2.4. XVIII – XIX yüzilliklərdə Azərbaycanda milli geyimin formalaşması və onun bədii-dekorativ tərtibatı
XVIII-yüzilin geyim materiallarının istehsalı və bədii-dekorativ tərtibatı.
XVIII əsrdən başlayaraq Səfəvilər dövlətində idarəçilik fars əyanlarının əlinə keçir. Dövlətin etnosiyası mahiyyəti dəyişikliyə uğrayır. Nadir şahın qətlindən sonra ölkə ərazisi xanlıqlara parçalandı. Güney Azərbaycanda Urmiya, Təbriz və Xoy, Qaradağ, Marağa, Maku, və Sərab xanlığı. Şimalı Azərbaycanda isə Quba, Şəki, Bakı, Naxçıvan, İrəvan, Qarabağ xanlıqları meydana gəldi. Ardı-arası kəsilməyən müharibələr, bütün sahələrdə olduğu kimi, orta əsrlərdə Azərbaycan iqtisadiyatına və mədəniyyətinə də öz təsirini göstərdi. Sənətkaların çoxu ölkədən məcburi şəkildə başqa ölkələrə aparıldı.
Bu dövrdə dekorativ səciyyə daşıyan təsviri sənət nümunələri, əsasən, saray, yaşayış evi və ictimai binalara çəkilən rəsmlərdə özünü göstərirdi. Buna nümunə olaraq, Şəkidə xan sarayını, Şəkixanovların evinin divar rəsmlərini, Şuşada Mehmandarovların və Səfibəyovların evinidəki divar rəsmlərini göstərmək olar. Memarlıq nümunələri əsasən məhəlli memarlıq səciyyəsi daşıyırdı. Xanlıqlar dövrünün geyim və məişətini əks etdirən maddi mədəniyyət nümunələrinə çox az rast gəlinir. Çünki, iqtisadi tənəzzüllə əlaqədar olaraq əvvəlki dövrlərə nisbətdə parça istehsalı azalmışdı. Geyimlərində zövqlərini, dünyagörüşünü, maddi imkanlarını göstərməyə alışmış xalq olaraq, çətinliklərə baxmayaraq, yenə də yerli zadəgan əhali, bər-bəzəkli geyinməyə çalışırdılar. Çox az da olsa, süjetli parçalar istehsal olunur və bunlardan geyim materialı kimi istifadə olunurdu. Bu parçalar, ölkəyə digər Şərq ölkələrindən, əsasən Buxaradan, Kəşmirdən də gətirilirdi.
Bu dövrə aid geyim materialları haqqında bədii və şifahi xalq ədəbiyyatından müəyyən məlumat əldə etmək mümkündür. Məsələn, bir xalq şeirində “nimtənə” adlı parçadan bəhs edilir. Şeirdə belə deyilir: “Qalmazsan sən xaradan, Atlasdan, zərxaradan, Gəlmisən Buxaradan. Ərişin iplikdəndir, Ərəcin ipəkdəndir, Butan çiçək - çiçəkdir. Üstündə al butan var, Səni başa atan var. Həşyələrin qırmızı, Bəzər paltarımızı. Atlas deyiblər sənə, Ay nimtənə, nimtənə”
Bu şeirdən də məum olduğu kimi, nimtənədən bir parça növü kimi bəhs olunur və o, bütün parçalardan üstün tutulur. Buradan belə başa düşə bilərik ki, “nimtənə” parça adı “nimtənəlik parça” ifadəsindən yaranıb. Çunki nimtənə tikmək üçün ən qiymətli və bəzəkli parçalardan istifadə edilirdi. Buxaradan gətirilən parçalar “nimtənəlik parça” nimtənəlik, nimtənə adlandırılırdı.
Azərbaycanın etnoqrafik bölgələrinin maddi mədəniyyətini tədqiq edən etnoqraflar səfərlər zamanı əldə etdikləri materialar əsasında xalq geyimlərini də tədqiq etmişlər. Xalq geyimlərinin tarixi–etnoqrafik bölgələr üzrə araşdırılması bizə Azərbaycan geyim mədəniyyətinin ümumi (oxşar) və məhəlli (fərqli) xüsusiyyətlərini aşkar etməyə imkan verir. Əhalinin müxtəlif zümrə və ictimai qruplarına xas olan libas növlərinə və peşə mənsubiyyəti ilə bağlı geyim növlərinə də ayıra bilərik. Bu tədqiqatlar bizə eləcə də, Azərbaycanlıların qonşu xalqlarla etnik – mədəni əlaqələrini izləməyə də yaxından kömək edir.
XIX əsrdə istifadə edilən geyimlərindən bəhs edərkən belə bir cəhəti də qeyd etməliyik. Bugünə kimi, Azərbaycanın maddi mədəniyyət tarixi ilə məşğul olan mütəxəssislər öz tədqiqatlarında milli geyimlərə dair ümumi Azərbaycan miqyaslı, ümumiləşdirici monoqrafik tədqiqat əsərlərinə hələ ki, təsadüf etməmişlər. Təəssüf ki, nə etnoqraflar, nə də sənətşunaslar tərəfindən bu məsələnin həllinə cəhd göstərilməmişdir.
Son 70–80 il ərzində Azərbaycan geyim mədəniyyətinə dair zəngin faktoloji materiallar əldə olunmuşdur. Onları təhlil etmək yolu ilə, bugün belə bir ümumiləşdirici elmi tədqiqat işinin aparılması zərurəti qarşıya çıxmışdır.
XIX əsrin geyim materiallarının istehsalı və bədii-dekorativ tərtibatı.
Azərbaycanın Rusiya tərəfindən işğal edilmişdi. Amma ölkənin iqtisadi işğalı XIX əsrin 30-cu illərindən etibarən başlanmışdır. Rusiya sənayesinin, xüsusilə toxuculuq manufakturalarının xammala olan tələbatını ödəmək üçün çar Rusiyasının əsas diqqəti Zaqafqaziyaya yönəltmişdi. Bu məqsədlə 1836- cı ildə “Zaqafqaziya ölkəsində ipəkçiliyi və ticarət sənayesini inkişaf etdirən kampaniya ” təşkil olundu. Şirkət müstləmləkə ölkələrində yetişdirilən pambıq parça mallarının, boya məhsullarının istehsalını təşkil edib, onları təkmilləşdirməyi nəzərdə tuturdu. Layihədə qeyd olunurdu ki, “Zaqafqaziya ölkəsinin təbii məhsulları o qədər rəngarəng və zəngindir ki, onları yalnız seçmək və emal etməklə fayda əldə etmək olar. Bunlardan ən başlıcaları olan ipək, pambıq, qızıl (qırmızı ) boya və başqa boyaların yetişdirilməsi daha çox fayda verə bilər”. Həmçinin ipək ( barama ), istehsalının genişləndirilməsinin faydalı olacağı göstərilirdi. Fransadan Tiflisə gəlmiş ipəksarıma ustaları Şəki ipəyini yüksək qiymətləndiridilər. Onu italyan ipəyi ilə eyni keyfiyyətə malik olduğunu bildirmişdilər. Azərbaycanda ənənəvi parça istehsalının vəziyyəti XIX yüzilin 30-cu illərində hazırlanmış “Rusiyanın Qafqaz arxasındakı əyalətlərinin statistika, etnoqrafiya, topoqrafiya və maliyyə baxımından xülasəsi”ndə də əks olunmuşdur. Yelizavetpol dairəsindən bəhs edən hissədə deyilir: “Yelizavetpolda manufaktura istehsalının mühüm istiqamətini ipəkdən parça və yaylıq hazırlanması təşkil edir. İndi burada toxucu dəzgahlarının sayı 200 olduğu halda, Cavad xanın dövründə 375 - ə çatırdı.” Amma son dövrlərdə bunun azalmasına səbəb kimi, sahibkarların keyfiyətsiz parçalar buraxması göstərilirdi, əlbəttə ki, bu mallar Şamaxı və xüsusən İran malları ilə rəqabət apara bilmirdilər. Şəhərdə ipək karxanalarından əlavə, ağ və qırmızı bez istehsal edilirdi. Ümumiyyətlə, bütün Yelizavetpol toxucu müəssisələrində hər il 10000 top parça, müxtəlif çeşidli 15000 yaylıq, 2000 top ağ, 200 top qırmızı rəngli bez, 400 top cəlamayi hazırlanırdı. Dairədə həmçinin bez, şalvar üçün parça, yundan çul, şal, palaz, xalça toxunulur. Toxucu dəzgahları çox sadə quruluşa malikdir. Bu dəzgahlarda parçalar, ipək, yarımipək parçalar və cecim adlanan yun parça hazırlanırdı. Burada yerləşən dabbaqxanalarda gön aşılama işi ilə məşğul olunurdu.
XIX əsrdə Azərbaycan əhalisinin əsas sənət növlərindən biri ipəkçilik idi. A. N. Mustafayev öz tədqiqatlarında qeyd edir ki, məsələn, Şəkidə şəhər əhalisinin iqtisadi həyatında ipəkçiliyin başlıca yer tutması şərbaflıq və onunla bağlı bir sıra köməkçi sənət sahələrinin -boyaqçılıq, şəridçilik, təkəlduz və s. geniş miqyas almasına səbəb olmuşdur. XIX yüzilin ortalarında Şəkidə on dörd minə yaxın ailə kümdarlıqla məşğul olurdu. Şəki kümdarları il ərzində on beş min puda qədər xam ipək hasil edirdilər. Buda bütün Zaqafqaziyada istehsal olunan ipəyin yarısı demək idi. Kustar ipək parça toxuculuğundan fərqli olaraq milli koloritə malik ornamental bəzəkli kəlağayı istehsalı Şəkidə bu günə qədər qalmaqdadır.
Şəkidə bədii parça da istehsal edilirdi. Şəkidə həmçinin təkəlduzçuluq da geniş inkişaf etmişdi. F. İ. Vəliyevin qeydlərindən bizə məlum olur ki, Azərbaycanın Qərb zonasında XIX yüzil və XX yüzilin əvvəllərində əhalinin, geyim materialları kimi, əsasən yerli ustalar tərəfindən kustar üsulla üfqi toxucu dəzgahında – kərəkdə toxunmuş qılıcı şaldan, müxtəlif növlü və müxtəlif rəngli ipəkdən, nazik yun və pambıq parçalardan, həmçinin aşılanmış gön və dəridən istifadə edirdi. Bununla yanaşı fabrik məhsullarından da istifadə olunurdu.
Muğan zonasında əsas geyim materiallarının yun və pambıqdan əldə edilən toxunma parçalar olduğunu H.N.Məmmədovun qeydlərindən öyrənirik. O, qeyd edirdi ki, bu ərazilərdə cəhrə və əl iyində əyrilmiş ipi müxtəlif rənglərə boyamaq üçün, əsasən, yerli bitkilərdən istifadə olunuruş. Bu məqsədlə qabıq, yarpaq, kök və s. formada təbii boyalardan istifadə olunurdu. Şal bir qayda olaraq hanada toxunurmuş. Muğanlılar tafta, darayı, qanovuz, atlas və s ipək parçalrdan geniş istifadə edərlərdi.
XIX əsrin sonları üçün Azərbaycan milli geyimlərinin dəyişməsi, onlardan istifadənin azlaması xarakterikdir. XIX əsrin ikinci yarısından başlayaraq manufaktura və ya fabrik istehsalı olan xarici parçalar Azərbaycanda surətlə yayılmağa başlayır. Bu da yerli istehsalın azalmasına, xaricdən gələn hazır parçaların bazarlarda artmasına gətirib çıxartdı.
Geyimlərin gözəl, tikimindən əlavə onların rəngidə böyük əhəmiyyət kəsb edirdi. Ölkəmizdə parça istehsalı texnologiyasının inkişafı boyaqçılıqla bağlıdır. Yerli boyaqçılar təbii boyaq üçün, adətən, bitkilərin kök, yarpaq, qabıq, oduncaq hissələrindən, meyvələrdən, həmçinin ot bitkilərindən və onların köklərindən istifadə edirdilər. Bu işlə məşğul olan xüsusi ustalar var idi. Təbii boyalar daha dayanıqlı və əlvan rənglərə sahib olurlar.
İpəkçilik təsərrüfatında da təbii boyalardan istifadə edilidi. Bu da Azərbaycan ipəyinin köhnə şöhrətini bərpa etməyə kömək olmuşdur. Təbii boyadan hazırlanan ipəklər, xüsusilə satmaq üçün nəzərdə tutulan ipək məhsulunun miqdarının sürətlə artmasına səbəb olmuşdur. Bunun nəticəsi olaraq qeyd edə bilərik ki, XIX əsrin 30- cu illərində Zaqafqaziyada illik ipək hasilatı 15000 puda çatdığı halda, həmin əsrin ortalarında onun miqdarı iki dəfəyə yaxın artaraq, 24 – 32 min puda qalxmışdı.
Çar Rusiyasında istehsal olunan xam ipəyin yarısı Cənubi Qafqaz başlıca ipəkçilik rayonları sayılan Azərbaycan əyalətlərinin payına düşürdü. Bu dövrdə bütün Cənubi Qafqaz ərazisində hasil edilən xam ipəyin yarıya qədəri, yəni 15000 pudu təkcə Nuxanın(Şəki) payına düşürdü.
Azərbaycanda ipəkçilik ənənələri XIX əsrin yarısına qədər uğurla davam etmişdir. İpəkçilik 60-cı əvvəllərində o, öz inkşafının ən yüksək mərhələsinə çatmışdı. 1861- ci ildə təkcə Bakı quberniyasında 17532 pud xam ipək istehsal olunmuşdu ki, bunun da 14889 pudu Rusiyaya ixrac edilmişdi. İpəkçilik gəlirli sahə idi. Bu baxımdan sahibkarlar bu dövrdə bir sıra kustar ipəksarıma müəssisələrə və iri ipək fabrikləri açmağa maraqlı idilər. Bu da Azərbaycanda ipəkçiliyin intensiv inkişafına yaxından kömək etmiş oldu. XIX əsrin sonlarında Azərbaycanın ipəkçilik təsərrüfatları hələ də özünün ənənəvi mərkəzlərində: Nuxa, Ərəş, Cəbrayıl, Cavanşir və Şuşa qəzalarında, Zaqatala dairəsində, Göyçay, Şamaxı, Quba və Naxçıvan qəzalarında cəmləşmişdi. İpəkçilik, həmçinin, Yelizavetpol və Zəngəzur qəzalarının kəndli təsərrüfatlarında da nəzərə çarpacaq dərəcədə mühüm rol oynamışdır.
Azərbaycanda XIX əsrin sonları XX əsrin əvvəllərində sənətkarlığın inkişaf etsə də, elm inkişafdan geri qalmışdı. Məhz bu səbəblərdən satirik jurnalların hədəfinə çevrilmişdi. Əsasən də “Molla Nəsrəddin” jurnalında bu mövzuda məqalələr qələmə alınırdı.
Bu dövrlərdə Cənubi Azərbaycan əyalətindən İranın başqa yerlərinə və xarici ölkələrə taxıl, ipək, quru meyvə ilə yanaşı, gön – dəri və s. aparılırdı. Cənubi Azərbaycana İngiltərə, Fransa, İtaliya, Belçika, Rusiya, Avstriya və Almaniyadan çit, yun parça, məxmər, ipək, xırdavat şeyləri və s. gətirilirdi Buradan isə badam, qurudulmuş meyvə, o cümlədən, kişmiş və s. aparılırdı. XIX əsrin ortalarında Cənubi Azərbaycandan sənətkarlıq məhsulları geniş ixrac edildiyi halda, artıq əsrin sonlarına doğru buradan ixrac edilən sənaye malları azlıq təşkil edirdi. Pambıq, un, barama, gön və s.əsasən, xammal şəklində aparılırdı. Ölkənin özündə sənayenin durğunluğu və xarici malların rəqabəti nəticəsində mövcud sənətkarlıq peşələri iflasa uğrayırdı. Əsasən Rusiyadan külli miqdarda pambıq, yun, ipək parça və s. gətirilirdi.
İqtisadiyatın inkişafı zəifləmişdi. Yerli parça istehsalı getdikcə azalırdı. Bu da geyim materiallarının seçimində özünü bariz göstərirdi. Xarici ölkələrdən gətirilən parçalar öz bədii tərtibatına görə milli üslubdan tamamilə ilə seçilirdi. Rəngləri və naxış bəzəkləri tamamilə fərqli idi. Rəng seçimi zamanı insanlar öz geyimlərində istifadə edəcəyi rəngləri də ustalıqla seçir və mənaca dəyərləndirirdilər. Xalq geyimi üçün seçdikləri rəngləri öz fəlsəfi duyumuna, zövqünə, yaşına, cəmiyyətdəki mövqeyinə görə uyğunlaşdırılırdı. Geyimin istifadə sahəsinə, ən əsası insanların yaşadığı ərazinin təbiətinə görə gözəl, ürəyə yatımlı, göz oxşayan rənglərdən istifadə edirdi.
Dostları ilə paylaş: |