Tədqiqatın metodologiyası. Elmi-tədqiqat işlərinə başlamazdan öncə tədqiqatçılar elmi işin metodları və metodologiyası ilə tanış olmalıdırlar. Burada vacib aspektlər çoxdur: problemin və tədqiqat mövzusunun seçilmə metodikası, faktların toplanması və sistemləşdirilməsi, köklü tədqiqatın ideyası olan problemin inkişaf tarixi. Fəlsəfi baxımdan ideya insan idrakının məhsulu olub həqiqəti əks etdirir. Onun tərkibinə idrakın məqsədinin başa düşülməsi, tədqiqatın perspektivi və onun praktiki əhəmiyyəti daxildir.
İstənilən elmi-tədqiqat işi müəyyən üsulların və fəndlərin verilmiş qaydada tətbiqi sayəsində həyata keçirilir. Bu prinsiplər, təşkiletmə üsulları, o cümlədən nəzəri, həmçinin praktiki fəaliyyətin quruluşundan ibarət sistem haqqındakı elm metodologiya adlanır. Metodologiyanın digər bir təyinat sahəsi elmi idrak haqqındadır. Elm metodologiyası bir tərəfdən elmi-tədqiqatın tərkib hissələri olan obyekti, predmeti, məsələnin həlli üçün vacib sayılan tədqiqatın məqsədini, vasitələr toplusunu səciyyələndirir; digər tərəfdən araşdırma prosesində hərəkətlər ardıcıllığı haqqında təsəvvür formalaşdırır. Metodoloji bilik istər yazılı formada, istərsə də normativ şəkildə, yəni fəaliyyətin aparılmasına birbaşa təlimatlar və göstərişlər verməklə çıxış edə bilər. Bu şəkildə metodologiya birbaşa fəaliyyətin icrasına yönəlir.
Elmin metodologiyası, xüsusi elmlərin tədqiqi zamanı aşkar olunan metod və tədqiqat vasitələrinin ümumiləşdirilməsi və inkişafından doğmuşdur. Məsələn, eksperimentlər ilkin olaraq mexanika elmində tətbiq olunmuşdur. Ancaq sonralar ondan digər elm sahələrində də geniş istifadə olunur və onun sərbəst empirik tədqiqat metodu kimi qəbul edilməsinə qərar verilir.
Bundan əlavə elmi-tədqiqatın metodologiyası ümumi idrak metodologiyasının həm nəzəri, həm də praktiki nöqteyi-nəzərdən daha aktual tərkib hissəsi sayılır. Metodologiya tədqiqat metodlarını daha dərindən analiz etməyə imkan verir. Belə analiz bir çox yeni elmi fənlərin xüsusiyyətlərini öyrənərək aktual xüsusi nəzəriyyələrin yaranmasına gətirib çıxarıb.
Bir sözlə, metodologiyaya nə metodlar haqqında bir elm kimi, nə ayrı-ayrı, nə də ümumiləşdirilmiş elmi metodlar toplusu kimi baxmaq olmaz. Burada söhbət əsasən bu metodların elmi biliyin əldə olunması yolunda tətbiq sərhədlərinin araşdırılıb üzə çıxarılmasından gedir. Metodologiya dərketmə metodlarının yaranması, mənası, effektivliyi və digər xüsusiyyətlərini öyrənir. Elmi biliyin inkişafının istənilən mərhələsində metodların təyinatı və əsaslandırılması, onların köhnələrdən fərqini aşkar etmək üçün vacibdir. Bu baxımdan metodologiya gələcəyə yönəlmiş bir elm kimi elmin inkişafını qabaqlamaq zərurətindədir.