Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə18/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   14   15   16   17   18   19   20   21   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Ədəbiyyatın seçilməsi elmi materialların axtarılması və mənbələrin nəzərdən keçirilməsi ilə onların seçilməsi arasında böyük əqli əməyi əhatə edir. Tapılan ədəbiyyat nə qədər çox olarsa, bir o qədər çalışıb onların dəyər­lən­dirilməsi və seçil­məsinə vaxtında başlamaq lazımdır. Bir sözlə, bu işə axtarış prosesi ilə paralel başlamaq lazımdır. Əldə olunan ədəbiyyat mənbələrinin sayından asılı ol­mayaraq, onların hər birini müəyyən meyarlar əsasında qiymətləndirmək gərəkdir. Bu qiymət­ləndirmənin dəqiqliyi tapılan mənbənin əlçatan olma­sından, həmçinin vaxtdan asılıdır.
Tapılmış ədəbiyyat mənbələrinin dərhal oxunması əvə­zinə onlara ilkin qiymətin verilməsi məsləhətdir. Bunun üçün ədəbiyyat nəzərdən keçirilməli, analiz olunmalı və sonrakı tətbiq üçün seçilməlidir.
İlkin qiymətləndirmə biblioqrafiyanın tərtibi zamanı aparıla bilər. Bu məqsədlə kataloqlarda verilmiş qısa infor­masiyalardan istifadə etmək mümkündür.
Tapılmış ədəbiyyatın bir çoxu elə yerindəcə (əgər bu kitabxanada baş verərsə) nəzərdən keçirilə bilər. Ədəbiy­yatın sonrakı tətbiqi üçün isə xüsusi yoxlama siyahısından istifadə edilir. Şərti bir kitab misalında bu siyahı belə görünür: Sərlövhə, müəllif, seriyası, nəşriyyat, nəşrin sayı, çap ili, giriş sözü, mündəricat, ədəbiyyat siyahısı.
Əgər ədəbiyyat sistematik kataloqlardan tapılıbsa, onda kitabın məzmununun açar sözə uyğun gəlməsi yox­lanılmalıdır. Kitabın içindəkilərin tədqiqat mövzusuna uy­ğun gəlib-gəlməməsi əsasında elə bu mərhələdə ilkin seçimi etmək mümkündür.
Kitabın müəllifi məlum olduqda, kataloqlardan onun digər kitablarını axtarıb baxmaq yeni dəyərli materialların qazanılmasına aparıb çıxara bilir. Eyni zamanda müəllifin elmi fəaliyyət sahəsinə bütövlükdə nəzər salmaq müm­kündür. Gələcəkdə həmin müəlliflə maraq dairəsində görüş­mək də tədqiqatçının gələcək elmi fəaliyyətinin genişlən­məsinə yardım etmiş olar.
Çap olunan və rəqəmsal yayılan çoxsaylı elmi məc­muələr və kitablar müəyyən mövzular ətrafında seriyalar şəklində işıq üzü görür. Adətən bir seriya daxilində çap olunan ədəbiyyat mövzu baxımından qohum olur. Yəni, eyni seriyadan olan kitablara da baxmaqla yeni biliklər qazanıla bilər. Elmi nəşriyyatlar öz reputasiyalarına çox fikir verirlər. Burada çap olunan kitab proqramları və oxucu kütləsi onlar üçün çox vacibdir. Bu baxımdan nəşriyyat­larda buraxılan elmi kitabların kataloqu əsasında onların praktiki və ya elmi təmayüllü olmasını aşkar etmək çətin deyil. Bu yolla əldə olunmuş mənbəni qiymətləndirmək müm­kündür.
Kitabın çap ilini biblioqrafik kataloqla müqayisə et­mək­lə tapılan mənbənin aktuallığını, həmçinin yeni nəşrini aşkarlamaq olar.
Giriş sözü, tapılmış ədəbiyyatın analizi üçün çox önəmli məlumat daşıyıcısıdır və mütləq oxunmalıdır. Bu­rada işin məqsədindən əlavə, onun maliyyəsi, səbəbiyyəti (dissertasiya, mühazirələr, məruzələr və s.) və nəzərdə tutulan oxucu kütləsi haqqında məlumatlar da yer alır.
Kitabın mündəricatı onun içindəki informasiyalar haq­qında ilkin ümumi məlumatı, mətnin strukturu və böl­mələrin başlıqlarını göstərir. Səhifələrin sayından asılı olaraq kitabda bu və ya digər mövzuya ayrılan həcmə əsasən işin ümumi elmi istiqamətini qiymətləndirmək olur. Mündəricatın dərindən analizi çox vaxt kitabın lazımsız mütaliəsinə qənaət etməyə şərait yaradır.
İstifadə olunmuş ədəbiyyat siyahısını öyrənməklə, artıq əldə olunan mənbələri yoxlamağa, həmçinin mövzu ilə bağlı yeni mənbələrin tapılmasına şərait yaranır. Ədəbiyyat siyahısı müəllifin apardığı tədqiqat üçün mütaliə etdiyi mənbələri göstərir və digər tərəfdən də onun işinin aktu­allığını və elmi çəkisini qiymətləndirməyə şərait yaradır. Göstərilən ədəbiyyat tapılmış elmi işin həm də yaranma tarixçəsini göstərir. Məsələn, əgər müəllif yalnız son illərdəki mənbələrə istinad edərsə, onda onun əvvəllər məlum olan fundamental, hələ də aktual olan bilikləri nə­zərə almadığı ehtimalını artır. Siyahıda göstərilmiş ədəbiyyat və onların müəllifini öyrənməklə təd­qiqatçı araş­dırdığı mövzuya yaxın olan daha yeni mənbələr əldə edə bilər. Müxtəlif kitabların ədəbiyyat siyahılarını siste­matik analiz etdikdə tədqiqat mövzusuna aid olan ədəbiyyat özlüyündə qruplaşmış olur. Çünki, bu sahə üzrə məşğul olan mütəxəssislər çox vaxt eyni və ya oxşar mənbələrdən istifadə edirlər.
Ədəbiyyatı bu şəkildə yoxlama ardıcıllığı, həmçinin digər elmi nəşrlərə (referat, jurnal məqaləsi, dissertasiya və s.) də tətbiq edilə bilər.
Ədəbiyyat mənbələrinin axtarışı kifayət qədər nəticə vermədikdə bu, seçilmiş mövzunun hələ geniş araşdırıl­madığına dəlalət edir. Əksinə, ədəbiyyat çoxluq təşkil etdikdə, bu mövzunun daha dəqiq baxılması tələb olunur ki, gələcək tədqiqat prosesində təkrarlanmaya yol verilməsin.
Ədəbiyyatla işləmə. Ədəbiyyatın axtarılması prose­sində zaman aspektini nəzərdən qaçırmaq olmaz. Elmi-tədqiqat prosesinin başlanğıcında ədəbiyyat axtarışı və onların nəzərdən keçirilməsi yüksək iş intensivliyi tələb edir. Təcrübəyə əsasən elmi işə sərf olunan ümumi vaxtın üçdə biri mənbələrin axtarılmasına və elmi materialların toplanmasına sərf olunur.
Ədəbiyyat axtarışının texniki aspekti lazımi nəticəni əldə etmək üçün hansı mənbələrə müraciət etməyi təsvir edir. Burada iki prinsipə baxılır: 1) ikinci dərəcəli mən­bədən orijinala və 2) qarışıq prinsip. Birinci hal bir çox cəhətdən əhəmiyyətlidir. İkinci dərəcəli mənbələr leksikon­lar, lüğət və sorğu materialları şəklində hər bir kitabxanada yerləşir. Bu, həm də qısa zamanda axtarılan mövzu ətra­fın­da ümumi məlumatların əldə olunmasını asanlaşdırır. Sonda, oxucu vacib orijinal ədəbiyyatın ətraflı oxumasına istiqamətləndirilir. Mütaliənin orijinal mənbədən başlan­ma­sı, oxucunu o sahədə mövcud olan digər mənbələrdən uzaq salır. Bundan əlavə, oxucuda bu mənbələrdə olan bilikləri əsas götürərək alternativ bilik və metodları inkar etmək təhlükəsi yaranır.
Ədəbiyyat axtarışının ən vacib aspekti ondan ibarətdir ki, oxucu gərək mənbələrə baxdıqdan və analiz etdikdən sonra seçdiyi mövzunun aktuallığı haqqında qərar vermək iqtidarında olsun. Bunun əsasında ya elmi mövzunun təd­qiqi dərinləşdirilir, ya da onun yenidən baxılmasına qərar verilir. Əks halda mövzunun işlənməsi zamanı kiçik və ya böyük problemlər ortaya çıxa bilər ki, bu da qarşıya qo­yul­muş məsələnin həllini ayrılan vaxtda həll etməyə maneçilik törədə bilər.
Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində baxılan ədəbiyyatın kataloqlaşdırılması və seçilən məlumatların sistemləşdirilməsi vacibdir. Ədəbiyyatın sayı çoxaldıqca, onların yaddaşda saxlanılması da çətinləşir. Bu baxımdan tədqiqata yeni başlayan şəxsin hər hansı bir məlumatı yada salması üçün dönə-dönə eyni mənbəyə müraciət etməsi nor­mal hal sayılır. Həmçinin ədəbiyyat siyahısını tərtib etməyə çox vaxt sərf olunur. Ona görə də, baxılan ədəbiyyatın kataloqunun elektron şəkildə tərtib edilməsi ilkin görüləcək işlərə aid edilir. Virtual kartotekanın yaradılmasında hansı başlıqların daxil edilməsi ideyası hər bir tədqiqatçının özü tərəfindən yerinə yetirilir. Bu, kitab və ya məqalənin məzmunu və ya araşdırılan mövzu haqqında qeydlər, mü­əl­lifin elmi problemin həllinə dair ideyaları və s. ola bilər. Elektron kartotekanın cədvəl şəklində tərtib edilməsi daha əlverişlidir. Burada EXCEL proqramının köməyi ilə cədvəl­dəki məlumatları bu və ya digər terminlərə görə filtrasiya etmək mümkündür. Məsələn, əgər mənbələr müəllifin adı və familiyası ilə cədvələ sətir şəklində daxil edilərsə, bir-birindən çox uzaqda da olsa, onları qısa zamanda xüsusi funksiyanın köməyi ilə sütunlar boyunca qruplaşdırmaq mümkündür. Eyni qayda ilə ədəbiyyatı mövzulara, illərə və digər göstəricilərə görə qruplaşdırmaq olur.
Hər bir tədqiqatçının ədəbiyyat mənbələrindən əldə edilən mətnlərlə işləmək vərdişləri iş prosesində yaranır. Bir çoxları elə əvvəldən konspekt düzəldir. Bu iş metodu adə­tən tələbələrə xasdır. Ancaq çoxlu sayda xüsusi elmi ədə­biyyatı nəzərdən keçirmək lazım gəldikdə, belə kon­spekt­lərin sayı da sürətlə artır və sonda qarışıqlığa səbəb olur. Konspektləşdirmənin ikinci çatışmayan cəhəti ondan ibarətdir ki, bu, çox əmək və vaxt tələb edir. Ona görə də, ədəbiyyatı oxuduqda heç də dərhal konspektləşdirməyə tələs­mək lazım deyil. Burada ilkin olaraq qısa qeydlər aparıldıqdan və ədəbiyyat tam oxunduqdan sonra kons­pek­tin tərtibinə başlamaq olar. Əgər ədəbiyyat elektron şəkildə mövcuddursa onda kağızda qeyd əvəzinə vacib hissələri köçürüb ayrıca faylda yerləşdirmək olar.



Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin