Maddə 17. Məcburi əməyin qadağan edilməsi 1. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam
veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə
yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
2. Hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında,
habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət
orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir.
Maddə 18. Fərdi və kollektiv əmək mübahisəsi hüququ, onun qanunvericiliklə tənzimlənməsi 1. Özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin,
işəgötürənin, əmək kollektivinin, həmkarlar ittifaqları təşkilatının fərdi və ya kollektiv
əmək mübahisəsi aparmaq hüququ vardır. Bu hüququn həyata keçirilməsi yalnız
qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər.
2. İşəgötürənlə işçi, habelə əmək kollektivi arasında əmək qanunvericiliyinin
tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin həlli bu
Məcəllənin XI bölməsində nəzərdə tutulan qaydada tənzimlənir.
Maddə 19. Həmkarlar ittifaqları 1. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə
alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla
bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək
üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə
məşğul ola bilərlər.
2. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar
ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə
müəyyən edilir.
Maddə 20. İşəgötürənlərin nümayəndəli orqanları 1. İşəgötürənlər iqtisadi, maliyyə maraqlarını, sahibkarlıq fəaliyyəti ilə bağlı
mənafelərini müdafiə etmək, habelə həmkarlar ittifaqları ilə münasibətlərdə sosial
tərəfdaşlıq etmək üçün könüllü şəkildə müvafiq təşkilat yaradaraq birləşə bilərlər.
2. İşəgötürənlərin nümayəndəli orqanının hüquqları, vəzifələri, fəaliyyət
istiqamətləri və qaydaları müvafiq normativ hüquqi aktlarla və onun nizamnaməsi
(əsasnaməsi) ilə tənzim edilir.
3. İşəgötürənlərin nümayəndəli orqanının fəaliyyəti işçilərin və işəgötürənlərin
hüquq bərabərliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada əmək münasibətlərinin
müvafiq müqavilələr, sazişlər bağlamaqla tənzimlənməsi prinsipində qurulmalıdır.
4. İşəgötürənlərin nümayəndəli orqanı üçün işçilərin nümayəndəli orqanlarına
nisbətən hər hansı üstün hüquqların, güzəştlərin, imtiyazların müəyyən edilməsi
yolverilməzdir.