Mətnin dənlənməsi dedikdə onun müəyyən suala əsasən oxunmasıdır. Dənlənmə zamanı ümumi kontekstdən qoyulmuş suala uyğun gələn hissə götürülür. Məsələn, yer kürəsinin qızmasına aid mətn “Qlobal istiləşməyə hansı amillər təsir edir?” sualı əsasında oxuna və oradan yalnız bu suala cavab verə biləcək hissələr sonrakı istifadə üçün götürülə bilər. Götürülən hissə işlənən tədqiqat işində mənbəni göstərməklə sitatlar şəkilində verilir. Dənləmə zamanı mətnin müəllifinin ideyası, fikir və arqumentləri toxunulmaz qalır.
Mətnin dənlənməsi nə üçün lazımdır? Tutaq ki, Sizin əlinizdə maraqlı mətn var və Siz o mətndən dəyərli biliklər əldə etmək istəyirsiniz. Oxunulan mətnin yazılı qeyd edilməsinin 3 əsas müsbət üstünlüyü vardır: Mətni yaxşı başa düşmək üçün və başa düşülənləri şəxsi biliyə inteqrasiya etmək üçün; Əldə olunan biliyin işin gələcək pilləsində istifadəsi üçün; Yaddaşı möhkəmləndirmək üçün.
Qədim Çin atalar sözündə deyilir: “Mən bir şeyi eşidirəm və onu unuduram, mən bir şeyi görürəm və onu xatırlayıram, mən bir işi görürəm və onu anlayıram”. Araşdırdığımız kontekstdə bu atalar sözü göstərir ki, təkcə oxumaqla mətni mənimsəmək olmaz. Bunun qarşılığında mətni dəyərləndirmək də lazımdır.
Mətni dənləmə üsulu iki müxtəlif kompetensiyaya əsaslanır: Birincisi, verilmiş tapşırığı həll etmək iqtidarı, ikincisi isə vacib şeyləri bir yerə yığmaq.
Oxunan informasiyanın mənimsənilməsi. Təhsil müddətində tələbə minlərlə mətnlə üzləşir, onları oxuyub mənimsəməli olur. Eyni zamanda onlar bu mətnlərdən yalnız kiçik bir hissəsini yaddaşlarında saxlaya bilirlər. Bu fakt hamıya bəlli olsa da, mühazirələrdən əldə etdiyimiz bilikləri bir müddət yaddaşımızda canlı saxlamağa cəhd edirik ki, imtahanlarda verilən suallara cavab verə bilək. Kənar yaddaş qurğularının köməyi ilə biz yaddaşımızı daxildən xaricə genişləndirə bilərik.
Oxunan mətnin yaddaşda saxlanması əvəzinə, materialları orijinalda yığılmaya cəhd edilərsə, onda xaos qaçılmaz olar. Bir çoxları əllərinə düşən materialların surətlərini çıxarmağa çalışırlar. Ancaq çoxsaylı ədəbiyyat mənbələri mövcud olduqda bu, çox böyük material həcminə gətirib çıxarır və nəticədə hansı məlumatın harada olmasını bilmək olmur. Ona görə də, oxunan mətnlərin qısa xülasəsinin qeyd edilməsi ədəbiyyatla işi kəskin dərəcədə yüngülləşdirmiş olur.
Ümumiyyətlə, təhsilə başlayan andan tələbələr ədəbiyyatla iş zamanı materialların toplanmasına aid öz şəxsi iş metodunu seçərək, bütün təhsil boyu onu inkişaf etdirməlidirlər. Ənənəvi üsul kimi kartlarla işləmək geniş yayılmışdır. Vərəq, dəftər, bloknot və bu kimi yazı materialları ilə müqayisədə kartlar daha çevikdir və onların köməyi ilə lazım olan qeyd tez tapılır. Hansı kart formatının seçilməsi işlənən informasiyanın həcmindən asılıdır. Kart qutusu daxilində müxtəlif sistemlərdən istifadə edilir. Bunlardan biri informasiyaların müəllifin adına görə düzülməsidir. Digər imkan dənlənmiş materialların qoyulan suallara görə düzülməsidir.
Kompüter dövründə bunun alternativi yaradılmışdır: virtual kart sistemini yaratmaq və bütün vacib məlumatları kompüterdə idarə etmək. İnternetin köməyi ilə elmi işlərin aparılmasının günü-gündən güclənməsini nəzərə alaraq, vurğulamaq yerinə düşər ki, toplanmış materialları da elektron şəkildə sistemləşdirmək məsləhətdir. Kompüterdə faylların və qovluqların yaradılması da kağız kartların tərtibi kimidir.