Tədqiqatın elmi metodları. İstənilən elmi-tədqiqatın planlanmasının kökündə mövcud elmi metodlar durur. Elmi metod – yeni biliklərin əldə olunmasının əsas üsullarının, həmçinin istənilən elm çərçivəsində məsələlərin həlli üsullarının toplusudur. Metod fenomenin araşdırılmasını, üsulları, əvvəllər və yeni qazanılmış biliklərin sistemləşdirilməsini və düzəlişini əhatə edir. Elmi metodun vacib tərəfi araşdırma zamanı obyektivliyə qoyulan yüksək tələbdir.
Elm fəlsəfəsində empirik və nəzəri dərketmə anlayışları səciyyələndirilir. Bu bölmə onunla bağlıdır ki, tədqiqatçı biliyi həm sınaq yolu ilə (empirik), həm də mürəkkəb məntiqi əməliyyatlar, yəni nəzəri yolla əldə edə bilər.
Dərketmənin empirik üsuluna daxil olan kateqoriyalara: müşahidə etmə, faktların toplanması və seçilməsi, onlar arasında əlaqənin yaradılması daxildir.
Nəzəri araşdırmanın əsasını empirik materialların analizi və emalı ilə bağlı olan əqli əmək təşkil edir. Nəzəri mərhələdə hadisələrin daxili struktur və inkişaf qanunauyğunluqları, onların qarşılıqlı münasibətinin şərtləri açılır.
Dərketmənin empirik və nəzəri mərhələlərində aşağıdakı elmi metodlardan istifadə olunur.
Empirik tədqiqat metodları. Müşahidə etmə – ətraf mühitdə baş verən hadisələrin insan tərəfindən araşdırılması və mənasını dərk etmək üçün onların məqsədyönlü mənimsənilməsinə xidmət edir. Müşahidə zamanı araşdırılan obyekt heç bir təsirə malik qalmır. Əsaslı nəticə əldə etmək üçün müşahidə təkrarən aparılır. Birbaşa (vizual) və ya bilavasitə müşahidə (texniki avadanlığın – cihazların köməyi ilə) üsulu fərqləndirilir.
Təsviretmə – müşahidə zamanı qazanılmış hissin faktların köməyi ilə yazılı şəkildə qeyd olunmasıdır. Burada əldə edilən bilik fərdi idrak üçün material kimi tətbiq olunur. Təsviretmə empirik, kəmiyyət və keyfiyyət şəklində aparılır. Empirik təsviretmədə obyekt və proses haqqındakı məlumatlar (hisslər) sonrakı mərhələlərdə əlverişli istifadə olunmaq üçün rəqəmlər, sxemlər və ya dil anlayışları vasitəsilə qeyd olunur. Təsviretmə müşahidənin tamamlayıcı mərhələsi olub, təsvir olunan problemin dərinliyinə baş vurmur. Əsas məqsəd tədqiq olunan obyektin imkan daxilində ətraflı qeyd olunmasıdır. Kəmiyyət və keyfiyyət terminləri təsviretmədə önəmli rol oynayır. Elmin inkişafında çox vaxt elə olub ki, hadisə öncə keyfiyyət formasında baş verib, yalnız bundan sonra onun kəmiyyətlə təsviri mümkün olub. Müasir elmdə keyfiyyət və kəmiyyət təsvirləri vahid tədqiqat prosesinin müxtəlif tərəflərini təmsil edir və onlar bir-biri ilə sıx bağlıdır. Keyfiyyət təsviri “müşahidə protokolu” adlanan, müxtəlif ölçmə prosedurları zamanı yaranan cədvəl və qrafiklər şəklində həyata keçirilir. Müasir təsviretmə, ölçmə əməliyyatının daxil olduğu riyazi aparata söykənir.
Müqayisə – dərketmənin ən geniş yayılmış metodlarındandır. Əbəs yerə deyilməyib ki, hər şey müqayisə zamanı üzə çıxır. Müqayisənin səmərəli aparılması üçün iki əsas tələbat yerinə yetirilməlidir: yalnız aralarında obyektiv ümumilik mövcud olan hadisələrin müqayisəsi məqsədəuyğundur, obyektlərin müqayisəsi vacib göstəricilər əsasında aparılmalıdır.
Eksperiment – elmi araşdırmada hipotezin yoxlanması və ya fenomenlər arasında səbəbiyyət əlaqələrinin elmi tədqiqi üçün yerinə yetirilən hərəkətlər və müşahidələr toplusudur. Sınaqlara qoyulan əsas tələb onun təkrar olunma qabiliyyətidir.
Eksperimentin müşahidədən üstün cəhəti ondan ibarətdir ki, sınaq zamanı bu və ya digər hadisəni “təmiz halda“ öyrənmək mümkün olur. Digər tərəfdən eksperiment obyektin xassələrini ekstremal şəraitdə tədqiq etməyə şərait yaradır. Eksperiment birbaşa obyekt üzərində və ya dolayı yolla onun modeli üzərində aparılır.