Dərinin hiperpiqmentasiyası diaqnozun qoyulduğu anda
xəstələrin 90%-də aşkarlanır. Xarakterik metal-boz rəng, dəridə
melaninin və ya melaninlə dəmirin miqdarının artması ilə
əlaqələndirilir. Piqmentasiya, adətən diffuzdur, bədənin bütün dəri
səthini tutur və üzdə, boyunda, saidin açıcı səthinin aşağı
hissələrində, əllərin arxa tərəfində, baldırın aşağı hissələrində, cinsi
orqanlar nahiyəsində və dəri çapıqlarında daha çox nəzərə çarpandır.
Ağızın selikli qişasının piqmentasiyası 10-15% hallarda aşkarlanır.
Bəzən damaq və torlu qişa piqmentasiyaya uğrayır.
Şəkərli diabet xəstələrin 65%-də, böyük ehtimalla ailə
anamnezində diabet olan şəxslərdə inkişaf edir. İHX zamanı diabetin
patogenezində hər iki faktor – həm irsi meyllilik, həm də mədəaltı
vəzin dəmir çöküntüləri ilə birbaşa zədələnməsi iştirak edir. Bu halda
diabetin gedişi idiopatik şəkərli diabetdən bir o qədər də fərqlənmir,
yalnız daha çox insulinrezistentlik və lipodistrofiyaya rast gəlinir.
Gecikmiş degenerativ fəsadlar da şəkərli diabetin nəticələrindən
fərqli deyil.
Artropatiya xəstələrin 25-50%-də inkişaf edir. Çox vaxt yaşı 50-
dən yuxarı olan şəxslərdə rast gəlinir, lakin xəstəliyin istənilən
mərhələsində qoşula bilər, bəzən onun birinci təzahürü olur və ya
xəstəliyin başlanğıcından xeyli gec inkişaf edir. Əvvəlcə, bir qayda
olaraq, prosesə əlin kiçik oynaqları, xüsusən 2-ci və 3-cü bilək-
falanqa oynaqları qoşulur. Proqressivləşən poliartrit mil-bilək, bud və
diz oynaqlarına yayıla bilər. Sinovitin qısamüddətli kəskin tutmaları
müşahidə oluna bilər. Bu da kalsium-pirofosfatın (xondrokalsinoz və
ya psevdopodaqra) əsasən diz oynağında çökməsi ilə əlaqədardır.
Rentgenoloji olaraq sümüklərin sklerozlaşmış subxondral səthlərinin
kistoz dəyişiklikləri, oynaq qığırdaqlarının itirilməsi ilə oynaq
boşluqlarının daralması, diffuz demineralizasiya, sümüyün
hipertrofik proliferasiyası və sinovial qişaların kalsinozu təyin
olunur.
|