2. Beynəlxalq bazar strategiyası.
Bazar münasibətlərinə keçid müasir ictimai-iqtisadi həyatın əsas fundamental qanunauyğunluqlarından biridir. Onu müəyyən edən amillərdən asılı olaraq bu cür keçid həm beynəlxalq-qlobal, həm regional, həm də milli-dövlət səviyyəsində həyata keçirilir. Bu prosesin obyektiv zəruriliyi və qaçılmazlığı məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafının dinamikası və xarakteri ilə şərtlənir.
Bazar münasibətlərinə keçid dövlətdaxili səviyyədə bazar strategiyasının formalaşdırılması prosesi ilə məhdudlaşmır. O eyni zamanda, bazar transformasiyası prosesini və beynəlxalq iqtisadi münasibətlər sferasını da əhatə edir. Beynəlxalq iqtisadi münasibətlərin əsas tərkib hissəi və subyektləri kimi müxtəlif milli iqtisadiyyatlar çıxış etdiyindən, onların bazar prinsipləri əsasında fəaliyyət göstərməsi və bazar mühitinin yaradılması bu münasibətlərdə islahatlar aparılmasına təkan verən əsas müəyyənedici amildir. Milli iqtisadiyyatda və onun xarici iqtisadi sferasında aparılan bazar islahatları inzibati-amirlik sistemindən bazar sisteminə keçid prosesinin paralel surətdə cərəyan edən iki tərəfidir. Dövlətdaxili və dövlətlərarası səviyyələrdə əmtəə-bazar münasibətlərinin meydana gəlməsinin və funksiya göstərməsinin əsas ümumi amilləri demək olar ki eynidir:
ictimai əmək bölgüsü;
iqtisadi fərdi mülkiyyətçilərin (özəl mülkiyyət əsasında) mövcudluğu.
Milli və beynəlxalq bazar münasibətlərinin özünəməxsusluğu onların amillərinin iqtisadiyyati xüsusiyyətlərindəki fərqlərlə izah edilir. Azərbaycanda milli bazar mühitinin formalaşmasının bir sıra xüsusiyyətləri əvvəlki paraqrafda nəzərdən keçirildiyindən, burada beynəlxalq aspektdən danışacayıq.
Xarici təsərrüfat əlaqələri sferasında ictimai əmək bölgüsü kimi ayrı-ayrı ölkələrin qarşılıqlı əlaqələrinin və qarşılıqlı asılılıqlarının, təsərrüfat həyatının beynəlmiləlləşməsinin və qloballaşmasının əsasında dayanan beynəlxalq əmək bölgüsü çıxış edir. Daha əvvəl qeyd edildiyi kimi, beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlər kimi təbii (coğrafi, ətraf mühit, demoqrafik və s.) və əldə edilmiş (istehsal, texnoloji, rəqabət və s.) amillərdən, həmçinin siyasi, sosial və digər şərtlərdən asılı olur.
Beynəlxalq iqtisadi münasibətlərin sonrakı inkişafı perspektivləri, dünya bazarının həcminin artması imkanları beynəlxalq əmək bölgüsünün inkişafı dərəcəsi ilə, onunu daha yüksək tiplərinə keçidlə müəyyən edilir.
Dostları ilə paylaş: |