İşin hissələrə bölünməsi. İşin strukturu onun ayrı-ayrı hissələrinin formal təsvirindən asılıdır. Yuxarıda qeyd edilən struktur bölmələri işin məzmunundan asılı olaraq müxtəlif hissələrə bölünə bilər. İşin hissələrə bölünməsi oxucuya müəllifin ideyaların ardıcıllığı, onların həyata keçirilməsi, eyni zamanda işin əsas xəttini, ayrı-ayrı hissələri arasındakı münasibətləri və müəllifin bu bölmələrə ayırdığı diqqəti göstərir.
Bu baxımdan fəsillərin və yarımfəsillərin kifayət dəqiqliklə və məntiqi bölünməsini planlamaq üçün onlar arasında olan məntiqi asılılıqlar öncədən analiz edilməlidir. Burada aşağıdakı aspektlər fərqləndirilir: Üst, eyni və ya aşağı təbəqəyə aid olmaq; Bir-birinin əksinə olmaq; Səbəb-nəticə münasibəti; Məqsəd-vasitə münasibəti; Hissə-tam münasibəti; Əvvəlki və ya sonrakı münasibət.
Elmi mövzunun aspektləri arasında belə bir münasibətin olması əlyazmanın uyğun hissəsində öz əksini tapmalıdır. Tədqiqatçı yalnız intensiv ədəbiyyat araşdırmasından və mövzu üzrə müəyyən kompetensiya əldə etdikdən sonra ilkin strukturu və mündəricatı hazırlaya bilər.
İşin ilkin strukturunun hazırlanması və onun müəyyən məntiqlə düzülməsi təkcə oxucu üçün bir köməkçi vasitə deyil, eyni zamanda müəllifin özü üçün də vacib alət sayılır. İlkin formada hazırlanmış bölmə siyahısı ilk baxışdan işin yerinə yetirilmə planı kimi də interpretasiya edilə bilər. Ona görə də, tələbə mövzunu seçdikdən və analiz etdikdən sonra işin ilkin strukturunu işləməli və mündəricat tərtib etməlidir.
İşin məntiqi strukturunun tərtibində tədqiqat problemi və onun çözülməsinə təsir edən amillər nəzərə alınmalıdır. Burada problemin özünün struktur təşkilediciləri əhəmiyyətli rol oynayır. Birinci halda bütün prosedurlar bir problem ətrafında cərəyan etsə də, ikinci və üçüncü hallarda öncə ayrı-ayrı problemlər ayrılıqda həll olunur və sonda onların nəticələri qoyulmuş məqsədə uyğun olaraq ümumiləşdirilir.
Bir çox hallarda mövzunun işlənməsi zamanı hər hansı iş ardıcıllığına riayət olunması yoxlanılmalıdır. Adətən 3 hal mövcuddur. Ən az yayılmış sərbəst həll ardıcıllığıdır. Burada müəllif işin bir neçə hissəsini paralel işləyə bilər. Məntiqi məcburi ardıcıllıq tələb edən işlərdə işin strukturu əvvəlcədən müəyyən qədər təyin edilir. Burada tədqiqatçı problemin həll yolunun tələb etdiyi ardıcıllıqdan kənara çıxa bilməz. Məsələn, “Keyfiyyətlə bağlı xərclərin qeyd olunması, planlanması və nəzarəti” mövzusunda tədqiqatçı öncə məlumatları toplamalı, planlamalı və sonda nəzarəti araşdırmalıdır. Üçüncü halda tədqiqat zamanı işləmə ardıcıllığının seçilməsi qeyri-sərbəstdir. İlkin olaraq vacib problem və onun hissəsi işlənir, sonra digərləri.