Elmi hipotezin əsaslandırılması. Qoyulmuş problemin nəzəri araşdırılması hipotezlərin irəli sürülməsi və əsaslandırılması ilə başlayır. Elmi hipotez (və ya fərziyyə) – bütün tədqiqat prosesini təşkil etmək üçün tətbiq olunan metodoloji alət olub, baş verən hadisənin ehtimal edilən səbəbinin yoxlanmasını və təsdiqini tələb edir. Məntiqə görə hipotez yalnız ehtimal xarakteri daşıyır, yəni əsas səbəb haqqında geniş məlumata malik deyil. Buna baxmayaraq, hipotezlər problemin ilkin həlli üçün baza rolunu oynayır və mövcud problemin köhnə nəzəriyyələrlə izahının mümkünsüzlüyünü, bəzi hallarda isə onlarla ziddiyyətdə olmasını göstərməlidir. Etibarlı və təsdiq olunmuş hipotezlər araşdırılan hadisələr arasındakı münasibəti düzgün izah etməyə imkan verərsə, son nəticədə yeni qanunların kəşfinə imkan yarana bilər. Proses zamanı hipotezlərin yoxlanılması lazımı nəticəni vermədikdə, onun dəyişdirilməsi labüddür.
D.Mendeleyev və Ç.Darvin də öz elmi-tədqiqatları zamanı hipotez mərhələsini keçiblər. M.Lomonosovun işlərində hipotezlərin tətbiqi onun dahi kəşflərinə imkan açmışdır. Mendeleyevə görə, hipotez elmi-tədqiqatın əsas elementi sayılır. O, faktların yığılması, təsviri, sistemləşdirilməsi və öyrənilməsini; hadisənin baş verməsi üçün hipotezin yürüdülməsini; hipotezdən doğan məntiqi nəticənin sınaqlarla yoxlanılmasını; hipotezin əsaslı qanuna çevrilməsi və ya ondan imtinanı tələb edirdi.
Qeyd edildiyi kimi hipotezin əsas sütunu ehtimaldır. Məhz onun ətrafında digər elementlər birləşərək biliklər sistemini yaradır. Elmi problem nə qədər çətin həll olunandırsa, hipotezlərdə elmin sistemləşdirilməsi səviyyəsi də bir o qədər yüksək olur. Bu sistemdə hipotez nə qədər müsbət nəticə əldə edərsə, o, bir o qədər predmet ilə real hadisə arasında əlaqəni dəqiq qiymətləndirməyə imkan verər. Hipotezin yürüdülməsi və təsdiqi vahid proses daxilində bir-birindən asılı olmayan iki sərbəst mərhələ sayılır. Müxtəlif hipotez və mərhələlərdə əqli işin bu və ya digər forması başqa elementlərlə münasibətdə dominantlıq edə bilər. Hipotezin yoxlanması yalnız ona daxil olan anlayışların hamısının empirik interpretasiyası mövcud olduqda mümkündür.
Hipotezləri təsviredici, izahedici və proqnozedici olaraq üç növə bölürlər. Təsviredici hipotez obyektin mövcud xarakteri, onunla ayrı-ayrı elementlər arasında əlaqənin xarakteri haqqında ehtimaldır. İzahedici hipotez səbəb-nəticə arasındakı asılılıq haqqında ehtimaldır. Proqnozedici hipotez isə tədqiqat obyektinin inkişafındakı tendensiya və qanunauyğunluqlar haqqında ehtimaldır.