267 azerbaycan tarixi m N1azerbaycan erazisinde ibtidai icma qurulushu tayfa ittifaqlari ve erken dovlet qurumlari (1)
Son tunc- erkən dəmir dövründə (e. ə. XIV-VII əsrlər) təsərrüfatın və
mübadilənin daha da inkişaf etməsi tayfa başçılarının və əyanların icmanın əsas
kütləsindən ayrılmasına, ailələr arasında əmlak bərabərsizliyinin dərinləşməsinə
gətirib çıxartdı. Nəticədə ibtidai icma quruluşunun dağılma prosesi özünün son
mərhələsinə çatdı. Var-dövlət və sərvət əldə etmək üçün müharibə peşəyə
çevrilməyə başladı. E. ə. II minilliyin ortalarına aid külli miqdarda çoxnövlü hücum
və müdafiə silahlarının tapılması tayfalararası müharibələrin geniş miqyası və
amansızlığından xəbər verir. Dəmir istehsalının başlanğıc mərhələsində (e. ə.
XII-
XI əsrlər) əmək alətləri ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin
silahlanmasına imkan yaratmışdı. Müharibələr zamanı tutulmuş əsirlər qul
edilərək istehsala cəlb olunurdular.
Bu dövrdə süni suvarmanın genişləndirilməsi əkinçiliklə yanaşı bağçılıq,
bostançılıq və üzümçülüyün inkişafına şərait yaradırdı. Yaylaq maldarlığı
genişlənir, atçılıq sürətlə inkişaf edirdi. Atdan hərbi yürüşlərdə və köç
arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədən (Qazax) tapılmış qablar
üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə iki at
qoşulmuş hərbi araba təsvir edilmişdir.
E. ə. II minilliyin sonunda Azərbaycanda soyuq üfürmə texnikasına
əsaslanan dəmir istehsalına başlanmışdı. Metallurgiya və metalişləmə sənəti
yüksəliş keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön- dəri), toxuculuq sahələri də
mühüm yer tuturdu.
Son tunc-
erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin inkişafı
tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi. Azərbaycanın Ön
Asiya, xüsusilə Mesopotamiya (Ikiçayarası) ölkələri ilə müntəzəm ticarət əlaqələri
var idi. E. ə. II - I minilliklərdə Assuriyadan Azərbaycana silah və bəzək şeyləri
gətirilirdi. Urmiya gölünün cənubunda yerləşən Həsənli abidəsində Assuriyadan
gətirilmiş və üzərində e. ə. XIV əsrə aid yazı olan toppuzun, Xocalıda üzərində
Assur hökmdarının adı yazılmış muncuğun, Qarabağda və digər yerlərdə assur
tipli şirli qabların tapılması Azərbaycan-Assur ticarət əlaqələrindən xəbər verir.