I. Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri 1.1. İnkişaf sahələrinin xarakteristikası Məktəbəqədər təhsilin məzmunu keyfiyyətli məktəbəqədər təhsil almağa imkan verir.
Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri ondan ibarətdir ki, onların nailiyyətləri bilik,
bacarıq və vərdişlərin konkret sayı ilə deyil, şəxsi keyfiyyətləri, o cümlədən uşağın məktəbə
psixoloji hazırlığını təmin edən səriştələri ilə müəyyənləşir.Yeni məzmuna görə məktəbəqədər
müəssisələrdə köhnə təlim modelindən imtina zəruridir. Standartlar pedaqoji prosesdə tərbiyəçi-
müəllimlərdən yeni iş formalarına müraciət etməyi tələb edir. Qeyd etmək lazımdır ki,
standartlar uşaqların təlim yükünün azaldılmasına istiqamətlənmişdir. Hər bir uşağa fərdi
yanaşma nəzərdə tutulmuş, uşaqların inkişafı üzrə vəzifələrin 4 inkişaf sahəsi üzrə: Fiziki
inkişaf, sağlamlıq və təhlükəsizlik, İdrak, Estetik və yaradıcı, Sosial-emosional üzrə inkişafının
həyata keçirilməsi müəyyənləşdirilmişdir. Təqdim edilən məzmun uşaqlarda təlimə, yaradıcılığa
və dərketməyə maraq yaranmasına istiqamətlənmişdir.
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Məktəbəqədər dövrdə sağlamlığın, hərtərəfli
hərəki hazırlığın və ahəngdar fiziki inkişafın əsası qoyulur. Bu dövrdə düzgün təşkil edilmiş
fiziki tərbiyə yaxşı bədən quruluşunun formalaşmasına, orqanizmin möhkəmlənməsinə, daxili
orqanların və uşaq orqanizminin fəaliyyətinin yaxşılaşmasına imkan yaradır. Uşaqların
sağlamlığının qorunması və möhkəmləndirilməsi sanitar-gigiyenik qulluğun təminatı,
sağlamlaşdırıcı tədbirlərin keçirilməsi – hava, günəş və sudan geniş istifadə olunması, rasional
qidalanma, gimnastikanın, düzgün gün rejiminin təşkili (yuxu, asudə vaxt, təlim prosesi) və
hərəkət aktivliyinin təmin olunması uşaqların sağlam həyat tərzi keçirmələrini təmin edir. Fiziki
inkişafa böyük, kiçik və hissi (sensor) motor hərəkətlərinin inkişafı daxildir. Uşaqların hərtərəfli
inkişafı üçün daha səmərəli vasitələrin müəyyən edilməsi, gigiyenik tələblərə cavab verən
şəraitin yaradılması, bunların qarşılıqlı əlaqədə olması, düzgün qamət, hərəkət texnikası, eləcə
də, hərəkət vərdişləri ilə yanaşı, onlarda uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi təmin
olunur. Təhlükə və çətinliklərə hazırlıq, yol-hərəkəti qaydaları, ekstremal vəziyyətlərdə və
təhlükəli situasiyalarda necə hərəkət etmək haqqında ilkin təsəvvürlərin formalaşdırılmasına,
məişətdə ehtiyatlı, küçədə mədəni davranmaq, təbii hadisələr və yanğın zamanı vəziyyətdən
çıxmaq qaydalarının mənimsənilməsinə, ekoloji mədəniyyətin formalaşdırılmasına imkan
yaranır.