Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə17/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   13   14   15   16   17   18   19   20   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

ƏDƏBİYYATIN AXTARILMASI


Axtarış yerləri. Tədqiqat işlərinin yazılı şəkildə təsvirindən öncə elmi ədəbiyyatın axtarışı və əldə olunmuş məlumatların analizi və yazılması vacibdir. Ədəbiyyat axtarışı müasir texnologiyanın tətbiqi ilə daha geniş sahələri əhatə etməyə imkan verir. Lakin axtarış prosedurunun özü də mürəkkəb bir prosesi əhatə edərək özlüyündə elmin yeni bir sahəsinə çevrilməkdədir. Bu sahənin vərdişləri elmi-tədqiqat işləri ilə məşğul olan hər bir tədqiqatçının yara­dıcılıq fəaliyyətinin tərkib hissəsini təşkil edir.
Məlumatların toplanmasında üç əsas aspekti nəzərdən keçirmək lazmıdır: Axtarış yerləri, elmi ədəbiyyatın növləri, vacib məlumatların seçilməsi və təsviri.
Lazım olan məlumatların axtarışına başlamazdan ön­cə tədqiqatçı onların harada axtarılması haqda ilkin təsəvvürə malik olmalıdır. Bunun üçün kitabxana və digər elmi təşkilatların rolunu öyrənmək lazım gəlir.
Kitabxana − ədəbiyyatın axtarıldığı ənənəvi yerdir. Funksiyası və işləmə prinsipinə görə kitabxanalar elmi və xüsusi olaraq bir-birindən fərqlənir. Kitabxanalar ilk növ­bədə tələbələr, müəllimlər, elmi işçi və mütəxəssislərə xidmət göstərir. Kitabxanalar texniki təchizatına və məlu­mat daşıyıcıları bazalarına görə müxtəlif imkanlara malik­dir. Kitabxanalar oxuculara: sorğu-biblioqrafik, oxu zalı, abonoment, kitabxanalararası mübadilə, qiyabi abonoment, şəkil və surətlərin çıxardılması, mikrofilmlərin hazırlanması xidmətləri göstərir.
Sorğu biblioqrafik xidmətlər üçün kitabxanalarda xü­susi şöbələr vardır. Bu şöbələrin oxucu xidmətində məq­sədyönlü mövzular ətrafında kitabların axtarışı üçün lazım olan bütün sorğu materialları durur. Biblioqrafik şöbədə həmçinin oxuculara ədəbiyyatla işləmək qaydaları öyrədilir. Xüsusi ədəbiyyatın sayı məhdud olduğundan onların yalnız oxu zallarında istifadəsinə icazə verilir. Kitabxanalarda olan on minlərlə kitabdan səmərəli istifadə etmək üçün şifrələr işlənilir. Biblioqrafik məlumatlar beynəlxalq standart İSO 690-87-ə əsasən tərtib edilir. Bir çox kitabxanaların kitab rəflərində açıq işləmə imkanları vaxta qənaət etməyə, həm­çinin eyni mövzuya aid daha geniş məlumat mənbələrinə yiyə­lənməyə şərait yaradır.
Tədqiqatçılar kitabxanalarda işləməzdən öncə onlara lazım olan sahələrdə vacib ədəbiyyatın yerləşdiyi bölməni axtarıb tapmalıdırlar. Kitabxanalarda işləməyin açarı kata­loqlardır. Burada çoxsaylı ədəbiyyat cəmlənərək şifrələnib. Şifrələr öncədən məlum olduqda onun köməyi ilə kitabın yerləşdiyi yer (otaq, rəf, cərgə və s.) axtarılır. Əvvəllər belə kataloqlarda ədəbiyyat haqqında məlumatlar şifrələnmiş kağız kartlarda yerləşdiyi halda, kitabxana işlərinin kom­püterləşmənin tətbiqi sayəsində belə kartlar rəqəmsal hala gətirilib. Müasir kitabxanalarda bu kart məlumatları internet üzərindən əlçatan şəkildə oxucular tərəfindən istifadə edilə bilər ki, bu da vaxta qənaət etməyə şərait yaradır.
Kitabxanalararası mübadilə ölkənin müxtəlif elmi sahələri üzrə kitab fondları və kitabxanalarının qarşılıqlı əlaqə şəkildə istifadəsini təsvir edir. Bu xidmət, uyğun kitab­xanada axtarılan ədəbiyyat tapılmadıqda onu digər kitabxanalardan sifariş etməyə imkan verir. Ədəbiyyatın ya orijinalını, ya da onun lazım olan bölməsinin surətini sifariş etmək olar. Sifariş edilən ədəbiyyat poçtla evə və ya kitab­xanaya çatdırılır.
İnternet təkcə hər hansı bir ali məktəbin kitabxana fonduna giriş yaratmır. İnternet vasitəsilə ədəbiyyat axtarışı üçün daha geniş imkanlar açılır. Burada iki növ ədəbiyyat axtarışı fərqləndirilir: Ədəbiyyat mənbələri axtarışı üçün məqsədli məlumatın toplanması və konkret ədəbiyyat axtarışı.
Ümumi ədəbiyyat mənbələrinin axtarışı zamanı axta­rış proqramlarına daxil edilmiş açar söz və ya sözlər əsasən arzulanan məlumatları versə də, onunla bərabər əla­və məlumatlar da göstərilir. Məsələn, sağlamlıq, tibb kimi açar sözlər 1,5 milyon və uyğun olaraq 500 min nəticə göstərir. Bunların arasında lazım olan dəyərli ədəbiyyat mənbələri yalnız 10%-ə bərabərdir. Yerdə qalanlar isə ter­minlərlə bağlı və ya müəyyən xidmət sahələrində çalışan fir­malar haqqında, yaxud da terminlərin izahına dair məlu­matlardır.
Konkret ədəbiyyat axtarışı üçün ümumi internet axta­rışı proqramları (google, bing, altavista və s.) əlverişli deyil. Burada xüsusi ədəbiyyat axtarışı proqramlarından istifadə etmək məsləhət görülür. Məsələn, ali məktəb kitabxana­la­rında internet üzərindən əlçatan olan elektron kataloqlarda axtarış funksiyaları daha dəqiq elmi-ədəbiyyatın (kitab, məqalə, konfrans materialları, diplom və dissertasiya işləri) tapılmasına şərait yaradır.
Ali məktəblərin kitabxanalarına giriş həmin ali mək­tə­bin internet səhifəsi üzərindən mümkündür. Azərbay­can­da elmi-texniki ədəbiyyatla təchiz olunmuş əsas kitab­xa­naların internet səhifələri vardır.
Kitabxanalarda məqalə və dissertasiya işlərinin effektiv axtarılması üçün xüsusi portallar xidmət göstərir. Bu növ təşkil olunmuş elektron kitabxanalardakı axtarış funk­siyaları, jurnallarda yer alan lazımi məlumatların toplandığı verilənlər bankından araşdırılan mövzuya uyğun olan məlumatları seçib oxucuya təqdim edir. Verilənlər bankı daim yeni məlumatlarla aktuallaşdırılır. Onlar həm kitabxananın özü tərəfindən yaradılmış resurslara, həm də kənardan alınmış resurslara malikdir. Kənarda olan re­surslardan müəyyən lisenziyalar əsasında istifadə etmək mümkündür. Kitabxanalar kənar resursların keyfiyyəti və etibarlılığına əmin olduqda, onları öz kataloqlarına daxil edir və öz portallarda yerləşdirərək onların aktuallığını izləyir. Bir çox beynəlxalq jurnallar kitabxanalara güzəştli şərtlər daxilində giriş hüquqi verir. Bu hüquqdan istifadə edən oxucu ilkin məlumatı elə kitabxanada əldə edir, lazım gəldikdə isə məqaləni çox vaxt tam şəkildə öz şəxsi yaddaş qurğusuna (USB-stik, disk ) köçürə bilir.
Nəşriyyatların rəqəmsal fəaliyyətə keçmələri internet üzərindən ədəbiyyat axtarışına əlavə olaraq yeni bir təkan vermişdir. Bunun üçün nəşriyyatlar çap etdikləri kitabların siyahısından ibarət kataloqu oxucuların istifadəsinə verir.
İnformasiya axtarış strategiyası . İnternetin tətbiqi ilə axtarış imkanlarının genişlənməsini elmi-tədqiqat işlərinin aparılmasında nəzərə almaq məqsədəuyğundur. Dünya üzrə ədəbiyyat mənbələrinin bir-biri ilə şəbəkələşməsi informa­siyanın əldə olunmasını sürətləndirərək onun həcmini kəs­kin artırır. Elektron yollarla (çatlar, forumlar, bloqlar və s.) aparılan dialoqlar və diskussiyalarda qazanılan məlumatlar ümumi informasiya axınını intensivləşdirir.
İnternet erasında da insan lazımi ədəbiyyatın se­çil­məsi, qiymətləndirilməsi və məqsədli şəkildə yığcam mətn halına salınması vəzifəsinin öhdəsindən gəlməlidir. Hər bir elmi işin kökündə duran bu proses internet üzərindən yalnız elektron şəkildə məqsədli icra olunaraq sürətləndirilə bilər.
İnternetdə informasiya axtarışı zamanı aşağıdakı su­allara cavab verilməlidir: Nə üçün axtarıram (elmi layihə, dissertasiya işi); Nə axtarıram (elmi suallar, elmi mövzular, ədəbiyyat, açar sözlər); Harada axtarıram (mənbələr, çap formaları, fənlər, dil, yer, zaman); Necə axtarıram (texnika, metodlar, axtarış strategiyası).
İnternetdə 3 axtarış strategiyası tətbiq oluna bilir: Şab­lon metodu, semantik metod və selektiv metod.
Şablon metodu ilə axtarışa məlum açar sözü ilə baş­la­yırlar və internetin təklif etdiyi köməkçi funksiyalar vasitəsilə verilənlər şəbəkəsinə daxil olmağa çalışırlar. İn­ter­netdə informasiyalar heç bir iyerarxiyaya malik olmadan qarışıq yaddaşda saxlanılır və müəyyən meyarlar, termin və onların kombinasiyalarının köməyi ilə idarə edilir. Axtarış sözü verilmiş mövzunu nə qədər ümumi şəkildə təsvir edərsə, bir o qədər çox mənbə əldə edilir. Burada minlərlə lazımsız məlumatların qarşıya çıxması və oxucunun məlumat cəngəlliyində itməsi təhlükəsi yüksəkdir.
Semantik metod dedikdə axtarış sözünün dəqiqliyi nəzərdə tutulur: axtarılan kəlmə nə qədər çox rəqəm və əlavə anlayışlarla genişləndirilərsə, o qədər uğurlu axtarışa nail olmaq olar. Amma bu yolla dəqiq elmi nəticələr nadir hallarda əldə edilir. Əbəs yerə interneti refleksiv şəbəkə adlandırmırlar.
Selektiv axtarış strategiyası sayəsində keyfiyyətli informasiyalar qazanıla bilir. Bu yol ekspertlərin virtual ola­raq axtarışa qoşulmaları sayəsində həyata keçirilmə im­kanına malikdir. Bu metodla texniki şəbəkələşmə təş­kile­dici və diskussiya strukturu kimi yeni keyfiyyət qazanır.
Dünya üzrə fəaliyyət göstərən internet şəbəkəsinin mürəkkəbliyinə görə müxtəlif axtarış proqramları yaradıl­mışdır ki, onlar məqsədli elektron informasiya axtarışının səmərəliyini artırmağa kömək edir. Bu axtarış proqramları yaddaşa verilən hər bir səhifənin məzmununu əvvəlcədən qoyulmuş texniki meyarlara əsasən cəmləşdirir. Elmi sahədə bu, o deməkdir ki, sənədin başlığı, bəzi hallara isə mü­əllifin adı və onun tərtib etdiyi açar sözlər yaddaşa verilir.
Axtarış maşınları 3 hissədən ibarətdir: Daimi olaraq internetdə yeni veb-səhifələrinə baxmağa kömək edən proqram; Axtarılan bütün səhifələri yaddaşda saxlayan verilənlər bankı; Verilənlər bankından götürülən açar sözə əsasən informasiyanı axtaran proqram. Bu texnikadan ya­rarlanaraq dəyərli biliklərin tapılması üçün bir neçə alter­nativ axtarış proqramlarından istifadə etmək lazımdır.
İnternet üzərindən elmi informasiya axtarışı müəyyən risklərlə bağlıdır. Əldə edilən materialların keyfiyyətini yoxlamaq mümkün deyil. İnternetdə yerləşdirilmiş məlu­mat­ları heç bir rəyçi yoxlamır, eyni zamanda bu infor­ma­siyaları manipulyasiya olunmaqdan tam qorumaq çətindir.
İnternet məkanında informasiyaların sayının və çeşidliliyinin sürətlə artması yeni internet proqramlarının iş­lənməsinə gətirib çıxarmışdır. “Düşünən axtarış proq­ramları” daxil edilmiş fərdi göstəriciləri və parametrləri emal edərək orijinal informasiyaların axtarılmasında nəzərə alır. Sorğu zamanı onlar mövzu ilə bağlı əlaqəli mənbələri tapır və konkret nəticə kimi təqdim edir. Sonda, verilmiş mövzuya aid olmayan mənbə və informasiyalar avtomatik silinir.
Ekspert səviyyəsində axtarış zamanı ayrı-ayrı terminlər Bul əməliyyatlarının köməyi ilə daxil edilir. AND/OR/NOT ilə mənbələr sərt seleksiyaya məruz qalır. NEAR qonşu əməliyyatının köməyi ilə məkan baxımından yaxın olan mənbələri axtarıb tapmaq mümkündür. Bu texnika “hər iki anlayışın orta sözlər çoxluğuna malik oldu­ğunu və verilənlər bankından asılı olaraq müxtəlif həcmə malik olmalarını” şərt kimi qarşıya qoyur.
Axtarışın daha da konkretləşdirilməsi və struktur­laş­dırılması üçün mötərizələrdən istifadə edilir. Əgər axtarılan söz və ya söz birləşməsi mötərizədə (məsələn: “maşın hissəsi”) verilirsə, onda yalnız bu söz və ya söz birləşməsi üzrə rast gəlinən sənədlər/səhifələr üzə çıxarılır.
Ədəbiyyat mənbələri dedikdə elmi məlumatları özün­də daşıyan sənədlər nəzərdə tutulur. Bunlar elmi məlu­matların saxlanılması və ötürülməsi üçün vacib vasitə sa­yılır. Tərtib formasına görə ədəbiyyat mənbələri sənəd (ki­tab, jurnal, əlyazma və s.) və elektron (sənədli mən­bə­lə­rin elektron versiyaları, elektron bazalar, tele və audio ötür­mələr, qlobal məlumat şəbəkələri və s.) formalara bölünür.
XX əsrin ortalarından etibarən elmi ədəbiyyat mən­bələrini sosial statusuna görə çap olunmuşlar və çap olunmamışlar kimi iki qrupa bölməyə başlayıblar. Çünki, yalnız çap olunduqdan sonra ideya və faktların elmi müba­dilə üçün geniş yayılması və rəsmi qeydiyyatı mümkün idi.
Çap olunmuş ədəbiyyat – nəşriyyatda redaktə olun­muş sənədlərdir: kitablar, broşürlər, monoqrafiyalar, məc­muələr, periodik və davam edən nəşrlər, patentlər, standart və normativlər, kataloqlar və s. Onlar geniş yayılmaq üçün nəşriyyat tərəfindən çoxaldılaraq çap olunur.
Çap olunmamış ədəbiyyat nəşriyyatda redaktə olun­ma­mış və yalnız əlyazma hüququna malik sənədlərdir: dissertasiyalar, əlyazmalar, elmi-tədqiqatlar, elmi tərcü­mələr və araşdırma materialları.
Yeniliyinə görə elmi ədəbiyyat ilkin və ikinci dərəcəli olaraq fərqləndirilir. İlkin mənbələrə elmi-tədqiqat nəticə­sində birbaşa əldə edilən ilkin, empirik, nəzəri və ya yeni metodiki məlumat və faktlar daxildir. İlkin sənədlərə və nəşrlərə çap olunan kitabların böyük bir hissəsini, bro­şür­lərı, jurnalları, qəzetləri, standartları, dissertasiya və tər­cü­mələri aid etmək olar. Çap olunmuş ilkin sənədlərin növləri adətən standartlaşdırılır. Bədii ədəbiyyatdan fərqli olaraq elmi ədəbiyyatda tərcümə praktikası geniş yayılma­dığın­dan, elmi biliklər elə orijinal dildə verilir. Son illər çap olunan işlərin dəyəri onun beynəlxalq mətbuatda hansı miqyasda çap olunması və yayılması ilə qiymətləndiril­di­yindən demək olar ki, getdikcə elmi işçilər öz əsərlərini ingilis dilində çap etməyə cəhd edirlər. Gələcəkdə bu təma­yülün daha da güclənməsi gözlənilir.
İkinci dərəcəli mənbələrə isə ilkin məlumatların ana­litik və məntiqi emalı nəticəsində alınmış sənədlər da­xildir (sorğu kitabları, məlumat kitabçaları, biblioqrafik və ona oxşar olan digər nəşrlər). İkinci dərəcəli ədəbiyyatın əsas funk­siyası ilkin mənbələrin işıq üzü görməsi haqqında operativ məlumatı yığcam şəkildə yaymaqdan ibarətdir. Onlar da ilkin ədəbiyyat kimi dövri və qeyri-dövri ola bilər.
Kitabxana kataloqları. Ədəbiyyat mənbələrinin ax­tarışı zamanı biblioqrafik mənbələrə üstünlük verilir. Biblioqrafiya axtarılan konkret mövzuya uyğun olmalı və müəyyən iyerarxiyaya əsaslanmalıdır. Xaotik ədəbiyyat axtarışı böyük vaxt itkisinə səbəb olur və eyni zamanda lazımi nəticəni vermir. Ədəbiyyat mənbələrinin axtarışının şərtləri və məqsədləri o qədər müxtəlifdir ki, burada ümumi qayda və ya sistem təklif etmək çətindir. Sadəcə qarşıya qoyulan məqsədləri sadaladıqda nə qədər müxtəlif yolların olmasını aydın görmək olur: a) verilmiş mövzuya aid bütün əldə olunan ədəbiyyat mənbələrinin siyahısını tərtib etmək tələb olunur; b) yalnız daha mütərəqqi və ya ilkin məlumat mənbələri vacib sayılır; c) ikinci dərəcəli mənbələr yetər­lidir. Ədəbiyyat mənbələrinin öyrənilməsində axtarış ardı­cıl­lığı da önəmli amil sayılır: xronoloji ardıcıllıqla düzül­müş ədəbiyyat onların çap ilindən asılı olaraq öyrənilir. Əks xronoloji ardıcıllıqda isə ilkin olaraq ən yeni elmi çap ma­teriallarına, daha sonra isə köhnələrə nəzər salınır. Buradan görünür ki, biblioqrafik materialların siyahısı və onlarla işləmə ardıcıllığı tədqiq olunan haldan asılı olaraq fərqlənir. Kitabxanaların sorğu-axtarış aparatına ənənəvi kataloqlara əlavə olaraq tədqiqat işlərinin hesabatları, layihə sənədləri, ixtiraçılıq şəhadətnaməsi, patentlər, standart və normativlər, materiallar, tərcümələr, mikrofilmlər və s. haqqında məlu­matları daşıyan kartotekalar da daxil edilir. Onlar aşağıdakı kimi səciyyələndirilir:
Kataloq və kartotekalar – istənilən kitabxananın tər­kib hissəsidir. Kataloq deyəndə kitab fondunda olan məlu­mat mənbələrinin siyahısı nəzərdə tutulur. Kartoteka müəy­yən mövzuya aid bütün məlumatlar haqqında ma­terialların siyahısıdır. Kataloqlar ya əlifba sırası ilə, ya da sistematik olaraq mövzuya uyğun qruplaşdırılır. Kataloqlardan düzgün istifadə etmək üçün, onların quruluşunun ümumi prin­siplərini bilmək lazımdır. Son illər kağız kataloqlar elektron hala keçirilsə də, hələ ki, bir çox kitabxanalarda onlardan istifadə olunur. Kağız şəklində və ya elektron formadan asılı olmayaraq kataloqların sistemi eynidir.
Əlifba kataloqları kataloq sistemlərində əsas yer tutur. Onların köməyi ilə hər hansı müəllifin kitabxanada yerləşən əsərlərini tapmaq mümkündür. Kataloqlara müəllifin adı, soyadı, kitabın adı, çap ili, nəşriyyat, kitabın həcmi və nəşri haqqında məlumatlar daxil edilir. Rəflərdə kitabların dü­zülüşü əlifba sırası ilə müəllifin adına görə yerləşir. Müəl­lifi olmayan kitablar adlarına görə düzülür. Əgər birinci sözlər üst-üst düşərsə onda kitabların düzülüşündə ikinci sözdən istifadə edilir. Eyni adlı müəlliflərdə onların inisial­larına üstünlük verilir.
Sistematik kataloqlarda kartlar məntiqi olaraq, ayrı-ayrı sahələr üzrə qruplaşdırılır. Onların köməyi ilə verilmiş mövzuya uyğun kitabxanada mövcud olan ədəbiyyatı tez bir zamanda axtarıb tapmaq mümkündür. Sistematik kata­loqlarda kartların ardıcıllığı müəyyən biblioqrafik təsni­fatlara uyğun gəlir. Beynəlxalq aləmdə “Universal Onluq Təsnifatından (UOT)” istifadə edilir. Onluq prinsipinə əsaslanan bu təsnifatın köməyi ilə bilik və fəaliyyətin istiqaməti şərti olaraq UOT cədvəlində on hissəyə, onların hər biri isə daha on alt hissəyə, sonuncu da öz növbəsində daha on hissəyə və s. bölünür. Hər pillədə hər bir anlayış rəqəmli indeksə malik olur. Nəzəri cəhətdən bu iyerarxiyanı sonsuza qədər daha dar çərçivəyə salaraq davam etdirmək olar. Universal Onluq Təsnifatı 100 ildən artıqdır ki, dün­yanın bütün ölkələrinin təbiət və texniki elm sahələri üzrə çap materiallarını sistemləşdirməyə xidmət edərək, onların ara­sında informasiya mübadiləsinin tənzimlənməsində önəm­li rol oynayır. Onların universal və humanitar profilli kitabxanalarda tətbiqi nəzərdə tutulmur. Azərbaycanda UOT 1962-ci ildən etibarən daxil edilmişdir.
Elektron kataloqların adi kataloqlardan fərqi ondan ibarətdir ki, burada kitablar, broşürlər, konfrans material­ları, məcmuələr haqqındakı informasiyalar avtomatlaşdı­rıl­mış kitabxana-informasiya sistemində rəqəmsal halda sax­la­nılır və xüsusi proqramın köməyi ilə elmi ədəbiyyatın ax­ta­rışına imkan verir. Bu, həm lokal, həm də veb-şəbəkəsi da­­xilində oxuculara ədəbiyyatın tez tapılmasına şərait yaradır.
Elektron kataloqlarla təchiz olunmuş kitabxana oxu­culara müxtəlif elektron resurslarla xidmət göstərir:
– Öz serverində və ya otaqlarında yerləşən resurslar. Buraya kitabxananın özünün yaratdığı və kənardan əldə etdiyi resursları daxil etmək olar.
– Uzaqda olan resurslar. Kənarda olan informasiya mənbələrinə giriş çox zaman lisenziya əsasında baş verir.
– Kitabxana tərəfindən qiymətləndirilən və onun biblioqrafiyasına daxil edilən elektron mənbələr. Kitabxana bu resursların keyfiyyətinə əmin olduqdan sonra onları öz oxucularına təklif edir.
– Qalan bütün kənar elektron mənbələrə giriş. Bu resurslardan istifadə etmək oxucunun öz öhdəsinə verilir.
Hal-hazırda internetdə elmi işlərin aparılmasına yar­dım edə biləcək milyonlarla informasiyalar kitab və məqalə formasında yerləşdirilib. Məsələn, Rusiyanın elmi elektron kitabxanasına (www.elibrary.ru) giriş sərbəst olsa da, bir çox digər xarici elektron bazalarına (EBSCO, Springer, JSTOR və s.) giriş üçün fərdi müraciət etmək lazımdır və bu pulludur.
Azərbaycanda elektron kataloqların yaradılmasına 90-cı illərin ortalarından başlanılmışdır. Hal-hazırda respub­likanın bir çox kitabxanalarında İRBİS-64 (Rusiya) və VTLS-VİRTUA (ABŞ) proqramlarından istifadə etməklə ədəbiyyat axtarışı həyata keçirilir. Elektron kataloqun tərkib hissəsi proqram təminatı, texnoloji məhsul, informasiya məhsulu və aparat məhsulundan ibarətdir. Maşınla oxunan informasiyalar daxil edilmiş bu verilənlər bazası həm də özündə biblioqrafik məlumatları cəmləşdirir. Bu onlayn kataloqlar avtomatlaşdırılmış kitabxana-informasiya siste­minin alt sistemi sayılır.
Ədəbiyyatın növləri. Nəşrlər məqsədindən asılı olaraq çoxsahəli olsa da, bizi ilk növbədə elmi-tədqiqat işlərinin təşkili, aparılması və qiymətləndirilməsi üçün lazımı bilik­lərin əldə edilməsinə imkan verən elmi ədəbiyyat maraq­landırır. Buraya elmi, tədris, sorğu və məlumat nəşrləri aiddir. Ədəbiyyat o vaxt elmi sayılır ki, nəzəri və eksperi­mental tədqiqatların nəticələrini təsvir etsin. Elmi ədəbiy­yatın aşağıdakı növləri vardır.
Monoqrafiya – bir problemin və ya mövzunun tam və hərtərəfli, bir və ya bir neçə müəllif tərəfindən araşdırıl­ma­sını əhatə edən elmi kitab nəşridir.
Dissertasiyanın avtoreferatı – elmi dərəcə almaq üçün müəllif tərəfindən hazırlanmış, aparılmış tədqiqatların məz­mununu qısa referat şəklində təsvir edən, broşür şəklində çap olunan elmi nəşrdir.
Preprint – nəşrdən öncə, ilkin xarakterli material kimi çap olunur.
Elmi işlərin məcmuəsi – elmi idarələrin, təhsil ocaqla­rının və ya cəmiyyətlərin nəzdində icra olunan tədqiqat materiallarının toplandığı məcmuədir.
Elmi konfrans materialları – elmi konfransda təqdim olunan proqramın, çıxışların, təklif və həllərin toplandığı qeyri-dövri çap olunan məcmuədir.
Elmi-populyar nəşr – elm, mədəniyyət və texnika sahəsində nəzəri və ya eksperimental tədqiqatlar haqqında məlumatları daşıyan, qeyri-ixtisasçı mütəxəssislər üçün nəzərdə tutulan nəşrdir.
Elmi-tədqiqat prosesində biliklərin əldə edilməsi üçün dərsliklərin də rolu bilik mənbəyi kimi böyükdür. Dərsliyə aid nəşr – tədris prosesinin müxtəlif səviyyələrində iştirak edən tələbələrə tədris üçün əlverişli formada tərtib olunmuş elmi və ya tətbiqi xarakterli bilikləri sistemləşdirilmiş şəkildə əhatə edən nəşrdir. Tədris üçün nəzərdə tutulan nəşrlərə aşağıdakılar aid edilir.
Dərslik – tədris proqramına uyğun gələn və verilmiş nəşr formasında rəsmi təsdiq olunmuş, tədris fənnini sistematik təsvir edən nəşrdir.
Dərs vəsaiti – dərsliyi tamamlayan və ya onu qismən əvəz edən, aidiyyati orqanlar tərəfindən rəsmi təsdiq olunmuş tədris vəsaitidir.
Tədris-metodiki vəsait – verilmiş fənnin tədris meto­di­kasına aid materialları əhatə edən vəsaitdir.
Sorğu kitabları – elmi və ya tətbiqi xarakterli qısa məlumatlar daşıyıcısıdır. Bu, kitabı tam oxumadan, qısa zamanda axtarılan termin və ya mövzu haqqında məlumat əldə etməyə xidmət edir. Sorğu kitablarına lüğət və ensik­lopediyaları aid edirlər.
Elmi ədəbiyyat qeyri-dövri, dövri və ya davamlı olaraq fərqləndirilir. Qeyri-dövri nəşrlərə yalnız bir dəfə çap olunan və davamı olmayanlar aid edilir. Buraya kitab­lar, broşürlər, vərəqlər və s. daxildir. Kitab – həcmi 48 sə­hifə­dən çox olan nəşrdir. Büroşürlərin həcmi 4 və ya 48 səhifə arasında olur. Vərəqlərdə isə yalnız 4 səhifəyə qədər məlumatlar çap olunur. Dövri nəşrlər xüsusi nəşr növü olub, müəyyən vaxt intervalında məzmununa görə təkrar olunmayan materialların vahid formada tərtib olunmuş şəkildə çapına xidmət edir. Dövri nəşrlərə jurnal, qəzet və bülletenlər aid edilir.
Qəzetlər – dövri olaraq qısa müddətdən bir çap olunaraq, aktual ictimai-siyasi, elmi-texniki, ədəbi və digər məsələlər haqqında rəsmi materialları əhatə edir. Qəzetlər adətən böyük vərəqlərdə çap olunur.
Jurnallarda ictimai-siyasi, elmi, istehsal və digər mə­sə­lələr haqqında məqalə və referatlar, həmçinin ədəbi-bədii əsərlər çap olunur.
Bülletenlər dövri və ya davamlı nəşr olub, onu bu­raxan müəssisənin maraq dairəsinə aid olan rəsmi mate­rialların qısa şəkildə operativ çapına imkan verir. Adətən dövri bülletenlər daimi rubrikaya malikdir. Misal olaraq, birjaların dövri orqanı kimi buraxılan birja bülletenlərini göstərmək olar. Bu bülletenlərdə dövri olaraq qiymətli ka­ğız­ların qiymətləri, əmtəələrin birja qiymətləri, bağl­anılan alqı-satqılar haqqında məlumatlar işıq üzü görür.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin