Həyat sığortasının növləri
Həyat sığortaları – sığorta obyekti insanın həyatı olan, adətən uzunmüddətli dövr üçün nəzərdə tutulmuş mənfəət və ya məbləğ sığortalarıdır. İlk dövrlərdə sığorta sığorta obyekti olan fərdin sığortalandığı müddət ərzində ölməsi halında sığorta polisindən yararlanan şəxs və ya şəxslər, ya da sığortalının rəsmi varislərinə toplu şəkildə pul ödənişləri məqsədilə təşkil edilən polislər, zaman keçdikcə əhalinin pensiya proqramlarına dəstək xüsusiyyətinə malik olmuş və investisiya istiqamətində istifadə olunmuşdur. Bu səbəblə həyat sığortalarını iki əsas başlıq altında araşdıra bilərik.
Riskin üstünlük təşkil etdiyi həyat sığortaları. Risk əsasında həyat sığortalarında sığorta müddəti ( bu müddət adətən 1 ildir) ərzində sığortalının həyatını itirməsi vəziyyətində müəyyənləşdirilmiş təzminat məbləği varislərə və ya sığorta polisində göstərilən benefisiara ödənəilir. Bu başlıq altında verilən ikinci təminat sığortalının həyatını itirməsi ilə yanaşı əlil qaldıqda da zərər çəkəcəyi maddi itkilərə qarşı da təminatı həyata keçirən əlillik təminatıdır. Bu polislərlə xəstəlik və ya qəza nəticəsində yaranacaq daimi və ya müvəqqəti əlillik halında polisdə nəzərdə tutulan təzminat ödənilməlidir.
Məcmu həyat sığortaları. Məcmu həyat sığortaları sığorta müddəti ən az
10 il olan uzunmüddətli sığortalardır. Həyatını itirmək, fərdi qəza və əlillik təminatları ilə yanaşı yığılan sığorta haqlarından risk haqqı, ümumi xərc və komissiya haqıarı çıxıldıqdan sonra qalan məbləğ investisiyaya yönləndirilməlidir. Məcmu həyat sığortaları iki əsas zəmanət verir:
Sığortanın polisinin qüvvədə olduğu müddətdə sığorta haqqı ödəyən sığortalının, sığorta müddəti bitmədən ölümü halında polisdə qeyd olunmuş təzminat məbləğinə dividend əlavə olunaraq varislərinə və ya benefisiar kimi göstərilən şəxslərə ödənməlidir.
Ölüm riskindən başqa təminat verilmişdirsə, polis müddəti müəyyən məhdudiyyətlər daxilində sığortalıya ödənir.
Müqavilə müddəti ərzində təminat verilmiş hər hansı riskin reallaşması və 10 il sığorta haqqı ödədiyi halda müddət sonunda toplu şəkildə və ya gəlir ödəməsi formasında polisdən yararlanmaq mümkündür.
Həyat sığortaları eyni zamanda kredit yolu ilə daşınmaz əmlaklarında təminat kimi, uşaqların təhsillərini maliyyələşdirmək, investisiya aləti olaraq və fərdlərin digər ehtiyaclarına istiqamətlənən çox geniş istifadə sahəsinə malikdir. Həyat sığortası polisləri, əmlak sığortalarında olduğu kimi sığortalını zərər baş vermədən əvvəlki maliyyə vəziyyətinə gətirməyi məqsəd qoymuş təzminat müqaviləsi deyil, mənfəət və ya məbləğ polisidir. İnsan həyatının pul qarşılığı bina, gəmi və ya maşında olduğu kimi müəyyənləşdirilmədiyi üçün sığortalı öz həyatının dəyərini məqbul ölçülər olması şərti ilə özü, sığortaçı şirkətlə qarşılıqlı razılıq əsasında müəyyənləşdirilən sığorta məbləğidir.
Müqvilənin imzalanma üsuluna görə həyat sığortaları fərdi sığortalar (fərdləri ayrılıqda əhatə edən) və qrup sığortaları ( oxşar xüsusiyyətlərə malik birdən çox adama təminat verən) olmaqla iki yerə bölünür.
Birinci halda fiziki şəxs ilə bağlanır və onun əsas predmeti bir və ya bir neçə şəxsin həyatıdır. Qrup halında müqavilələr isə hüquqi şəxs tərəfindən imzalanır və fiziki şəxslərin müəyyən sayının risklərini təmin edir. Hüquqi şəxs və kollektivin üzvləri arasında yaranmış qarşılıqlı münasibətlər hüquqi əsaslara malikdir. Bir qayda olaraq belə müqavilələr müəssisənin inzibatçıları, təşkilatlar, asssosiasiyalar və təşkilatın üzvləri tərəfindən imzalanır. Kollektiv müqavilələr əksər hallarda ölüm, bədbəxt hadisə, xəstəlik riskini təmin edir. (Xudiyev N.N, 2003, s. 35)
Həyat sığortası, sığortalının yaşlılıq halında özünün, öldüyü zaman isə geridə qalmış ailə üzvlərinin maliyyə cəhətdən çətin vəziyyətə düşmədən həyatlarını davam etdirmələrini təmin edən bir zəmanətdir. Həyat sığortasında istər yaşlılıq halının təhlükəsizliyini təmin etmək, istərsə də sağ qalan ailə üzvlərini maliyyə cəhətdən çətin şəraitə düşməkdən qorumaq üçün olsun, gələcəyə edilmiş bir investisiyadır. Həyat sığortasını digər sığorta növlərindən
ayıran ən vacib ünsür “qoruma” və “investisiya” funksiyalarını birlikdə özündə cəmləşdirməsidir.
Eyni zamanda bu polis sığortalının seçmiş olduğu limitlər daxilində qəza nəticəsində meydana gələ biləcək məsrəfləri və işləmədiyi günlərin maddi zərərini də əhatə edir.
Sığorta polisi ilə sığortalıya verilən zəmanət qarşılığında sığortaçı sığorta etdirəndən bir məbləğ alır ki, bu da sığorta haqqı adlanır. Sadə sığorta növlərində sığorta haqqı risklə düz mütənasib şəkildə hesablanmışdır. Həyatın yaşam sığortasında isə risk haqqına əlavə olaraq yığım haqqı da hesablanır. Sığorta haqqı ortaq zərərləri və idarəetmə xərclərini əhatə edəcək və sərmayə gəlirini təmin edəcək şəkildə hesablanmalıdır.
Həyat sığortaları texniki fərqlərinə görə bir çox siniflərə bölünə bilər. Biz daha ümumiləşdirilmiş şəkildə baxaq:
Vəfata bağlı sığortalar
İnvestisiyaya bağlı sığortalar
Fərdi qəza sığortaları
Vəfata bağlı sığortalar. Sığortalının müəyyən bir zaman daxilində ölməsi halında müəyyən olunmuş şəxsə və ya əlil qalması halında özünə təzminat ödənməsi ilə əlaqədar sığortadır. Bir il və daha qısa müdətli sığorta polisi təşkil oluna bildiyi kimi 5-10 illik və ya razılıq əsasında müəyyənləşdirilmiş müddətlik yaradıla bilər. Kredit götürən, borcu bitənə qədər maliyyə qurumu tərəfindən ölümə bağlı həyat daxil olmaqla, bir çox riskə qarşı sığortalanmasını, borcun bitməsi ilə sığortalarının da bitməsi bu cür polislərə misal ola bilər.
Eyni zamanda, həyat boyu vəfat sığortaları kimi adlandırılan və sığortalının 20 il sığorta haqqı ödəməsi və bu zaman daxilində ölmədiyi halda, sığorta haqqı ödənişini kəsməsi və nə vaxt ölsə ailəsi və ya müəyyən edilmiş başqa bir şəxsin bu təzminatı alması üçün bir polis növü mövcuddur. İnvestisiyaya bağlı sığortalar. Yığım sığortası kimi də adlandırılan bu cür polislər müxtəlif şəkildə təşkil edilməsinə baxmayaraq, əsas məqsəd
sığortalının ölümü halında müəyyən edilən təzminatı alması, ölmədiyi halda müəyyən aralıqlarla qənaət edərək yaratmış olduğu yığımını gəliri ilə birlikdə geri ala bilməsidir. Bunların növləri kimi aşağıdakıları göstərmək olar:
Həyatda qalma şərtli sığortalar;
Qarşılıqlı həyat sığortaları;
Qarışıq sığortalar;
Sabit ödəniş tarixi olan sığortalar;
Azalan balanslı sığorta;
Evlilik sığortası;
İpoteka sığortası;
Xarici valyuta üzərindən sığorta.
Fərdi qəza sığortaları. Şəxslərin normal ölüm halı istisna olmaqla, hər hansı bir səbəblə keçirdikləri qəza nəticəsində qarşılaşa biləcəkləri müalicə xərcləri, müvəqqəti və ya daimi əlillik və ya ölüm risklərinin ortaya çıxaracağı iqtisadi zərərləri qarşılamaq məqsədi ilə təşkil edilmiş bir polis növüdür. Fərdi qəza sığortaları ayrıca təşkil olunmaqla yanaşı, həyat sığortalarına əlavə olaraq da təşkil oluna bilər.
Təzminat məhdudiyətini təyin etməkdə sığortalı sərbəstdir. Sığortalının istəyinə uyğun olaraq birdən çox da sığorta polisi yaradıla bilər. Həyat dəyərinin ölçüləbilməz olması səbəbilə, əksik və ya artıq sığorta, ikiqat sığorta anlayışları həyat sığortasında ağla gəlmir.
Dostları ilə paylaş: |