Mövzunun seçilməsi və elmi-tədqiqat işlərinin planlaşdırılması. Mövzunun seçilməsi elmi-tədqiqat işlərinin hazırlanması mərhələsində önəmli yer tutur. Elmi mövzu ya müəyyən elmi istiqamətə, ya da elmi problemə aid edilə bilər. Elmi istiqamət dedikdə elmin müəyyən sahəsində fundamental, nəzəri və ya eksperimental məsələlərin həlli ilə məşğul olan elmi kollektivin fəaliyyət sahəsi nəzərdə tutulur. İstiqamətin struktur elementləri kompleks problem, mövzu və suallardan ibarətdir. Elmi problem – mürəkkəb nəzəri və praktiki məsələlərin, elmi-tədqiqat işlərinin toplusudur. Problem tədqiqatın əsas sahəsini əhatə edir və perspektiv dəyərə malikdir.
Problemlər bir çox mövzulardan irəli gəlir. Mövzu – müəyyən elmi-tədqiqat sahəsini əhatə edən elmi məsələ olub elmi suallara əsaslanır. Elmi sual deyəndə nisbətən kiçik, konkret elmi məsələ nəzərdə tutulur. Mövzular nəzəri, praktiki və ya qarışıq olur. Nəzəri mövzular adətən ədəbiyyatdan istifadə edilməklə işlənir. Praktiki mövzular faktların öyrənilməsi, ümumiləşdirilməsi və analizi əsasında yerinə yetirilir. Qarışıq mövzularda hər iki metoddan istifadə edilir.
Mövzunu dəqiqləşdirmədən öncə milli və beynəlxalq ədəbiyyat araşdırılır. Problemin qoyuluşu çətin proses olub, bir neçə mərhələdən ibarətdir.
Birinci mərhələ – problemin qoyulması. Araşdırılan elmi istiqamətdəki ziddiyyətləri analiz edərək əsas sual-problem formulə edilir və gözlənilən nəticə ümumi formada təsvir edilir.
İkinci mərhələyə – struktur problemlərin işlənməsi daxildir. Bu zaman mövzu, alt mövzular və suallar seçilir.
Üçüncü mərhələdə – problemin aktuallığı əsaslandırılır. Bunun üçün hər mövzuya aid bir neçə ziddiyyət qoyulur, sonra analiz və elmi yaxınlaşma metodu əsasında ziddiyyətlər tədricən aradan qaldırılır və seçilən mövzunun real əhəmiyyəti göstərilir.
Problemi əsaslandırdıqdan və onun strukturunu müəyyənləşdirdikdən sonra tədqiqatçı mövzunun seçilməsini sərbəst həyata keçirir. Bir çox alimlərin fikrincə, mövzunun seçilməsi elmi işin icrasından daha çətin və məsuliyyətli sayılır.
Seçilən mövzu aktual, hal-hazırda həlli tələb edilən olmalıdır. Bu, əsas tələblərdən biridir. Aktuallığı dəyərləndirmək üçün meyar yoxdur. Nəzəri elmi sahələrdə adətən mövzunun aktuallığını tanınmış alimlər təyin edirlər. Texniki sahələrdə isə bu gözlənilən iqtisadi effektlə ölçülür. Elmi problem – cəmiyyətin tələbləri haqqında biliklər, onların yerinə yetirilməsi yolları və vasitələri haqqındakı biliklər arasındakı ziddiyyətlərdir.