Qrafiki təsvirlərin işlənməsi. Çox vaxt əlyazmada bir qrafiki təsvir və ya cədvəl vasitəsilə oxuculara daha çox informasiya çatdırmaq mümkündür. Müəllif şəkilləri mətnə daxil edərkən əlbəttə gözoxşayan iş tərtib etməklə bərabər, həm də bununla hər hansı bir vacib dəlili oxuculara göstərmək niyyətindədir. Mətnə müraciət etmədən oxuculara qrafiki təsvir və cədvəl vasitəsilə xüsusi məlumatların verilməsinə yalnız elmi işlərdə yol verilir. Mətndə göstərilmiş qrafiki təsvir aydın və başa düşülən olmalıdır. Əlyazmanın son variantının mətnində qrafika ilə bağlı verilmiş izahın uyğunluğu bir daha yoxlanılmalıdır. Ümumiyyətlə, şəkillərin yerləşdirilməsi zamanı mətndə onun yerinin düzgün seçilməsi vacibdir. İzahedici sxem və şəkillər mütləq uyğun mətn hissəsi yaxınlığında olmalıdır. İstisna hal kimi yalnız formatı mətnə uyğun gəlməyən təsvirlərin (böyük şəkillər) başqa səhifədə və ya əlavədə verilməsinə yol verilir. Bu halda mətndə əlavəyə keçid göstərilir. Əsas şəkil və yaxud cədvəl mətndə yerləşdirildikdən sonra onların izahı və ya tərtibi üçün vacib olan digər qrafiki materialları əlavəyə daxil etmək olar.
Mətndə verilən bütün qrafiki təsvirlər növündən asılı olmayaraq ardıcıl nömrələnir. Qrafiki cizgi və cədvəllər isə ayrıca nömrələnir. Hər bir qrafiki təsvirin öz başlığı olur və kənar mənbədən götürüldüyü halda mənbənin nömrəsi başlığın yanında verilir. Kənar mənbələrdən götürülən qrafiki təsvirlərdə dəyişikliklər edilərsə bu, mütləq ya birbaşa onun altında və ya aid olduğu mətn hissəsində izah edilməlidir. Şəkil və diaqramların simvollarının izahı da mütləq tələb olunur.
Mətnlərdə istinad olunan şəklin və ya cədvəlin nömrəsi mütləq göstərilməlidir. “Aşağıdakı cədvəldə” kimi izahatlardan istifadə məsləhət görülmür. Çünki bu, oxucuda orientasiya problemi yarada bilir.
İşin məzmununu daha dolğun etmək məqsədilə istifadə edilən qrafiki təsvir formasının seçilməsində alternativ imkanlar da nəzərdən keçirilməlidir. Əsas təsvir formaları: sxemlər, diaqramlar, alqoritmlər və cədvəllərdir. Hər bir təsvir üçün çoxsaylı variantlar mövcuddur. Məsələn, diaqramlar sütun, tire, çevrə, xətt, sahə və ya alqoritm şəklində işlənə bilir.
Bu formalardan hansının verilmiş iş üçün yararlı olmasını qiymətləndirə biləcək meyar mövcud deyil. Toplanmış verilənlərin növləri çox vaxt müəyyən təsvir formalarının tətbiqini elə öncədən istisna edir. Məsələn, əgər bir parametrin artımı və ya müxtəlif parametrlərin qarşılıqlı asılılıqlarını göstərmək gərəkdirsə, onda qrafik işləmələrdən istifadə etmək məsləhət görülür. Rəqəmli material oxucuya mətni daha yaxşı başa düşməyə xidmət edərsə, onda verilənlərin cədvəl şəklində təsviri əlverişlidir. Burada eyni verilənlərin müxtəlif təsvir formalarından istifadəsinə yol verilmir.
Cədvəllərin yuxarı hissələrində əşya, zaman və ya parametr vahidlərindən ibarət başlıq yerləşdirilir. Başlığın altında çox vaxt bir neçə sətir yer alır. Eyni növlü sütunların eni bərabər götürülməli, mətn boyu müqayisə olunan cədvəllərin başlıqları eyni olmalıdır. Əgər cədvəlin bir səhifədə yerləşdirilməsi mümkün deyilsə, onda onun bir hissəsi digər səhifəyə keçirilir və orada başlıq təkrar edilir. Bu halda cədvəlin adı birinci səhifədə qeyd edilir, sonrakı səhifələrin yuxarı hissəsinin sol tərəfində isə “Cədvəlin davamı” yazılır. Burada davam edilən cədvəlin nömrəsi də göstərilir. Məsələn, “Cədvəl 12-nin davamı”.
Adətən statistik verilənlərin toplandığı cədvəllərdə müəyyən iş ardıcıllığı (məsələn: eksperimentlərin planlanmasında), hər hansı bir proses göstəricisinin onun parametrlərindən asılılığı və ya eyni zamanda hesablama üçün verilənlərin müəyyən meyar əsasında cəmlənməsi təsvir edilir. Cədvəl və ya diaqramlardan istifadə zamanı onlardan hansının verilənlərin asılılığını daha aydın təsvir etməsini nəzərə almaq lazımdır. Cədvəlin üstünlüyü ondan ibarətdir ki, bir sütunda yerləşən parametrdən asılı olan çoxsaylı digər parametrləri əyani təsvir etmək mümkündür. Diaqramda belə asılılıqlar qarışıqlıq yaradır. Cədvəl təkcə parametr və kəmiyyətlər arasındakı asılılığın yox, həmçinin münasibətlərin keyfiyyətli təsvirinə də imkan verir.
Cədvəlin nömrələnməsi fəsil daxilində aparılır və ardıcıl yerinə yetirilir, məsələn: Cədvəl 2.1. Əlavədə olan cədvəllər isə əlavənin nömrəsinə əsasən nömrələnir. Məsələn: Cədvəl Ə.1.