Qrup 2
1.Çoban niyə yalan danışırdı?
2.Nəticədə nə baş verdi?
Qrup 3
1.Yalançılığın nəticəsi nələrə səbəb olar?
2. Yalançılıq necə yaranır? Nə vaxtsa, yalan danışmısınız? Yalan danışdığınızı başa düşüblər?
Qrup 4
1. Nağılı öz sözlərinizlə (cümlələrinizlə) danışın.
2. Niyə insanların bəziləri yalan danıışmağı xoşlayırlar? Yalan danışmaq və ya bir hadisəni şişirdib danışmaq bir-birinə oxşayırmı?
İnformasiya mübadiləsi və müzakirəsi. Hər qrup öz işini təqdim edir. Onlar bir-birinə nöqsanlarını söyləyir, düzəliş edirlər.
Nəticələrin çıxarılması: Həqiqət acı olsa da, şirin yalandan yaxşıdır.
Tətbiqetmə: Dərslik, tapşırıq: 3-4 [9, s.174-175].
Qiymətləndirmə: Təqdimata əsasən aparılır.
Nağıllar uşaqların təfəkkürünün inkişafına təsir göstərir, fantaziyalarını inkişaf etdirir.
Uşaqlar özlərini nağıl qəhrəmanına bənzədir, yaranan çətinliklərin aradan qaldırılması yollarını fikirləşir və öz planlarını söyləməklə yaradıcılıqlarını inkişaf etdirmiş olurlar.
Nağılların tədrisində bədii təsvir vasitələrinin rolu
İbtidai sinif şagirdləri nağılları çox sevirlər. Şagirdlərin hansı şəkildə nağılı danışması ilə razılaşmaq olmaz. Nağılların tədrisində şagirdlərin nağılı danışmasına hansı tələblər verilir? Bunu bilmək lazımdır və aşağıdakıları qeyd etmək yerinə düşər:
nağıllın məzmununu dərk etmədən danışmaq olmaz;
nağılın məzmununu rabitəli danışmaq hər şey demək deyildir;
şagirdlərin nağılı ifadəetmə bacarığı ilə kifayətlənmək olmaz;
nağılların rollarla dəyərləndirilməsi rabitəli nitqlə ölçülə bilməz;
rabitəli nağıletmə ola bilər, lakin hiss-həyəcan doğurmaz;
nağıletmədə rabitəli nitqlə yanaşı, emosional-ekspressivliyin olması zəruridir.
Ekspressivlik latın sözüdür, yüksək ifadəlilik mənasında işlədilir. İzahlı lüğətdə ekspressivlik danışanın nitqində mətnin məzmununa subyektiv ifadə vasitəsi kimi kommunikativ aktda çıxış etmək qabiliyyətini təmin edən dil vahidlərinin semantik-üslubi əlamətlərinin cəmi kimi göstərilir.
K.A.Dolininin fikrincə, ekspressivlik dil işarələrinin mexaniki qəbul edilən elə xassəsidir ki, adresantın təsəvvürünə və ya onun emosional sferasına birbaşa təsir göstərir [34, s.120]. A.İ.Yefimov ekspressivliyi məcazın növlərinə aid edir. V.V.Vinoqradova görə, ekspressivlik nitqin təsir qüvvəsini artıran emosionallıqla obrazlılığın birləşməsidir.
Ekspressivlik nitqin təsir gücünü yüksəltmək üçün fonetik, leksik, morfoloji və sintaktik vasitələrdən istifadə etməklə söylənilən fikrin dinləyiciyə dərin təsir göstərməsinə xidmət edir.
Emosionallıq (fransız sözü olub hiss-həyəcan mənasını verir) hiss-həyacan bildirmək üçün istifadə olunur. Belə sözlər insanın hisslərini ifadə edir. Dilimizdə olan bəzi nitq vahidləri hiss-həyacan bildirmək xüsusiyyətinə malikdir. Belə vahidlər(nidalar) müstəqil mənaya malik olmur, yalnız cümlədə digər sözlərə qoşularaq ekspressivlik yaradır.
Professor Y.Kərimovun sözləri ilə desək, dilimizdə elə sözlər var ki, məsələn, anacan, əzizim, körpəciyəz və s. leksik mənalarında emosional çalarlıq özünü göstərir. Emosionallığı təkcə nidalarla məhdudlaşdırmaq azdır, dilimizdə buna xidmət edən bir çox vasitələr vardır.
Emosiyalar hər kəsin reallıqda, ətraf mühitdə baş verən hadisələr nəticəsində münasibətində yaranan hiss və həyəcanın müxtəlif vasitələrlə ifadəsidir. Emosionallığı yaradan sözlərdir, danışan nitqində, obyektə münasibətində elə sözlərdən istifadə etməlidir ki, qarşı tərəf onun hisslərini düya bilsin.
İfadəlilik nitqin elə bir keyfiyyətidir ki, öz qeyri-adiliyi ilə həmişə diqqəti cəlb edə bilir, təsvirilik (əyanilik) elə nitqə deyilir ki, məzmunu təxəyyüldə canlandırmaq imkanına malik olsun[36]. Məhz bu baxımdan təsvirilik (əyanilik) keyfiyyətinə malik olan sözlər estetik funksiya daşıyır və obrazlılıqla birləşir.
Obrazlılıq ekspressivlik yaratmaqla nitqi təsirli edir. Bundan başqa, danışanın öz nitqinə həssaslığı, başqa sözlə, bədii ifadə vasitələrindən biridır.
Nitqin düzgünlüyü, aydınlığı, dəqiqliyi, rabitəliliyi və s. ilə yanaşı, obrazlılığın da gözlənilməsi nitq inkişafı üzrə aparılan işlərdə başlıca məqsəd hesab olunmalıdır. Obrazlılıq nədir sualını cavablandırmaq üçün müxtəlif ədəbiyyatları araşdırdıqda, təxminən, eyni cavabla qarşılaşdıq. E. Rizelə görə nitqin obrazlılığı iki anlayışın qarşılaşdırılması, yaxud birinin digəri ilə əvəz edilməsi nəticəsində yaranan keyfiyyətcə yeni bir şeydir. T.M.Viotelevaya görə, nitq obrazlılığı dilin bədii təsvir və ifadə vasitələri-məcaz və sintaktik fiqurlar vasitəsilə qazanır.
V.K.Xarçenkonun fikrincə, obrazlılığın əsas mənbəyi sözlərin məcazi mənalarda işlənməsidir. E.İ.Kalmıkova obrazlılığı üslubi vasitələrin bədii keyfiyyəti, onların real təsviretmə şəklini yaratmaq qabiliyyəti, təsvirin maksimal dərəcədə konkretliyinə, qabarıqlığına və əyaniliyinə nail olmaq kimi müəyyən edir [36]. V.V.Vinoqradov hesab edir ki, obrazlılıq,hər şeydən əvvəl, sözün məcazi mənalarda işlənməsinin müxtəlif növlərinin, söz və ifadələrin məcazi mənalarının, müxtəlif yaranma vasitələrinin məcmusudur [25, s.67].
T.Əfəndiyeva yazır ki, söz məcazi mənada işləndikdə obrazlı ifadəyə çevrilir və fikri daha təsirli etməyə xidmət edir.
Sözlərin obrazlılığı ifadə olunan fikri daha canlı edir, onun təsirini gücləndirir. Belə sözləri işlətməkdə məqsəd emosional-ekspressiv obraz yaratmaqla dinləyiciyə təsiretməni qüvvətləndirməkdir.
V.Qumboldt və A.A.Potebnya psixolinvistik araşdırmalarda obrazlılığı leksik-semantik kateqoriya adlandırır və onu sözün daxili forması anlayışına daxil edirlər. Sözün daxili forması isə onun şüurla əlaqəsidir.
Oxu mətnindəki şablon ifadələrin əzbərlənməsi obrazlı nitqə yiyələnmək demək deyildir. Obrazlı nitqə yiyələnmək elə də asan deyildir. Obrazlı nitqə yiyələnmək üçün şagird hər bir sözün məzmununu dərk etməli, digər halda işlənən həmin sözün sətiraltı mənasını, bu sözün arxasındakı mənanın mahiyyətini duymağı bacarmalı, başa düşməlidir. Nitq obrazlılığı oxucunun daxili dünyasının səsi, xəyallarının qanadlarıdır. Oxu mətninin, nağılın yaratdığı təəssüratların, hisslərin olduğu kimi ifadəsidir. Oxucunun gördüyü, eşitdiyi, duyduğu hər şeyin onda dünyasının öz dili ilə danışmasıdır. Hisslərin, duyğuların olduğu kimi ifadəsi, təəssüratların başqalarına olduğu kimi çatdırılması üçün sözlərdən dəqiq istifadə olunmalı, söz seçimi düzgün aparılmalıdır. Nitqin obrazlılığının inkişafına nail olmaq üçün ilk növbədə sözün mənasının dərk olunmasına çalışmaq lazımdır. Nağılda istifadə olunan cümlələr və cümlələrdə ifadə olunan sözlərin mənası dərk olunmazsa, nağılın emosional- ekspressiv təsir gücündən danışmaq olmaz.
Nağılda olan əşya, hadisə, obyekt, məkan, zaman təəssüratını bədii təsvir vasitəsilə yaratmaq mümkündür, yəni sözlərdən istifadə etməklə nağıla xas bütün cəhətləri vermək olar. Nağılda əlamət və keyfiyyətlər iki qrupda təzahür edir:gözlə görünən-konkret, xəyali, yəni gözlə görünməyən-abstrakt şəkildə. Nağılların xarakteristikasını verməzdən əvvəl, linqvistikada sözün həqiqi və məcazi mənasına dair fikirləri yada salmaq lazımdır.
Sözün həqiqi mənası konkret əşyanı, hadisəni, prosesi bildirirsə, məcazi mənada əşyanın əlamətləri tutuşdurmaqla, bənzətməklə, şişirtməklə bildirilir. Məcazi məna daşıyan söz əşyanın əlamətlərindən birini və ya bir neçəsini digərinə ötürür, məcazi işlənən söz və ifadəyə aid edilir. Məcazi söz əsas mənadan uzaqlaşır, məcazi mənada işlənir. Əsas-həqiqi məna məcazların yaranması üçün özüldür. Eyni sözün başqa mənalarda işlənməsi dilimizin, nitqimizin zənginliyidir. Sözlərin məcazi mənada işlənməsi nitqdə ifadəliliyi, əyaniliyi gücləndirmək məqsədini daşıyır. Məcazlarsız nitq solğun və kasıb görünür.
Nağıllarda sözün məcazi mənada işlədilməsi, bir əşyaya xas əlamətlərin başqa əşya üzərinə köçürülməsi, oxşar əlamətlərə görə müqayisələr dilə obrazlılıq gətirir və dinləyiciyə emosional-ekspressiv təsir göstərir. Nitqimizdə məcazların təsir gücü eyni deyildir. Nümunə: günəş batdı, çayın qolu, suyun üzü və s. Çünki belə məcazlar var ki, məişət leksikasında işlənir və adiləşmişdir, yəni emosional-ekspressiv təsir gücünü itirmişdir.
Bədii təsvir vasitələri dedikdə, dilimizdə olan emosional- ekspressiv təsir gücünə malik təşbeh, istiarə, sneqdoxa, mübaliğə və s. məcazlar yada düşür ki, bunlar təsvir edilən obyekti təxəyyülümüzdə canlandırır. Professor A.Abdullayev obrazlı nitq haqqında yazmışdır ki, obrazlı nitq, elə nitqdir ki, o, eyni zamanda təxəyyülü canlandırsın, əyani təsəvvürlər yarada bilsin, fərqli nitq olsun [3, s.138].
Deməli, nağılın fərqlənməsi nağılda məcazlardan-bədii təsvir vasitələrindən istifadə ilə mümkündür. Başqa sözlə, məcazlar nağılda obrazlılıq yaradan başlıca vasitələrdir. Əşya və hadisələrə xas əlamətəri qabarıq ifadə etməkdə bədi təsvir vasitələri mühüm rol oynayır. Nağılda obrazlılıq yaradan vasitələr təkcə məcazlar deyil, ona görə də obrazlı ifadələri məcazlarla məhdudlaşdırmaq düzgün sayılmaz. Bədii mətnlərdə ifadəlilik yaradan, obrazlılığa xidmət göstərən fonetik, leksik , morfoloji, sintaktik normalar da nağılın söylənməsində böyük əhəmiyyət kəsb edir.
Elmi ədəbiyyatda trop adlanan məcazlar nitqi daha təsirli etmək üçün işlədilir. Mövcud ədəbiyyatlarda tropların təsnifi müxtəlif verilmişdir. İ.V.Arnold tropları metafora, metonimiya, sinekdoxa, istehza, hiperbola, litota, şəxsləndirmə, alleqoriya və perifraz olmaqla təsnif edir. V.A.Malsev tropun növləri kimi bənzətməni, metaforanı, oksimoronu, hiberbolanı, metonimiyanı götürür. A.Hacıyev məcazın növləri kimi təcəssüm, metafora, epitet, metonimiya, təşbeh, sinekdoxa, alleqoriya, mübaliğə, kinayə, litotanı göstərir. C.X.Hacıyev “Ədəbiyyat nəzəriyyəsi” kitabında məcazları belə təsnif edir: bənzətmə, istiarə, bədii təyin, sərbəst məcaz, simvol, alleqoriya, kinayə, mübaliğə. M.Rəfili məcazlar siteminə təcəssüm, qarşılıqlı surətlər, simvol, alleqoriya, epitet, təşbeh, metafora, metonimiya, sinekdoxa, mübaliğə, perifraz, litota və kinayəni daxil edir[29, s.131-171]. T.Əfəndiyeva bu sistemə metaforanı, metonimiyanı, epitet və sinekdoxanı aid edir [13, s. 81].
İbtidai sinif şagirdlərinin nitq inkişafında obrazlı ifadələr xüsusi yer tutur. Buna nail olmaqdan ötəri müəllim ifadəli oxuya xüsusi önəm verməlidir. İfadəli oxu zamanı müəllifin hissi-həyəcanı, bədii obrazların əhval-ruhiyyəsi, obrazlı ifadələr şagirdlərə yüksək dərəcədə təsir göstərir.
Professor A.Rəhimov qeyd edir ki, ibtidai siniflərdə təşbeh, epitet metafora, metonimiya, sinekdoxa, və perifraz üzərində praktik şəkildə işlərin aparılması mümkündür[ 30, s.34-51]. M.R.Lvov da ibtidai siniflərdə təşbeh, epitet, metafora və perifraz üzərində işin praktik şəkildə aparılmasını məsləhət görür. Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, ibtidai sinif şagirdlərinin praktik qazandığı biliklər yuxarı siniflərdə nəzəri istiqamət əsas götürülməklə tropun növləri geniş şəkildə öyrəniləcəkdir.
Nağılın oxusu prosesində obrazlı ifadələrlə işin aparılması nağılın təhlilinin aparılması mərhələsinə təsadüf edir. Nağılın məzmununun emosional qavranması üçün obrazlı sözlərin aydınlaşdırılması zəruridir. Bu həmçinin məzmunun şüurlu mənimsənilməsinin təminatçısıdır. Oxu mətni üzərində müntəzəm şəkildə aparılan işlər şagirdlərdə nağılları oxuyan zaman obrazlı ifadələrə, bədii təsvir vasitələrinə uyğun əhvalın yaranmasına, onların həyəcanlanmasına səbəb olur. Beləliklə, şagirdlərin obrazlı nitq inkişafı formalaşır. Obrazlı ifadələr üzrə iş prosesində şagirdlər oxu mətnində olan obrazlı sözləri seçir, cümlədə işlədə bilir, nitqlərində ifadə edirlər. Şagirdlər baş verən hadisələrə uyğun təxəyyüllərində fantaziyalar qurmağa başlayırlar.
Məcazi mənada olan sözləri izah edərkən əvvəlcə, həqiqi mənanı izah etmək lazımdır. V.V.Vinoqradov hesab edir ki, həqiqi məna sözün onun aid olduğu dilin qrammatik qanunlarına və semantik sisteminə əsasən müəyyən edilmiş maddi-əşyavi məzmunudur[42, s.10]. Məcazi məna müqayisə üsulundan istifadə edildikdə daha yaxşı qavranılır. Məcazi məna bir əşyanın başqası ilə müqayisəsi, assosiasiyası və ya əlaqələndirilməsinə əsaslanır. İstər nəzm, istərsə də nəsr əsərlərində işlədilən sözlərin şagirdlərin nitqində özünə yer tapması o zaman reallaşır ki, onların həm leksik, həm də poetik mənaları mənimsənilmiş olsun.
Nağılların obrazlılığının dərk olunması mühüm əhəmiyyət kəsb edir. İbtidai sinif müəllimləri şagirdlərin obrazlı ifadələrdən şifahi nitqdə və yazı prosesində istifadəsinə çalışmalıdırlar. Şagirdlər hadisələrin, əşyaların təsvirində praktik olaraq bənzətmədən, mübaliğədən, metaforadan, istiarədən və s. istifadə edə bilsinlər. Belə olarsa, onların nitqi ahəngdar, ifadəli, səlis, sərbəst və emosional olacaqdır. Bu məsələlərin reallaşdırılması üçün, şagirdlərdə danışarkən obrazlı ifadələrdən istifadə etməsini diqqət mərkəzində saxlamaq lazımdır. Müəllim oxu mətnlərinin üzərində aparılan işin hər anında şagirdlərin ahəngdar, ifadəli, səlis, sərbəst və emosional bədii nitq bacarıqlarını formalaşdırmalıdır. Dərsliklərdəki nağıllarda hansı təsvir vasitələrindən daha çox istifadə olunur?
Epitet latın sözüdür- əlavə mənasında işlənir. Epitet məcaz növü olmaqla, şagirdlər tərəfindən asan anlaşılır, sözlərin bədiiliyini, əlvanlığını, emosionallığını, cazibədarlığını artırır. Məhz bu məna epitetin nitqdə funksiyasının təyin olunmasına imkan yaradır. Belə ki, epitet olmadan da söz vasitəsilə obyekt insan təxəyyülündə canlana bilir. Məsələ obyektin necə canlanmasındadır. Epitet obyekti insan təxəyyülündə ona xas olan əlamət və keyfiyyətlərlə birgə canlandırır, bununla da nitqə parlaqlıq və obrazlılıq gətirir. Epitet haqqında danışılan obyekti (əşya, hadisə və ya şəxs) söz vasitəsilə hərtərəfli təsvir edir. Sanki təbiətdəki rənglər, boyalar, formalar, ölçülər və s. nitqdə öz funksiyasını epitetlərə verir. Belə nitq isə öz təsirliliyi ilə fərqlənir.
Epitetə bədii təyin də deyilir. Çünki o, qeyd etdiyimiz kimi, müxtəlif obyektləri əlamət və keyfiyyətlərinə görə təyin edir. Bədii təyin vəzifəsində çıxış edən epitet həm həqiqi, həm də məcazi məna ifadə edə bilir. Məsələn: Al-əlvan çiçəklə dolu çəmənlik xalçaya bənzəyir. Soyuq küləklər əsir və s. nümunələr göstərmək olar. Bu nümunələrdə epitet sözün həqiqi mənasından törəmişdir. Bu cür epitetlər cümlədə obrazlılıq yarada bilmir. Həmçinin belə nümunələr müəllifin təsvir olunan obyektlə bağlı münasibət və ya hisslərini ifadə etmir. Məcazi mənadan doğan epitetlər isə əşyanın daha qabarıq və təsirli şəkildə təsvirinə imkan verir. Məsələn: Yaman günün ömrü az olar. Şirin gecələrdə yuxuma girən... . Ürək açan mənzərələr... və s.
Bəzi ədəbiyyatlarda sözün həqiqi mənasından törəmiş təyinedici sözlər epitet hesab edilmir. A.Rəhimov yazır ki, epitetlərin gücü və onların yaratdığı təsirin emosional çalarlığı özünü harada və necə işlənməsində tapır [30, s.49].
Yəqin ki, lüzumsuz yerə işlənən epitetlərin təsir gücü zəif olacaq və onlar dərin hiss-həyəcan bağışlamayacaqdır. Obrazlı nitq qurmaqdan ötəri münasib təyinedici sözlərin seçilməsi və onların nitqdə yeni çalarda işlədilməsi lazımdır. Belə ifadələr nitqə ahəngdarlıq gətirir. Məsələn:
Xəzan yeli hey titrədir
Arx üstündə otları,
Üfüq sarı,
Yarpaq sarı, ot sarı… (Bəxtiyar Vahabzadə).
Səmada buludlar al şəfəqə boyandı.
O günlər ki, məni hayladı,
Könlümə, gözümə şəfəq payladı.
Müşahidələrə əsasən deyə bilərik ki, uşaq məktəb təliminə başlamazdan əvvəl əşyanın necəliyini bilir. Şagirdlər şəkillərlə işləyərkən təsvirdə verilə obyektin, əşyanın, hərəkətin adının söyləməsi ilə yanaşı, onların rənginin, formasının, ölçüsünün, dadının, keyfiyyətinin necə olmasını da qeyd etməyi bacarırlar. Savad təliminə başlayandan şagirdlərin nitqi üzərində sistemli iş gedir. İkinci sinif şagirdləri bəzi sözlərin əlamət bildirməsi ilə tanış olur, üçüncü sinifdə isə bu sözlərin əlamət bildirməsi onlara sifət termini ilə təqdim edilir. Bu zaman bəzi sözlərin əlamət bildirməsinə dair şagirdlərə daha geniş məlumat çatdırılır. Çalışmalar üzərində işin təşkili şagirdlərdə sözlərə həssas münasibət tərbiyə edir. Onlar müxtəlif obyektlərin bütün xüsusiyyətlərini, xarakter əlamətlərini, təsvirini verə bilirlər.
Araşdırmalara görə, epitet üzərində iş sifətin öyrənilməsi ilə inteqrasiya olunsa, şüurluluq təmin edilər. Bu zaman şagirdlər cümlənin, nitqin qurulmasında epitetin rolu haqqında faydalı fikirlərlə tanış olurlar. Bu məqsədlə müxtəlif iş formalarından istifadə olunmalıdır.
Epitetlərin cümlədəki və nitqin zənginləşdirilməsindəki rolunun dərk edilməsində müqayisə priyomundan istifadə çox əhəmiyyətlidir. Bu priyomdan istifadə imkan verir ki, şagirdlər əyani olaraq məzmunun zənginləşməsini və ekspressivlik qazanmasını müşahidə etsinlər. Epitet üzərində işə ilk olaraq onun izahından başlamaq lazımdır. Şagird dərk etməlidir ki, nə üçün şair və ya yazıçı obyekti məhz bu cür təsvir edib.
Epitetlərin cümlədəki rolu və əhəmiyyətinin dərk edilməsi istiqamətində işlər aparıldıqdan sonra başlıca məsələ şagirdlərin nitqini bu ifadələrlə bəzədilməsinə nail olmaqdan ibarətdir. Buna isə mətndən epitetlərin seçilməsi, verilmiş əşyaya aid əlamətlərin müəyyənləşdirilməsi, verilmiş əlamətlər əsasında əşyanın tapılması, cümlələrin və ya mətnlərin epitetlər vasitəsilə genişləndirilməsi kimi iş formalarından istifadə yolu ilə nail olmaq olar. Təcrübə göstərir ki, III-IV siniflərdə şagirdlərin təşbeh haqqındakı biliklərini möhkəmləndirmək məqsədilə həm yazılı, həm də şifahi çalışmalardan da istifadə etmək olar.
Oxu mətnindəki təşbehlərin müəyyənləşdirilməsi, nağılın, hekayənin təşbehlərdən istifadə etməklə genişləndirilməsi, təşbehlərin hissələrinə ayrılması və s. çalışmalardan istifadə edilməlidir. Mətndəki təşbehləri müəyyənləşdirərkən 3 şərt şagirdlərə çatdırılmalıdır:
müqayisə edilən nədir;
müqayisə hansı obyektlə edilir;
hansı əsasa görə müqayisə edilir.
Şagirdlər üç şərti şüurlu şəkildə dərk etsələr, obrazlı ifadələri asanlıqla seçəcəklər. Hətta, şagirdlər özləri bənzətmə yaradan ifadələr tapacaqlar. Şübhəsiz, müəllimlər bu işi daim nəzarətdə saxlamaqla, müsbət nəticələrin əldə edilməsinə çalışmalıdırlar.
Təşbehlər şagirdin dünyagörüşünün inkişafına səbəb olur. Şagirdlərin təşbeh yaratmaları isə onların yaradıcı potensialını gücləndirir. Təşbehlərin üzərində iş apararkən çalışılmalıdır ki, müqayisə də əyanilikdən istifadə olunsun, belə olduqda mənimsəmənin şüurluluğu artır.
Beləliklə, şagirdlərin təşbehləri tanıması, müəyyənləşdirə bilməsi ilə bağlı işləri təkmilləşdirmək üçün bir sıra məsələləri diqqətdə saxlamaq lazımdır, o cümlədən müasir fəal təlim üsullarından istifadə edilməlidir. Bu baxımdan aşağıdakı iş üsulları faydalıdır:
1.Təşbehlərin nəyə necə oxşadılmasını aydınlaşdırmaq;
2.Təşbehlərin nəyə oxşadıldığını müəyyənləşdirmək, nə dərəcədə oxşadıldığını söyləmək;
3.Təşbehləri müəyyənləşdirmək üçün iki əşya və ya hadisə arasındakı müqayisədə ən qüvvətli əlamətləri ayırmaq.
Metafora. Sözün həqiqi və məcazi növlərindən danışarkən metaforaları xüsusi qeyd etmək lazımdır. Metaforalar sözün məcazi növlərindən ən mürəkkəbidir. Ona görə də buna ixtisar edilmiş müqayisə və ya istiarə deyirlər. Belə ki, hər hansı əşya və hadisəyə dair həqiqi, spesifik əlamətlər məcazlaşaraq başqa əşya və hadisəyə aid edilir. Bu zaman əşya və ya hadisəyə aid bütün əlamətlər deyil, məqsəddən asılı olaraq ya bir, ya da bir neçə səciyyəvi cəhət metaforada işlədilir.
Heyvanlar içərisindən tülkünün adı hiyləgərlik xüsusiyyəti ilə xarakterizə edilir. Xainlik, aldatmaq, bilərəkdən yalan danışmaq, fırıldaqçılıq və s. xüsusiyyətlər tülkü adının şifahi və yazılı ədəbi dildə nümunələrdə metafora kimi işlənməsinə gətirib çıxarmışdır. Nəsr və nəzm əsərlərində müəlliflər hiyləgər insanları tülküyə, qorxaq insanları isə dovşana bənzətməklə bu əlamətlərin daşıyıcısı kimi qələmə alır, metafora yaradırlar.
Metaforada iki əşyanın, hadisənin qarşılaşdırılması əsaslansa da, onlardan yəni qarşılaşdırılanlardan biri fikri ifadə prosesində iştirak etmir, adı çəkilmir. O, qarşılaşdırıldığı, nitqdə çıxış edən əşyanın üzərinə mühüm əlamətini köçürməklə özünün mahiyyətini təsəvvürdə canlandırır.
Məsələn:
Bizi dağlar çağırır,
Deyir: - Durma, seyrə çıx!
Günəş qəzəblənib tez buludların arasında gizləndi. Payızda meşə donunu dəyişir. Xudafərin körpüləri uzun müddət karvan üzünə həsrət qalmışdı. Göydə bulud topaları bir-birini qovur və s. İnildəyir çayır, çəmən, çöl, dərə.
Metafor oxşarlığa görə əmələ gəlir.
T.Əfəndiyeva metaforun yaranmasının əsasını aşağıdakı şəkildə göstərmişdir:
1. Zahiri oxşarlığa görə(qabın boğazı, ayaqqabı burnu).
2. Daxili əlamətlərin oxşarlığına görə(tülkü, dovşan ).
3.Canlıların hərəkətlərinin əşyalar üzərinə köçürülməsinə görə(gün doğur, ölüm gəlir).
A. Abdullayev[ 3, s.86], A.Rəhimov[ 30, s.34-51] isə təsnifatı aşağıdakı kimi vermişdir:
1. Forma
2. Rəng
3. Səs
4. Keyfiyyət.
Qeyd edək ki, A.Abdullayev sonuncunu daxili oxşarlığına görə adlandırmışdır. Filologiyada metaforlar üslubi və ümumişlək olmaqla iki yerə bölünür. Ümumişlək metaforlar insanların məişət üslubuna daxil olmuş mənası üzərində xüsusi izahata ehtiyac olmayan ifadələrdir ki, şagirdlər bunları asanlıqla dərk edirlər. Üslubi metaforlar isə bədii üsluba aid olub, fikrin daha ekspressiv ifadə olunmasına xidmət edən obrazlı təfəkkürün bəhrəsidir.
Metaforlar nağılı bəzəyir, bədii-estetik hissləri gücləndirir, təsirlilik baxımından qüvvətləndirir,. Metaforlar mücərrəd anlayışları təxəyyüldə əyaniləşdirir, məntiqi, yaradıcı təfəkkürün inkişafını tənzimləyir. İbtidai sinif şagirdləri nağılın təsiri altında düşünməklə yanaşı, hadisələrin gedişinə laqeyd qalmır, metaforlarda verilən sətiraltı mənanı dərk etməyə çalışırlar. I-IV sinif şagirdlərinə nağılların öyrədilməsində metaforlara qarşı diqqətli münasibət yaradılır. Çalışmalarla şagirdlərə çatdırılır ki, metaforlar nağılın daha emosional qavranılmasında xüsusi pol oynayır. Bu zaman əsas etibarilə aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılır:
nağılda metaforlar əsasında yaranmış əlvan və poetik mənzərənin məktəblilərin təsəvvüründə canlandırılması;
nağılda metaforların necə və nə üçün yaradıldığının izah edilməsi;
nağılda metaforik işlənmiş cümlələrin həqiqi mənalarda işlənmiş cümlələrlə müqayisə edilməsi və s.
Nağılda metafor üzərində işlərin aparılması şagirdlərin təfəkkürünün inkişafında əsaslı pol oynayır. Şagird metafora haqqında müəyyən anlayışları mənimsədikcə əşyaların, hadisələrin qarşılıqlı əlaqələrini dərk edir. Bu zaman şagirdlərin fantaziyasında nağılda olan obrazlar daha canlı təsəvvür olunur. Obrazların təsəvvürdə canlandırılması müxtəlif fikirlərin yaranmasına, analiz-cintez əməliyyatının aparılmasına imkan verir. Bunsuz materialdakı bədiiliyi, oynaqlığı, lirizmi duymaq, məzmunu, ideyanı şüurlu mənimsəmək mümkün deyil.
Metonimiya. Metafora bənzəri olan metonimiyanın müxtəlif fərqlərınin olması da labüddür. Çünki metaforlar əşyanın, hadisənin xarakterik xüsusiyyətlərinin başqa əşyaya, hadisəyə aid edilməsi ilə əmələ gəlirsə, metonimiya hər hansı sözün, anlayışın əlaqəli olan başqa sözlə, anlayışla əvəzlənməsidir: Səsimizdən yatan ellər ayılsın. Meşəyə gurultu düşdü.
Metonimiyanın müxtəlif növləri vardir. İbtidai sinif dərsliklərində olan nağıllarda iki cür metonimiyadan istifadə olunmuşdur:
Əşyanın bir çox xüsusiyyətindən biri göstərilir.
Şəxslərin, əşyaların adı yox, xarakter əlamətləri bildirilir.
İldırımlar şaqıldadı.
Quşlar uçdu pırıl-pırıl.
Nağıllarda metonimiyalar çox işlənir, odur ki, bu cəhətə diqqətli olmaq lazımdır. Belə ki, mənası izah olunan metonimiya təcrid olunmuş şəkildə təqdim edilməməlidir, yəni bununla işi bitmiş hesab etmək səhv olardı.
Çünki metonimiyanın nə məqsədlə istifadə edildiyi aydınlaşdırılmalıdır. Şagird bilməlidir ki,bədii ifadələrdən, o cümlədən metonimiyalardan nə zaman və nə səbəbdən istifadə edilir. Şagirdlərin söz bazası nə qədər geniş olsa, oxu təlimində bir o qədər də fəal olmaqla sözlərin işlənmə məqamlarını, kontekstdə daşıdığı mənanı şüurlu şəkildə mənimsəyəcəklər. Onlar yaradıcı yazılarda (inşa, esse, hekayə…) sözlərin məna çalarlarından məqamında istifadə etmək bacarığına yiyələnəcəklər. Bədii mətninin oxunub dərk edilməsində izahlı oxu və lüğət işinin düzgün təşkili, ədəbi tələffüz qaydalarının gözlənilməsi, dildən sərbəst və düzgün istifadə əsas məsələlərdir. Belə olduqda əsərin məzmununu, ideyasını başa düşmək asanlaşır.
İbtidai siniflərdə sözün mənasının açılması, bədii materiallar əsasında dilin təsvir vasitələri üzərində işin səmərəli təşkili şagirdlərin yuxarı siniflərdə bu sahədə qazandıqları biliklərinin ilkin bünövrəsi olmaqla, onların oxuduqları əsərlərin bədii dəyərini, emosional-ekspressiv məna çalarlığını qavramağa, məzmun və ideyasını şüurlu mənimsəməyə, dərk etməyə güclü təsir göstərir. Ona görə də müasir dövrdə şagirdlərdə sözə həssas münasibət, başqasının obrazlı nitqini qavramaq və dəyərləndirmək, eləcə də öz nitqində bədii təsvir vasitələrindən istifadə edə bilmək bacarığının formalaşdırılması olduqca aktual məsələdir.
İbtidai siniflərdə obrazlı nitq inkişafı üzərində iş aparılarkən bədii təsvir vasitələrinin adının çəkilməsi metodik baxımdan doğru olmadığı üçün ümumi şəkildə obrazlı ifadə anlayışından istifadə edilməlidir.
Əsərlərin oxusunda, öyrənilməsində bədii təsvir vasitələrinin rolunun dəyərləndirilməsi üzrə işin təşkili materialın şüurlu dərk olunmasında səruri şərtdir. Şagirdlər əsərin məzmun və ideyasını oxunmuş mətnin mənimsənilməsi, mətndəki bədii ifadələrin, təsvir vasitələrinin nitqdə istifadəsi zamanı reallaşadıra bilər.
Şüurlu oxu metodikası üzrə işin təşkilində şagirdlərin oxunan mətni dərk etmələri, mətndəki bədii ifadələrin mənasını bilmələri istiqaməti əsas götürülür. Mətndəki sözlərin şagird tərəfindən şüurlu dərk olunması üçün müəllimin izahlı oxusu və lüğətlərdən istifadə etməklə şagirdlərin müstəqil işlərinin təşkil edilməsi vacibdir.
İfadəli oxunun nəticəsi kimi oxunmuş materialda neçə obrazlı ifadənin işlədilməsi və bədii təsvir vasitələrinin rolu müəyyənləşdirilir.
İfadəli oxusu təşkil olunan hər bir əsərin dərindən mənimsənilməsinin təşkilində müəllimin üzərinə böyük vəzifələr düşür. Müəllim oxu materialının obrazlı ifadələrinin işlənmə məqamlarını izah etməli, əsərin dili üzrə işin düzgün aparılmasının məsuliyyətini bilməlidir. Çünki ibtidai siniflərdə şagirdlərin şifahi nitq bacarıqlarının inkişaf etdirilməsi Azərbaycan dili tədrisinin ən başlıca tələbidir. Nitqin inkişafında isə oxu mətnlərinin tədrisinin müstəsna əhəmiyyəti vardır. Oxu mətnlərində olan bədii təsvir vasitələrinin mənimsənilməsi şagirdlərin nitqini daha zəngin və xoşagələn (ifadəli)edir. Müəllim oxunun səmərəli olmasını təmin etmək üçün onun dili üzərində işi müasir təlim metodları ilə təşkil etməlidir.
Bu zaman məzmunun tam mənimsənilməsi və ifadəli oxu nümunəsi vermək məqsədi ilə bədii əsər ilk dəfə bütöv oxunmalıdır. İlkin oxu aydın və ifadəli olmaqla əsərin ideyasını şagirdlərə obrazlı şəkildə çatdırmalıdır. Məzmunun tam mənimsənilməsi üçün əsərin hissə-hissə oxunub təhlil olunması lazımdır. İbtidai sinif şagirdləri sözlərin həqiqi və məcazi mənaları, obrazlı ifadələr üzərində operativ əməliyyat aparmaqda çətinlik çəkirlər. Oxu zamanı həmin sözlərin şagirdlər tərəfindən şüurlu mənimsənilməsi üçün müəllim bu sözləri kontekst daxilində izah etməlidir. Ona görə ki, sözlərin həqiqi və ya məcazi mənada işlənəməsi kontekstdəki vəziyyətindən asılıdır. Şagirdlərin bədii parçanı dərk etməsi mətndəki sözlərin mənasının izah olunmasını tələb edir, məhz onlar o zaman əsəri şüurlu mənimsəyirlər.
Ədəbiyyat
Abdullayev A.S. İbtidai məktəbdə Azərbaycan dilinin tədrisinin metodikası. Bakı: Maarif, 1962, 165 s.
Azərbaycan nağılları: 5 cilddə. V cild./Xalq variantı əsasında çapa hazırlayanlar: A.Nəbiyev, O.Hüseynli. Bakı: Turan evi, 2006, 272 s.
Cəfərova N. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə. Bakı: ADPU, 2020, 404 s.
Çəmənzəminli Y.V. Əsərləri: 3 cilddə. III c. Bakı: Avrasiya Press, 2005, 439 s.
Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: Elm, 1980, 251 s.
Həsənli B, Abdullazadə N. İfadəli oxu. Bakı: Müəllim, 2015, 304 s.
İsmayılov R., Abdullayeva S., Orucova G., Cəfərova D. Azərbaycan dili. (1-ci sinif üçün dərslk). Bakı: Altun Kitab, 2012, 160 s.
İsmayılov R., Orucova G., Xəlilov Z., Cəfərova D. Azərbaycan dili (2-ci sinif üçün dərslik). Bakı: Altun Kitab, 2009, 208 s.
İsmayılov R., Orucova G., Cəfərova D., Xəlilov Z. Azərbaycan dili (3-ci sinif üçün dərslik). Bakı: Altun Kitab, 2010, 207 s.
İsmayılov R., Abdullayeva S., Orucova G., Qasımova X. Azərbaycan dili. (4-cü sinif üçün dərslk). Bakı: Altun Kitab, 2015, 223 s.
Kərimov Y.Ş. Ana dilinin tədrisi metodikası. Bakı: Nasir, 2003, 520 s.
Qədirov Ə. Ə. Yaş psixologiyası. Bakı: 2002, 137 s.
Məlikbaxış Babayev. Zəka oyunları. Bakı : Altun kitab, 2005, 144 s.
Məmmədov C.M. Türk epik ənənəsində Dədə Qorqud. Filologiya elmləri namizədi adına layiq görülmək üçün təqdim olunmuş dissertasiya. Bakı: AMEA-nın Mərkəzi Elmi Kitabxanası, 1995, 138 s.
Nəbiyev A.M. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı: Elm, 2006, 648 s.
Nəbiyev A.M. Sehrdən yaranan qüdrət. // Azərbaycan nağılları: 5 cilddə. II cild. Bakı: Turan, 2001, 320 s.
Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı, APİ, 1958, 171s.
Rəhimov A.N. Ana dilinin tədrisi metodikası (ibtidai siniflərdə). Bakı, Nurlan, 2003, 408 s.
Təhmasib M.H. Azərbaycan mövsüm və mərasim nəğmələri: Filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı: BDU-nun əsaslı kitabxanası, 1945, 133 s.
Tağıyev B. Oxu təlimi. Bakı: ADPU, 2006, 315 s.
Ümumtəhsil Məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, 2008, 476 s.
Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)// Kurikulum, 2010, №3, s. 116-130
Rus dilində
Афанасьев А.Н. Древо жизни. Москва: Современник, 1982, 464 с.
Вениаминов Б. Селение Салах-лу и татарские сказки, записанные в нем // СМОМПК, III выпуск, Тифлис, 1883, I отдел, с.100-137
Виноградов В.В. Лексические вопросы перевода художественной прозы. Москва. МГУ, 1978,174 с.
Гаджиев А.М. Тифлисская литературная среда и азербайджанское устное народное творчество // Литературный Азербайджан, 1966, No4, с.122-124
Миллер В.Ф. Экскурсы в область русского народного эпоса. I-VIII. Москва, 1892,300 с.
Мальцев В. А. Введение в лингвистическую поетику. Минск , 1974, 261с.
Мелетинский Е.М. Герой волшебной сказки. Москва: Изд-во восточной литературы, 1958, 263 с.
Народные сказки закавказских татар/собиратель Захаров А. // СМОМПК, VI выпуск, Тифлис, 1888, II отдел, с.77-156
Набиев А.М. Взаимосвязи азербайджанского и узбекского фольклора. Баку: Язычы, 1986, 288 с.
Nəbiyev A.M. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı: Elm, 2006, 648 s.
Пропп В.Я. Фольклор и действительность. Москва: Главная редакция восточной литературы, 1976, 324 с.
Пропп В.Я. Исторические корни волшебной сказки. Ленинград: Издательство ЛГУ, 1986, 365 с.
Цоллер В.Н. Экспрессивная лексика: семантика и прагматика// Филологические науки. - 1996. - № 6,с. 62-71
Эфендиев П.Ш. История азербайджанской фольклористики: Автореферат на соискание ученой степени доктфилологических наук. Баку, 1973, 118 с.
İnternet resursları
http://www.dissercat.com/content/rol-epiteta-v-razvitii-obraznoi-rechi-mladshikh-shkolnikov-na-materiale-vtorogo-klassa
http://psixologiya.net/referat_diplom/228-kurs-i351i.html
https://www.shagird.az
http://azkurs.org/qafqaz-universiteti-materiallar.html?page=92
Dostları ilə paylaş: |