Yunan müəlliflərinin Plavt tərəfindən işlənmiş komediyalarına daxil edilən bütün bu dəyişiklilər o qədər əhəmiyyətli idi ki, onun yaradıcı sərbəstliyinə şübhə yaranmır. Hətta onun yunan orijinalları üzərində işləyərkən hansı tendensiyaları rəhbər tutduğunu müəyyənləşdirmək mümkündür. Bir tərəfdən o, fliak və atellanalara, digər tərəfdən isə təəssüf ki, bizim yalnız fraqmentlərdən tanıdığımız Epixarm yaradıcılığı ilə təmsil olunmuş Siciliya komediyasına əsaslanır.
Plavtın kiçik müasiri olan Publi Terensi yaradıcılığında daha az müstəqillik nümayiş etdirirdi. O, dramatik yaradıcılığa artıq Plavt dünyasını dəyişdikdən sonra başlamışdı. Onun antik bioqraflarının verdiyi məlumata görə, Terensi təxminən m. ö. 195-ci ildə Karfagendə anadan olmuş, m. ö. 159- cu ildə Roma mədəniyyətinin bütün nümayəndələri üçün arzuolunan Yunanıstan səfəri zamanı isə vəfat etmişdi. Terensi Romaya Karfagendən çıxarılmış qul kimi gətirilir. Onun sahibi senator Terensi Lukan istedadlı gəncə diqqət yetirir, ona təhsil verir, sonra isə azadlığa buraxır. Azad olduqdan sonra Terensi, çox güman, elə köhnə sahibinin evində tanış olduğu insanlarla əlaqəni kəsmir və yaxın gələcəkdə Karfageni fəth edəcək Publi Korneli Ssipion (burada söhbət II Pun müharibəsindəki şücaəti ilə böyük şöhrət qazanaraq “Afrikalı” aqnomenini qazanmış Publi Korneli Ssipiondan deyil, III Pun müharibəsinin iştirakçısı və Afrikalı Ssipionun oğulluğu Publi Korneli Ssipion Emiliandan gedir – red.) və m. ö. 151-ci ilin xalq tribunu Qay Leli kimi qüdrətli Roma xadimləri ilə yaxın dostluq əlaqələrini davam etdirir. Sonralar Terensini sevməyən yazıçılar arasında belə şayələr gəzirdi ki, bu yüksəkrütbəli şəxslər Terensinin bəzi komediyalarının müəllifi olublar, sadəcə bu janrda öz adları altında çıxış etmək istəmədiklərindən imzalarını gizlədirdilər.
Terensinin yaradıcı fəaliyyəti cəmi altı il davam edib: m. ö. 166-cı ildən 160-cı ilədək. Bu dövr ərzində o altı komediya yazmışdır ki, hamısı da bizə gəlib çatmışdır. Bu dövr ərzində o, altı komediya yazmış və onların hamısı bizə çatmışdı. Terensinin dörd komediyası – “Androslu qız”, “Özünü cəzalandıran”, “Xacə” və “Qardaşlar” – Menandrın; iki komediyası –“Formion” və “Qaynana” – isə çox da məşhur olmayan Karistli Apollodorun pyeslərinin təbdil-tərcümələri idi. Görünür, heç də yaxşı dramaturq olmayan Apollodorun əsərləri Terensini öz süjetlərinin təzəliyi ilə cəlb etmişdi.
Əxzolunmuş komediyalar üzərində işləyərkən Terensi ilk növbədə özünü vicdanlı bir tərcüməçi kimi göstərir, orijinal mətni daha dolğun və dəqiq tərcümə etməyə çalışırdı. Onun istedadı yalnız latın dilini mükəmməl bilməyi, həmçinin yunan söz və ifadələrinin latın dilində müvafiq qarşılığını tapmaq bacarığıyla kifayətlənirdi. Görünür, Terensi təcümə etdiyi pyeslərə baxacaq Roma tamaşaçılarını heç düşünmürdü. Onlar da borclu qalmayıb, Terensiyə münasibətlərini iki dəfə onun hazırladığı tamaşaların sonunu gözləmədən teatrı tərk edərək kəndirbaz və qladiator döyüşlərinə üz tutmaları ilə göstərdilər. Romalılara bu tamaşalar onların zövqünə az uyğun gələn yunan müəlliflərinin tərcümələrindən daha mararqlı görünürdü.