Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə16/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   12   13   14   15   16   17   18   19   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Öyrənmə vərdişlərinə yiyələnmək. “Öyrənmək” bir çox alimlərin tədqiqat mövzusu olmuşdur. Bəzi tələbələr təklikdə öyrənməyə üstünlük verirlər. Bunun heç də mənfi cəhəti yoxdur. Müəyyən qrup tələbələr birgə öyrənməyin müsbət tərəflərini qeyd edirlər. Qrup şəklində işləmək öy­rənmə prosesinin keyfiyyətində özünü göstərməklə bərabər, həmçinin bu qrupa daxil olan tələbələrin motivasiyasının artmasına da təkan verir.
Öyrənmə stilinin üstünlüklərini ayırd etmək üçün təhsilin ilkin çağlarında qrup şəklində digər tələbələrlə işləmək haqqında təcrübələrin əldə olunmasına çalışmaq lazımdır. Qrupda işləmək üçün əsas şərt iştirakçıların ho­mogen bilik səviyyəsinə malik olmalarıdır. Digər tərəfdən, qrup daxilində rolların bölünməsi əhəmiyyətlidir. Burada hər bir iştirakçı öz gücünə görə tapşırığın həll edilməsində aktiv olur. Bəzi tələbələr ədəbiyyatın məqsədəuyğun oxun­masında, bəziləri mühazirələrin konspektləş­dirilmə­sində, digərləri isə öz yüksək kommunikabelliyi sayəsində yuxarı kurs tələbələrindən dəyərli məlumatların əldə olunmasında yüksək qabiliyyətə malik olurlar.
Təhsildə “öyrənmək vərdişlərinə” yiyələnmiş tələbə­lər öz təhsillərini uğurla başa vurmağa qadirdirlər. Bu vərdişlərə yiyələnməyin bəzi vacib aspektlərinə nəzər salaq. Elmi-tədqiqat işinin yerinə yetirilməsində kompüter müasir təhsil sisteminin əvəzolunmaz tərkib hissəsinə çevrilib. Öy­rənmək üçün yer axtarışı da vacibdir. Bəzi insanlar kitab­xanada, təklikdə, sakit şəraitdə məşğul olmağa üstün­lük verirlər. Digərləri evdə oturub məşğul olurlar. Evdə işləmək üçün ən azından böyük yazı masasına ehtiyac vardır. Masanın ölçüləri imkan daxilində 60x100 sm-dən kiçik olmamalıdır. Bu baza şərti ilə bərabər öyrənmək üçün ümumi atmosferin təsiri böyükdür. Tələbə evdə özünü rahat hiss etməli və fikrini mövzuya tam cəmləmək imkanına malik olmalıdır.
Öyrənməyə başlamaq üçün müxtəlif psixoloji şərtlər mövcuddur. Bunlardan birincisi öyrənməyə həvəsli olmaq­dır. Öyrənmək motivasiyası uğurlu təhsil üçün həlledici bünövrə sayılır. Digər amil isə öyrənməyə məcburiyyətdir. Məcburiyyətdən yaranan təzyiq bəzi insanlar üçün isti­qamətverici rol oynayır və tələbəni öyrənməyə aktivləşdirir. Öyrənmə prosesinin praktiki fəaliyyətlərlə müşayiət olunması tələbələrdə görülən işə, alınan biliyə qarşı marağı artırır və biliyin mənasını anlamağa kömək edir.
Öyrənmə vərdişləri tələbələrin sərbəst işləmək təc­rü­bəsindən də asılıdır. Sərbəst iş dedikdə müəllimlərin tap­şırıq­larını metodiki göstərişlər əsasında, ancaq onların iştirakı olmadan tələbələrin yerinə yetirdikləri sərbəst işin təşkili başa düşülür. Müəllimlər yalnız tələbələrin idrak prosesini təşkil edirlər, idrakı isə onlar özləri həyata keçirir. Sərbəst iş tələbələrə vərdiş və təcrübələrə yiyələnməyə şərait yaratmaqla bərabər, onların xarakterində yüksək ixtisaslı mütəxəssis kimi yeni cizgilərin formalaşmasına kömək edir. Dünya üzrə tələbələrin auditoriya və sərbəst işlərə sərf etdikləri vaxt 1:35 nisbətindədir. Belə nisbət hər şeydən əvvəl bu təhsil növünün yüksək didaktik poten­sialını göstərir. Ona görə də, bu amil mütəxəssislərin hazır­lan­masında tədrisin səmərəliyinin artırılması üçün geniş ehtiyat rolu oynayır.
Ali məktəbdə təhsil prosesi, tələbənin mövqeyini öyrənmə obyektindən özü idarəolunan tədris-professional fəaliyyətlə məşğul olan subyektə keçməyə yönəldir. İn­teraktiv və aktiv öyrənmə metodlarına tələbat artır. Bun­ların yerinə yetirilməsi üçün tələbədən özünü yüksək təşkiletmə keyfiyyətləri tələb olunur. Tələbə sərbəst iş zamanı öz genetik iş tempinə uyğun olaraq materialları sərbəst öyrənir, nəticələr çıxarır və ümumiləşdirmələr apa­rır. Bu müddətdə onun işin çətin başa düşülən bölmə­lərinə təkrarən qayıtmaq imkanı vardır. Əsasən də sərbəst yaradıcılıq fəaliyyəti tələbələrə öz imkanlarına söykənərək özüöyrənmə mexanizmlərini inkişaf etdirməyə imkan verir. Bu keyfiyyətlərə malik olan şəxsin praktiki fəaliyyəti zamanı qarşıda duran məsələlərin həllinə yanaşma istiqaməti də fərqli olur.
Adətən orta məktəbdən gələn şagirdlərin sərbəst işləmək vərdişləri zəif olur. Bu­na görə də, onlar çox şeyi ali məktəbə qədəm qoyduqdan sonra öyrənməyə başla­yır­lar. Əsasən də I kurs tələbələrinə dərs deyən müəllimlərin üzərinə böyük yük düşür. Onlar təhsilə yenicə başlamış gənclərə xüsusi ədəbiyyatla işləməyi, effektiv oxu­mağı, oxu­duqları materiala fikir bildirməyi və s. kimi keyfiy­yətləri aşılamağa çalışırlar.
Tələbələrin sərbəst işlərinin təşkili iki mərhələdə aparılır. Birinci mərhələdə müəllimin iştirakı ilə ilkin təşkilatı işlər icra olunur. Bu mərhələdə müəllim tələbələrə səhvlərin üzə çıxarılmasında və onların səbəblərinin öyrə­nilməsində yardımçı olur. Özünütəşkilin ikinci mərhə­ləsin­də müəllimin iştirakı olmadan tələbə sərbəst işləyir. Sərbəst işlərin təşkilində öyrənilən materialın həcminin və struk­turunun düzgün seçilməsi çox vacibdir. Plansız şəkildə elmi materialla məşğul olmaq tələbələrin sağlamlığında ciddi mənfi izlər buraxa bilər. Yüksək dərəcədə əqli gərginlik stresslə başa çata bilər. Əqli yük sərbəst məşğuliyyət zamanı əsəb sistemlərinin gərilməsi, yaddaşın pozulması və nəticədə tədris prosesinə marağın itməsi ilə nəticələnə bilər. Ona görə də, tələbə sərbəst iş dövründə asudə vaxtın da nəzərə alındığı ümumi vaxtın düzgün bölünməsinə diqqət etməlidir.
Vaxtın düzgün seçilməsi. Məhdud vaxtdan istifadə etmək imkanlarını analiz etdikdə elmi işin icrasının iki fərqli aspekti özünü büruzə verir. Birinci yerdə effektivlik, yəni “zamandan səmərəli istifadə” və “zamanın idarəsi” ki­mi anlayışlar öndə durur. Digər tərəfdən “ölçü” və “zaman rifahı”, yəni iş vaxtı ilə asudə vaxt ara­sında balansın olması maraqlıdır. Araşdırmalar göstərir ki, tələbələr zamanın düzgün bölünməsinə elə ilk anlardan alışmalıdırlar. Əsasən də bu, həm təhsil alıb, həm də işləyənlər üçün çox vacib bir amildir.
Vaxtın necə bölünməsini, hansı fəaliyyətə nə qədər vaxt ayrılmasını professional idarə edən “vaxt mene­cmenti”dir. Vaxt menecmentini düzgün mənimsədikdə təh­sillə bağlı vacib işlərin vaxtında icrasına nail olmaq mümkündür. Burada istifadə olunan strategiya ondan ibar­ətdir ki, tapşırıqlar prioritetinə uyğun planlanır. Ən əlverişli variant görüləcək vacib və spontan yarana biləcək işlər üçün gündəlik vaxt planın tutulmasını şərtləndirir. Görülən işlərin bu plandan silinməsi, nəticəyə nəzarət və vaxt menecmentində motivasiya üçün bir vasitə rolunu oynayır. Vaxt menecmentinin tərkib hissəsi kimi tapşırıqların və özünü təşkiletmənin menecmenti də yer alır.
Tapşırıq menecmenti tələbə qarşısında duran elmi tapşırıqların planlanması, idarəsi, nəzarəti və icrasını əhatə edir. Hər bir pillənin düzgün yerinə yetirilməsi ümumi işin uğurla başa vurulmasında önəmli rol oynayır. Onu da qeyd etmək lazımdır ki, tapşırıqların planlanmasında tələbə özü­nəməxsus öyrənmə metodunu və yeni informasiyaların mənimsəmə qabiliyyətini də nəzərə almalıdır.
Vaxtın düzgün bölünməsi tələbələrdə “özünütəş­kilet­mə” qabiliyyətinin səviyyəsindən asılıdır. Müəllimlər tərə­fin­dən birbaşa idarəetmə olmadıqda, tədrisdə özünü­təşkil bir çox mənbələrdə tələbələrin təhsil fəaliyyətinin bir növü kimi təsvir edilir. Sərbəst işin düzgün və adekvat təşkili qarşıda duran böyük spektrdə problemləri həll etməyə şərait yaradır və təhsilin, eləcə də tədqiqatın effektivliyini artırmaq üçün böyük ehtiyat rolunu oynayır. Bu baxımdan hər bir tədqiqat işinin uğurlu yerinə yetirilməsi tədqi­qat­çının özünütəşkiletmə qabiliyyətindən birbaşa asılıdır. Təd­qiqatçı öz intellektual və emosional – iradi keyfiyyətləri ilə səciyyələnən şəxsi qabiliyyəti əsasında öz işini səmərəli təşkil edir. Özünü təşkiletmənin əsas məqsədi öz şəxsi im­kanlarından maksimal istifadə etmək, işin axınını şüurlu idarə etmək və kənar halları üstələməkdən ibarətdir.
Özünütəşkilin yüksək səviyyədə olması insanın öz həyatının təşkilində avtonomluğunu, onun sərbəst və şüurlu şəkildə məqsədi müəyyənləşdirmək, situasiyanı analiz et­mək, qoyulmuş məqsədə çatmaq üçün işi modelləşdirmək, onun qiymətləndirilməsi üçün meyarların təyini, eləcə də həm aralıq, həm də son nəticələrə nəzarət etmək və hər bir dəyişikliyə adekvat reaksiya vermək kimi keyfiyyət gös­təricilərini səciyyələndirir. Özünütəşkiletmə nə qədər yüksək səviyyədə olursa, tələbə bir o qədər ona məlum olmayan yeni situasiyalarda özünə inamlı olur, müvafiq olaraq uğurları da stabil və davamlı olur. Bu göstəricilər tələbəyə vaxtın yaxın və uzaq gələcək üçün düzgün plan­lanmasına, onun rasional təşkilinə imkan yaradır.
Qorxunun üstələnməsi. Tələbələrin elmi işə maraq­larının analizində digər amillərlə bərabər qorxu və həyəcan hissləri də nəzərə çarpacaq dərəcədədir. Qorxu deyəndə, burada təhsilin maliyyələşdirilməsi, təklik qorxusu, işin öhdəsindən gələ bilməmək qorxusu başa düşülür. Bu qor­xuların çoxu tələbənin ilk dəfə olaraq ali məktəbə qədəm qoyması ilə başlayır və pis halda uzun müddət onu müşa­yiət edir.
Bu problemlərlə məşğul olan bir çox alimlərin gəldiyi qənaət budur ki, ali məktəbə qədəm qoyan tələbə ilk anlarda özünü yad hiss edir. Bu yad mühitdə digərləri ilə eyni səviyyədə qəbul olunmaq istəyini digərləri yanında özünü biabır etmək qorxusu üstələyir. Onlar digərləri kimi normal davranmağa can atırlar. Qorxunu üstələmək üçün onlar özünümüdafiə xassələrini inkişaf etdirməlidirlər. Bu xassə alt şüurda aktiv olaraq, qorxu yarada biləcək situa­siyaların elə başlanğıcda onu dəf etməyə xidmət etməlidir. Aşağı kurs tələbələri çox vaxt ətrafa suveren bir hiss saç­salar da, onlar daxillərində çox qeyri-stabil olurlar. Ümu­milikdə, sosial qorxu sosial müdaxilə ilə müalicə olunur. Ali məktəb daxilində bunun həll yolları digər tələbələrlə yaxın təmasın qurulması, həmçinin “etibar edilə biləcək müəllimin“ tapılmasından ibarətdir.
Qeyd olunanlarla bərabər ən geniş yayılmış, elmə yüksək ehtiramdan irəli gələn qorxunu vurğulamaq yerinə düşərdi. Əgər ali məktəbdə elm bir sərt ideologiya kimi təbliğ olunursa və “Elmi araşdırmalar sayəsində bu nəticəyə gəlinmişdir ki,...” kimi ritorikadan istifadə edilirsə, bu zaman yada salmaq lazımdır ki, çoxlu sayda elm sahələri olduğu kimi, çoxlu sayda da alimlər mövcuddur və belə subyektiv ifadələr gərək tələbələri çaşdırmasın. Digər tərəf­dən qeyd etmək lazımdır ki, elm cəmiyyətə xidmət edir. Bu, bütün araşdırıcılardan etik baxımdan həssas olmalarını tələb edir.
Elmi reprezentasiya edən şəxslərlə münasibətdə olmaq da qorxu ilə rəftara aiddir. Tələbə ilə professor ara­sındakı söhbət bir növ “mədəniyyətlərarası” qarşı­laşmadır. Tələbələr praktikaya və normal həyat tərzinə daha yaxın­dırlar. Professorlar isə xüsusi elmlə əlaqəsi olan adamlardır. Onlar bu elm aləmində bəlkə də artıq 30 ildir ki, ömür sürürlər. Kitablardan oxuduğu və uzaqdan gördüyü insanla görüşmək ilk anlarda tələbədə həyəcan yarada bilər. Çox hallarda professorlar elmi-tədqiqat işlərinə daha çox üstünlük verdiklərindən, tələbələrə az vaxt ayıra bilirlər. Belə mühitdə müəllim və dosentlərin fəaliyyəti müəyyən qədər fərqlənir. Onlarla tələbələr arasında intensiv görüş əsa­sında yaranan sıx münasibət, tələbələrin təhsil müd­dətində qarşılaşdıqları problemlərin həlli məqsədilə müra­ciət edə biləcəkləri etibarlı şəxsi tapmağa şərait yaradır. Bu da tələbələrlə müəllimlər arasında olan gərginliyin, eyni zamanda tələbələrdə bununla bağlı qorxunun aradan qaldırılmasına müsbət təsir göstərir.



Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin