Bizim üzərimizə düşən vəzifə, Qərbə nəql edilmiş öz elmlərimizi heç vaxt itirmədən özümüzə qaytarmaqdan başqa bir şey ola bilməz. Hər halda yaddan çıxarmamalıyıq ki; biz zəyiflədikcə özümüzü itirib qərbliləşirik; indi isə ancaq irəlilədikcə özümüzə qayıdıb şərqliləşə biləcəyik. Çünki, Qərb mədnyyəti əslində Şərq mədəniyyətidir.9
I F Ə S İ L İSLAM MƏDƏNİYYƏTİNƏ ÜMUMİ BAXIŞ
1-İSLAM MƏDƏNİYYƏTİNİN MAHİYYƏTİ
Tarixdən bu günə qədər insanın yaşadığı hər yerdə az və ya çox mədəniləşmə hərəkatının mövcudluğu hamıya məlum olan bir həqiqətdir. Çünki cəmiyyət halında yaşamaqdan meydana gələn mədəni tərəqqilər, insanın yarandığı gündən bəri davam etməkdədir. Düzdür, bu günədək dünyaya bir-birindən fərqli neçə mədəniyyətin gəldiyi dəqiq məlum deyil, ancaq, indi iki mədəniyyət cəbhəsi mövcuddur. Bunlardan biri Xristianlıq, Yəhudilik və digər sistemlərin tə’sirində qalan Qərb Mədəniyyəti, digəri isə İslam dininin yayıldığı bölgələrdə olan İslam Mədəniyyətidir.
İslam Mədəniyyəti yalnız Asiya, Afrika və Avropanın mühüm bir qismində deyil eyni zamanda müasir Avropanın mədəniyyəti sayılan Qərb Mədəniyyətinin inkişafında da mühüm rol oynamışdır. Bu normal bir hadisədir. Çünki təfəkkür və elmlə məşğul olmağı nafilə ibadətlərdən daha üstün tutan, beləcə də elmi inkişafı təşvik edən, alimin yuxusuna dəxi qiymət verən və alimin mürəkkəbini şəhidin qanından da üstün tutan bir din adamı, əlbəttə, elmlə məşğul olmalıdır!
Bunun nəticəsi olaraq İslam dünyası, Qərb dünyasına görə daha da yüksək bir mədəniyyət səviyyəsinə yüksəldi. Qərb, elm, ağıl, sənət və texniki imkanların cəm edildiyi İslam Mədəniyyəti ilə qarşı-qarşıya gəldiyi zaman özünün çox zəif və gücsüz olduğunu gördü. Bu səbəbdən öz çatışmazlıqlarını aradan qaldırmaq və ən azı bir insan həyatı sürmək üçün Müsəlmanlardan istifadə etmək yollarını axtardı. Həmin istifadənin nəticəsidir ki, öz mədəniyyətinin əsasını qoyarkən, onlar İslam mədəniyyətinin ünsürlərindən istifadə etdilər və bu ünsürlərdən istifadə edərkən özləri də bilmədən onun təsirində qaldılar.10
İslam mədəniyyəti, İslam dinini qəbul edən millətlərin əlbirliyi ilə meydana gətirdikləri ortaq bir mədəniyyətin adıdır. Bununla bərabər, bu mədəniyyətin yaranmasında və inkişafında ərəblər, iranlılar və türklərin böyük paylarının olduğu bir həqiqətdir. V. Bartholdun da vurğuladığı kimi İslam Mədənyyəti və ya Ərəb Mədəniyyəti adı, Orta əsr Şərq mədəniyyətinə verilmişdir. Bu mədəniyyəti meydana gətirən müsəlmanlar, sadəcə Ərəblər olmadığı kimi, yaxın Şərq və qismən Afrika xalqlarını da dövlət dini olan İslam Dini, elm və ədəbiyyat dili olan ərəb dili vasitəsilə birləşdirdi.11 Həmin bərabərlik elə bir mədəniyyət meydana gətirmişdir ki, müasir dövrümüzün Qərb Mədəniyyəti, inkişafına görə ona borcludur. “İntibah dövrünə görə İslamiyyətə borcluyuq”12 sözü, bu həqiqətin bariz nümunəsidir.
Həqiqətən də VII əsrdən başlanıb XIII əsrə kimi davam edən bu intibah, İslam mədəniyyətindən ibarətdir. Bu səbəbdən də tarixin qəbul etdiyi inkaredilməz həqiqətlərdən biri də sözsüz ki, miladi VII əsrdən XII əsrin ortalarına qədər həm Avropanın, həm də Yaxın Şərqin ən inkişaf etmiş dövlətləri İslam ölkələri olmuşdur. Həmin dövrdə Bağdad və Kordova dünya zənginliklərinin axdığı, ticarətin ən hərəkətli olduğu və hər cür sənətin inkişaf etdiyi ən varlı şəhərlərdən idilər. Bu şəhərlər eyni zamanda elmin, incəsənətin və islam mədəniyyətinin mərkəzinə çevrilmişdilər. Bəşər tarixində oxşarı belə olmayan surətdə inkişaf edən elm və ədəbiyyat, dünyanın hər yerində yetişən alimləri və sənətkarları o yerlərə cəlb edirdi.
Əgər bir mədəniyyətin yaradıcı əsərləri və mənəvi dəyərləri, fikir sahəsində təmsil etdiyi zənginliklər və reallaşdırdığı maddi tərəqqilər ilə aşkar edilirsə, əlbəttə ki, İslamın zühurundan etibarən beş yüz illik bir dövrü, insanlıq tarixinin ən böyük dövrü olaraq qəbul etmək lazımdır.
İslam dünyasının, xüsusilə mənəvi sahədə fövqəladə inkişaf etməsi, İslam inqilabının gücü ilə, ruhundakı yenilməzlik duyğusu və bunlarla bərabər bu mədəniyyətin rəhbərliyini üstünə götürən Ərəb və Ərəb olmayan millətlərin parlaq fikir və sənət qabiliyyətləri ilə birgə, İslamın elmə verdiyi dəyər ilə izah edilə bilər.13 Biz bu mövzudakı ayə və hədislərə hələ ki müraciət etmək fikrində deyilik.
Bununla bərabər İslam, maddi sahədə olduğu qədər mənəvi sahədə də, başqa sözlə həyatın hər mərhələsində tətbiq edilən bir ilahi nizam (sistem) olduğu üçün, onun əzmini sadəcə olaraq ruhi və mənəvi sahə ilə məhdutlaşdırmaq mümkün deyildir. Bu əzmkarlıq sayəsində İslam aləmində elmlərin hər növü ilə məşğul olunmuşdur. Çünki İslami anlayışa görə elm və ibadət bir-birindən ayrılmayan iki ünsürdür. Bu səbəblə müsəlmanlar İslamın ilk dövrlərindən etibarən müxtəlif elmləri araşdırmağa başladılar. Başlanğıcda qismən tərcümə şəklində olan bu çalışmalar, daha sonra genişləndirildi və bilavasitə müsəlmanların öz əsərləri olaraq ortaya qoyuldu.
Həmin çalışmalarda, Qur’an, Sünnə, Fiqh, Kəlam kimi tərcüməyə ehtiyac hiss edilməyən dini elmlərin yanında Tarix, Coğrafya, Astronomiya, Tibb, Fəlsəfə, Riyaziyyat, Memarlıq, İqtisadiyyat, Sosiologiya, və s. kimi elmlər də onların çalışma sahələrini təşkil edirdi. Beləcə, bəzisi unudulmuş, bəzisi də tərk edilmiş olan bir çox elmlərin inkişaf etməsi Müsəlmanlar vasitəsilə olmuşdur. Ona görə də bugün heç kimdən çəkinmədən müasir mədəniyyətin İslam araşdırmalarının əsasları üzərində qurulduğunu deyə bilərik. Söylədiklərimizin şahidi olaraq bu mövzuda bir neçə adı yada salmaq yerinə düşərdi. Əli ibn Rəbban ət-Təbəri, Razi, İbn Cülcül, İbn Cəzzar, İbn Sina, əl-Məsudi, əl-Biruni, Nizami, İbn Həzm, İbn Rüşd, əl-Qəzzali, Əbul-Fida, İbnün-Nəfs, Abdüləziz əs-Sivasi, Akşəmsəddin, Əli Quşcu, Mirim Çələbi, İbn Kamal, Əbu Süud Əfəndi və s. kimi bir çox alim və elm adamları ilə İslam mədəniyyəti bütün dünyaya işıq saşmışdır.
Müsəlman alimlərin kəşfləri, yavaş-yavaş müasir dövrümüzdə Qərb aləmi tərəfindən də təqdir edilib araşdırılmağa başlanmışdır. Montqomeri Vatt, həm bu vəziyyətə həm də Qərb aləminin İslam dünyasına qarşı bəslədiyi kin və qərəzinə toxunaraq belə deyir:
“Müsəlmanlarla Xristianların, Ərəblərlə Avropalıların bir dünya içində vaxt keçdikcə qaynaşdığı bu zamanda, İslamın Avropaya etdiyi təsiri incələmək olduqca münasib bir işdir. Orta əsr Xristian yazıçılarının öz yaddaşlarında xarakterini səciyyələndirdikləri İslamın tamamən iftira məhsulu olduğu çoxdan məlumdur. Yalnız indi keçən əsr boyunca, araşdırıcıların apardıqları tətqiqatların köməyi ilə Qərbin gözü önündə daha obyektiv bir vəziyyət yaranmaqdadır.
Ancaq, biz Avropalıların “kor gözü”, İslam bilik və mədəniyyətinə olan borcumuzu görməyə manədir. Keçmişdən qalan mirasımıza İslamın etdiyi təsirin dəyərini və qədrini bəzən kiçik görür, bəzən də təmiz görmək istəmirik. Müsəlman və Ərəblərlə daha yaxşı ünsiyyətdə ola bilmək üçün, onlara olan (insanlıq) borclarımızın hamısını etiraf etməyə məcburuq. Bunu gizlətmək və ya inkar etmək, saxta bir qürur əlamətidir.”14
Buna bənzər bir təsbit də Sigrid Hunke tərəfindən belə nəql edilir:
“Dini təəssüb üzündən, obyektiv ədalətə uyğun bir şəkildə günahlandırmaqdan çəkindiyimiz və böyük uğurlarını sistemli bir şəkildə kiçiltməyə çalışdığımız, mədəniyyətimizin əsası olan əsərlərini gizlətdiyimiz və adını belə çəkməkdən imtina etdiyimiz bir milllətin haqqını qaytarmağın indi zamanı gəlməmişdirmi?”
Bununla bərabər Karra de Voks, bu xüsusu etiraf etmək məcburiyyətində qalır:
“Müsəlman Ərəblər elmdə, həqiqətən böyük müvəffəqiyyətlərə nail olmuş, özləri icad etməmiş olmaqla birlikdə bizə sıfırları öyrətmişlər. Beləliklə Müsəlmanlar, gündəlik həyatdakı riyaziyyatın qurucusu olmuş, Analitik həndəsənin əsaslarını qoymuşlar. Şübhəsiz, kosmos triqonometriyasının qurucusu da onlardır. Sözün doğrusu, həmin elmlər, daha əvvəl Yunanlılara məlum deyildi. Müsəlmanlar Astronomiyada da bir çox dəyərli kəşflər etdilər.”15
2-İSLAM MƏDƏNİYYƏTİNİN TARİXİ
Çiçəklənmə dövrü olan X əsrdə İslam mədəniyyəti, Himalayalardan Pirənələrə, Qaradənizdən Aden körfəzinə kimi uzanan bütün İslam dünyasına nüfuz etmişdi. Qədim şərq, Bağdad, Suriya və Iraq torpaqları üzərində, dünya dövlətlərinin ənənələrini təcəssüm etdirirdi. Kiçik Asiyada bütün ticarət yollarının düyün nöqtəsi olan bu şəhərlər, millətlər arasındakı hərəkətlərin bir toplanma mərkəzinə çevrilmişdi.
Təmtəraqlı saraylarıyla gözləri qamaşdıran, bu regionu təsiri altında saxlayan, dünyanın hər yerindəki xəzinələri özündə cəm edən, Harun Rəşidin şəhəri Bağdad, dövlətin ən böyük və möhtəşəm şəhəri olaraq böyüdü. Təbii sərvətlərin əldə edilib dəyərləndirilməsinə aid ilhamlar bu mənbədən axmağa başlamışdı.
Bütün elm sahələrini ehtiva edən tərcümə fəaliyyəti sistematik bir şəkildə və tədricən inkişaf etməyə başladı. Qeyri-milli əsərlərin toplanması fəaliyyətləri, Abbasilər tərəfindən zəngin vasitələlərlə irəli aparıldı. Saysız pullar sərf etməklə və ya əksər hallarda diplomatik yollarla, orijinal əlyazmalarını bir yerə topladılar. Ən çox dəyər verdikləri yunan əsərləri idi. Fars və Hind ədəbiyyatına da əhəmiyyət verilirdi. Tibb, riyaziyyat, astronomiya, coğrafiya və elmin bütün sahələrinə aid olan əsərləri, onların müəlliflərini tapıb Bağdad şəhərinə toplayırdılar.
Daha sonra da fəlsəfə və təbii elmlər inkişaf etdi. İslam elmi, qədim yunan elm xəzinəsinin yox olmağının qarşısını aldı. Müsəlmanlar, əsrlər boyu müxtəlif elmləri toplayıb muhafizə edirdilər. Ərəblərin etdikləri tərcümələr bügün belə, qismən tənqidi mətinləri, qismən də antik ədəbiyyatdakı bəzi mühüm nöqsanlıqları araşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Müsəlman müəlliflər, yad bilgini sadəcə tərcümə etməklə kifayətlənmədilər, əksinə onlar, özlərinə məxsus yeni bir bilgi meydana gətirdilər. Bu dövrdə, demək olar ki, üç qitəyə yayılan İslam mədəniyyətinin, bircə qüdrətini təşkil edən böyük İslam dövlətində mövcud insani idrak qabiliyyətinin, müqayisə qəbul etməz dəlillərini üzə çıxardılar. Bağdada əlavə olaraq, Cundişabur, Qahirə, Qayravan və Fəz, İslam elminin o dövrdəki məşhur mərkəzləriydilər. Həmin dövrdə, Bağdadda elm baxımından əldə edilən nailiyyətlərə 711-ci ildə Ərəblər tərəfindən fəthedilən müxtəlif millətlərin yaşadığı İspanyada da müvəffəq olmuşdular.
Atalarını nümunə götürən əzmkar Əməvi hökmdarları (755-1031), uzun müdddət təsirlərini davam etdirib məmləkətin maddi rifahını qoruyub saxladıqları kimi, fikri çalışmaları ilə xüsusən üçüncü Abdurrahmanın (912-961) idarəsində, həqiqi bir Altun (qızıl) dövrü də açdılar. Kordova, qərbin Bağdadı, bir xəlifələr şəhəri, ən yüksək səviyyədə təlim və incəsənətlərə ən çox etimad göstərilən bir bölgə, zəngin kitab xəzinələrinin toplandığı elmi təşəbbüs mərkəzi, öyrənmə həvəskarı minlərlə insan üçün yüksək bir məktəb oldu. Kordovadan başqa Sevil, Qırnata, Tuletula, Valansiya və Murcia, İslam elminin və mədəniyyətinin örnək mərkəzlərinə çevrildi. İspaniyada, istisnasız gəlib-keçmiş bütün xəlifələrin hökmranlığı altında, bir daha çata bilmədiyi bir tərəqqi və inkişaf dövrü keçdi.
Bu dövrün elm göstəriciləri müəzzəmdir. Mədəniyyətin heç bir sahəsi, o cümlədən Kordova, Sevilla və Toledodadakı məşhur Ərəb elm və akademiya ocaqları, hətta bir çox qərbli belə bu fəaliyyətdən nəsibsiz qalmamışdır. Yüksək səviyyədəki mədəniyyət bütün elm və sənət sahəsini əhatə etmişdir. Ona görə də həmin elm ocaqları, qərbli bir çox tələbəni özünə cəlb etdi. Ərəb elminin mərkəzi və eyni zamanda Avropanın ən böyük kitabxanası olan Toledoda, 1130-cu ildə bir tərcümə mərkəzi təsis edilmişdi.
Orada Raymondun başçılığı altında beş baş papaz, ən məşhur müsəlman alimlərinin əsərlərini, əvvəlcə Yunancadan Ərəbcəyə sonra isə Ərəbcədən Latıncaya tərcümə etməyə başlamışdılar. Bu işlər XII, XIII və XIV əsrlərdə də davam etdirildi. Həmin dövrdə qərbin bütün mütəfəkkirləri, o cümlədən Papa II Silvestr adını alan Aurillaclı Herbert, Qərbli Adelard, qərbdə riyaziyyatın qurucusu Pisalı Leonard, Böyük Albert, Roqer Bakon, Mişel Skot, Daniel Morley, X Alfons, Saint Tomas, Germann der Dutç, Duns Skot, Okkamlı Vilhelm və Villeneuvlu Arnold, bu elm və mədəniyyət mərkəzlərinde təlim və tərbiyə almışdırlar.
Kremonalı Herhard, təkbaşına, Toledo şəhərində 71 elmi əsəri tərcümə etmişdi. Dəyərli mədəniyyət tarixçisi Sigrid Hunke belə deyir: “Kremonalı Herhardın burada qaldığı 20 il ərzində 80-dən çox mühüm elmi əsərləri tərcümə etmişdir. Beləliklə Avropa millətləri, İslam elm və mədəniyyəti ilə təmas nəticəsində böyük uğurlar qazandılar.16
Ərəb təbabəti qərbdə böyük etibar qazanmışdı. Böyük İslam həkimləri və alimlərinin tibbi əsərləri, Avropanın bir çox üniversitetlərində tibb təhsilinin əsasını təşkil edirdi. XI əsrə kimi qərb təbabətində boş yerə hansısa bir uğur axtarılırdı. İlk tibbi bilik İspaniya Ərəblərindən öyrənildikdən sonra ancaq XII əsrdə bir elm adını ala bilmişdir.
Bu yeni üniversitetlərin ilk müəllimləri, Ərəb alimlərinin sabiq tələbələri idilər. Henrix Fransada tibbin inkişafını asanlaşdırmaq üçün 1587-ci ildə Parisdəki Royal Kollecində Ərəb kursusununu təsis etdi. Orta əsrlər boyunca İtaliyada tibb təhsilinin mərkəzi olan Salermoda, böyük Ərəb məktəbləri kimi elm ocaqları təsis edilmişdir.
Həqiqi adı ər-Razi olan Rhazes, ən böyük İslam təbibi idi. O, iki yüz iyirmidən çox əsərin müəllifidir. Bunlar arasında bir neçə tibb ensiklopediyası Ərəb dilindən latın dilinə tərcümə edilmiş və XVII əsrin ortalarına qədər qərbdə çap edilib yayılmışdı. Çiçək və qızılcaya dair ilk çalışma ona aiddir. Tibb tarixçisi Max Neuburger belə demişdir: “Bu orijinal monoqrafiya hər yerdə haqlı olaraq tibb elminin bir şah əsəri olaraq qəbul edilmişdir.” Karl Sudhof, Razinin tibb tarixində bütün dövrlərin ən böyük həkimlərindən biri olduğunu qəbul edir. Sigrid Hunke də eyni qənaətə gəlmişdir.
Orta əsrin ən məşhur həkimi “Avicenna”nın həqiqi adı Əbu Əli İbn Sinadır. Ona həkimlərin şahı adı verilmişdir. O, fövqəladə ensiklopedik biliyi ilə bir dahi idi. Ən böyük əsəri olan “əl-Qanun” (Tibbin Qanunları) altı əsr boyunca Avropanın, eləcə də dünyanın bütün tibb üniversitetlərində dərslik olmuşdur.17
Dostları ilə paylaş: |