Yazma stilistikası. Elmi işin yazılmasına qoyulan əsas stilistik tələblər bunlardır:
Elmi iş akademik dildə yazılır, bəzi hallarda kiçik həcmdə publisistik və polemik stilə yol verilir;
Mətnin məntiqinə və formal quruluşuna riayət edilir;
Mətndə bayağı və şablon ifadələrə yer verilməsi tövsiyə edilmir;
Uzun və dolaşıq cümlələrə yer vermək arzu olunan deyil. “Bir cümlə – bir fikir” qaydasına riayət edilməsi tövsiyə edilir;
Ümumi məlum olan biliklərin təkrarına yol verməməli;
Terminologiyanın vahidliyinə riayət edilməli;
Lazımsız yerə xarici sözlərdən və terminlərdən istifadə etməməli, tərcümə zamanı bu sözlərin Azərbaycan dilində dəqiq ekvivalentinin tapılmasına çalışmalı;
Qaranlıq, çoxmənalı olan sözlərdən və ifadələrdən yan keçməli;
Ehtiyac duyulmadıqda şəxsi terminlərin uydurulmasından yan keçməli, onları daxil etdikdə isə əsaslandırmalı;
Eyni sözün dəfələrlə təkrarlanmasından qaçmalı, lazım gəldikdə bu sözləri əvəzlik və sinonimlərlə əvəz etməli;
Materialı ardıcıl təsvir etməli (burada: buna görə, uyğun olaraq, belə ki, bu yolla, bundan əlavə və s. kimi birləşdirici ifadələrdən istifadə etmək məsləhət görülür);
Nəticələrin yazılışı zamanı onları sıralamaq yaxşı olardı: birincisi, ikincisi və s. ;
Simvol, müqayisə və şəkillər dəqiq və anlaşılan olmalıdırlar. Mətndə mütləq onlara istinad olunmalıdır. Əks halda onlar lazımsız informasiya təsəvvürü yaradır;
İstifadə olunmuş sitat və biblioqrafik mənbələr mətndə dəqiq göstərilməlidir.
Elmi iş yazma stilistikasına riayət edilməklə Azərbaycan dilinin qrammatikasına uyğun yazılmalıdır. “Mən” şəxsiyyət əvəzliyindən istifadə etmək xoşagələn deyil. “Mən düşünürəm”, “mən hesab edirəm” ifadələrinin əvəzinə “görünür ki,..” və ya “belə hesab etməyə əsas var ki,...” ifadələri işlədilir.
Sitatların və mənbələrin göstərilməsi. Tədqiqatçı elmi işin əlyazmasını tərtib etdikdə çox vaxt işdə göstərilən arqumentləri isbat etmək üçün kənar elmi işlərdən sitatların gətirilməsinə ehtiyac yaranır. Bu, humanitar sahələr üçün tipik olsa da, ondan istifadə qaydaları bütün sahələrə şamil edilir.
Kənar mənbələrdən olan elmi nəticələrdən istifadə etmək qadağan deyil. Burada əsas məsələ onların işdə necə istifadə edilməsi və dəqiq göstərilməsindən ibarətdir. Əks halda işdə plagiatın yer alması baş verir ki, bu da yolverilməzdir.
Sitatların işdə göstərilməsi üçün əsas meyarlardan biri onun biblioqrafik mənbəyinin asanlıqla tapılmasından və gətirilən sitatın düzgünlüyünün yoxlana bilinməsindən ibarətdir. Yəni, yalnız ictimaiyyətə əlçatan olan mənbələrdən istifadə edilməsi məqbul sayılır.
Ən geniş yayılmış sitat mənbələri kitablar, məqalələr, hüquqi normativlər və dissertasiyalardır. İnternetdən sitat gətirilməsinə xüsusi tələblər qoyulur.