Maddə 289. Fərdi əmək mübahisələrində tərəflər Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək
hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya
qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir.
Maddə 290. Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti 1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək
qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini
mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə
borcludurlar.
2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək
mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən
maddi ziyanı tam məbləğdə ödəməlidir.
3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə
maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana
görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul
hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik
dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar
qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə
tərəfindən müəyyən edilir.
Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə,
işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin
şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir
edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun
olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli
qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
Maddə 291. Dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd