Elmi işin məqsədi. Ali məktəbdə təhsil orta məktəbdən onunla fərqlənir ki, tələbə seçdiyi ixtisas üzrə öz-özünü inkişaf etdirməli, yeni biliklərin əldə edilməsi üçün həmişə motivasiyaya malik olmalı və mütəxəssis kimi yetişmək üçün məqsədyönlü hərəkət edərək öz yaradıcı fəaliyyətini təşkil etməyə məsuliyyətlə yanaşmalıdır.
Elmi-tədqiqata şəxsi münasibət və motivasiya. Magistrantın elmi mövzu axtarışında əsas meyar onun elmə olan marağıdır. Burada qarşıda duran kvalifikasiya işi önəmli rol oynayır. Əgər tələbə ali məktəbdə təhsilini başa vurduqdan sonra elmdə qalmaq istəyirsə, onda mövzu elə seçilməlidir ki, o sahədə sonra da potensial araşdırmaq imkanları mümkün olsun. Burada iki halı unutmaq olmaz. Birincisi, ilk baxışdan hansı mövzunun daha maraqlı olmasını təyin etmək çətindir. İkincisi, onu vurğulamaq lazımdır ki, elmə maraq tədqiqat prosesində daha da güclənir.
Çox vaxt magistrantlar “böyük suallar” vəd edən mövzulara can atırlar. Lakin onlar başa düşməlidirlər ki, bir magistr dissertasiyası ilə böyük sualların həllini tapmaq mümkün deyil.
Maraqlı mövzunun seçilməsi və onun uğurla başa vurulması tədqiqatçının şəxsi motivasiyasından çox asılıdır. Motivasiya tədqiqatçının elmə olan marağı ilə birbaşa bağlıdır. Elmi işə olan marağın müxtəlif aspektləri ola bilər.
“Motiv” anlayışı instinktiv impulslar, tələbat, bioloji istək, emosiyalar, maraqlar, arzular, həyat məqsədi və s. komponentlərdən ibarət ola bilir. Ona psixoloji durum kimi baxıla bilməz. Bu, insanın nəyəsə tələbatından doğur. Motivasiyanın psixoloji haldan fərqi həm də ondan ibarətdir ki, psixoloji hal daha qısa müddətli baş verir. Motiv isə insanın bütün həyatı boyu onu əhatə edə bilir. Alimlər psixologiyada motivasiyanı iki hissəyə bölürlər: daxili və xarici. Elmi-tədqiqatla bağlı daxili motivasiyalar tələbələrdə idrak və inkişafa olan tələbatdan doğan ilkin hal kimi formalaşır. Xarici motivasiyalar isə ikinci dərəcəli rol oynayır. Onlar ətraf mühitin təsiri altında (məsələn, iş kollektivində və ya digər sosial sferada daha yaxşı yer tutmaq, daha yüksək maaş almaq və s.) formalaşır. Araşdırmalar göstərir ki, yaradıcı insanlarda daxili motivasiyalar xarici motivasiyaları üstələyir. Bu halda tələbələrdə elmi-tədqiqat işlərindən daha çox zövq, həzz almaq, işdə intellektual uğura can atmaq, problemi həll etməyə səy göstərmək hisləri üstünlük təşkil edir. Onu da qeyd etmək lazımdır ki, motivasiyaları daxili və xarici olaraq sinifləndirməyin özü şərtidir, çünki onlar arasında sərt sərhəd də yoxdur. Belə ki, motivin təyinatına görə daxili motivasiya insanın özündən şəxsən irəli gələn haldır, xarici motivasiya isə artıq stimul kimi çıxış edir.