§2.2 Culian Barnesin "Aqibətin duyğusu" əsərinin Azərbaycan dilinə tərcüməsində obrazlı ifadə və təsvir vasitələrinin əksi yolları
Bədii kitabların tərcüməsi ilə məşğul olan mütərcim bir kitabı tərcümə etməzdən öncə mənbə dildə yazılan əsəri tərcümə edəcəyi yazıçı barədə, habelə onun dil və yazı tərzi, düşüncələri, ərsəyə gətirdiyi digər əsərləri barədə əvvəlcədən araşdırmalı, özlüyündə təhlillər aparmalıdır. Bu proses ona görədir ki, hər bir yazıçının və ya şairin özünə xas ifadə, yazı üslubu və tərzi var. Elə yazıçılar vardır ki, daha anlaşılan və asan dildə yazmağa üstünlük versə də, başqa yazıçılarda bu tamamən əksi ola bilər. Yəni elə ola bilər ki, onlar daha çox bədii təsvir və ifadə vasitələrindən istifadə edələr ki, ərsəyə gətirdikləri əsər daha obrazlı, poetik olsun ki, oxucuların zövqünün oxşasın. Obrazlılığa üstünlük verən yazıçılardan biri də məhz Culian Barnesdır. Bu tədqiqat işində mən onun “Aqibət duyğusu” əsərində istifadə olunan bədii təsvir və ifadə vasitələrinin Azərbaycan dilində olan əksi yollarından bəhs etmişəm. Lakin bu danılmaz haldır ki, əsərdə işlənən məcazi mənalı söz və ifadələrin obrazlı, dəqiq tərcüməsi mütərcimin həm bu sahəyə, həm doğma dilimizə nə dərəcədə dərindən bələd olmağından və onun bir növ peşəkarlığından asılıdır.
Bildiyimiz kimi ingilis dilində söz sırası əksər hallarda pozulmur, və ya pozulursa belə bu müəyyən məqsədlə bağlı olur. Bu hala daha çox şeirlərdə rast gəlsək də
nəsr əsərlərində də rast gəlmək olar. Azərbaycan dilində isə bu qayda ingilis dilindən bu xüsusiyyətinə görə fərqlənir. Doğma dilimizdə həm danışıq dilində, həm bədii əsərlərdə tez tez inversiyaya rast gəlmək olar. Gəlin inversiyaya aid bir neçə əsərdən əldə etdiyim nümunələrə göz gəzdirək. Başlayaq elə ilk səhifədə istifadə olunan bir cümlədən:
“I remember, in no particular order” cümləsində söz sırası mənbə dildə tam qaydalara riayət etmiş formadadır, yəni heç bir inversiya halına rast gəlinmir. Doğma dilimizdə olan tərcüməsinə nəzər yetirsək isə mütərcimin inversiyadan istifadə etdiyini görə bilərik, belə ki: “Dəqiq bir ardıcıllığı yoxdur bu xatırladıqlarımın”. Bu cümlədə mübtəda xatırladıqlarımın dəqiq bir ardıcıllığı”, xəbər isə qısaca “yoxdur”-dur. Bildiyimiz kimi azərbaycan dilində söz sırasına nəzər yetirsək ilk sırada mübtəda ardınca ikinci dərəcəli cümlə üzvləri, ən sonda isə xəbər gəlir. Burada isə bu ardıcıllıq pozumuşdur. Beləliklə bədii ifadə vasitələrindən olan inversiya yaranmışdır.
“I'm not very interested in my schooldays, and don't feel any nostalgia for them.”- mənbə dildəki bu cümlədə söz sırasından həmin dilin qaydasına əsasən olduğu kimi pozulmadan verilmişdir. Lakin bu cümlənin tərcüməsində mütərcim bədii təsvir vasitələrindən hesab olunan inversiyadan istifadə etmişdir. Mütərcimin məhz bu tərcüməsində görə bilərik ki, xəbər cümlənin axırında deyil, sondan bir pillə əvvəldə gəlmişdir. Bununla da söz sırası pozulmuş hesab olunur və inversiya yaranmışdır- “Məktəb illərim çox da maraqlı deyil mənim üçün, elə də bir nostaljim də yoxdur”.
“His name was Adrian Finn:”- cümləsində məxəz mətndə söz sırası öz ardıcıllıq qaydalarına uyğun formada verilmişdir, hədəf mətndə mütərcim isə inversiyadan istifadə edərək cümləni tərcümə etmişdir. Tərcüməsi belədir: “Adrian Finn idi onun adı.”
Növbəti bəhs olunan cümlədə də mütərcim inversiyadan istifadə etmişdir. Baxmayaraq ki, məxəz mətndə inversiyaya rast gəlinmir, amma doğma dilimizdə cümlənin inversiya ilə ifadə olunması özlüyündə heç bir problem yaratmır, əksinə ona bir doğma üslubiyyat qatır. Orijinala diqqət yetirək: “On the third morning of that autumn term, we had a history class with Old Joe Hunt, wryly affable in his three-piece suit, a teacher whose system of control depended on maintaining sufficient but not excessive boredom.”
Tərcüməsi isə belədir: “Həmin payız rübünün üçüncü günü tarix dərsimiz vardı, zarafatcıl, həlim xasiyyətli, həmişə “üçlük” kostyum heyinən Qoca Co Hant idi müəllimimiz; onun metodu sinifdə asayişin qorunmasına, dərsin mümkün qədər mürgülü keçməsinə hesablanmışdı.”- cümlədəki ismi xəbərlərdən birinin “Qoca Co Hant idi” olduğunu nəzərə alaraq və ana dilimizdə ismi və ya feili xəbərin cümlənin ən sonunda gəlməsi qaydasını nəzərə alaraq bu cümlədə buna əməl olunmadığını və beləliklə də inversiya yarandığını müşahidə etmək olar.
“The masters were more interested in him than we were.”- bu cümlədə hədəf dildə yazıçı Culian Barnes heç bir inversiyadan istifadə etmədən cümləni ifadə etmişdir. cümləin azərbaycan dilinə olan tərcüməsində mütərcim yenə də bədii ifadə vasitələrindən olan inversiyaya müraciət edərək cümləsini belə vermişdir: “Onunla daha çox müəllimlərimiz maraqlanırdılar.” Bu cümlədə mübtəda “müəllimlərimiz”, xəbər isə “maraqlanırdılar”-dır. Qaydalara uyğun olaraq ilk sırada yer almalı olan mübtəda xəbərin yanında istifadə olumuş, bununla da avtomatik olaraq ikinci dərəcəli cümlə üzvlər yəni bu cümlədən götürsək “onunla daha çox”- cümlənin ilk sıralarında yer almışdır. Və beləliklə inversiya əmələ gəlmişdir.
Epitet bədii təsvir vasitələrindən bir olub həm Azərbaycan ədəbiyyatdında, həm də xarici, eləcə də ingilis ədəbiyyatında bədii əsərlərdə, bir çox hallarda isə danışıq dilində tez-tez istifadə olunan bir vasitədir. Belə ki, ondan yazıçı və şairlər, eləcə də adi, sadə insanlar cümlənin və ya bütövlükdə fikrin mənasını daha da obrazlı şəkildə qarşı tərəfə və ya da oxuculara çatdırmaq üçün istifadə edirlər. Culian Barnes da ərsəyə gətirdiyi əsərlərdə, həmçinin elə “The sense of an ending” əsərində üslubun bu növünə tez-tez rastlamaq olar.Epitetə aid əsərdən bir neçə nümunə tapıb, onların azərbaycan dilində əksi yollarını tədqiq etmişəm. Əvvəla orijinal əsərin ilk səhifəsində yer alan bir cümləyə nəzər yetirək: “Another river, broad and grey, the direction of its flow disguised by a stiff wind exciting the surface” cümləsində ingilis yazıçısı heç bir bədii təsvir və ya ifadə vasitələrindən istifadə etməmişdir. Lakin cümlənin azərbaycan dilində tərcüməsinə nəzər yetirsək epitetin işləndiyini görərik. Belə ki, “grey river” söz birləşməsini tərcümə edərkən mütərcim “bozumtul çay” kimi hərfi tərcmüə verməmiş, onun yerinə sözün və beləcə də cümlənin bədii təsirini artırmaq üçün oraya “sinə” sözünü də əlavə edərək epitet yaratmışdır.
Cümlənin tərcüməsi belədir: “geniş, bozumtul sinəsi şiddətli küləkdən təlatümə gəldiyi üçün hansı səmtə axdığı bilinməyən başqa bir çay”. Beləliklə mütərcim tərcümə zamanı hərfilikdən qaçıb ərsəyə daha müfəssəl bir tərcümə çıxarmışdır.
“Is there anything more plausible than a second hand?”- cümləsində yazıçı
saniyə sözünə bədii çalar gətirərək onu “plausible” ilə bəzəmişdir. Bədii tərcümədə ümumiyyətlə saat elə bir məfhumdur ki, daim bədii əsərləri bəzəyədiyi və yazıçıların, şairlərin cümlədə xüsusi obraz yaratmaq üçün ondan daim istifadə etdiyinin şahidi oluram bir oxucu kimi. Elə bu əsərdə də bu xüsusiyyəti gözdən qaçırmamış və ana dilimizdəki tərcüməsi ilə müqayisə aparmışam. Cümlənin doğma dilimizə olan tərcüməsində xüsusi diqqət “plausible” sözünün tərcüməsinə yönəlir və bu sözü mütərcim “hökmlü” kimi tərcümə edərək cümləni belə tərcümə etmişdir: “Saniyə əqrəbindən daha hökmlü nəsə varmı?” Lakin məxəz mətndə istifadə edilən plausible sözünün “həqiqi, həqiqətə uyğun” mənası da vardır. Və bu cümləni də sözün əsl tərcüməsinə uyğun tərcümə etmək olardı. Lakin “hökmlü” variantı obrazlılığı daha çox artırdığı üçün düzgün seçimlərdən biri kimi hesab oluna bilər.
Orijinal mətn: “But school is where it all began, so I need to return briefly to a few incidents that have grown into anecdotes, to some approximate memories which time has deformed into certainty.”- burada məxəz mətndə “memories”, yəni xatirələr sözü epitetlərlə bəzədilmiş, mütərcim də öz tərcüməsində buna əməl etmişdir.
Tərcüməsi isə belədir: “Ancaq hər şey məktəbdən başlanır, ona görə də sonralar əhəmiyyətə minən bəzi əhvalatları, bir para dumanlı, illər keçdikcə rəngi-ruhu dəyişilən xatirələri anlayıb-anlatmaq üçün həmin dövrə boylanmaq lazım gəlir.”- göründüyü kimi bu cümlədə “dumanlı, illər keçdikcə rəngi, ruhu dəyişən xatirələr” ifadəsində “xatirələr” sözü həqiq mənada işlənsə də “rəngi, ruhu dəyişən” təyini ona obrazlılıq qatmış və beləliklə, bu ifadə epitetə nümunə ola bilər.
“We live in time”- cümləsində orijinal dildə metaforadan istifadə olunmuşdur. Zaman anlayışı klassik post-modernist ədəbiyyat anlayışlarına yaxındır və bədii əsərlərin ən çox istifadə olunan metaforalarındandır demək doğru olar. Elə mütərcim də hədəf dildə bədiiliyini artırmaq üçün, başqa bir variant olaraq isə hədəf dildə ifadənin daha təbii səslənməsi üçün metafor quraraq “hamımız zamanın məhsuluyuq”- deyə tərcümə etmişdir. Bu tərcüməsi ilə mütərcimin doğma dilimizə nə qədər yaxından bələd olduğunu sezə bilərik. Davamında gələn “It holds us and moulds us”- cümləsini mürtəcim belə ifadə etmişdir: “O bizi bir yandan ölçür, bir yandan biçir”. Söhbətin vaxt məfhumundan getdiyini nəzərə alsaq, burada da mütərcimin metaforadan peşəkar şəkildə istifadə etdiyinin şahidi olarıq.
Zaman anlayışına obrazlılıq qatan metaforalarla davam edəcək olsaq, yenə belə bir cümləyə nəzər yetirə bilərik: “And I'm not referring to theories about how it bends and doubles back, or may exist elsewhere in parallel versions.” Burada “how it bends and doubles back” ifadəsi zamana aid olduğu üçün metafora hesab olunur. Çünki metaforada bir şeyin əlaməti başqa bir əşyanın üzərinə köçürülür. Burada isə göründüyü kimi o ifadələr “zaman” üzərinı köçürülmüşdür.
Tərcüməsinə nəzər yetirsək, cümlədəki “how it bends and doubles back” hissəsinin tərcüməsi zamanı mütərcim məxəz ətnə sadiq qalaraq obrazlılığa toxunmamış və metaforadan istifadə etmişdir. Tərcümə belədir: “zaman bəzi nəzəriyyələrdə deyildiyi kimi, nə cürsə qıvrılır, üst-üstə düyünlənir”.
“Some emotions speed it up, others slow it down; occasionally, it seems to go missing – until the eventual point when it really does go missing, never to return.” cümləsində yenə də zamandan bəhs olunur və bu hissədə də məxəz mətndə çoxlu bədii təsvir ifadə vasitələrindən olan metaforadan istifadə olunub. “Some emotions speed it up”, “ others slow it down”, “it seems to go missing” , “it really does go missing, never to return” cümlələrində “it” əvəzlikləri zamanı ifadə və əvəz etmək üçün istifadə olunmuşdur. Eyni zamanda mütərcim də bu üsluba öz tərcüməsində xələl gətirməmiş və tərcüməsini belə ifadə etmişdir: “ O, bəzi duyğuların təsirindən yavaşıyır, bir başqa hissin təsiri ilə sürət götürür, hərdən də elə bil harasa yox olur, amma lap axırda birdəfəlik qeybə çəkilir.” – göründüyü kimi zaman məfhumunun “yavaşlaması”, “ ona sürət verilməsi”, “yoxa çıxması”, “onun lap qeybə çəkilməsi” özlüyündə metaforaya yaxşı nümunələr ola bilər.
Təcrübə bir insana həyatın dəyərlərini öyrədir və yalnız bir fərdin keçə biləcəyi yol olduğunu göstərir. Təəssüf ki, təcrübə yalnız zamanla öz bəhrəsini verə bilər və rəvayətçinin də dediyi kimi, öyrənmə prosesində əks olunur. Culian Barnesin məxəz mətndə məhz bununla bağlı metaforadan istifadə etməyinin şahidi ola bilərik: “The more you learn, the less you fear. “Learn” not in the sense of academic study, but in the practical understanding of life.”- cümləsini mütərcim Seyfəddin Hüseynli belə tərcümə etmiş və metaforanı ana dilimizdə dolğun çatdırmağa nail olmuşdur deyə düşünürəm: “Biliyin artıqca qorxun azalır. “Bilik” deyəndə akademik təhsili yox, həyat təcrübəsini nəzərdə tuturam.”
Keçmişindəki hadisələri düşünərək Toni başa düşə bilmədiyi bir duyğudan bezir. Bu duyğu həyatında olduqca nadirən hiss etdiyi duyğulardan biri idi, lakin günahkarlıqdan və utancaqlıq duyğularından görünür ki, daha güclü idi- bu isə peşmanlıq duyğusudur. “Remorse. A feeling which is more complicated, curdled, and primeval. Whose chief characteristic is that nothing can be done about it: too much time has passed, too much damage has been done, for amends to be made.”- bu cümlədə peşmançılıq duyğusuna yazıçı “ complicated, curdled and primeval” təyinlərini əlavə edərək ona obrazlılıq gətirmişdir. “həyatım boyu çox nadir hallarda yaşadığım bir duyğu idi bu- vicdan əzabı. Qat-qat mürəkkəb, çox qarışıq, ibtidai duyğu. Əsas xassəsi də budur ki, ondan yaxa qurtarmaq olmur: aradan çox sular axıb, vurulan zərəri ödəmək də mümkün deyil.”- beləcə bu cümlədə mütərcim də metaforanın ana dilimizə uyğun formada qüvvəsini qoruyub saxlayaraq tərcümə etmişdir.
“Gənc olmaq nədir” və “qoca olmaq nə deməkdir” arasındakı ziddiyyət müşahidələri əvvəldən romanda izlənilir. Toninin gənclik və yeniyetməlik dövrü arasındakı ziddiyyət, baş verən hadisələr və çox fərqli olan bu hadisələri öz qavrayışı ilə təsvir edilmişdir. Yalnız romanın sonunda tam dərk olunur. Yaddaşımız etibarlı deyil; öz-özünə inkişaf edir və bəzən reallığa təhrif edilmiş bir fikir verə bilər. İnsanlar həyatı olduğu kimi qəbul etməkdənsə öz xəyalları və gözləntiləri ilə yaşamağı üstün tuturlar. “It strikes me that this may be one of the differences between youth and age: when we are young, we invent different futures for ourselves; when we are old, we invent different pasts for others.”- cümləsində “we invent different futures for ourselves” ifadəsində söhbətin canlı insandan getdiyini və “invent” sözünün isə canlıya aid olduğunu nəzərə alsaq metaforadan istifadə olundğunu görə bilərik. və mütərcim də öz tərcüməsində bu təsvir vasitəsinə sadiq qalaraq tərcüməsini belə vermişdir: “Elə indicə ağlıma gəldi: gəncliklə qocalıq arasında başqa cəhətlərlə yanaşı bir fərq də budur ki, gənclər özləri üçün gələcək, qocalar isə keçmiş uydururlar.” Bu cümlədə “invent” sözünün tərcüməsində mütərcim obrazlılıq yaratmaq üçün onu “ixtira etmək və ya kəşf etmək” kimi yox “uydurmaq kimi tərcümə etmişdir. Bununla da yenə də doğma dildə tərcüməsində məxəz mətnə sadiqliyi qoruyub saxlamışdır.
Adrianın gündəliyi (simvol)
Simvol bədii əsərlərin əvəzolunmaz vahidlərindən biridir. Elə buna görə də yazıçı və şairlər tez-tez simvola öz əsərlərində müraciət edirlər. “The sense of an ending” əsərində də Culian Barnes bu ənənəni pozmamış və əsərdə elə güclü simvol yaratmışdır, əsər boyu həm oxuyucular, həm də baş qəhramanın özü bu simvol üzərində çox düşünmüş, onun həqiqətdə nə məna ifadə etdiyini anlamağa çalışmışlar. Belə ki, Toni Veronikanın anasının ona vəsiyyət etdiyini biləndə Adrianın gündəliyi ətrafında əsl dram hazırlanır. Toni gündəliyin Veronikanın anasında olmasının necə baş verdiyini başa düşə bilmir və vəkil ona Veronikanın gündəliyi özündə saxladığını və Toniyə vermək istəmədiyini söylədikdə əsəbiləşir. Sonralar Toni hər şeyi başa düşür, və ya heç olmasa başa düşündüyünü düşünür və burada Adrinanın gündəliyi simvolik məna qazanır. Ənənəvi mənada gündəlik yaddaş xatirələri və xatırlatmaları simvollaşdırır, amma Adrianın gündəliyi romanda yaddaşın etibarsızlığını simvollaşdırır. Azərbaycan dilinə tərcümədə də bu simvol öz obrazlılığını eyni zamanda mənasını itirməmişdir.
Bookshelves-kitab rəfləri(ironiya)
Kollecdə Toni bir dəfə Veronikanı otağına dəvət etdi, burada kitab rəflərini təriflədi. Kitablarının başlıqlarının çoxu narıncı və mavi rənglərdən idi. O illərdə "Pinguin" nəşriyyatı bədii ədəbiyyatını narıncı rəngdə, "Pelican" nəşriyyatı elmi, populyar elmi kitabları və bədii kitabları mavi rəngli adlarla nəşr etdirirdi. Toninin kitab rəflərində yer alan kitablar əsasən mavi rəngdə idi və olduqca köhnəlmiş vəziyyətdə idi, bu da kitabların tez-tez istifadə olunduqlarının əyani bir sübutu idi. Bu hal Veronikanı heyran etdi və onu sevindirdi, çünki özü kitab sevən biri idi. Sevgilisinin kitablara, xüsusən də bədii olmayan əsərlərə maraq göstərməsindən məmnun olmuşdu. Toni Veronikaya heç vaxt heç birini oxumadığını etiraf etmədi. O bütün kitablari ikinci əl kitab satıcılarından almışdı.
Antiteza və ya başqa sözlə təzad bədii əsərlərin obraz ifadə edən vahidlərindən biridir. Elə bir bədii əsər yoxdur ki, orada fikri bildirmək üçün təzaddan istifadə olunmasın. Eləcə də, Culian Barnesın bu əsərində sıxlıqla antitezalara rast gəlmək olar. Bir neçə nümunə ilə tanış olaq:
“And yet it takes only the smallest pleasure or pain to teach us time's malleability.”- cümləsində “pleasure” və “pain” ifadələri bir-birinə əks mənanı ifadə edir və buna görə də onları təzad hesab etmək olar. Tərcüməçi də hədəf dilə bu ifadələri bədii ifadə vasitələrindən hesab olunan təzad formasında ötürmüş və tərcüməsini belə vermişdir: “Ancaq ani bir sevinc, yaxud ötəri bir kədər sayəsində anlayırıq ki, əslində zaman xeyli üzüyoladır.” Burada “pleasure” və “pain” ifadələri Azərbaycan dilinə “ sevinc” və “kədər” kimi tərcümə olunmuşdur. Əslində “pain” sözünün doğma dilimizdə olan qarşılığı “ağrı, əzab”, “pleasure” sözünün tərcüməsi isə “zövq, həzz, ləzzət”-dir. Lakin onları olduğu kimi dilimizə tərcümə olunsa idi, o zaman obrazlılıq effekti ingilis dilindəki kimi dolğun alınmayacaqdı. Məhz bu səbəbdən mütərcim onları “sevinc və kədər” sifətləri ilə ifadə edərək daha dolğun tərcümə edə bilmişdir. Bu yerdə diqqətinizi həmçinin başqa bədii təsvir vasitəsinin istifadəsinə yönəltmək istəyirəm. Bu isə tez tez bədii əsərlərdə istifadə olunan və ifadə tərzini daha da gözəlləşdirən vasitələrdən biri ellipsisdir. Ellipsisə həm xarici ədəbiyyatda, həm də Azərbaycan ədəbiyyatında sıxlıqla rast gələ bilirik. Burada göründüyü üzrə cümlənin birinci hissəsində “anlayırıq ki” sonluğundan açıq aydın bilinir ki, cümlənin mübtədası “biz” şəxs əvəzliyi olacaq imiş. Lakin mütərcim ellipsisdən istifadə edərək onu buraxmış və cümlənin tərzinə daha da ifadəlilik qatmışdır.
“I was asked if I'd been away on holiday. In the shop I said yes, in the pub I said no.”- cümləsində mənbə dildə yazıçı “yes” və “no” sözlərindən istifadə edərək antiteza yaratmışdır. Mütərcim də öz tərcüməsində məhz bu üslubu qoruyub saxlamış və antiteza ilə cümləni belə ifadə etmişdir: “Tanıyanlar soruşurdular: “İstirahətə getmişdiniz?” Mağazadakılara-hə-dedim, pabdakılara-yox”. Burada “hə” və “yox” sözləri bir-birinə təzad təşkil edirlər. Beləliklə antiteza formalaşmış olur.
“Which ones I was not sure, only that passion and danger, ecstasy and despair (but then more ecstasy) would be in attendance.” Cümləsində “passion and danger” və “ecstasy and despair” sözlərini bir-birinin antonimi hesab etmək olar. Buna görə də yazıçı bu cümlədə antiteza yaratmışdır. Cümlənin Azərbaycan dilinə olan tərcüməsində də mütərcim antitezanı olduğu kimi ifadə edərək belə tərcümə etmişdir: “Amma ehtiras və təhlükəni, həzz və peşmanlığı dadacağıma əmin idim, getdikcə də daha çox həzzə meylim artırdı.”- burada “ehtiras və təhlükə” və “həzz və peşmançılıq” sözləri cümlədə antiteza yaratmışdır.
“But I'd put it like this: she sees only what's gone, I see only what's stayed the same.”- burada da yazıçı “what's gone” və “what's stayed” ifadələri ilə cümlə içərisində təzad yaratmışdır. Mütərcim isə belə tərcümə etmişdir. “Marqaret itirilənləri, mən isə dəyişilməz qalanları görürəm.”- Cümlənin doğma dilə tərcüməsində istifadə olunan “itirilənlər” və “dəyişilməz qalanlar” ifadələri antitezadırlar.
“Who was it said that the longer we live, the less we understand?”- ingilis yazıçısı burada da “the longer” və “the less” ifadələrindən istifadə edərək təzad yaratmış və mütərcim də onu doğma dilimizə uğurla çevirmişdir. Cümlə belədir: “Ömrümüz uzandıqca, ağlımız azalır”- kimin sözüdür bu?. Burada “uzandıqca” və “azalır” bir-birinə təzad ifadə edən sözlərdəndir.
“If I can’t be sure of the actual events any more, I can at least be true to the impressions those facts left.”- burada, məxəz mətndə heç bir ellipsiya halı müşahidə olunmasa da tərcümə zamanı mütərcim ellipsisdən istifadə etmişdir. Belə ki, ingilis dilində bədii əsərlərdə ellipsis halına çox az hallarda təsadüf olunur. Lakin digər dillərdə, eləcə də Azərbaycan dilində ellipsis, yəni cümlə üzvlərindən birinin və ya bir neçəsinin buraxılması halı tez-tez baş verir. Bu həm danışıq dilində belədir, həm də bədii ədəbiyyatda çox rast gəlinir. Burada əslində olan odur, cümlə bəzi cümlə üzvlərinin iştirakı olmadan daha obrazlı səslənir. Belə ki: “Hadisələrin özü məndən ötrü bir o qədər də aydın olmadığı üçün onlardan qalan təəssüratlara istinad etməyə məcburam.”- cümləsində cümlənin mübtədasını biz əslin xəbərə yəni “məcburam”- a baxaraq asanlıqla təxmin edə bilərik və ya bərpa edə bilərik, lakin burada mübtəda, yəni “mən” buraxılaraq bədii təsvir vasitəsi olan ellipsis yaranmışdır.
İngilscə versiyası: “They had to work out his intelligence and sense of discipline, calculate how well he'd previously been taught, and if he might prove „scholarship material” olan cümlədə ellipsis halına rast gəlinmir. Onun tərcüməsində isə mütərcim bədii ifadə vasitələrindən olan ellipsisdən istifadə edərək növbəti cümlədə baş cümlə üzvlərindən mübtədanı, yəni “müəllimlər” sözünü buraxmışdır..”, Cümlənn doğma dildəki tərcüməsi isə belədir: “Ağlına, intizamına , hazırlıq səviyyəsinə bələd olmağa, “tədrisə yararlılıq dərəcəsini” öyrənməyə çalışırdılar.”
“My hake and hand-cut chips arrived, the latter served in a metal pot lined with newspaper. Perhaps I had been smiling to myself when the young man arrived at my table.
“Do you mind if I have a word?” “Not at all.”
I gestured to the chair opposite. As he sat down I noticed, over his shoulder, the five of them looking across at me, holding on to their glasses, not drinking.
“I'm Terry.” “Tony.” We shook hands in that awkward, elbow-high way that being seated imposes. He was silent at first.
“Chip?” I suggested.” Ümumiyyətlə əsər boyu tez-tez xüsusilə də dialoqlar içərisində ellipsis halına rast gələ bilərik. İngilis variantı yuxarıdakıdır. Burada əslində ingilis dilində o qədər də ellipsis halına rastlamasaq da bunun Azərbaycan variantında hal tamamilə əksinədir. “Tony”- tanışlıq ərəfəsində tez-tez rastlanan ellipsis halıdır bu. Yəni adın təkcə deyilməsi və heç bir əlavə cümlə üzvündən istifadə olunmamasını nəzərdə tuturam. Azərbaycan variantına nəzər salaq: “Mənə qızardılmış heklə “əldə doğranmış” çips verdilər, özü də çips qəzetə bükülmüş tavada gətirildi. Himayəçi oğlan mənə yaxınlaşanda hələ də ürəyimdə özüm öz halıma gülürdüm.
Sizə bir-iki kəlmə sözüm var, olarmı?
Niyə olmur.
Boş kürsü göstərdim. Onun çiyni üstündən baxanda gördüm ki, həmin beş nəfərin beşi də gözlərini mənə zilləyib: əllərində içki şüşəsi var, amma içmirlər.
Mənim adım Terridir.
Toni.
Əl tutuşmağımız yöndəmsiz alındı: oturulu görüşəndə belə olur həmişə. Bir anlıq susdu.
Çipsə qonaq olun”- ilk cümlədə “verdilər”- yəni cümlənin xəbəri verilmiş, lakin mübtəda, yəni kimin verilməsi isə buraxılmışdır. İkinci cümlədə “gülürdüm” xəbərindən aydın olur ki “gülən” “mən”-əm. Lakin burada “mən”, yəni cümlənin mübtədası buraxılmışdır. “Niyə olmur” cümləsi yarımçıq cümləsini yarımçıq cümlə hesab etmək olar, çünki orada əksər cümlə üzvləri, yəni mübtəda, xəbər və ikinci dərəcəli cümlə üzvləri buraxılmışdır. “Boş kürsü göstərdim- burada “göstərdim”xəbərinə uyğun asanlıqla cümlənin mübtədasını təxmin edə bilərik, lakin bu cümlədə buraxılmış və ellipsis yaranmışdır. “Onun çiyni üstündən baxanda gördüm ki”- burada da “gördüm ki” xəbərindən aydın olur ki, mübtəda “mən”dir və yenə də o buraxılmışdır. “amma içmirlər”-burada “içmirlər” cümlənin əsas cümlə üzvlərindən olan xəbəridir və onun mübtədası isə buraxılmışdır. “ “Toni”- ingilis versiyasında olduğu kimi burada da cümlənin əsas üzvləri buraxılmış və sadəcə adın özü ifadə olunmuşdur. Və beləliklə ellipsis yaranmışdır.
Bildiyimiz kimi ritorik suallar bədii ədəbiyyatın əvəzolunmaz bədii vahidlərindənn biridir. Üslubun bu növünə daha çox nəzmdə rast gəlsək belə, nəsrdə, yəni hekayə, roman janrında olan əsərlərdə də onunla tez tez qarşılaşmaq olar. Ritorik sual əslində cavab tələb etməyən, adi suala bənzəməyən, lakin bir o qədər də vacib olan bir üslubdur. Ritorika vasitəsilə məna, fikir, cümlə daha da obrazlı bir forma alır ki, bu da oxucuların və dinləyicilərin zövqünü oxşayır. Elə yazıçının bu əsərində də həm məxəz, həmçinin də hədəf dildə olan mətndə ritorik suallara daim rast gələ bilərik. Bunun əsas səbəbini mən bu janrın daha çox psixoloji- fəlsəfi bir janr olmasında, baş qəhramanın tez-tez daxili münaqişə və şübhələr yaşamasında görürəm. Belə ki, daim daxili çaxnaşma yaşayan bir insan, bu əsərdə də göründüyü kimi daima özünü, fikirlərini, yalanı və ya həqiqəti, fərziyyələri sorğu sual atəşinə tutur. Və beləliklə sualın bu növü bu cür əsərlərdə də qaçılmaz olur. Culian Barnesın baş qəhrəmanı da daim çaxnaşmalarla həyatını yaşayır və beləcə özü özünə verdiyi sualların ardı arası kəsilmir.
İndi gəlin birlikdə bəzi ritorik suallara aid nümunələrlə tanış olaq:
“What sort of Adrian did I have instead?”-Culian Barnes bu cümlədə qəhrəmanın daxili çaxnaşmalar yaşamasına aid çox sadə və çox ümumi bir nümunə gətirmişdir (əsərdən nümunə hesab etmək olar). Burada baş qəhrəman olan Toninin
(başqa adla Antoninin) özünə verdiyi suallardan biri ilə daxilində və ətrafında baş verən proseslərə, açıq sözlə desək, şübhələrə aydınlıq gətirməyə çalışdığının şahidi oluruq. Məxəz dildə Culian Barnesın ritorik sualdan istifadə etdiyi kimi mütərcim Seyfəddin Hüseynəli də məxəz mətnə sadiq qalaraq ritorik sualdan istifadə etmiş
və tərcüməsini bu cür vermişdir: “Adrian indi məndən ötrü kim idi axı?”
“Not that there can be anything easy about it, this final assertion of individuality against the great generality that oppresses it.” Cümləsində məxəz mətndə göründüyü kimi Culian Barnes heç bir ritorikadan istifadə etməmişdir. Lakin diqqətlə fikir versək görərik ki, cümlədə ritorik suala xas bir xüsusiyyət özünü
göstərir, yəni əslində cümləyə sual versək mənası heç də dəyişməz. Mütərcim də bunu nəzərə alaraq tərcüməsində ritorik sualdan istifadə etmişdir. Başqa bir səbəbi odur ki, ritorik sual ilə cümlə Azərbaycan dilində daha obrazlı və ifadəli səslənir. Tərcümə isə belədir: “Hərçənd hansısa fərd çoxluğun, mütləq əksəriyyətin fövqünə yüksəlirsə, bunun harası asan yoldur?” Bu cümlənin son hissəsi Azərbaycan dilinə təsdiq cümləsi kimi də tərcümə oluna bilərdi “burda asan heç bir şey yoxdur” variantı kimi məsələn, lakin mütərcimin bədii ədəbiyyatla yaxından maraqlandığını və doğma dilimizə yaxşı bələd olduğunu cümləyə cüzi dəyişikliklər etməklə onun mənasına xələl gətirmədən doğma dilə çevirdiyini görə bilərik.
“But now I had to recalibrate Adrian, change him from a Camus-quoting repudiator for whom suicide was the only true philosophical question, into … what?” cümləsində yazıçı baş qəhrəmanın Adrianla bağlı məsələlərə aydınlıq gətirməyə çalışdığını göstərən başqa bir ritorik sualı vurğulamışdır. Sualın doğma dilimizə olan versiyası belədir: “Bir halda ki, təzədən mizan-tərəzi qurmuşdum, onda bəs Adrianın yeri intihara yeganə ciddi fəlsəfi problem kimi baxan Kamyunun ardıcıllarının sırasında deyildisə, haradaydı?”
“Might he have “enjoyed life”, as most of us do, or try to, had he lived? Perhaps; or he might have suffered guilt and remorse at having failed to match his actions to his arguments” Burada isə mənbə mətndə Toni obrazının daxili çaxnaşmalara hələ də davam etdiyinin şahidi olarıq. Onun xüsusilə də özünə verdiyi sualların ardı-arası kəsilmir. Çünki o daxilən həmişə narahat bir obraz olmuşdur. Cümlənin Azərbaycan dilində tərcüməsi belədir: “Yaşasaydı çoxumuz kimi o da “həyatdan zövq ala”, ya da ən azı buna cəhd edə bilərdimi? Bəlkə də. Ancaq ola bilsin, bicdan əzabı çəkər, davranışları düşüncələrinə uyğun gəlmədiyi üçün özünü günahkar sayardı.” Bu ritorik sualın əsas xüsusiyyəti ondan ibarətdir ki, qəhrəman sualı özü- özünə verir, eləcə də özü-özünə cavablamağa çalışır.
Adrian Finn Tony'nin olduğu məktəbdə oxuyandan bəri dərhal çox ağıllı, düşüncəli, ağlabatan və ayıq düşüncəli bir oğlan şöhrəti qazandı. Bu xüsusiyyətləri adi bir məktəbli uşaqda çox vaxt rast gəlmək olmur, amma Adrian həqiqətən belə bir insan idi. Tarix dərslərindən birində o, tarixi proseslərə qarşı dərin bilik və anlayış nümayiş etdirdi və onun fikirlərini müəllim çox bəyənirdi. Bir gün Hunt müəllim, 5 ildən sonra təqaüdə çıxacağını və Adrian istəsə, tarix müəllimi vəzifəsinə keçmək üçün bir tövsiyə verəcəyini söylədi. Bu xəbər sinif tərəfindən gülüşlə qarşılandı, amma burada əslində istehza var idi. Yəni uşaqlar gülsələr belə müəllim bu sözlərini tam ciddiyyəti ilə demişdi. İstehzanın istifadə olunduğu cümlələr aşağıdakılardır:
“Old Joe Hunt looked at his watch and smiled. „Finn, I retire in five years. And I shall be happy to give you a reference if you care to take over.‟ And he wasn‟t taking the piss either.”- tərcüməsi isə- “Qoca Co Hant saatına baxıb gülümsədi.-Finn, mən beş ildən sonra təqaüdə çıxıram. Əgər istəsəniz, məmnuniyyətlə sizi öz yerimə tövsiyə edə bilərəm. Heç o da bunu zarafatla demirdi.”- burada məxəz mətndə istifadə olunan istehza məhz olduğu kimi hədəf dilə çatdırılmış və tərcüməçi bu hissi mən daxil olmaqla, hədəf dilin oxucularına asanlıqla çatdıra bilmişdir.
Məxəz dildən hədəf dilə əsəri çevirdikdə orada istifadə olunan hər sözü eynilə tərcümə etmək olmur. Belə bir şey elə təkcə mədəni fəqliliyin özünün nəticəsi də ola bilər. Lakin başqa faktorlar da böyük rol oynayır. Belə olan halların birini də sözə həqiqi məna tapa bilmədikdə, onu frazeoloji birləşmə ilə ifadə etməkdir. Frazeoloji birləşmə Azərbaycan dilinin ayrılmaz dil vahidlərindən biridir. Həm günlük danışıqlarda, eləcə də bədii əsərlərdə əksərən tez-tez istifadə olunur. Elə bu əsərdə də mütərcim bəzi sözlərin tərcüməsində frazeoloji birləşmələrə üz tutmuşdur. İlk olaraq “This last isn't something I actually saw, but what you end up remembering isn‟t always the same as what you have witnessed.”- məxəz cümləsində istifadə olunan “remember” sözünün doğma dildə qarşılığını həm frazeoloji birləşmə kimi “yadında saxlamaq, yadında qalmaq”, həm də sadə bir sözlə “xatırlamaq” kimi ifadə etmək olar. Məna cəhətdən hər ikisi eyni məna ifadə edir. Burada isə tərcüməçi “yadda qalmaq” olaraq frazeoloji birləşmə formasında tərcümə etmişdir. Və cümlə daxilində onu belə ifadə etmişdir.: “Sözün açığı, sonuncunu mən özüm görməmişəm, ancaq yadımızda yalnız gördüklərimiz qalmır ki...”
Orijinal mətndəki “I viewed my time with Veronica as a failure – her contempt, my humiliation – and expunged it from the record.”- cümləsində yazıçının istifadə etdiyi “expunged it from the record” birləşməsini mütərcim “yaddan çıxarmışdım” frazeoloji birləşməsi kimi tərcümə etmişdir.
Mütərcimin Cümlə daxilində tərcüməsi isə belədir: “Veronika ilə bağlı-ondan ötrü nifrət mənbəyi, mənim isə həqarət bildiyim- uğursuz əhvalatı birdəfəlik bitmiş sayıb, yaddan çıxarmışdım.”
NƏTİCƏ
Dünyada dillərin çoxluğunu tədqiqat işinin giriş bölməsində vurğulamışdım. Məlumdur ki, heç bir insan o dillərin hamısını, heç hamısını olmasa belə, ən çox istifadə olunanları bilə bilməz. Əgər bilsə belə bu insanların sayı barmaqla sayılacaq qədərdir. Məhz bu səbəbdən tərcümənin vacibliyi danılmaz faktdır. Lakin dünya elmlərinin, sahələrinin geniş olduğu kimi, tərcümənin də qanadları kifayət qədər genişdir demək olar. Bədii tərcümə ilə iqtisadi və ya tibbi tərcümə arasındakı fərq olduqca böyükdür. Və hər bir tərcümə sahəsinin də özünə xas həm ümumi, həm də xüsusi tələbləri vardır, eynilə bədii tərcümənin. Bədii tərcümədə obrazlı ifadə və təsvir vasitələrinin doğma dilimizə tərcüməsi isə böyük məharət tələb edir. Belə ki, mütərcim hər şeydən əvvəl özünün və qarşı dildəki cəmiyyətin mədəniyyəti barədə dərin biliyə sahib olmalı və daim araşdırmalıdır bu barədə. Sonra artıq tərcümədən söhbət gedə bilər. Daha sonra isə əsər oxunduqdan sonra üslubi vasitələr gözdən keçirilməli, onların tərcümələri ilə bağlı qeydlər götürülməli və araşdırmalar aparılmalıdır nəticəsinə asanlıqla gəlmək olar. Lakin bu proses heç də deyildiyi kimi təcrübə prosesində asan olmaya bilər. Hər şeydən əvvəl mədəni fərqliliklər göz qabağındadır. Digər tərəfdən ifadənin hədəf dildə tapılması və cümləyə, fikrə uyğun yerində işlədilməsinin özünü də çətin və bir o qədər də maraqlı amillərdən hesab etmək olar.
Bu əsərdə isə mütərcimin tərcüməsindən çıxardığım şəxsi qənaət odur ki, sanki əsər elə doğma dilimizdə yazılıb və heç kim onu tərcümə etməyib. Bədii ifadə və təsvir vasitələri yerli yerində, biri digərinə xələl gətirməyəcək formada tərcümə olunmuşdur. Bunu da Azərbaycanda tərcümə sahəsini artıq yetişmiş insanların əhatə etdiyi ilə əlaqələndirmək olar.
Mütərcim tərcümədə bədii təsvir və ifadə vasitələrindən daha çox metafora, epitet, inversiya, ironiya, ellipsis, ritorik sual və s-dən istifadə etmişdir. Daha çox üslubların bu növündən istifadə etməsinin səbəbi isə məxəz dildəki əsərin özündə də elə bunların çoxluq təşkil etməsidir. Tərcümə zamanı aşkarladığım digər məsələ isə tərcüməçinin əsəri daha çox semantik üsulla tərcümə etmiş və beləcə həm ifadələri hədəf dildə olduğu kimi çatdırmağa çalışmış, həm də əsərin ümumi ideyasına tərcümə prosesində xələl gətirməmişdir. Tərcümə zamanı bu üsula müraciət edilməsi ümumilikdə tərcümə sferasında məqbul bir hal hesab oluna bilər. Çünki tərcümənin bu üsulu tərcümə üzrə qəbul olunmuş ən yaxşı üsullardan biridir və keyfiyyətli tərcümə ərsəyə gətirmək istəyən hər bir professional tərcüməçi bu üsula üz tutur.
Dostları ilə paylaş: |