267 azerbaycan tarixi m N1azerbaycan erazisinde ibtidai icma qurulushu tayfa ittifaqlari ve erken dovlet qurumlari (1)
Turukki etno-siyasi birliyi. Azərbaycanın cənubunda yaşayan əhalinin
tərkibinə turukki adlı etnik birlik də daxil idi. Turukki tayfa birliyi tarix səhnəsinə
kutilər və lullubilərlə eyni vaxtda çıxmışdılar. E.ə. III minilliyin birinci yarısında
turukkilərin kutilər və lullubilərlə bir müttəfiq kimi xatırlanması onların bir-biri ilə
qonşuluqda yaşadığını göstərir. E. ə. XXIV əsrə aid yazılarda akkadlı Sarqonun
dövründə onun dövlətinin ərazisində yaşayanlar içərisində turukku tayfa adı da
çəkilmişdir. Akkad hökmdarı Naramsuenə qarşı kutilərin və digər tayfaların
birləşdiyi hərbi ittifaqa turukkilər də qoşulmuşdular. E.ə. XVIII-XIII əsrlərə aid
Assur yazılarında turukkilərin adına tez-tez rast gəlinir. Bir Assur mətnində onlar
«Turukku ölkəsinin adamları» kimi verilmişlər və bu ərazidə kutilərin də yaşadığı
göstərilmişdir. Lullubi kimi turukkular də Zaqros dağlarından Raniyə düzənliyinə
keçərək hurrilərlə əlaqə saxlayır və Mesopotomiya hüdudlarına daxil olurdular.
Assur hökmdarı I Şamşi-Adadın (1813-1783) yürüşlərinə qədər turukkular
qərb qonşuları ilə dinc əlaqələr saxlayır və Aşşurun ticarət əlaqələrində vasitəçi
kimi
iştirak edirdilər. Turukkular e. ə. XVIII əsrdə assurlarla dəfələrlə müharibə
aparmışdılar. Mari məktublarında turukku hökmdarı Lidayanın adı assurlara qarşı
26
vuruşan turukkuların başçısı kimi xatırlanmışdır. Turukkular assurların Dəclədən
şərqdəki əraziləri ələ keçirməsinə qarşı duran ciddi bir qüvvə kimi çıxış edirdilər.
Lidayanın başçılığı ilə turukkular Assur hökmdarı İşmedaqana (1797-1757) qarşı
uğurlu hərbi əməliyyat keçirərək Şuşarra ölkəsini assurlardan azad etmişdilər.
Assur mənbələrindən birində yazılmışdır: «Turukku Lidaya və Şuşaradakı
turukkular bizə düşmənçilik etdilər və iki şəhəri viran qoydular». Turukkular
Dəclədən şərqdə öz vətənlərindən uzaqlarda Assurun nəzarəti altında olan
torpaqlarda kifayət qədər sərbəst hərəkət edir və elə bir ciddi müqavimətlə
üzləşmirdilər.
Qədim yazılı mənbələri araşdıran alimlərdən biri M. Mirzəyevin fikrinə görə
Babil hökmdarı Hammurapinin dövründə (1792-1750) turukkular bölgədə kifayət
qədər güclü toplum kimi tanınırdılar və Assurla mübarizənin gedişində vahid
hakimiyyət altında birləşmişdilər. Hətta güclü Babil şahı Hammurapi öz
rəqiblərinə qarşı müharibəyə hazırlaşarkən Turukku hökmdarı Zaziyaya müraciət
etmişdir. Zaziya öz qoşunu ilə yardıma gələcəyini bildirsə də, xeyli müddət
keçməsinə baxmayaraq vədinə əməl etməmişdi. Görünür Zaziya ikili siyasət
yeridirdi. Hammurapiyə qarşı Elam, qonşu Kuti və digər ölkələrdən təşkil olunmuş
ilk iki koalisiyada iştirak etməməklə yanaşı, o, Hammurapiyə də kömək etməyə
tələsmirdi. Bunun nəticəsidir ki, Babil şahı Hammurapi hakimiyyətinin 35-ci ilində
Marini darmadağın etdikdən sonra əsas diqqətini turukkuların da daxil olduğu
koalisiyaya yönəltmiş, hakimiyyətinin 37-ci ilində turukku ordusu üzərində qələbə
qazanmışdı. Döyüş şübhəsiz ki, Turukku ölkəsindən kənarda baş verdiyindən
Hammurapi Turukkumu zəbt edə bilməmişdi.
E.ə. XIX əsrin sonu-XVIII əsrin I yarısında döyüşkən turukkular mütəşəkkil
hərbi-siyasi qüvvə kimi çıxış etmiş, yarım əsr ərzində Assur hökmdarları ilə
savaşlara girmiş, Assurun şərqə doğru hərbi təcavüzünü dayandıraraq tarixi
Azərbaycan torpaqlarını işğal təhlükəsindən qurtarmışdı.
E.ə. XIV-XIII əsrlərdə kuti, lullubi, su tayfaları ilə birlikdə turukkular da
assurların tez-tez baş verən yürüşlərinə qarşı birlikdə mübarizə aparırdılar. Bu
tayfalar Azərbaycanın qədim tarixində mühüm rol oynamışlar. E.ə. I minilliyin
başlanğıcında Azərbaycanda öz dövlətlərini yaradan mannalılar həmin tayfaların
varisləri hesab olunurlar. Kuti-lulubi dillərində sözlər qalmadığından və dil
27
materialı yalnız şəxs adlarından ibarət olduğundan onların dil mənsubiyyəti
indiyədək dəqiq müəyyən edilməmişdir.