Fəsil HƏYAT SIĞORTASININ MAHİYYƏTİ VƏ SIĞORTA SİSTEMİNDƏ ROLU
Həyat sığortası anlayışı və funksiyaları
“Sığorta - iqtisadi fəaliyyətin xüsusi növü olub, ixtisaslaşmış təşkilatlar tərəfindən (sığortaçı) sığorta iştirakçılarının (sığorta etdirən və olunanlar) iqtisadi maraqlarına dəyə biləcək zərərlər üzrə risklərin yenidən bölgüsünü xarakterizə edir.” (Xudiyev N.N, 2003, s. 7)
Sığorta sığortalını qorumaq üçün verilmiş bir zəmanət və ya xidmət olaraq qəbul edilə bilər. Sığortanın sığortalını qorumaqda məqsədi onu maliyyə itkilərindən qorumaqdır.
Sığorta riskin reallaşdığı zaman sığortalanan şəxsləri yaranan iqtisadi zərərin mənfi təsirlərindən qorumaq məqsədilə riskin idarə edilməsidir. Aktuar sığortaçı tərəfindən idarə olunacaq riskin keyfiyyət və kəmiyyətini ölçərək hər bir risk növünün tezliyini, xüsusiyyətini və hadisələrlə bağlı şəxslərin məruz qaldıqları maliyyə itkisini başa düşməyə çalışır. Baş verə biləcək zərərlərin təsirini azaltmaq üçün riskləri qruplaşdırırlar. Təsadüfən meydana gələn zərərlər sığortaçı tərəfindən ödənilir.
Keçmiş zamanlara nəzər yetirsək görərik ki, sığorta fəaliyyətinə uzun zaman əvvəl başlanılmış və risklərin paylanmasını həyata keçirən təşkilatlar olmuşdur. Lakin, xüsusilə ehtimal hesablamalarının inkişaf etdirilməsindən sonra, yəni XVIII əsrdən bəri sığorta şirkətləri riski idarə edə bilən bir orqan kimi insanların həyatlarına daxil olmuşdur.
Ehtimal hesablamalarının və aktuarinin təkmilləşməsi ilə Böyük Ədədlər Qanunu fəal surətdə istifadə olunmuş; sistemin qanuni quruluşu təkmilləşdirilmiş; prinsiplər təyin edilərək qanunlarla və cəmiyyətin dəyərləri ilə uyğunlaşdırılmış; sığortalı və sığortaçı arasındakı münasibətlər ancaq qanuni cəhətdən məna ifadə edən bir müqavilə ilə təyin ediləndə etibarlı olmuş; sığorta şirkətləri artan tələblə bağlı olaraq bir maliyyə qurumu kimi mahiyyət qazanmışdır. Bütün bu sahələrdə baş vermiş inkişaf sığortanın geniş
yayılmasına şərait yaratmış, bu isə onu insanlar üçün imtina edilə bilməyən bir vəziyyətə gətirmişdir.
Risk idarə etmə növü olaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən bu qurum vaxt keçdikcə zərərləri ödəmək məqsədi ilə təsis etdiyi fondlarla iqtisadi orqanların diqqətini cəlb etmişdir. Sığorta fəaliyyətləri zamanı məcburi olaraq təsis edilən bu fondlara görə sığorta qurumları da struktur dəyişikliklərinə məruz qalmış və inkişaf etmiş və maliyyə qurumu kimi tanınmışdır. Əvvəlki illərdə sığortanın daha çox riskin idarə edilməsi funksiyası nəzərə çarpmasına baxmayaraq hazırda iqtisadi funksiyası ilə daha çox önəm kəsb edir.
Bütün bu göstərilənləri nəzərə alaraq sığorta anlayışını 3 istiqamətdə başa düşmək olar.
Risk idarə etmə növü kimi sığorta
Əqd (müqavilə) kimi sığorta
Maliyyə qurumu kimi sığorta
Digər bazarlarda olduğu kimi sığorta bazarında da satılan məhsullar sığorta xidməti adlanır. Adi əmtəə bazarlarında satışa çıxarılan əmtəələrin keyfiyyəti, xarakterik xüsusiyyətləri istehlakçı tərəfindən təhlil edildiyi halda sığorta xidmətinin bu cür xüsusiyyətləri yoxdur yəni, istehlakçı sığorta xidmətinə toxuna, onu iyləyə və ya dada bilməz.
Daha sadə formada desək, sığorta bazarında məhsulun satılması, yəni sığorta edilməsi zamanı sığortaçı şirkət sadəcə müəyyən mülahizələri satır. Bu o deməkdir ki, sığorta etdirənin həyatı, sağlamlığı və ya əmlakı ilə bağlı zərər çəkərsə, yəni sığorta polisinə uyğun hər hansı sığorta hadisəsi baş verərsə, o zaman sığortaçı vəd etdiyi sığorta xidmətini sığorta polisində göstərilən şərtlərlə sığorta olunana dəymiş zərərə görə müəyyən edilmiş məbləği ona verməlidir.
Sığorta xidmətinin növündən asılı olmayaraq sığorta xidməti aşağıdakı tərkib hissələrindən təşkil olunmuşdur:
Sığorta məbləği
Sığorta təminatı
Tətbiq olunan tariflər
Tətbiq edilən risklər
“Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi” (Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.15)
“Sığorta təminatı (eng.–insurance cover)– sığortalanmış halların faktiki baş verməsi zamanı sığortalı üçün təminat verilmiş pul məbləğidi.” (Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Sığorta Terminləri lüğəti” ,2005, səh. 20)
“Tətbiq olunan tariflər - icbari sığorta müqaviləsi üzrə sığorta haqqının hesablanması üçün bu Qanuna uyğun olaraq müəyyən olunan əmək haqqı fonduna tətbiq olunan faiz dərəcəsi”( İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu, maddə 2.0.17)
Sığorta tariflərinin hesablanması üçün riyazi-iqtisadi üsullar sistemi olan aktuar hesablamalarından istifadə olunur. Aktuar hesablaşmalar dedikdə, sığorta hadisələrinin statistikalarının təhlilinə, sığorta məbləğlərinin ödənməsinin kəmiyyət göstəricilərinə və bütün bunların qarşılıqlı əlaqəsinə əsaslanan hesablama növü başa düşülür.
Aktuari – sığorta sahəsində qəbul olunmuş qaydalara, kapitala, maliyyə, demoqrafik və digər sektorlara aid nəzəri və statistik informasiyalar əsasında sığorta tariflərini hesablayan və bunların şərtlərini hazırlayan bir şəxsdir. Bütün bu işlərin görülməsi zamanı mənfəət və ehtiyat vəsaitlərinin yaranmasının əhəmiyyəti nəzərdən qaçmamalıdır.
Sığorta sahələri də risk növlərinin artması ilə əlaqədar olaraq öz çeşidliliyini artırmışdır. Dünya üzrə sığorta bazarı həyat və qeyri-həyat sığortası olmaqla iki böyük sahədən ibarətdir. Qeyri-həyat sığortaları daha çox maddi əmtəələrlə bağlıdır. Sığorta şirkətləri tərəfindən zərərə uğrandığı zaman sığorta baxımından meydana gələn zərəri kompensasiya etmək imkanı hər
zaman mövcuddur. Ancaq, həyat sığortalarında ölən və ya əlil qalan şəxsin zərərini heç bir sığorta şirkətinin qarşılaya bilmək gücü yoxdur. Sığorta şirkətləri bu vəziyyətlərdə müqavilədə yazılı olan məbləği ödəyərək götürdüyü riski təmin etmiş olur.
Həyat sığortası anlayışını geniş və dar mənada iki fərqli formada təsvir etmək olar:
Geniş mənada həyat sığortası. Fərdlərin həyatları ilə bağlı maliyyə risklərinin həmin fərdlərdən təşkil olunmuş bir qrupa həvalə edilməsini və həyat ilə bağlı əvvəlcədən təxmin edilməyən maliyyə itkilərinin ödənə bilməsi məqsədi ilə bir fond yığımı təmin edən sosial bir alətdir.
Dar mənada həyat sığortası. Bir tərəfin (sığorta etdirən) digər tərəfə (sığortaçı) əvvəlcədən müəyyən olunmuş məbləğ (sığorta haqqı) ödəməsi və əvəzində sığortalının müqavilədə qeyd olunan müddətdə ölməsi və ya əvvəlcədən müəyyən edilən bir tarixə qədər sağ qalması halında sığortaçının müyyən miqdarda pulu ödəmək üçün imzalanmış bir müqavilədir.
Həyat sığorta polisinin məqsədi insanları müəyyən riskli hadisələrdən qorumaqdır. Bu risk ünsürlərinin hansılar olduğuna Şəkil 1-də diqqət yetirək.
Şəkil 1. Həyat sığortasının əhatə etdiyi risk növləri
Mənbə: Murat Özbolat, Temel Sigortacılık, Ankara, 2011, s. 244-245
Dünyada geniş yayılmış, istər sosial, istərsə də iqtisadi cəhətdən insanların həyatlarına təsir edən sığorta sisteminin tarixinə nəzər yetirsək onun keçmiş dövrlərə dayandığını görərik. Belə ki, kommersiya sığortası ilə bağlı ilkin izlər 3000 il əvvələ, Babillərin dəniz dəniz ticarəti üzrə borc sistemindən istifadə etdikləri vaxta gedib çıxır. VII əsrdən başlayaraq İslam hüququnda qarşılıqlı yardımlaşmanın müxtəlif mexanizmləri mükəmməl sığorta ünsürlərini ortaya qoymuşdur. XVI əsrin sonlarına yaxın İngiltərədə dəniz gəmiçiliyinin sığortası təcrübəsi artıq təşəkkül tapmışdı. Britaniyada XVI əsrin sonu XVII əsrin ortalarında həyat sığortası və yanğından sığorta inkişaf etməyə başlamışdır. XIX əsrin ortalarından etibarən Sənaye İnqilabının təsiri ilə kənd təsərrüfatından sənaye əsaslı cəmiyyətə keçid prosesində böyük fabriklər tikilir, insanlar yeni şəhərlərə köçməyə başlayır, sınaye və ticrət inkişaf edirdi. Bütün bunlar yeni risklərin meydana çıxmasına səbəb oldu və nəticədə sığortanın yeni növlərinə tələbat artdı. (Sığorta bələdçisi, 2009)
Həyat sığortasının yaranması isə XVI əsrdən İngiltərədən başlamışdır. Belə ki, ilk həyat sığorta müqaviləsi 18 İyun 1583-cü il tarixində William Gibbons tərəfindən 12 aylıq müddət üçün imzalanmışdır. Bununla yanaşı, XVI və XVII əsrlərdə limit qoyulmuş dövr ərzində ölüm riskini əhatə edən həyat sığorta polisləri qısa müddətli dövr üçün nəzərdə tutulmuşdur. Tacirlər və digər səyahətdə olan debitorlar üçün nəzərdə tutulmuş bu polislərin mövcudluğu ondan ibarətdir ki, borcların əvəzində təminat xarakteri daşıyırdı. XVII və XVIII əsrlərdə Qarşılıqlı Təminat Assosiasiyası şəxsin ölümü halında ödəniş olunması üçün yaradılmış fondlara yazılmaq üçün təşkil olunmuşdur. Ölüm halında ödənilən məbləğ fond üzvlərinin və ölümlərin sayından asılı olaraq dəyişməkdə idi. XVIII əsrin sonlarında müxtəlif yaşlardakı real ölüm nisbətləri İngiltərə həyat sığorta şirkətlərinin hər yaşda real riski aşkarlamalarına və beləliklə, həyat sığorta şirkətlərinin elmi qanunlar istiqamətində fəaliyyət göstərmələrinə imkan yaratmışdır.
Həyat sığortası aşağıda qeyd olunan ünsürlərdən ibarətdir:
Sığortaçı – müəyyən bir məbləğ əvəzində, risk altında olan şəxsin (sığortalının) həyatında meudana gələ biləcək hadisələrlə bağlı bir məbləğ ödəməyi üzərinə götürən bir kommersiya təşkilatıdır.
Sığorta etdirən – sığortaçı ilə sığorta müqaviləsi imzalayaraq sığortalının maliyyə təhlükəsizliyini təmin edən şəxsdir. Sığorta etdirən müqavilə hesabına yaranan sığorta haqqını ödəməyi öz öhdəsinə götürür. Sığorta etdirən şəxs öz həyatını və ya başqa birinin həyatını ölüm və ya yaşama ehtimallarına qarşı sığorta etdirə bilər.
Sığortalı (risk altında olan şəxs) – həyat sığorta müqavilələrində risk altında olan şəxsdir. Başqa sözlə desək, sığortalı yaşama və ya ölmə ehtimalı olan şəxsdir. Sığortalı sığorta etdirən olmaqla yanaşı, üçüncü bir şəxs də ola bilər.
Benefisiar – sığorta müqaviləsində tərəflərdən olmamasına baxmayaraq, xeyrinə sığorta müqaviləsi bağlanan, risk meydana gəldiyi zaman sığorta ödənişini tələb etmə hüququna malik şəxsdir. Benefisiar bir şəxs olduğu kimi, bir neçə şəxsdən də ibarət ola bilər.
Risk. Həyat sığortasında risk yaşama və ya ölmə ehtimalıdır. Risk müqavilənin tərəflərinin iradəsindən kənar bir hadisədir. Sadəcə ölüm deyil, yaşamaq da həyat sığortasında risk kimi qiymətləndirilmişdir. Həyat sığortasının mahiyyəti və xüsusiyyəti təminatın növünə görə müqavilə ilə müəyyən olunur. Həyat sığortasında risk faktoru olan ölüm və ya müəyyən bir tarixə qədər yaşamaq sığortalıya məxsusdur.
Sığorta haqqı – riskin meydana gəlməsi halında sığortaçının ödəməli olduğu məbləğin əsasını təşkil edən və sığorta etdirən tərəfindən birdəfəlik və ya aylıq ödənən puldur. Həyat sığortalarında üç növ sığorta haqqından danışıla bilər. Risk sığorta haqqı – ölüm və ya həyatda qalma ehtimalına bağlı təminatlarla, əlavə fərdi qəza, xəstəliklə əlaqəli yaranan əlillik, işsizlik, təhlükəli xəstəliklər və oxşar risklərə qarşı təminatların da verildiyi sığortalarda, sığortalının yaşına və riskə təsir edən digər məsələlərinə görə hesablanan sığorta
haqqıdır. Yığım sığorta haqqı – həyat sığorta qrupunda investisiya
etmək məqsədilə alınan miqdar olub, risk sığorta haqqının hesabı ilə əlaqəli deyildir. Tarif sığorta haqqı – risk və ya yığım sığorta haqları ilə xərc payı və aləti komissiyasından yaranan məbləğdir
Sığorta ödənişi – müqavilədə göstərilən riskin baş verməsi zamanı sığortaçı şirkətin ödəməli olduğu və sığorta polisində qeyd olunan məbləğdir. Sığorta olunan risk reallaşdığında sığorta ödənişini tələb hüququ benefisiara aiddir. Bir neçə şəxs benefisiar olaraq payları müəyyənləşdirilmədən müqavilədə göstərilərsə, sığorta ödənişi bərabər şəkildə həyata keçirilir. Lakin, sığorta etdirən sığorta ödənişi almaq üçün sığortalını öldürərsə və ya bu hadisənin baş verməsinə şərik olarsa, sığortaçının ödənişdən imtina hüququ vardır. Eyni zamanda əgə benefisiar sığortalını öldürərsə və ya buna şərik olarsa, sadəcə benefisiar bu ödənişi almayacaq, varisləri alacaq.
Həyat sığortası sığorta olunmuş ailəyə gəlir gətirən şəxsin gözlənilməz ölümü halında yığımlarından əlavə ailəyə müəyyən bir məbləğ ödənməsini də təmin etməkdədir. Həyat sığortasının bu xüsusiyyəti digər maliyyə alətlərində mövcud deyildir. Həyat sığortaları kiçik yığımların həyata keçirilməsi, risk baş verdiyi halda toplu şəkildə pul ödənişi və vergi üstünlüyü kimi xüsusiyyətləri ilə digər maliyyə alətlərindən fərqlənir. Həyat sığortasını digər sığorta növlərindən fərqləndirən ən vacib ünsür qoruma və yığım funksiyalarına birlikdə sahib olmasıdır. Həyat və qeyri-həyat sığotaları arasındakı bəzi əsas fərqlər aşağıdakılardır:
Qeyri-həyat sığortalarında sığorta etdirilən dəyərlə ödəniləcək məbləğ bir-birinə bərabər olmalıdır. Həyat sığortalarında isə belə bir bərabərlik qaydası yoxdur;
Qeyri-həyat sığorta növlərində sadəcə risk ünsürü əsas məsələ olduğu halda, həyat sığortalarında eyni zamanda yığım ünsürü də mövcuddur;
Qeyri-həyat sığortaları vergi və digər fondlara tabedir. Həyat sığortaları isə stimul məqsədli vergi üstünlüyünə sahibdir;
Həyat sığorta növlərində müddət ən az on il üzrə olduğu halda, qeyri-həyat sığortalarında müddət bir gün olmaqla yanaşı, 1 ay, 6 ay ya da 12 ay ola bilər.
Bütün digər sahələrdə olduğu kimi həyat sığortasının mahiyətini tam olaraq anlamaq üçün onun funksiyalarına nəzər yetirmək lazımdır. Bu funksiyalar ümumiyyətlə sığortanın maliyyənin tərkib hissəsi kimi xüsusiyətlərini aşkarlamğa kömək edir. Həyat sığortasının funksiyaları aşağıda qeyd olunmuşdur:
Şəkil 2. Həyat sığortasının funksiyaları
Mənbə: B.X.Ataşov,Ə.Ə.Ələkbərov, N.N.Xudiyev, Sığorta işi, Bakı, s.16
Bu funksiyalar içərisində mühüm əhəmiyyət kəsb edən risk funksiyasıdır. Həyat sığortasının risk funksiyası dedikdə dəyərin pul formasının məbləği hər hansı sığorta hadisəsi baş verən zaman sığorta iştirakçıları arasında bölüşdürülməsi başa düşülür. Zərər hər zaman baş verə bilər və hətta hər təkrar yaşana bilər. Həyat sığortası qarşısnda qoyulmuş məqsədlərlə əlaqəli şəkildə sığorta şirkətləri zərərçəkənlərin ailələrinə və ya özlərinə pul ödənişi həyata keçirməlidirlər. Bu vəziyyətdə fəaliyyətdə olan həyat sığorta riski funksiyasının yenidən bölgü münasibətlərini həyata keçirməsi zəruridir. Yenidən bölgü xüsusiyyəti həyat sığortasının mahiyyətini əks etdirməklə yanaşı, sığorta bazasında risk funksiyası həyata keçirilməsi zamanı mühüm rolu vardır.
Həyat sığortasının xəbərdaredici funksiyasında mühüm cəhət kimi sığorta fondu resurslarının müəyyən bir hissəsinin riskin azaldılması tədbirlərini maliyyələşdirmək yönündə olmasıdır. Xəbərdaredici funksiya cəmiyyətə və
sığorta iştirakçılarına dəyəcək zərərlərin nəticələrini aradan qaldırmaq və ya zəiflətmək istiqamətində çağırışlar olmaqdadır.
Həyat sığortasının bir digər mühüm funksiyalarından biri isə yığım funksiyasıdır. Belə ki, bu funksiya səbəbi ilə sığorta maliyyə bazarlarında mühüm resursa çevrilmişdir. Sığorta ilə əlaqədar yüksək məbləğdə pul vəsaitlərinin yığımı maliyyə siyasətinin sabitliyi istiqamətində əhəmiyyətli rola malikdir.
Sığortanın son və eyni zamanda mühüm funksiyalarından biri nəzarət funksiyasıdır. Nəzarət funksiyası əsasən sadaladığımız digər funksiyaların nəticəsində yaranır. Bu funksiya sığorta fondu vəsaitləri təşkil olunma və istifadəsi mövzuları ilə bağlı olduğu məlumdur. Həyat sığortası nəzarəti maliyyə nəzarətinin həyata keçirilməsinin bir tərkib hissəsi kimi qanunvericilik sənədlərinə uyğun şəkildə həyata keçirilir.
Sığortanın predmetindən asılı olaraq, həyat sığortası bölünür:
Vəfat hallarının sığorta edilməsi. Bu zaman müqavilədə qeyd olunmuş sığorta məbləği sığortalının vəfatı halında ödənilir.
Uzunmüddətli həyat sığortası isə birincinin əksi olaraq müqavilə bitdikdən sonra belə sığortalıya ödənir.
Qarışıq sığortalar isə birinci və ikinci halların birlikdə fəaliyyətidir. “Həyat sığortasının inkişafı sığortaçıların yalnız ixtisaslaşmasına deyil, həm
də aktuarlar institutunun yaranmasına və sığorta tariflərinin, sığorta ehtiyatlarının hesablanması, investisiya proqramının təhlili və proqnozlaşdırılması ilə əlaqədar aktuar fəaliyyətin əsaslarının qanunvericiliklə müəyyən olunmasınnın dəqiqliyinə aparır” (B.A. Xankişiyev, 2006, s. 22)
Həyat sığortasının aşağıda qeyd olunan prinsipləri mövcuddur:
Sığorta marağı. Bildiyimiz kimi əgər sığorta etdirən şəxsin sığorta olunacaq obyektə sığorta marağı yoxdursa sığorta müqaviləsi imzalana bilməz. Bu qayda eyni zamanda həyat sığortalarına da aid edilir. Sığorta etdirən hər hansı bir şəxsin həyatını sığorta etdirməsi üçün bu vəziyyətə maraqlı olmalıdır. Bu kimi fəaliyyətlər həyatın sığorta olunmasının spekulyativ xarakter daşımasına
səbəb olmuş və bunun ümumiyyətlə sığorta zəmanəti funksiyaları ilə bir münasibəti olmamışdır. Hazırki dövrdə sığortaya maraq sadəcə sığorta müqaviləsin bağlandığı dövrdən mühüm əhəmiyyətə malikdir. Sığorta marağının mövcud olduğu şəxslərə aşağıdakılar aiddir:
Sığorta etdirən fərd öz həyatı ilə;
İşə götürən öz işçilərinin həyatları ilə;
Həyat yoldaşları bir-birlərinin həyatı ilə;
Valideyn olan şəxslər uşaqlarının həyatı ilə;
Kreditor debitor olan şəxsin həyatı ilə.
Sığortaçı şirkətin gəlirlərində iştirak etmək. Həyat sığortası fəaliyyəti ilə məşğul olan qurumlar bu növ sığortanın digərlərinə nisbətdə daha uzun müdətli olmasını hesab etmiş və müqavilənin digər tərəfi olan sığorta etdirəni gəlir əldə etmək üçün iştiraka cəlb etmişlər. Sığorta şirkətləri hər fəaliyyət ilinin sonunda aktiv və pasivlərin hesabatını həyata keçirirlər və gəlir əldə olunduğu zaman bu məbləğ sığorta müqaviləsində nəzərdə tutulmuş ödənişlərinə əlavə olunur. Bu əlavə olunan məbləğ bonus adlandırılır və bu bonuslar sığorta müqaviləsinin qüvvədə olduğu və ya sığorta hadisəsi baş verdiyi zaman ödənilir.
Qeyd olunmuş bonuslar 2 şəkildə fəaliyyət göstərir ki bunlar da aşağıdakılardır:
Ödəniləcək sığorta məbləği üzərindən müəyyən olunmuş faiz formasında hesablanmış illik bonuslar;
Bütün dövr ərzində sığorta polisinin təsirinin saxlanılması üçün olan marağın yüksəldilməsi istiqamətində sığortaçı şirkət tərəfindən köçürülən son bonusdur.
“Sığorta təşkilatlarının gəlirlərində iştirakla bağlı olan sığorta müqavilələri üzrə sığorta mükafatlarının gəliri, bu işdə iştirak etməyən müqavilələrin gəlirindən yüksəkdir. Bunlardan əlavə, hesablanmış bonuslardan illik sığorta mükafatlarının azaldılması sistemləri də fəaliyyət göstərir.” (Xudiyev N.N, 2003, s. 32)
Dostları ilə paylaş: |