərəh böyüdər”.
Layla çalan zaman analar hər deyilən sözə diqqət yetirmişlər, sözün gücünə inanan qadınlar
körpə uşaqlar üçün ancaq parlaq gələcək arzulu ifadələri seçib oxuyurdular.
Layla vasitəsi ilə ana övladına öz gözləntilərini ifadə edir, tanrıya əhd edir, sehrli, mistik
sözlər oxuyur.
Layla zamanı ən çox işlədilən söz qızılgüldür ki, ana onun təmizliyini, bakirəliyini əsas
götürərək beşik nəğmələrində istifadə edilir. Uşaq və qızılgül müqəddəs və təmizdir. Qızılgül
yastığı nənələr tərəfindən hazırlanırdı. Gülü qurudub, pambıq parçadan mütəkkə-yastıq tikirdilər ki,
bu uşağa şirin yuxu gətirirdi. Həmin fəaliyyət laylalarda da öz əksini tapıb.
Yas nəğmələri-laylalar hüzr yerlərində analar və xüsusi ağıçılar tərəfindən oxunur. Yas
mərasimi dünyada mövcud olan bütün mədəniyyətlərin ümumi rituallarından biridir. Bu adətlər min
illərlə formalaşmış, müxtəlif dinlərə, zamanlara, yerlərə müqavimət göstərərək yaşamışdır. Onlar
çox dərin köklərə və adətlərə əsaslanmışdır. Bu adətlər rəhmətə gedən şəxsə dərin hörməti göstərir.
Lakin bu mərasimlər müasir dəfn münasibətlərinin dini- tarixi elementlərini qoruyub saxlayır.
İnsanların ən kədərli və hüznlü halında yaranan və ahı- nalə məzmunu ilə diqqəti cəlb edən ağılar
bayatı şəklində, yaxud nəsr şəklində olur və yas mərasimində xüsusi ruhanilər tərəfindən avazla ifa
edilirdi.
Dəfn mərasimi ömrünü başa vuran insanların ikinci dünyaya yola salınma mərasimi idi. Bu
zaman rituallar həyata keçirilir və rəhmətə gedənin şəxsiyyətindən asılı olaraq dəfn həyata
keçirilirdi. İnsan ölümdən həmişə qorxub, müxtəlif mifik ölüm mələkləri yaradıb və ölümdən
sonrakı həyatları haqqında deyimlər və əhvalatlar uydurmuşlar.
Qədim Azərbaycan türk yas mərasimlərində şamanlar, dünyasını dəyişən adamın
qəhrəmanlıqlarını yada salır, haqqında müsbət şeylər danışır və onun ruhunun ikinci dünyada
bağışlanması üçün xüsusi dualar edirdilər. Ağılarda günahların bağışlanması ilə bağlı dualar edilir,
rəhmətliyin yaşadığı zaman gördüyü xeyirxah işlərdən danışılır və ölüm mələyindən onunla yaxşı
rəftar etməsini diləyirdilər.
Çin qaynaqlarından məlumdur ki, Hunlar, Gansu (Kansu) əyalətindəki Tsilen-şan (Allah)
dağından ayrıldıqları zaman ağı demişlər. Bildiyimiz ən köhnə ağı nümunəsi isə e.ə. 119-ci ildə
Hunların bir döyüşü nəticəsində Ordos'un şimalındakı torpaqlarını itirərək böyük çölün şimalına
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
169
çəkilmələri zamanı söylənilmişdir. Ayrıca Türklərin ən köhnə ağıları içərisində Alp Ər Tunga'ya
deyilən Kaşğarlı Mahmud tərəfindən sağü deyilən ağını göstərmişlər. Alp Ər Tunga'ya oxunan
ağılar və yuğ mərasimi ilə əlaqədar ilk məlumata Bilge Kağanla bağlı əhvalatda rast gəlinir.
Bu matəm adəti zamanı dost və qohumlar ölü üçün nalə çəkir və qorxu fəryadı qoparırdılar,
saçlarını kəsirdilər. Dəfndən sonra qida və içki bir müddət məzarın yanında təşkil edilirdi. Tonqal
qalanır, vəfat etmiş insanın getdiyi uzun səyahət üçün işıq və istilik təmin edilirdi.
Həm qədim, həm də müasir ağılarda sarsılmış, itkinin təsirindən böyük kədər motivləri
güclüdür və hüznlü musiqi ilə söylənilir. Ağıları aşağıdakı kimi təsnif etmək olar:
1. Övlad itkisi məzmunlu ağılar
2. Valideyn itkisi məzmunlu ağılar
3. Qardaş itkisi məzmunlu ağılar
4. Bacı itkisi məzmunlu ağılar
Ağılar Azərbaycan şifahi xalq yaradıcılığının ən zəngin janrlarından biridir. Bu zaman layla
ifadəsinin nəqarət kimi işlənməsi yenə də yuxu ilə ilgilidir. Qədim inamlara görə bu dünyanı tərk
edərək digər dünyaya gedən insan dərin yuxuya gedir. Bu yuxunun körpə uşaq yuxusu qədər şirin
olması üçün lay-lay oxumaq vacib idi. Ölüm zamanı ayrılıq labüddür, bunun acısı hər kəsi
kədərləndirir, göz yaşları ilə insanlar çəkdikləri acını ifadə edir və inanırdılar ki, ölmüş insan onları
duyub, əzizlərinin onu nə qədər sevdiyini anlayır.
Ərəb kultunda məzar daşı yoxdur. Ölünün torpaqla inteqrasiya etməsi və zaman içində
torpağa qarışaraq itməsi istənilirdi. Məzarın müqəddəsləşdirilməsi günahdır. Məzarlara daş
tikilməsi və bu daşın sənət əsəri halına gətiriləcək qədər bəzənməsi İslam coğrafiyasında Türk
kultunda mövcuddur. Şaman ənənəsinin davamı olaraq türk məzarlarında ölən gənc insanların
əşyalar qoyulur, gəlin və gənc qızların və oğlanların məzarları tel və duvaqlarla bəzədilir. Ağaclara
müxtəlif parça və yaylıqların bağlanması, qəfəsdəki quşların azad edilməsi indi də ənənə şəklində
davam etdirilir. Yas nəğmələrində insanları ağlatmaq ağıçıların vəzifəsidir. Onlar kədər dolu səslə
oxuyurlar.
Azərbaycan türklərinin İslam dini qəbul etməsindən on əsr keçmiş olmasına baxmayaraq, bu
gün gündəlik həyatımızdakı bir çox mədəni elementlər İslamdan əvvəlki mədəniyyətin izlərini
daşımaqdadır.
Məzar daşında Şaman ayinlərində köməkçi ruhların yardımından faydalanmaq məqsədi ilə
istifadə edilib. Ailədə vəfat etmiş insanların, köhnə Şaman ruhlarının, meşənin, suyun və yerin
köməkçi ruhlarının da Şamana kömək etdiyi qəbul edilirdi. Quşların ruhları Şamana səmaya səfər
etməkdə kömək edirdi. Cəmiyyətdə din adamları müqəddəs hesab edilirdi və onların ölümündən
sonra, ruhlarından kömək istəmək məqsədi ilə məzarları müqəddəsləşdirmişlər. İndi də məzar,
türbə, yatır və bənzəri yerlərin ziyarəti və bunlardan mədət umulması inanc sisteminin davamı
olaraq ortaya çıxmışdır.
Yas mərasimlərində ağı demək də şamanizmdən miras qalan elementlərdən biridir. Rəhmətə
gedən insanlara dərin hörmətin əlaməti idi ki, onun cənazəsi yanında xoş sözlər danışılır və dualar
edilirdi ki, uca ruhun qarşısında günahları bağışlansın.
Bölgədən toplanan ağı-laylaların nəsr forması da mövcuddur. Matəm motivli bu ifadələrin
sonunda lay-lay işlədilir və göz yaşları ilə müşayiət olunur. Bu tip deyimlərdə lay-lay ölmüş insana
ikinci dünyadakı həyatın olmasına inam duyğuları ifadə edir. İnanırlar ki, ölülər o biri dünyada
görüşür, söhbət edir və dərdləşirlər. Yəni ölümsüzlüyə və əbədi həyata inam hələ də yaşayır.
Azərbaycanın Qax ərazisində yaranıb-yaşayan laylalar qadın yaradıcılığının şah əsəri kimi
diqqəti cəlb edir. Dünyaya gələn körpə üçün və dünyaya vida edən insan üçün söylənən laylaları
oxuyan qadının səs tembri və musiqi avazı eyni, məzmunu, şeiriyyəti isə fərqlidir. Yalnız nəqarət
təkrarlanır. Hər iki növdə də məqsəd yatırtmaq və hüzur verməkdir. Bu örnəklərin araşdırılması
həmişə folklorşünasların diqqətini cəlb etmişdir.
Ədəbiyyat:
1. Babaların hikmət xəzinəsi. Milli azlıqların folkloru. Şəki-Balakən bölgəsi. Bakı-2011.
2. Azərbaycan folkloru antologiyası. Tərtib edəni: Əhliman Axundov, birinci kitab, Bakı-
1968. Səh.288.
3. KTLS, 1991: 650-651.
|