IV FƏSİL
Oxu dərslərində lüğət ehtiyatını zənginləşdirmək üzrə işin texnologiyası
Oxu dərsləri şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək baxımından çox mühüm və zəruri mənbədir. Oxu dərslərində lüğət üzrə iş əsasən yeni sözlərin izahı, həmin sözlərin şagirdlərin fəal lüğət ehtiyatına daxil edilməsi, nitqinin sinonimlər, çoxmənalı sözlər, antonimlər, obrazlı söz və ifadələr hesabına zənginləşdirilməsi şəklində aparılmalıdır.
Müşahidələr göstərir ki, məktəblərdə oxu dərslərində lüğət üzrə işin təşkili istənilən səviyyədə deyildir. Yəni müəllimlər oxunan mətnin içərisində bir neçə çətin sözü izah etməklə lüğət işini bitmiş hesab edirlər, yaxud əksinə, mətndəki bütün sözləri izah etməyə çalışırlar, oxuya vaxt qalmır. Oxu dərslərində lüğət üzrə işi düzgün təşkil etmək üçün müəllim nəyi nəzərə almalıdır? İbtidai siniflərdə lüğət üzrə işə daha geniş yer verilməlidir, çünki lüğətin zənginliyi nitqin zənginliyi üçün zəmin yaradır. Müəllim oxu dərslərində lüğət üzrə iş apararkən aşağıdakıları nəzərə almalıdır:
izah edilən sözün mətnin məzmunu və ideyası ilə bağlılıq dərəcəsi;
izah edilən sözün xarakteri, çətinlik dərəcəsi;
izah edilən sözün izahı yollarının məqsədəuyğunluğu;
izah edilən sözün şagird təfəkkürünün inkişafına təsiri;
izah edilən sözün aktiv və ya passiv lüğətə daxil edilməsi məsələsi və s.
Oxu prosesində sözlərin izahı vaxtını müəllim əvvəlcədən müəyyənləşdirməlidir. Sözlər xarakterindən, mətndəki mövqeyindən və şagirdə tanış olub-olmamasından asılı olaraq oxudan əvvəl, oxu prosesində, oxudan sonra izah edilə bilər. Oxu mətninin anlaşılmasını çətinləşdirən sözlər əvvəlcə, kontekstdə anlaşılan sözlər mətnin oxusu prosesində, mənası asanlıqla izah edilə bilən sözlər mətnin oxusundan sonra izah edilməlidir.
Oxu dərslərində şagirdlərin lüğət ehtiyatını sinonimlər, antonimlər, çoxmənalı sözlər hesabına zənginləşdirməyə ciddi diqqət verilməlidir. Şagirdin söz ehtiyatında sinonimlər nə qədər çox olarsa, fikirlərini daha dəqiq ifadə edə bilər. Məsələn, şeirlərdə işlənən sinonimlərə diqqət yetirək:
Azərbaycan
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Səməd Vürğun [16, s.133].
Yaxşı nədir, pis nədir
Çoxlu kitab oxuyan,
Zəhmətkeş, əməksevər
Şagirdə baxıb hər kəs:
-Yaxşı uşaqdır, deyər.
V. Mayakovski [ 16, s. 136].
Göründüyü kimi, hər iki şeir parçasında yeknəsəqlikdən uzaqlaşmaq üçün sinonimlərdən istifadə olunmuşdur. Şagirdlər sinonimlər sırasını seçmək və ondan daha müvafiq olanını ayırmaqla öyrənirlər ki, sinonimlərdən istifadə etmək, fikri daha aydın verməkdə, qəhrəmanın xarakterini dəqiq təsvir etməkdə müəllifə böyük kömək göstərir. Bu isə əsərin məzmununu, ideyasını dərindən başa düşməyə kömək edir.
Əsərlərin oxusu zamanı qrup işinin təşkili faydalıdır. Qrup daxilində iş zamanı şagirdlər biri digərinin biliklərindən bəhrələnir. Şagirdlər öyrəndiklərini yada salır və fəal lüğətə daxil edirlər. Onlar tematik söz qrupları və öyrəndikləri yeni sözləri yadda saxlayırlar. Fəal təlim üsulları ilə keçirilən dərs nümunəsinə nəzər salaq:
Standart: 2.1.3; 2.1.2; 2.2.4.
Dostları ilə paylaş: |